Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   47   48   49   50   51   52   53   54   ...   115

Sofi mücrünü açmaq üçün özünə tərəf çəkdi. Onu yerindən tərpətmişdi ki,
gözlənilməz bir şey baş verdi. Mücrünün içində nəsə luqquldadı.
Lenqdon heyrətləndi. Onun içində maye var?...
- Siz eşitdiniz? – Sofi soruşdu.
Lenqdon başını tərpətdi:
- Maye.
Sofi əlini uzadıb ehtiyatla siyirməni çəkdi və qapağı qaldırdı. Lenqdon mücrüdə
olan əşyaya oxşar bir şey heç zaman görməmişdi. Amma, bir şey dərhal aydınlaşdı.
Mücrüdəki qətiyyən Məsihin piyaləsi deyildi.
XLV FƏSİL
- Polis küçəni mühasirəyə alıb, - Andre Berne otağa girərək dedi. – Sizin burdan
çıxmanız çətin olacaq. – Qapını örtdükdən sonra transportyor lentinin üstündə ağır
plastik qutunu görən Berne yerindəcə donub qaldı. Deməli, onlar Sonyerin seyfini
aça biliblər.
Sofi ilə Lenqdon stolun yanında durub qiymətli daş-qaş üçün düzəldilmiş
mücrüyə oxşayan əşyaya baxırdılar. Sofi dərhal qapağı örtdü.
- Görürsünüz, biz axır ki, hesab nömrəsini öyrənə bildik, - o dedi.
Bernenin dili tutulmuşdu. Bu vəziyyət tamamilə hər şeyi dəyişdirirdi. O,
gözlərini mücrüdən çəkib nə edəcəyini düşündü. Mən onları bankdan çıxarmağa
borcluyam! Amma polisin bütün yolları bağladığı nəzərə alınsa, bircə yol qalır.
- Mademuazel Neve, əgər mən sizin bankdan çıxmağınıza kömək etsəm, bu
əşyanı özünüzlə götürəcəksizmi? Yoxsa onu burda saxlamağınız daha yaxşı olardı?
Sofi əvvəlcə Lenqdona, sonra Berneyə baxdı.
- Biz onu mütləq aparmalıyıq.
Berne başını tərpətdi:
- Çox yaxşı. Onun içində nəyin olmasına baxmayaraq, düşünürəm ki, onu
pencəyə büksəniz yaxşı olar. Qoy, bizim əməkdaşlarımız heç nə görməsinlər.
Lenqdon pencəyini çıxartdı, Berne konveyer lentinə yaxınlaşıb boş yeşiyi
bağladı və kompüterə bir neçə komanda verdi. Lent hərəkətə gəlib yeşiyi əks
tərəfə, zirzəmiyə apardı. Deşikdən qızıl açarı çıxarıb onu Sofiyə uzatdı, sonra çıxışı
göstərib dedi:
- Bura buyurun. Və xahiş edirəm tələsin.
Yük liftində vestibullə qonşu olan tikiliyə qalxan Berne ilə qaçanlar yeraltı
qaracda işıq şüaları gördülər – polislər ətrafı axtarırdı. Berne qaşlarını çatdı. Bəlkə,


pandusa çıxışı da bağlayıblar. Onları burdan çıxarmaq mümkün olmasa, necə?
Bunu düşündükcə canına üşütmə gəlirdi.
Belə olduqda o, əli ilə bankın zirehli-furqon maşınını göstərdi. Sürix Depozitar
Bankı belə maşınlarla da xidmət göstərirdi.
- Yük yerinə girin, - o, göstəriş verdi. Arxa qapını açıb onları içəri dəvət etdi. –
Mən indi qayıdacam.
Sofi ilə Lenqdon maşina girdilər, Berne isə gözətçi köşkünə tərəf qaçdı. İçəri
girib zirehli maşının açarını, sürücünün gödəkçəsini və papağını götürdü.
Gödəkçəni elə kostyumun üstündən də geyinməyə başladı. Sonra birdən koburu
gördü. Geri qayıdanda sürücünün xüsusi dirəkdən asılmış tapançasını götürüb onu
kobura qoydu və gödəkçənin bütün düymələrini bağladı. Maşina qayıdan Berne
papağı alnına basıb Sofi ilə Lenqdona baxdı.
- Bəlkə, sizə lazım oldu, - deyə Berne maşının tavanındakı düyməni basıb
lampanı yandırdı, - Əyləşsəniz, yaxşı olar. Qapıdan çıxana qədər sakit dayanın.
Sofi ilə Lenqdon metal döşəmədə oturdu. Lenqdon pencəyə bükülmüş
mücrünü sinəsinə tərəf sıxdı. Berne arxa qapıları bağlayıb sükanın arxasına keçdi
və mühərriki işə saldı.
Zirehli maşın hərəkətə gəldi və Berne papaq örtmüş alnının tərlədiyini hiss
etdi. İrəlidən işıq gəlirdi, o, bu qədər polisin buraya yığışacağını gözləmirdi. Budur,
daxili qapılar açıldı. Berne qapıdan keçdikdən sonra, maşını saxladı ki, qapılar
yenidən bağlansın. Sonra maşını ikinci qapıya tərəf sürdü. Qapılar açıldı. Hər şey
qaydasında idi. İrəlidə yalnız bir polis maşını görünürdü.
Berne alnının tərini silib maşını irəli sürdü.
Polis maşınından uzunboylu zabit çıxıb maşını saxlamağı əmr etdi. Bankın
binasının qarşısında dörd polis avtomobili dayanmışdı.
Berne maşını saxladı. Papağını gözünün üstünə basıb üzünə acıqlı ifadə verdi.
Sonra qapını açıb maşından düşmədən yuxarıdan aşağıya agentə baxdı. Zabit onu
şübhə ilə süzdü.
- Qu est – ce qui see passe? (Nə olub? – frans.) – Berne qəsdən kobud tonla
soruşdu.
- Ce suis Cerome Collet – agent özünü təqdim etdi. – Lieutenant Police
Cudiciaire. – Və əli ilə furqonu göstərdi: - Qu est ce qu il ya la dedans? (Mən Cerom
Kolleyəm. Məhkəmə polisinin leytenantı. Maşında nə aparırsınız? – frans.)
- Mən hardan bilim, - cavabında Berne kobudca dilləndi. – Mən yalnız
sürücüyəm.
Bu sözlər, deyəsən, Kolleyə elə də təsir etmədi.
- Biz iki cinayətkarı axtarırıq.
Berne güldü:
- Onda siz lap ünvana gəlmisiniz. Mən işlədiyim yerdə bəzilərinin o qədər pula
var ki, onlar yəqin, cinayətkardırlar.
Agent Robert Lenqdonun böyüdülmüş fotoşəklini ona göstərdi.


- Bu adam bu gün sizin bankınızda olubmu?
Berne çiyinlərini çəkdi:
- Mən hardan bilim?.. Məni müştərilərin yaxınına belə buraxmırlar. Sizə içəri
girib bunu növbətçidən öyrənsəniz yaxşı olar.
- Axı, sizin rəhbərliyiniz axtarış üçün order tələb edir. Order olsa içəri girə
bilərik.
Berne sifətini turşutdu:
- Yaramaz bürokratlar! Yox, mənə daha heç nə deməyin, yoxsa özümdən lap
çıxacam.
- Xahiş edirəm, göstərin, sizin maşında nə var? Arxa qapını açın.
Berne gözlərini bərəldib güldü:
- Açım? Siz elə bilirsiniz, açarlar məndədir? Məgər onlar bizə etibar edirlər?
Heç bilirsiniz, mənə nə qədər maaş verirlər? Qəpik-quruş!
Agent başını yana əyib şübhə ilə baxdı:
- Deyirsiniz, maşının açarı sizdə yoxdur?
Berne başını yırğaladı:
- Maşını işə salan açar var, yük yerinin açarı isə yoxdur. Furqonu yüklədikdən
sonra, onu hələ içəridəykən möhürləyirlər. Sonra isə, sürücü maşını lazım olan
yerə sürür, yükü boşaldanda isə maşını başqaları açır. Burdan çıxmamışdan qabaq,
alıcıya zəng edib onda açarın olub-olmadığını öyrənirik. Bundan sonra maşını
sürməyə icazə verirlər. Bir saniyə də tez olmaz. Ona görə də, mən nə apardığımı
heç zaman bilmirəm.
- Bəs, bu maşının yükünü nə vaxt möhürləyiblər?
- Yəqin ki, bir neçə saat əvvəl. Mən isə Sen-Turiala qədər maşını sürməliyəm.
Yükün açarı ordadır.
Agent cavab vermədi. Gözlərini Berneyə elə zilləmişdi ki, sanki onun gizli
fikirlərini oxumağa çalışır. Bernenin brnudan tər damcısı sürüşürdü.
- İcazə verirsiniz gedim? – o soruşdu və burnunu qolu ilə sildi. – Yol uzaqdır,
vaxtsa keçir.
- Sizin bütün sürücüləriniz «Roleks» saatı vurur? – Kolle birdən soruşdu və
Bernenin biləyini göstərdi.
Berne onun baxışlarının zilləndiyi yerə baxıb, kombinezonun altındakı bahalı
saatının qolbağısının parıldadığını görüb dəhşətə gəldi: Merde!
- Bu zibili deyirsiz? Sen-Cermen-d-Pre küçəsində alver edən bir tayvanlıdan
iyirmi avroya almışam. Sizə qırx avroya sata bilərəm.
Agent bir qədər də tərəddüd etdikdən sonra, nəhayət, təslim oldu.
- Yox, sağ olun, lazım deyil. Yaxşı yol.
Furqon bankın binasından ən azı əlli metr aralanmayınca Berne nəfəsini də
dərmədi. Hə, indi onun qarşısında başqa bir problem var. Onun yükü. Bu adamları
hara aparmalı?


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə