Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   54   55   56   57   58   59   60   61   ...   115

- Tamamilə. Biz onunla kollegayıq, pul ona lazım deyil, həm də bilirəm ki, onun
fransız hökumətindən xoşu gəlmir. Sizin hökumət ondan külli miqdarda, həm də
anlaşılmaz vergi tutur, guya ki, tarixi torpağı özəlləşdirdiyinə görə. Odur ki, o, Faşla
heç vaxt əməkdaşlıq etməz.
Sofi irəliyə, qaranlıq yola baxdı.
- Yaxşı, tutaq ki, biz onun yanına getdik. Bəs ona nəyi demək olar, nəyi yox?
Lenqdon dedi:
- İnanın Sofi, Lyu Tibinq Qraal və Sion Prioratı haqqında hər kəsdən çox bilir.
- Mənim babamdan da çox? – Sofi inamsızca soruşdu.
- Mən cəmiyyətdən kənar istənilən şəxsi nəzərdə tutdum.
- Bəs, siz nə üçün əminsiniz ki, Tibinq cəmiyyətin üzvü deyil?
- O, bütün ömrü boyu Qraal piyaləsi haqqında həqiqəti demək istəyib.
Prioratın üzvləri isə bu sirri açmayacaqlarına and içiblər.
- Hə, bu artıq maraqların üst-üstə düşmədiyini göstərir.
Lenqdon onun təşvişini anlayırdı. Sonyer kripteksi bilavasitə Sofiyə
ötürmüşdü. O, kripteksin içində nə olduğunu və onunla necə davranacağını
bilmədiyindən bu işə yad bir insanı cəlb etmək istəmirdi. Bəli, düzgün fikirdir,
xüsusilə bu informasiyanın dağıdıcı gücü nəzərə alınsa.
- Biz guşəli daş haqqında Tibinqə dərhal deməyə də bilərik. Ümumiyyətlə, bu
haqda danışmarıq. Sadəcə onun evi etibarlı sığınacaqdır, bu bizə yaxşı düşünməyə
müəyyən vaxt verər. Ola bilsin ki, onunla Qraal piyaləsi barədə danışaq, əgər sizə
elə gəlirsə ki, babanız məhz bunu sizə ötürüb.
- Mənə yox, bizə – Sofi dedi.
Lenqdon qürur duydu və yenə də Sonyerin bu işdə onun iştirakını lazım
bildiyinə təəccübləndi.
- Siz heç olmasa, Tibinqin malikanəsinin yerini təxminən bilirsinizmi? – Sofi
soruşdu.
- Malikanə Şato Villet adlanır.
Sofi şübhə ilə ona baxdı:
- O, məşhur Şato Villet?
- Hə, hə.
Gör ha! Yaxşı dostlarınız var.
- Demək siz bilirsiz, o harda yerləşir?
- Bir dəfə yanından keçmişəm. Ətrafda çoxlu qəsr var. Burdan iyirmi dəqiqəlik
yoldur.
Lenqdon üz-gözünü turşutdu:
- Belə uzaqdır?
- Eybi yox. Həm də ki, yol boyu siz Qraal piyaləsinin nə olduğunu mənə
danışarsınız.
- Tibinqin yanında danışaram, - Lenqdon bir az susduqdan sonra dedi, - biz
onunla ayrı-ayrı sahələr üzrə mütəxəssisik, əgər bizim söhbətlərimizi birləşdirsəniz,


Qraal əfsanəsi barədə tam təəssüratınız olar. – Lenqdon gülümsündü. – Bundan
əlavə, Qraal Tibinqin həyatının mənası olub. Qraal piyaləsinin tarixini Tibinqin
dilindən eşitmək – nisbilik nəzəriyyəsini Eynşteynin dilindən eşitməyə bərabərdir.
- Təkcə sizin Lyunun vaxtsız qonaqlara etiraz etməyəcəyi qalır.
- Birincisi o, sadəcə Lyu deyil, ser Lyudur. Ser Tibinq sadə insan deyil. Saray
qarşısında xüsusi xidmətlərinə görə kraliçanın özü tərəfindən cəngavər adına layiq
görülüb. O, Yorkların evinin tam təsvirini verib.
- Siz zarafat edirsiniz? – Sofi ucadan dedi. – Deməli, biz cəngavərgilə qonaq
gedirik?
Lenqdon gülümsündü:
- Sofi, biz Qraal tarixini araşdırmağa gedirik. Bu işdə bizə cəngavərdən yaxşı
kim kömək edə bilər?
LII FƏSİL
185 akr sahəni tutan Şato Villet mülkü Parisdən şimal-qərb istiqamətində iyirmi
beş dəqiqəlik məsafədə Versal çölündə yerləşirdi. 1668-ci ildə qraf Ofley üçün
Fransua Mansar tərəfindən layihələndirilmiş mülk əsas tarixi malikanələrdən biri
idi. Lenoşranın layihəsi əsasında yaradılmış iki düzbucaqlı süni göl və bağdan ibarət
olan şatoya malikanə deyil, qəsr demək daha düzgün olardı. Fransızlar bu mülkü
hörmətlə «la Petite Versailes» - «Kiçik Versal» adlandırırdılar.
Lenqdon zirehli furqonu qəsrə aparan bir mil uzunluğunda xiyabanın darvazası
yanında saxladı. Uzanda ser Lyu Tibinqin iqamətgahı görünürdü. Darvazanın
üstündə asılmış lövhəcikdə yazılmışdı: «XÜSUSİ MÜLKİYYƏT. KƏNAR ŞƏXSLƏRİN
DAXİL OLMASI QADAĞANDIR!»
Deyəsən, Tibinq öz məskənini İngiltərənin adacığına çevirməyə çalışırdı. Bunu
təkcə ingiliscə yazılmış lövhəcik deyil, qapıdakı girişin sağ tərəfindən asılmış
radiodanışıq qurğusu da göstərirdi – İngiltərədən başqa, Avropanın bütün
ölkələrində avtomobillərdə sərnişin yeri məhz sağ tərəfdədir.
Sofi təəccübləndi:
- Bəlkə kimsə tək, sərnişinsiz gələcək?
- Ah, soruşmayın. – Lenqdon Tibinqin xasiyyətinə bələd idi. – O istəyir ki, hər
şey vətənindəki kimi olsun.
Sofi şüşəni aşağı saldı.
- Bilirsiniz Robert, yaxşı olar ki, siz özünüz onunla danışasınız.


Lenqdon Sofiyə tərəf yaxınlaşdı və onun üstündən əyilib domofonun
düyməsini basdı. Onun burnuna Sofinin ətrinin iyi doldu, və o, yalnız indi dərk etdi
ki, Sofiyə həddən artıq yaxınlaşıb. O gözləyirdi, kiçik mikrofondan zəng səsləri
eşidilirdi. Nəhayət, şıqqıltı eşidildi və hirsli səs fransız ləhcəsi ilə ingiliscə dedi:
- Şato Villet. Kimdir?
- Robert Lenqdon, - Lenqdon cavab verdi. İndi o, demək olar ki, Sofinin
dizlərində uzanmışdı.
- Mən ser Lyu Tibinqin dostuyam. Ondan kömək istəməyə gəlmişəm.
- Ağa yatır. Mən də yatırdım. Hansı işdən ötrü gəlmisiniz?
- Şəxsi işim var. Amma bu onu çox maraqlanlıracaq.
- Onda səhər tezdən gəlsəniz, sizi mütləq qəbul edər.
- Amma bu çox mühüm işdir. – Lenqdon təkid etdi.
- Ser Lyu üçün yuxu da vacibdir. Əgər siz onun dostusunuzsa, onda bilməlisiniz
ki, o sağlam deyil.
Ser Lyu Tibinq uşaqlıqda poliomielit xəstəliyinə tutlmuşdu, indi o, əl
ağaclarının köməyi ilə hərəkət edirdi. Amma axırıncı dəfə onunla görüşdükdə,
Lenqdona diribaş və işgüzar təsir bağışladığından, Lenqdon onun bu qüsuruna
diqqət verməmişdi.
- Xahiş edirəm, ona deyin ki, mən Qraal haqqında yeni informasiya tapmışam.
Elə mühüm informasiyadır ki, səhərə qədər gözləmək olmaz.
Mikrofon uzun müddət susdu.
Lenqdonla Sofi gözləyirdilər, furqonun mühərriki boşuna işləyirdi.
Nəhayət səs eşidildi:
- Əzizim, nəzərinizə çatdırmaq istəyirəm ki, siz deyəsən, burda da Harvard
vaxtı ilə yaşayırsınız.
Lenqdon gülümsədi. O, xarakterik britan ləhcəsini tanımışdı.
Gümrah, şən səs.
- Lyu, Allah xatirinə, sizi bu vaxt narahat etdiyim üçün məni bağışlayın.
- Xidmətçim dedi ki, siz Qraal barədə danışmaq istəyirsiz.
- Düşündüm ki, yalnız bu sizi yataqdan qaldıra bilər.
- Və haqlı olduğunuzu gördünüz.
- Köhnə dostunuza darvazanı açmayacaqsınızmı?
- Kim ki həqiqət axtarışındadır, dostdan da irəlidir. Ona qardaş demək olar.
Lenqdon Sofiyə baxdı. Tibinq pafosla, antik teatr ruhunda danışmağı
xoşlayırdı.
- Darvazanı açacağam, bundan əmin olun, - Tibinq dedi, - amma əvvəlcə
bilmək istəyirəm ki, siz mənim yanıma təmiz ürəklə və yaxşı məqsədlə gəlmisiz. Bu
sınaqdır. Siz üç suala cavab verməlisiniz.
Lenqdon sakitcə ah çəkdi, sonra Sofiyə pıçıldadı:
- Görürsünüz, necə tipdir?
- Birinci sual, - Tibinq təntənə ilə dedi, - Sizə nə versinlər: qəhvə yoxsa çay?


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə