Filologiya məsələləri, № 7, 2017
321
geniş istifadə etmişdir. Aşığın ”Bağışla məni” bayatılı qoşmasından bir
nümunəyə diqqət yetirək:
Yerin, göyün, ərşin, kürsün nizamı,
Əvvəl, bu cahana bağışla məni!
Alimlər dilində, mömün əlində
Oxunan Qurana bağışla məni!
Biçarə İmanam, ey kərəm kanı,
Bilirəm, axırda dünyadı fani.
Rəhm eylə, bəndənin çoxdu üsyanı,
Cənnəti- Rizvana bağışla məni! [10, 23-25].
Özünəməxsus zənginliyi ilə seçilən Azərbaycan aşıq ədəbiyyatı
qədim bir tarixə malikdir. Xalqımız Qurbani, Aşıq Abbas Tufarqanlı, Xəstə
Qasım, Sarı Aşıq, Ağ Aşıq (Allahverdi), Aşıq Valeh və Şəmkirli Aşıq
Hüseyn kimi neçə-neçə saz- söz sənətkarları yetirmişdir. Bunların hər biri öz
gəlişilə istər Azərbaycan aşıq sənətinə, istərsə də aşıq poeziyasına yeni bir
təravət gətirmişdir. Belə qüdrətli şair-aşıqlardan biri də Aşıq Ələsgərdir.
Zəngin yaradıcılığı ilə Göyçə aşıq mühitində yeni bir məktəb yaratmış,
dünyaca məşhur olan qüdrətli el sənətkarı Dədə Ələsgərin bənzərsiz sənət
incilərindən “Telli” rədifli qoşmasına diqqət yetirək:
Ələsgərəm, şad olmadım dünyada,
Səni gördüm, dərdim oldu ziyada.
Üzün bəri döndər, ay mələkzada,
Səni and verirəm peymana, Telli! [1, 77].
Bu poetik nümunədə işlənmiş “Səni and verirəm peymana, Telli!”
ifadəsi anddır. Aşıq nə vaxtsa, keçirdiyi saz- söz məclisiərinin birində bu
məşhur qoşmasını Telli adlı bir gözələ bədahətən söyləmişdir. Lakin böyük
sənətkarın nakam sevgi taleyindən bir az küskün, bir az da gileyli ürək
titrədən nidalarını xatırlatmırmı? Maraqlıdır ki, sevgilisinin həsrətini çəkən
aşiq sevgilisi onunla görüşsün deyə, aralarında bağlanmış əhdi- peymana
and verir. Beləliklə, Aşıq Ələsgər əhdi- peymanı andın ən yüksək məqamı
hesab etmişdir.
Göyçə aşıq mühitində şöhrət tapmış və bu sənətdə müstəsna xidmətlərilə
seçilən Aşıq Nəcəf Ələsgər ocağının istedadlı nümayəndələrindən sayılır. O,
ustad aşıq kimi öz fitri istedad və bacarığına söykənərək, bir çox aşıq şeiri
şəkillərində uğurlu əsərlər (qoşma, qoşayarpaq qoşma, təcnis, gəraylı, divani və
müxəmməslər yaratmağa müvəffəq olmuşdur.) Aşıq Nəcəf eyni zamanda
Filologiya məsələləri, № 7, 2017
322
aşıq ədəbiyyatının ən yaxşı bilicilərindən sayılırdı.Ustad aşığın yaradıcı-
lığında Azərbaycan ağız ədəbiyyatının arxaik janrlarından sayılan andlardan
geniş şəkildə istifadə olunmuşdur. Poetik nümunədə oxuyuruq:
Ay qaraqaş, əyil, öpüm üzündən,
And verirəm, qardaşının canına.
Anlayıram sənin kəc baxışından,
Susayıbsan sən aşığın qanına. [4,19].
Bəllidir ki, əski çağ insanının birgəyaşayışı (qəbilə, tayfa) və eyni
zamanda ailə münasibətləri zəminində formalaşan, nisbətən dar çevrəli,
qohumluq, doğmalıq və şəxsi münasibəti ifadə edən andlar da çoxluq təşkil
edir. Təhlilə cəlb etdiyimiz poetik nümunədəki and məhz bu qəbildəndir.
Qoşmanın ikinci misrasında ifadə edilən ”And verirəm, qardaşının
canına”ifadəsi anddır. Bu andiçmə iki sevgilinin nə vaxtsa öz aralarında baş
vermiş incikliyin aradan qalxmasına xidmət edir.
XIX əsr Göyçə aşıq mühitinin yetirmiş olduğu ustad aşıqlar
içərisində Aşıq Musanın adı və sənəti indinin özündə də dərin hörmətlə
xatırlanır. Aşıq Musa 1830- cu ildə Göyçə mahalının Ağkilsə kəndində
dünyaya gəlmişdir. Musanın uşaqlığı Aşıq Ələsgərlə birgə keçmiş,
dostluqları ömürlərinin sonunadək davam etmişdir. O, belə zəngin və yüksək
səviyyəli aşıq mühitində yetişdiyindən çox tez parlamış və qısa müddətdə
Göyçənin sayılıb- seçilən saz- söz ustadlarından birinə çevrilmişdir. Musanın
sənətkar şöhrəti qısa zamanda Türküyə, İran, Dağıstan və başqa ərazilərə
yayımışdır. Qeyd edək ki, ustad aşığın “Aşıq Musa və Mələknisə” adlı
dastanı və eyni zamanda aşıq şeirinin əksər şəkillərində bir- birindən gözəl
gəraylı, qoşma, təcnis, divani və müxəmməs kimi mükəmməl sənət inciləri
yaratmağa nail olan sənətkar daha çox müxəmməs ustası kimi məşhur
olmuşdur. İstedadlı sənətkar zəngin şeir yaradıcılığında yeri gəldikcə,
Azərbaycan xalq ədəbiyyatının arxaik janrlarından sayılan andlardan da
geniş şəkildə istifadə etmişdir. Aşığın “Aparma” rədifli qoşmasına diqqət
edək;
Tellərində şana, əlində həna,
Toyumu yas edib, döndərmə qana.
And verirəm ərşə, kürşə, asmana,
Əldən alıb şux nigarım aparma.
Araz, axma, Araz, yarım aparma! [3,450].
Sevgilisi Mələknisəynən Göyçəyə gedərkən Araz çayını keçməli
olurlar. Bu zaman Mələknisənin atı yıxılır, onu çayın gur suları qoynuna alır.
Baş vermiş təbii hadisədən təsirlənən Aşıq Musa canından əziz bildiyi
Filologiya məsələləri, № 7, 2017
323
sevgilisi Mələknisənin Arazın daşqın sularından xilas olunması üçün gah
Araza yalvarır, gah da daşqın sakitləşsin deyə, onu yerə, göyə, asimana and
verərək,-deyir: “And verirəm ərşə, gürşə, asmana, əldən alıb ixtiyarım
aparma!”
XIX əsr Göyçə aşıqları və el şairləri içərisində öz fitri istedadı ilə
fərqlənən sənətkarlardan biri də Məmmədhüseyndir. O, Göyçə mahalının
Daşkənd kəndində anadan olmuşdur. Məmmədhüseynin saz çalması dəqiq
məlum olmasa da, o xalq arasında aşıq yox, şair kimi tanınmışdır. (Qeyd
İslam Ələsgərindir) “El şairi kimi fəaliyyət göstərən Məmmədhüseynin
yaradıcılığı o qədər güclü təsir imkanlarına malik olmuşdur ki, özü şəxsən
aşıqlıq etməsə də, onun sözlərini bütün Göyçə aşıqları öz repertuarlarının
tərkib hissəsi kimi aktiv şəkildə istifadə etmişlər. Bu mənada onun
yaradıcılığı XIX əsr Göyçə ədəbi mühiti üçün ciddi bir qaynaq rolunu
oynamışdır.”[6, 173]. Ustad sənətkarın əldə edilən şeirləri içərisində qoşma,
gəraylı, təcnis, divani, cığalı təcnis və s. sübut edir ki, o, aşıq şeirinin
müxtəlif şəkillərində çox gözəl sənət inciləri yaratmışdır. Qüdrətli el şairinin
istər mövzu, istərsə də məzmun və forma baxımından diqqət çəkən poeziya
nümunələrində yeri gəldikcə, arxaik janrlarımızdan da istifadə etdiyinin
şahidi oluruq. Şeirlərindən göründüyü kimi, olduqca təbli, coşqun və dərin
zəkalı bir sənətkar olmuşdur. Söylədiklərimizə misal olaraq, ustadın “Gozəl”
rədifli qoşmasında oxuyuruq:
Hüsnünə müştaqam doymaram səndən,
O püstə dəhandan, o şirin dildən.
Tutmuşam yaxanı, qoymaram əldən.
Dərdimə dərmanı alınca, gözəl.
And olsun Tanrıya- o paki nura,
Üzünü görməsəm, getmərəm gora.
Fəqir Məmmədsöyün düşübdü tora.
Mələr ahu kimi dalınca, gözəl [9, 218]
Şeirin məzmunundan göründüyü kimi, məşuqunu dərin bir
məhəbbətlə sevən aşiq hətta, onun bənzərsiz gözəlliyinə müştaq olmuş yəni
sevgilisini hər zaman arzulayan, ona doğru can atan vəfalı bir aşiq kimi
poetik nümunədə təsvir olunmuşdur. İstəklisi onun saf məhəbbətinə inansın
deyə, o Tanrının “pak nuruna” and içərək, “Üzünü görməsəm, getmərəm
gora” söyləyərkən aşiqin qəlbində sevdiyi gözələ qarşı böyük bir inam hissi
və yəqinlik duyğusu yaşamaqdadır. Məhz o inam hissidir ki, sevən vəfalı bir
insanı həsrətinə qovuşmadan onu ölümə təslim etmir. Deməli, bu qoşmada
işlənmiş and sevgilisini dünyalar qədər sevən bir gənc aşiqin öz məşuquna
qəlbində bəslədiyi həqiqi məhəbbətini öz andı ilə təsdiqləyir.
Dostları ilə paylaş: |