Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə37/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   ...   33   34   35   36   37   38   39   40   ...   66

- 114 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
larını gizlətməmişlər. Ölkənin sabiq baş naziri B.Bhutto etiraf et-
mişdi ki, Talibanın yaranması ideyası ingilislərə məxsus olmuş, 
ABŞ tərəfindən idarə olunmuş, Səudiyyə Ərəbistanı bu işi maliy-
yələşdirmiş, Pakistan isə icra etmişdir [124, 483].
Beləliklə, sovet işğalı dönəmində olduğu kimi, Əfqanıstandakı 
proseslərdə yenə ABŞ-Səudiyyə-Pakistan üçlüyü aparıcı rol oy-
namışdır.
1998-ci ildə yuxarıda adı çəkilən general Nəsirulla Babər də 
etiraf etmişdir ki, nazir postunda olarkən, Taliban dəstələrinin 
təşkili və təliminin bilavasitə iştirakçısı olmuşdur: “Biz ümid 
edirdik ki, islam şəriətinin bayrağı altında İran, Pakistan və Əfqa-
nıstan üçlü ittifaqı İsrail sionizminin məkrli planlarını alt-üst edə-
cəkdir” – deyə, o bildirmişdir [54, 138]. Əlbəttə, generalın bu 
açıqlaması olduqca pafoslu və populist səciyyəlidir, əslində Ta-
liban vasitəsilə onun ölkəsi konkret iqtisadi və siyasi maraqlarını 
həyata keçirmək niyyətində idi və Babərin bu maraqların gerçək-
ləşməsi istiqamətində atılan addımlarda bilavasitə iştirakı sübuta 
ehtiyacı olmayan məsələdir.
Mövlana Fəzlür-Rəhmana gəldikdə isə o, Talibanla əlaqəsini 
heç vaxt gizlətməmiş, hətta 2001-ci ildə ABŞ-ın Əfqanıstanda 
hərbi əməliyyatlara başlayanda Talibanı açıq şəkildə dəstəklə-
diyinə görə həbs də edilmişdir. B.Bhuttonun ikinci baş nazirli-
yi dönəmində (1993-1996) o, hakim partiyanın müttəfiqi kimi 
çıxış edirdi və parlamentin xarici əlaqələr üzrə daimi komitəsinin 
sədri idi; bu postda onun ölkənin xüsusi xidmətləri və daxili işlər 
nazirliyi ilə Talibanla əlaqədar əməkdaşlığına, prosesə əhəmiy-
yətli təsir göstərməsinə yaxşı imkan yaranmışdı.
Əlbəttə, əsasən Pakistan ərazisində yerləşən mədrəsələrdə 
“yetişmiş” gənclərdən ibarət bir qüvvənin formalaşmasında hə-
min ölkənin rolunun varlığına qeyri-adi bir məsələ kimi baxmaq 
olmaz. Lakin, fikrimizcə, Taliban hərəkatında xarici amilin təsiri-
ni mütləqləşdirmək də düzgün deyil: hərəkatın meydana gəlməsi 


- 115 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
və sürətli yüksəlişi ilk növbədə ölkədəki hərbi-siyasi, iqtisadi və 
mənəvi durumla şərtlənmişdi. Və xarici qüvvələr də, şübhəsiz
bu şəraiti bilir və öz addımlarını ona hesablayırdılar. Talibanın 
sıralarında ölkədəki qardaş qırğınında iştirak etmək istəməyən 
keçmiş komandanlar (məsələn, Cəlaləddin Həqqani), sıravi mü-
cahidlər də az deyildi. Hətta əski “Yeddiliyə” daxil olan partiya-
lardan ən azı ikisi (Nəbi və Xalisin partiyaları) lap əvvəldən Ta-
libanı dəstəkləmişdi. Hərəkatın, xüsusən ilk dövrlərdə, əhalinin 
böyük qismi tərəfindən müdafiə olunduğu da danılmaz faktdır. 
Mücahidlərin qurduğu rejim rəsmən “islam dövləti” adlansa da, 
mövcud gerçəklik islam təlimindən  çox-çox uzaq idi, ən başlıcası, 
yoxsul, savadsız, son dərəcə dindar olan sadə əfqanların əsasən 
kənd mollalarının təsiri altında formalaşmış dini təsəvvürlərinə 
heç də uyğun gəlmirdi.
1995-ci ilin fevralında Taliban qüvvələri birinci dəfə Kabul 
ətrafına yaxınlaşanda Əhməd şah Məsud həyatını riskə ataraq, 
danışıqlar aparmaq üçün onların düşərgəsinə getmişdi. Həmin 
danışıq zamanı Talibanın ikinci şəxsi Molla Məhəmməd Rəbbani 
ona “biz heç bir partiyanı dəstəkləmirik, heç bir partiya ilə xüsusi 
düşmənçiliyimiz də yoxdur” deməklə bərabər, mücahidlərin hö-
kumətini iki şeydə ittiham etmişdi: ölkədə islam şəriətini tətbiq 
edə bilməməkdə və təhlükəsizliyi təmin etməyə qadir olmamaq-
da [127, 188]. Taliban da bu iki məsələni özünün başlıca məqsə-
di kimi təqdim edir, müxtəlif qruplaşmaların əlindəki silahların 
yığılmasına nail olacağını bildirirdi ki, bu da təbii olaraq, cəmiy-
yətdə müsbət qarşılanırdı.
Taliban texnoloqlarının bir uğurlu gedişi də onların uzun 
müddət (iki ilə yaxın) hakimiyyət iddialarını gizlədə bilməsi ol-
muşdur. Bu gediş sayəsində onlar hətta Zahir şah kimi qocaman 
və təcrübəli bir siyasətçini də aldada bilmişdilər: Talibanın pay-
taxtı tutması ərəfəsində – 1996-cı il sentyabrın 13-də Zahir şah 
tezliklə Əfqanıstana qayıdacağı barədə bəyanat yaymışdı [111, 


- 116 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
88]. Bu bəyanat, şübhəsiz, havadan verilməmişdi və Taliban nü-
mayəndələri ilə təmaslardan hasil olan qənaətə əsaslanırdı. Lakin 
Kabulu alıb hakimiyyətə yiyələndikdən sonra Taliban təmsilçilə-
ri Zahir şahın ölkəyə gəlməsinə lüzum olmadığını bildirdilər.
Maraqlıdır ki, mücahid liderlərinin bir çoxu da ilkin mərhələdə 
Talibana mənfi münasibət sərgiləməmişdilər. Məsələn, Bürhanəd-
din Rəbbani Talibanı milli əfqan hərəkatı kimi qiymətləndirmiş və 
“nəcib əməllərin dayağı” adlandırmışdı. General Rəşid Dustum hət-
ta 1996-cı ildə belə BBC radiosuna müsahibəsində demişdi: “Ta-
liban – əfqan xalqıdır, bizim puştu qardaşlarımızdır. Biz Talibanı 
öz xalqımızdan ayırmırıq, onlar bizim millətimizin bir parçasıdır” 
[86, 31]. Rəbbani sonralar Qəndəharda olduqları dövrdə Talibana 
maddi dəstək verdiyini də etiraf etmişdir. Görünür, o, puştulardan 
yaranmış bu hərəkatın Hikmətyarın zəifləməsinə xidmət edəcə-
yini və onun maraqlarına uyğun olduğunu düşünmüşdür. Yalnız 
Hikmətyar Talibanın Qəndəhar şəhərini ələ keçirdiyi gün onun 
əleyhinə kəskin ifadələrlə çıxış etmişdi və kifayət qədər açıq danış-
mışdı: “Taliban hərəkatı xaricdən idarə olunan bir qəsddir ki, bir 
sıra muzdlu könüllülər tərəfindən təşkil olunub və onun məqsədi 
mücahidləri aradan götürməkdir… Bu hərəkat bir xarici ölkə və 
İngiltərənin İslamabaddakı sabiq səfiri tərəfindən yaradılmışdır, 
bir islam ölkəsi də onu təmin edir” [138, 20]. Bu sözlər Hikmət-
yarın məsələdən yetərincə hali olduğunu göstərirdi ki, bu da onun 
Pakistan xüsusi xidmətləri, eləcə də Mövlana Fəzlür-Rəhmanla 
sıx əlaqələri nəzərə alındıqda, təbii sayılmalıdır. Eyni zamanda bu 
sözlərdə onun özü ilə bağlı tam əsaslı narahatlığı öz əksini tapmış-
dı: Hikmətyar yaxşı anlayırdı ki, artıq Pakistan Əfqanıstanla bağ-
lı planlarını yeni qüvvəyə istinadla həyata keçirəcək, ona “stavka” 
olunmayacaq, necə deyərlər, onun qatarı atrıq gedib. Əslində Hik-
mətyar üzərində qurulan planlar məşhur Cəlalabad əməliyyatın-
dakı uğursuzluqla sarsılmışdı, sonrakı illərdə isə perspektivsizliyi 
aydın olaraq, yeni qüvvə axtarışına çıxılmışdı. 


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə