Ləman vaqifqizi şƏKİ folklor müHİTİ baki 2012


Qərbi azərbaycanlılar və Qarabağ sakinlərindən toplanmış folklor mətn­lə­ri­nin­ səciyyəvi xüsusiyyətləri



Yüklə 2,4 Mb.
səhifə3/10
tarix12.03.2018
ölçüsü2,4 Mb.
#31301
1   2   3   4   5   6   7   8   9   10

1.5. Qərbi azərbaycanlılar və Qarabağ sakinlərindən toplanmış folklor mətn­lə­ri­nin­ səciyyəvi xüsusiyyətləri
Qərbi azərbaycanlılardan topladığımız folklor ma­terial­larının bir sıra özünəməxsusluqları var. Belə ki, onlardan qey­də al­dı­ğımız bayatılarda aparıcı xətt vətən həsrəti və ayrılıq­dır. Qeyd edək ki, bəzi söy­­ləyicilər bayatı çağırarkən ənənəvi bayatı formasından kənara çıxırdılar. Bu­nu tamamilə təbii hal saymaq olar. Çünki həmin anda söyləyicinin əsas məq­sədi öz hisslərini ifadə etmək olduğundan o, formaya qətiyyən fikir vermir. Ba­yatının struk­turunun dəyişilməsi, əsasən, özünü üçüncü misrada – sərbəst misrada göstərir:
Arazı ayırdılar,

Qumunan qayırdılar.

Ay mənim kəndim, ay mənim sərin bulağım, ay mənim uca dağım,

mən siz­­­­dən ayrılmazdım, bu yaşımda

Məni zornan ayırdılar (79).
Dağlara binə gəlləm,

Gedərəm, gənə gəlləm.

Sənin soyux bulağınınan işsəm bir də, göy çomanınıda gəzsəm bir də,

İmana, dinə gəlləm (79).


Dağlar marala qaldı,

Otu sarala qaldı.

Gəldim, ala yaylaxlar, sərin bulaxlar, uca dağlar, göy çəmənnər,

O da marala qaldı (79).


Dağlar dağımdı mənim,

Qış oylağımdı mənim.

Dindirmə məni, ay oğul, mənim elim-günüm qaldı, mənim uca dağım qaldı, mənim axan çaylarım qaldı, sərin bulaxlarım qaldı,

Yaman çağımdı mənim (79).


Qərbi azərbaycanlılardan folklor toplayarkən iki dənə də xoryat qeydə al­dıq. Prof. Q.Paşayev M.H.Təhmasib və A.Məm­­mədovaya istinadən daha çox Kərkük folklorunda rast gəlinən xoryat adlı bayatı növünün vaxtilə Azər­bay­canda da geniş yayıldığı qənaətinə gəlmişdir (127, 29).
Dərd əkərəm,

Dərd əkif, dərd biçərəm.

Qoşaram dərd cütünü,

Özümə dərd əkərəm (79).


Qara bağı,

Gəncənin Qarabağı.

Bir tərlan itirmişəm,

Boynunda qara bağı (79).


Qərbi azərbaycanlılar arasında sağın nəğmələri, «eydir­mə­lər» (44, 79) də ge­niş yayılmışdır. Təbii ki, bu da onlarda əsas məşğuliyyət növünün maldarlıq ol­ması ilə bağlıdır. Söy­lə­yi­ci sağın nəğmələrini həzin, ürəyəyatan bir musiqi ilə oxu­yurdu:
Ay nənəm, ay nənəm,

Səni sağan mənəm.

Ay nənəm, ay bacım,

Ay nənəm, ay nənəm (79).


Ay nənəm, inəyin ağı,

Dolandı gəldi bağı.

Qızdara cehiz bağı,

Çobannara ayakqavı (79).


Qərbi Azərbaycan folklorundan danışarkən bir cəhəti də xüsusi qeyd etmək lazımdır. Belə ki, Qərbi azərbaycanlıların repertuarında aşıq şeirləri, das­tanlar yerli əhaliyə nisbətən daha geniş yayılmışdır. Bu hadisə Qərbi Azər­baycanda aşıq sənətinin geniş intişarı ilə bağlıdır. Söyləyicilərlə söhbətimiz za­manı hər söyləyici ən azı 3 dastanın adını çəkirdi. Ancaq onlardan heç biri bir dastanı da olsun tam şəkildə söyləyə bilmədi. Söyləyicilər dastanı «nağıl» ad­lan­dırırdılar. Onlardan nağıl danışmağı xahiş edəndə «Əsli-Kərəmin nağılını» bi­lirəm, «Alı xanla Pəri xanı­mın nağılını» bilirəm, deyimmi?», – deyə so­ru­şur­du­lar.

Son illərdə baş vermiş hadisələrlə əlaqədar olaraq başqa bölgələrimiz ki­mi, Şəki rayonu da öz qucağını Qarabağ qaç­qınlarına açmışdır. Qeyd etmək is­tər­dik ki, Qarabağdan gələn əhali rayonda dağınıq şəkildə yerləşdirilmişdir. Bu vəziyyət onların folklorunu toplamaq işini çətinləşdirir. Buna baxma­yaraq, qaçqınların məskunlaşdığı bəzi bölgələrə gedib onlar­dan xeyli folklor örnəyi top­laya bildik.

Bayatı Qarabağ folklorunun ən aktiv janrlarından biri­dir. Qərbi azər­bay­can­lılarda olduğu kimi, qarabağlılar arasın­da da vətən, yurd həsrəti ilə bağlı ba­yatılar daha aktiv şəkildə deyilir:
Buxarı qurum olar,

Yandıxca qurum olar.


Vətən yada düşəndə

Ürəyə zulum olar (79).


Aşıx diyarbadiyar,

Xalıx diyarbadiyar.

Qoydu sapanda bizi,

Atdı diyarbadiyar (79).


Yaylığımız yağlıdı,

Sinəm çarpaz dağlıdı.

Nə gələn var, nə gedən,

Yollarımız bağlıdı (79).


Məhəbbət mövzulu bayatılar qarabağlıların dilində və­tən həsrətli ba­ya­tılara çevrilib. Hisslər bayatının mövzusunu dəyişmək gücünə malikdir. Ba­ya­tını söylədiyi anda söylə­yici­də hansı hiss qabarıqdırsa, o hiss də bayatıda önə çıxır. 1996-cı ildə Şəki rayonunun Cumakənd adlı ərazisində folklor ezamiy­­yə­tində olarkən həmin kəndin sakini Şəhmirova Əsmər Balabəy qızından başqa folklor mətnləri ilə birlikdə aşağıdakı bayatını da qeydə almışdıq:
Yaylığım həşdi-hüşdü,

Bir ucü süyə düşdü.

Həyif, mən yazan məytuf

Getdi, qədirbilməzə düşdü (79).


2004-cü ildə folklor toplayarkən Şəki rayonu Paliment adlı ərazisində məs­kun­laşmış Ağdam rayonu Mərzili kənd saki­ni Səfərova Kifayət Cəmil qızı hə­min bayatını bizə bu va­riantda dedi:

Dəsmalım aşdı-uşdu,

Bir ucu suya düşdü.

Hayıf, mənim gül ömrüm

Gəldi, qəribliyə düşdü (79).
Yenə bir bayatını üç variantda qeydə ala bildik. 1996-cı ildə Şəki rayonu Cu­makənd sakini Mustafayeva Pəri Əhməd qızı bizə belə bir bayatı söy­ləmiş­di:
Bulağın başı yandı,

Divinin daşı yandı.

Təkcə sənnən ötəri

Ürəyimin başı yandı (79).


Həmin bayatını 2003-cü ildə Şəki rayonu Baş Göynük kənd sakini Mür­şü­dova Bənövşə Yusif qızından aşağıdakı variantda qeydə aldıq:
Arpa qoruğun başı,

Qızıl üzüyün qaşı.

Səni mənnən eliyənin

Yansın üreyinin başi (79).


2004-cü ildə folklor ezamiyyətində olarkən 1992-ci il­dən Şəki rayonu Pa­li­ment adlı ərazisində məskunlaşan Laçın rayo­nu Kürdhacılı kənd (Laçın rayonun əhalisi bu kəndi «Qurdqacı» adlandırsa da, nədənsə, sonralar həmin kəndin adı «Kürdhacılı» kimi sənədləşdirilmişdir) sakini İbadova Pakizə Cavanşir qızının di­lində həmin bayatı vətən həsrətli qarğış-bayatıya çevrilmişdi:

Dağların başı yansın,

Divinin daşı yansın.

Bizi vətənnən edəən,

Ürəyinin başı yansın (79).
Şəkidə məskunlaşmış qarabağlıların təkcə bayatıları deyil, laylaları da və­tən həsrətlidir:
Deer, mən aşıx, deyirəm, yaralı dağlar,

Laylay, balam, a laylay.

Kəsif aranı dağlar,

Laylay, balam, a laylay.

gedən var, nə gələn

Kəsif aranı dağlar, a laylay, laylay (79).


Aran yerin arpası,

Laylay balam, a laylay.

Qərif qızın körpəsi,

Laylay balam, a laylay (79).


Qarabağlılardan xeyli sayda aşıq şeirləri, Aşıq Ələsgərlə bağlı rəvayətlər də qeydə ala bilmişik. Laçın rayonundan di­dərgin düşmüş həmyerlilərimiz ara­sın­da Qaçaq Nəbi ilə bağlı rəvayətlər də dolaşmaqdadır.

Onu da qeyd etmək maraqlı olardı ki, Qərbi azərbaycan­lılara nisbətən qara­bağlılar daha çox «şəkililəşməyə» məruz qalmışlar. «Şəkililəşmə» özünü is­tər mədə­niyyətdə, istər ləh­cə­də, istərsə də folklorda göstərmişdir. Həm də bu təsir yaş­lı qarabağ­lılara nisbətən, gənclərdə daha çox hiss olunur. Gö­rü­nür­, bu, Qərbi azərbaycanlılardan fərqli olaraq, qarabağ­lıların kompakt halında ya­şamamaları ilə bağlıdır.



1.6. Şəkili xarakteri folklor
Şirinlik, ağırlıq, ciddiyyətlə yoğrulmuş ko­mizm şəkili men­­ta­­litetinin əsas cə­hət­ləridir. Azərbaycanın hər regionunun əha­­li­sinin danışıq tərzində özünə­məxsus xü­susiyyətlər vardır. Şəkilinin danışığında «şirinlik» o dəqiqə diqqəti cəlb edir. Bu şirinlik özünü daha çox ləhcədə gös­tə­rir. Prof. T.Hacıyev tama­milə haqlı ola­raq­ qeyd edir ki, şəkili deyəndə adamın ya­dına gü­lüş gəlir, istənilən məkanda şə­ki­li ilə salamlaşanda do­dağın qaçır (54, 20).

Bu regionun camaatı digər bölgələrimizin əhalisindən həm də öz komizmi ilə se­çilir. «Şəkililərin çox maraqlı və məzmunlu yumorları var. Bu da onların cid­di adam olduq­larına dəlalət edir. Çünki şəkililərin dediyi kimi, yumor usta­ları M.F.Axundov və S.Rəhmanın da Şəkidə dünyaya gəl­məsi, bəlkə də, bu tor­pağın xə­mirinin yumorla yoğrulması ilə əlaqədardır» (103, 5).

Hazırcavablıq şəkilinin qanındadır. Onun cavab tapa bil­mə­diyi sual, çaş-baş qal­dığı vəziyyət yoxdur: «Bakıda ya­şa­­yan layısqılı metroda ailəsiylə gedərkən iş yol­daşı ilə rast­laşır. İş yol­daşı baxır ki, layısqılı özü hündür boylu, uşaq­ları da özü­ kimi, lakin arvadı balacaboylu, cılız… İş yoldaşı ar­vadı da uşaqlardan biri he­sab edərək soruşur ki, uşaqların üçü də sənindir? Layıs­qı­lı­nın cavabı belə olur: «İki­si mə­nimdir, biri qaynatamın» (10, 223).

Amma şəkilinin şit söhbətlə, boş danışıqla arası yoxdur, danışığı «urvat­dı­dı».


Şəkiliyəm, şəkili,

Sözüm ağır çəkili.

Zarafatdan qaçmaram,

Söz həddini aşmaram,

Söz-söhbətim bal-şirin,

Yaz dəftərə hər birin.

Gülüşüm qanatdıdı,

Ləzzətdidi, daddıdı.

Şit sözə baş qoşmaram,

Hər sözüm urvatdıdı (103, 128).


Şəki yumoru özünü təkcə lətifədə yox, folklorun digər janr­larında da gös­tərir. Elə bir folk­lor janrı yoxdur ki, Şəki yumoru orada öz izlərini qoymamış ol­sun. Şəkidən top­lanmış bayatıların bir qismi ciddi xarakterlidirsə, bir qismi də zarafat məzmunludur:

Araxçını sallama,

Yuyub yerə tullama.

Elə gözəl deyilsən,

Ağız-burun sallama (8, 311).
Hər kolda bir gülün var,

Sənin neçə dilin var?

Gizlətmə, gəl açıq de,

Ürəyində kimin var? (8, 310).


Ərazidən qeydə alınmış layla və oxşamalarda Şəki yu­mo­runun təza­hür­lə­ri­nə rast gəlirik:
Laylası var – aşı, daşı,

Məməsi var – mərmər daşı.

Körpə balam cənnət quşu.

Anası qaravaşı, atası çöllər quşu.

Layla, balam, layla (150, 37-71)
Və yaxud:
Səni verənə qurban,

Səni görənə qurban.

Dimişdim xoruz ver,

Fərə verənə qurban (150, 37-71).


Hətta bir qədər «ağır», «ciddi» janr sayılan atalar söz­ləri də yumorsuz ötü­şə bilmir: «Kirpi də balasını sığallıyəndə elə bilir məxmər sığallıyir»; «İyirmi­sində öylənmiyənin, otu­zun­da ağıllanmiyənin, qırxında varan­miyənin­ki, alt­dan getdi» (10, 62-63) və s.

Şəki camaatı ünsiyyət zamanı həm nitqlərində aforistik ifadələrə çox yer ve­rir, həm də bu zaman öz baməzəlik­lərin­dən qalmırlar: «Yimaxnan giymax ol­maseydi, adam xan kimi dolanardı»; «Ay mənnən olannan sora, ulduz, gö­zü­nə barma­ğım» və s. (79).

Şəki yumoru bazar təriflərindən də yan keçmir: «Nallı quzu əti qurtardı ha...»; «Pulu ver belə mala. Qızı ver keçala»; «Qoç əti, quzu quyruğu, bunu yi­yən xoruz kimi bannıyər»; «Ay ət alan, biz dil dəllalıyıx»; «İsti, qaynar, buğ­la­nan ət, də­dəm ərkəkdir, özzüm ölüm, dədəm ərkəkdir» (103, 164-165) və s.

Özünəməxsus hazırcavablıqları, komizmləri, ifadəli da­nı­şıq tərzləri ilə seçilən şəkililər hazır məsəl və rəvayətlər­dən isti­fadə etməklə kifayətlənməmiş, öz məişət və həyat tərzləri ilə bağlı yeni folklor nümunələri də yaratmışlar: «Baş Göy­nükdə Dıvoolu Yu­nus adında bir kişi varmış. Kişi yalançı­lıq­da ad çı­xar­dıbmış. Bir gün yenə gimgədə deyir ki, mən me­şəy­lə gedir­dim, yetmiş cana­varı bir yerdə görmüşəm. Gimgə­dəkilərin biri deyir: «Dıvoolu, gəl bir az azalt». Dı­voolu deyir, yox, azalda bilmərəm. Onda o biri kişi başlayır ki, mən Qarasovda bir qavax əkmişəm. Qavax yaman sürətlə böyüyür, indi tağı iki km uzanıb. Dı­voolu deyir ki, elə şey ola bilməz. Bir kişi deyir ki, necə olur, sən yetmiş canavarı bir yerdə görə bilirsən, amma qavax tağı iki km uzana bilmir? De­yir, bax, qa­va­ğın tağı Şin çayını keçib sizın doqqaza çatdı. Bax, sənin yanına çatır ha... Dı­voolu görür vəziy­yət ağırdı. Deyir, yax­şı. Canavarın sayını azaltmağa başlayır. Hay, altmış canavar gör­mü­şəm. Deyir, bir az da azalt. Ay, qırx canavar görmüşəm. De­yir, Dıvoolu, gəl, bir az da azalt. Deyir, otuz. Dıvoolu, gəl bir az azalt. Qərəz, Dı­voolu üç canavarda da­ya­nır. Dıvoolu, gəl bir az azalt. Yaxşı, bir canavar. De­yir, Dıvoolu, düzünü de. Deyir, əşi, şıqqıltı eşitmişəm» (79). İndi də Göynük kənd­lərində yalançılıqda ad çıxartmış adamlara «Dıvoolu, gəl bir az azalt», – de­yə sataşırlar.

Şəki folklorunun müəyyən bir hissəsini də məzəli mah­nılar, yumoristik nəğ­mələr təşkil edir:
Qızlar xanım sazanda,

Aş bişirər qazanda.

Özü yiyər nimçədə,

Ciyisinə verər çömçədə.


Qızlar xanım sazanda,

Düyüsü qaynar qazanda.

On beş tümən kəbindi,

Bu da bir kişinin gəlinidi (10, 329).


Şəki komizmi özünü ləqəblərdə də göstərir. «...ləqəblər adam­ların key­fiy­yət nişanıdır, ...onun kimliyi, xarakteri, mə­nə­viy­yatı barədə ilkin məlumat ve­rir» (88, 62). Şəkidə ləqəb­siz adam, eləcə də adsız nəsil yoxdur. Bununla bağlı əra­zidə tez-tez belə ifadələrlə rastlaşmaq mümkündür: «Şəkidə ləqəb­siz bir adam var, o da Saqqal Süleymandı», «Şəkidə ləqəbsiz bir adam var, o da Qa­loş Əhməd» və s. Ləqəblər müxtəlif səbəblərdən verilə bilər:

Peşə, sənətlə bağlı ləqəblər: Dəllək Kərim, Qəssab Şirəli, Daşqaçı Xəlil və s.­­

Zahiri görkəmlə bağlı verilənlər: Bığ Əyyub, Doşando­daq Səlim, Təpəl Mə­­miş və s.

Xasiyyətlə bağlı verilən ləqəblər: Qız Usuf, Hikkə Məhər­rəm və s.

Yer adı ilə bağlı verilən ləqəblər: Oxudlu Abdulla, Zəyzitli Yusif və s.

Nəsil adı ilə bağlı ləqəblər: Masal oğlu Veysəl, Kəlçə oğlu Ağabəy, Xədəh oğlu Əhmədiyyə və s.

Müxtəlif hadisələrlə əlaqədar verilən ləqəblər və s.: «Cey­ran Məcid lə­qə­bi­nin yaranma səbəbi ilə bağlı ləqəb sahibinin oğlu danışdı ki, atam Dəhnədən Şəkiyə gələrkən Trud düzü sahəsində yaralı ceyrana rast gəlmiş, onu evi­miz­də müalicə etdirib həmin sahəyə buraxmışdır. Həmin hadisədən sonra o, «Cey­ran» ləqəbini qazanmışdır (103, 188).

Şəki etnik mədəniyyətə sadiq qalmış bölgələrimizdən biri­­dir. Etnik mə­dəniy­yətin xalqın həyatında oynadığı rolu folk­­lor­şünas Ə.Əsgər çox sərrast ifadə etmiş­dir: «Xal­qın bir xalq kimi mövcudiyyəti etnik mədəniyyətin mövcudiy­yətin­dən asılı­dır. Etnik mədəniyyət dəyərlərinin ölməsi xalqın tarix səhnəsindən çıxması ilə nəti­cə­lənir. Tarixdən məlum olan bir çox xalqların assimilyasiyası məhz et­nik mədəniy­yət dəyərlə­rinin itirilməsinin qanunauyğun nəticəsidir» (50, 4). Şə­ki cə­miyyəti mühafizəkar, qa­palı olması ilə xüsusi seçilir və bu mü­hit həm də olduqca həssas mühitdir. Bu mühit baş verən hər bir hadisəyə, deyilən hər bir sözə tez reaksiya verir. Odur ki, bu cəmiyyətin hər bir üzvü dediyi hər sö­zə, etdiyi hər hərəkətə fi­kir verir. Yoxsa, ətrafın qınaq obyektinə çevrilə bi­lər. Bu cəhət özünü bölgənin folkloruna da diktə etdirmişdir: «Küçə ilə ge­dər­kən iki qadının dalaşdığının şahidi olmuş Mirzə Abdulcab­bara onlardan birinin nalayiq sözləri pis təsir edir. Mirzə Abdulcabbar onu belə «tən­beh edir»: «Bu ətraf məhəllələrdə nə qədər var qadın ha, hamısı saa borcludur. Çün­ki onların ərləri bu doqqazdan keçillər. O kişilər səən üzo görüf, səso eşit­məsəydilər, öz arvad­darının qəd­rini bilməz­dilər» (8, 232).

Şəki cəmiyyətinin həssaslığı özünü bu ərazidən qeydə alınmış əksər folklor mətn­lə­rində göstərir: «Arsız kişidən ər­siz arvat yaxşıdı»; «Avırlı avırınnan qor­xar, avırsız nə­dən?»; «Əvvəl danışən sonra yeşinər»; «Eşşəyə qantarğa ke­çir­max­nan at olmaz»; «Ya­ğışdar yağıf, yarmannar bərkiyif»; «Gör­məmişə at ver­­sən, çapıb-çapıb öldürər» (79).
Bu dağların başına,

Duman çöküb qaşına.

Kim bilsə öz ayvını,

Kilim örtər başına (8, 307).


Su axar samanlıqdan,

Yol keçər qaranlıqdan.

Çalış, yaxşılıq elə,

Nə çıxar yamanlıqdan (8, 308).


Şəkililər əsəbiləşərkən, demək olar ki, heç vaxt özlərin­dən çıxmır, səs-küy qaldırmırlar. Şəkili öz qəzəbini Hacı da­yının simasında belə ifadə edir: «İşə ye­ni­cə təyin olunmuş qa­dın müdirin arxasınca danışan, onu «pozğun» adlan­dı­ran həya­sız bir gəncin cavabını Hacı dayı belə verir: «Ay oğul, poz­ğun didin, anan yadıma düşdü, nətərdi, sağ-salamatdı?» (8, 208).

Şəkililər həm də ağıllı, müdrik və uzaqgörən olmaları ilə fərqlənirlər. Şəkili ilə cuhudun lətifələrdə üz-üzə dayan­ması və birincinin qələbəsi məhz belə bir cə­həti vurğulamaq ehtiyacından doğur ki, lətifədə çoxbilmiş şəkili cuhudu mat qoyur: «Bir cuhud Şəkidə cuhudların yaşamamasının sirrini öyrənmək məq­sədi­lə Şəkiyə gəlir. Şəkinin girəcəyində bir uşa­ğın yolda qızıl onnuqla oy­na­dı­ğını görür. Ondan əlindəki pulu istədikdə uşaq deyir ki, üç dəfə anqır, ve­rim. Cu­hud üç dəfə anqırdıqda uşaq deyir ki, nətəri olur, sən eşşəyh ola-ola qızılı ta­nıyırsan, mən yox? Cuhud da Şəkiyə girmiyif, oradan kor-peşman geri qa­yı­dır» (79).

Şəkililərdə folklora bağlılıq da qabarıq şəkildə diqqəti cəlb edir. «Folklor adətlərin, xüsusiyyətlərin, ənənənin, yazıl­ma­mış davranış qaydalarının, baxış və etiqadların qorun­ma­sına xidmət edir» (137, 112). Məsələyə bu cür yanaş­dıq­da, deməli, folklora bağlılıq elə adət-ənənəyə, etnoqrafiyaya bağ­lı­lıqdır. «Folk­lor etnik mədəniyyətin elə layıdır ki, burada etnik mədəniyyət də­yərləri daha bariz şəkildə üzə çıxır» (50, 5). Adət-ənənəyə, et­noqrafiyaya, mənəvi də­yər­lərə bağlılıq baxımından Şəki Azər­baycanın ən mühafizəkar bölgə­lə­rin­dən­dir. Bu barədə hər hansı bir əyintiyə şəkili sərt münasibət göstərir. Min illərlə qa­zanılmış mənəvi dəyərlərin üstündə o, yarpaq kimi əsir.

Ata-anaya, ümumiyyətlə, böyüklərə ehtiram göstərmək, onların hörmətini sax­lamaq, böyük yanında abır-həya gözlə­mək xalqımızın yazılmamış qanun­la­rın­dan biridir. Şəkidə deyirlər: «Ata sözünü tutmiyəni biyavana atallar»; «Avır-həya olan yerdə bərəkət də olar» (8, 314).

Şəkidə gəlinlərin qiyməti onun isməti, evdarlığı ilə ya­naşı, həm də getdiyi ailədə qayınana, qayınata sözünü nə də­rə­cədə tutması, onlara ehtiramı ilə öl­çül­müşdür. Bölgədən qeydə aldığımız bir rəvayətdə qızı gəlin gedən ana onun əlinə kiçik bir daş da verir ki, bu daş dinsə, sən də din (100, 106). Təm­kinin, lə­yaqətin qızlarda ən üstün keyfiyyətlərdən biri oldu­ğuna rayon ərazisindən top­lanmış bayatıda belə işarə vurulur:
Gözəllər adaxlana,

Dilləri qadaxlana.

Ata-ana yanında

Xətir-hörmət saxlana (8, 307).


Azərbaycan xalqında namus, ismət qadının yaraşığı sa­yılıb. Qızı ismətli va­lideynlər həmişə başıuca gəzmişlər. Qar­daşlar ləyaqətli bacıları ilə öyün­müş­lər. Kişilər namuslu həyat yoldaşını özlərinə arxa, dayaq hesab etmişlər. Na­mus­suzluq ölümə bərabər tutulmuşdur. Bu barədə şəkili deyir: «Mis qab ya düş­dü sındı, ya da cingildədi, fərqi yoxdu», «Qız uşağı ağ kağızdı, ləkə düşdü, qu­­tardı» (79).
Qoyunu qolamazdar,

Keçini ovlamazdar.

Ağıllı qız olarsa,

Ağlını oğramazdar (8, 307) və s.


Şəki camaatı şirindil, xoşxasiyyət olmaları ilə fərqlənir. Acı danışmaq, ko­bud­luq Şəkidə, bir növ, günah sayılır. Ko­bud, qabarəftar adamları şəkililər «qı­lıxsız, codxasiyyət» adlan­dı­rır­lar. «Əşi, filankes qılıxsızın biridi, yaxın dur­ma­lı döyül», «filan­kes yaman codxasiyyətdi, havayı şeydi» kimi ifadələr şəki­li­lərin bədxasiyyətli adamlara münasibətini ifadə edir: «Diloo şirin sözə öyrət», «Evdən çıxanda dilınıın altına qənt qoy» (79), «İnsan öz xəsyətiynən xoşbax da olar, bədbax da», «Şirin dil min öy yiyitdi, acı dil birini də yiyə bilmiyitdi» (8, 326).
Bağımızda gül olsun,

Üstündə bülbül olsun.

Yar könlünü almağa

Səndə şirin dil olsun (8, 310)

və s. kimi folklor nümunələri də bu zərərli vərdişi aradan qaldırmaq üçün yaradılmışdır.

Ərazidən toplanmış folklor mətnlərinin bir qismi müəy­yən mərasimi, adəti sözlə elə əks etdirir ki, sanki dinləyici, yaxud oxucu onun iştirakçısıdır:


Kəmər bağla belinə,

Şərbət verim əlinə.

Sən gəlinim olanda

Xına qoyum telinə (8, 311).


Bu dörd misralıq bayatı toy mərasimini sözlə təsvir etməklə yanaşı, mə­ra­sim haqqında üç etnoqrafik məlumatı da özündə cəmləşdirir.

Ailəyə həssas münasibət Azərbaycan türklərinin xarak­terik xüsusiyyətidir. Bir xalq olaraq azərbaycanlıların ailəyə münasibətinin bütün parametrləri şəkililər üçün də əsasdır. Ailə haqqında ənənəvi dünyagörüşün bütün tərəflərini folklor­da müşahidə etmək mümkündür. «Folklor xalq mənəviy­yatı­nın güz­gü­sü­dür» tezisi bu mənada özünü doğruldur: «Ər axar çaydı, arvat isə bənd»; «Arvat var, arpadan aş eylər. Arvat var, kişini külbaş eylər»; «Ata olmax ha­sant­dı, atalıx eləmax çətin»; «Arvat kişinin qənədidi» (8, 315).

Ənənəvi xalq düşüncəsində insanın kimliyi həm də onun əsil-nəcabəti ilə öl­çülür. Bölgədən qeydə aldığımız folk­lor materiallarında «süd» və «sümük» qo­­humluğuna həmişə xüsusi diqqət yetirilir. Bu məsələdə südün rolu daha önə çə­­kilir: «Südün süd olsun, zatın it də olsa, olar». Amma bəzən xalq özü öz dediyinə qarşı çıxır, təzad yaradır: «Qatranı qay­nat­san olmaz şəkər. Zatı üzül­müş zatına çəkər» (79). Hətta qızın bəxti onun atasına nə dərəcədə oxşaması ilə ölçülür: «Atasına oxşayan qız xoşbaxt olar» (79).

Şəkililər gündəlik danışıqlarında folklordan, necə deyər­lər, gen-bol isti­fadə edirlər: «Eşşəyə didilər, mərfətoo göstər, yatdı, ağnadı»; «Arım var, arım var, it arısı» (79).

«Folklor sadə xalq arasında yaşayan və şifahi şəkildə nəsildən-nəsilə ötü­rülən ənənədir. Ənənənin məhsulu şifahi yolla ötürülərkən inkişaf edir» (137, 110). Şəkililər gündəlik danışıqlarında frazeoloji ifadələrdən də çox istifadə edirlər. Müflisləşən adam haqqında «Yazıx, düzə yurt olutdu», cəsa­rət­siz adam haqqında «Vuran oğul dədəsinnən soruşməz», araqarışdıran adam haq­qında «Umacə kül qatıy», tənbəl və fərasətsiz övladdan gileylənərkən «Başıma bə­ladı, dalıma şələ» (79) və s. kimi deyimlər işlədilir.
1.7. Şəki şivəsi və folklor
«Şəki folklorundan danışarkən ilk öncə xatır­lanan dil olur, Şəki ləhcəsi olur» (39, 3). Şəki dialekti özünün fonetik, morfoloji və leksik xüsusiyyətləri ilə Azərbaycan dilinin bir çox dialekt və şivələrindən seçilir. Şəki dialektinin zəngin və maraqlı xüsusiyyətlərə malik olması bir çox tədqiqatçıların diqqətini cəlb etmişdir. Görkəmli çuvaş alimi prof. N.İ.Aş­ma­ri­nin 1926-cı ildə Bakıda çapdan çıxmış «Обший обзор народных тюркских говоров город Нухи» adlı əsəri və M.İslamovun 1968-ci ildə nəşr olunmuş «Azər­baycan dilinin Nuxa dialek­ti» kitab­ları Şəki dialektinin xüsusiyyətlərini özün­də əks etdirən sanballı elmi-tədqiqat əsərləridir. Prof. N.İ.Aşmarin Şəki şəhə­rinin ayrı-ayrı məhəllələrinin ləhcə xüsusiyyətlərini tədqiq etmişdir. Gör­kəmli tədqiqatçı Şəki şəhəri şivələrinin ancaq fonetik və morfoloji xü­su­siy­yətlərini əhatə edir, sintak­sis və leksikaya toxunmur. Bu tədqiqat işinin digər bir maraq­lı tərəfi də odur ki, müəllif rayon ərazisində yaşayan əhalinin milli tər­kibinə də toxunaraq onların mənşəcə türk olduqları qənaətinə gəlmişdir (130, 5). Müəllif kitabın sonunda rayon ərazisində yerləşən məhəllə, bazar, yay­laq, çay və kənd adlarının siyahısını verməklə bərabər, həm də kənd­lərdə ya­şayan əhalinin milli tərkibini göstərmişdir. Siyahıda adları çəkilən 46 yaşayış mən­təqəsinin yalnız ikisinin əhalisi ləzgi, qalanlarınınkı isə türklərdir (130, 182-183).

M.İslamov isə Şəki şəhəri ilə yanaşı, rayonun müxtəlif kəndlərində ya­şa­yan əhalinin çox rəngarəng danışıq xüsusiy­yət­lərini də tədqiq etmiş, Şəki dia­lek­tinin Azərbaycan dilinin digər dialekt və şivələri arasında tutduğu mövqeyi müəy­yənləşdirmiş və dialektdə müşahidə olunan fonetik, morfoloji, sintaktik və leksik hadisələrin geniş izahını vermişdir. Tədqi­qatçı bəzi dil hadisələrinin iza­hını verərkən onları digər türk dilləri ilə müqayisə edir və bu cür dil xü­su­siy­yət­lərinə başqa türk dillərində də rast gəlindiyini qeyd edir (58, 23- 25).

Görkəmli alim Y.Qarayevin ifadəsi ilə desək, Azərbay­canda milli mənşəyə apa­ran yolda qədimliyi, ululuğu ifadə edən etnik sertifikatın tərkibinə Azıx ma­ğarası ilə, Qobustan qayası ilə, Quruçay dərəsi ilə yanaşı, bir linqvistik land­şaftı da daxil etmək lazımdır – Şəki şivəsini! Qövmi fərdilikdə sa­bit­­liyin və fasilə­siz­liyin qorunmasında şivənin landşaft sə­viy­yəsində iştirakı türk (dünya) dil təcrü­bə­sində nadir feno­men­dir. Şəkinin şivəsi də Şəkinin iqlimi, mənəvi ab-havası, folk­lor – söz sərvəti, bahar-yaz libası kimi təkrarsız və əbədidir... Hətta ən adi mətn də tələffüzdə, nitqdə bu şivəyə köklənəndə ondan pıqqıltı, qaqqıltı, şaq­qanaq səsi gəlir (69, 3-5).

Şəki ləhcəsini bir az da duzlu, məzəli və təkrarsız edən bu ləhcədə da­nı­şan­la­rın intonasiyasıdır. Prof. T.Hacıyev şəki­li­lərin intonasiyasını xarakterizə edə­rək yazır: «Bu into­na­siyanın analo­qu yoxdur. Elə bil şəkililər bu into­na­siyanı özlə­rinə məxsus yu­morun donu kimi biçmişlər, sonra yumor ya­yıl­dıqca, küt­ləviləş­dikcə, hər şəkilinin evini, hər yaşdan olan, hər bir şəkilini əhatə et­dikcə bu into­nasiya onların məişətinin bütün sahələrindəki ünsiyyətini əhatə et­mişdir. Hətta şəkililər əcnəbi dildə də bu in­to­nasiya ilə danışırlar. Bu into­na­siya ilə istənilən məclisdə, is­tə­ni­lən diyarda şəkilini pasportsuz, anket­siz ta­nı­maq olur» (54, 18).

Şəki dialekti ərazidən qeydə alınmış folklor mətnlərində bütün çalarları, gö­zəlliyi ilə əks olunmaqla bərabər, həm də bəzi janrların strukturunu də­yiş­mək imkanına da malikdir. Məsələn, bəzi bayatıların bu dialektdə tələffüzü he­­caların sa­yına təsir göstərir. Məlumdur ki, bayatının əsas xüsusiy­yətlə­rin­dən biri də yeddi hecalı olmasıdır. Bəzən heca sayında müəy­yən istisnalar ola bilər, am­ma bu fərq çox kəskin olma­malıdır. Şəki dialektində həmin fərqlərin tən­zim­ləndiyi nümu­nələrlə üzləşdik. Belə ki, həmin bayatıları ədəbi dilə salan kimi misra­lardakı hecaların sayında uyğunsuzluq əmələ gəlir:
Kekiloo dara, oğlan,

Gedirsən hara, oğlan?

Toxuyub yaylıq verdim,

İtirmə, qara oğlan (8, 305).


Əgər burada [kekilo] sözü ədəbi dildəki kimi [kəkilini] şək­lində tələffüz edil­sə, bu, bayatının heca quruluşuna xələl gətirər:
Çatanatan ağlaram,

Yatanatan ağlaram.

Torpağo torpağıma

Qatanatan ağlaram (8, 312) −


bayatısında [torpağo] sözü Şəki dialektindən çıxarılıb ədəbi dilin tələffüz qay­dasına uyğunlaşdırılsa [torpağını], bayatının poetizmi zəifləyər:
Bu dağlar özlər məni,

Kavaflar gözlər məni.

Də mən gidəri oldum,

Sövənnər gözdər məni (10, 324) −


bayatısında [daha] iki hecalı ədatı Göynük şivəsində bir hecalı [də] kimi səs­lənir və bu cəhət də bayatının misralarının yeddi hecalı olması prinsipini qo­ru­yub saxlamağa kömək edir. [Göz­ləyər] sözünün bu bayatıda [gözdər] kimi iş­lən­məsi də yenə misrada yeddi hecalılıq prinsipinin gözlənilməsinə xidmət edir. Şəki dialekti nəinki bayatılarda hecaların sayına, hətta onun qafiyə quruluşuna da təsir gös­tə­rir:
Dağlara qar yağıtdı,

Külək vurdu, dağıtdı... (54, 18)


Şəki ləhcəsi ərazidən qeydə alınmış bütün folklor mətn­lə­rinə öz mö­hü­rünü vu­rub, onların şəkilinin dilindən deyil­məsini bir daha təsdiqləyir. Be­lə­liklə, Şəki ləhcəsi bu ərazidə dolaşan folklor örnəklərinin yerli-regional xü­su­siy­yətlərindən biridir.

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə