VI fəsil. İcarə müqaviləsi
müddəti göstərilməyibsə, o zaman müqavilə qeyri-müəyyən müddətə
bağlanmış hesab olunur. Bu halda AR Mülki Məcəlləsinin 704-cü
maddəsinin tələblərinə əsasən, müqavilənin ləğvinə yalnız altı aylıq
xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir.
Tərəflərin icarə müqaviləsini qeyri-müəyyən müddətə bağlamaqdan
imtina etmək hüquqları vardır.
Qeyri-müəyyən müddətə bağlanmış icarə müqaviləsinin tərəfləri
müqaviləyə xitam vermək haqqında istəyini digər tərəfə bildirmirsə, o
zaman müqavilə "əbədi olaraq" davam edə bilər. Bəzi müəlliflər
hesab edirlər ki, müddətin müəyyən olunmaması mülkiyyət hüququ
üçün xarakterikdir, icarə müqaviləsi öhdəlik münasibətlərinə aid
olduğu üçün hər zaman müddətli xarakterlidir'. Bununla bərabər bir
çox əşya hüquqları müddətsiz xarakterlidir. Bir sıra tələb hüquqları
həmçinin müddətlə məhdudlaşdırılmamışdır. Odur ki, "əbədilik"
yalnız mülkiyyət hüquqlarının əlaməti deyildir, o, subyektiv
hüquqlara xitam verilməsi əsaslarının müəyyən olunmasına
qanunvericinin hüquqi-texniki yanaşmasını nümayiş etdirirv
Odur ki, qeyri-müəyyən müddətə bağlanmış kirayə müqaviləsi
ifadəsi əvəzinə müddət göstərilmədən bağlanmış kirayə müqaviləsi
ifadəsinin işlədilməsi daha doğru olardı.
Qanunla icarə müqaviləsi üçün yuxarı müddətlər müəyyən oluna
bilər. Bu, əsasən, icarə predmetinin xüsusiyyətləri ilə əlaqədar olur.
Bu tip müqavilələrdə, əgər müddət göstərilmirsə və tərəflərdən heç
biri qanunla müəyyən olunan vaxta qədər müqaviləyə xitam
verməzsə, o zaman qanunla müəyyən olunan müddət bitdikdə
müqaviləyə xitam veriləcəkdir. Müddəti qanunla müəyyən olunan
icarə münasibətlərinə misal olaraq, AR Meşə
' Гражданское право России. Часть вторая. Обязательственное право; Курс
лекций / Под. ред. О.Н.Садикона. М., 1997, с.224.
^ Гражданское право: Учебник / Под. ред. А.П.Сергеева, Ю.К.Толстого. Том
2. М.: Проспект, 2003, с. 179.
157
Rüfət Göyüşov
Məcəlləsinin 22-ci maddəsində müəyyən olunmuş qaydam
göstərmək olar. Həmin qaydalara əsasən, meşə bitkiləri ilə örtülü
olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə
təyinatı üzrə meşə istifadəçisinə (icarəçi) icarə müqavilə əsasında
müvafiq icra hakimiyyəti orqanı (icarəyə verən) tərəfindən bir ildən
on ilədək verilə bilər.
İcarə müqaviləsinin qiyməti icarə müqaviləsinin müddəti kimi
müqavilənin mühüm şərtləri sırasına aid deyildir'. İcarə
müqaviləsinin qiyməti icarə dövründə tərəflərin razılığı ilə mövsüm
şərtlərindən, icarə predmetinin istifadəyə yararlığından və digər
səbəblərin təsiri altında dəyişdirilə bilər.
İcarə müqaviləsinin məzmunu. İcarə müqaviləsi əmlak kirayəsi
müqaviləsi olduğu üçün kirayə müqaviləsinin məzmununda əksini
tapan kirayəyə verənin və kirayəçinin hüquq və vəzifələri icarə
müqaviləsi üçün eyni şəkildə tətbiq olunur. Odur ki, bu hissədə AR
Mülki Məcəlləsinin 34-cü fəslinin 1-ci paraqrafmda bilavasitə icarə
münasibətlərini tənzimləyən normalarda nəzərdə tutulan icarəçinin
hüquq və vəzifələri sadalanacaqdır. İcarəyə verənin və icarəçinin
icarə müqaviləsinin ayrı-ayrı növləri ilə əlaqədar hüquq və vəzifələri
müvafiq paraqraflarda izah olunacaqdır.
İcarəyə verənin hüquq və vəzifələrinə aşağıdakıları əlavə etmək
olar:
-
icarəlik əşya (icarə obyekti), o cümlədən torpaq sahəsi və ya
müəssisə öz ləvazimatı ilə birlikdə icarəyə verilir (bax. AR MM,
mad.701.1);
-
əgər müqavilənin iştirakçıları qiymətləndirmə dəyəri üzrə
ləvazimatın verilməsi şərtini qoymurlarsa, icarəyə verən bütün
ləvazimatı olduğu şəkildə saxlamalıdır;
' Гражданское право: Учебник / Под. ред. Л.П.Сергеева, К).К.Толстого. Том
2. М.: Проспект, 2003, с. 178.
158
VI fəsil. İcarə müqaviləsi
-
icarəyə verən icarəçinin cavabdeh olmadığı hər hansı hallar
nəticəsində sıradan çıxan ləvazimat obyektlərini əvəz etməyə
borcludur. Lakin icarəçi ləvazimata aid əşyaların və heyvanların adi
sıradan çıxmasının yerini doldurmağa təsərrüfatın lazımınca
aparılmasına uyğun gələn dərəcədə borcludur;
-
əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra
icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin
saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik
icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə
biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini
tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da
istisna edilmir (bax. AR MM, mad.705).
Hüquqları:
-
icarə predmeti icarəyə verənə qaytarılarkən icarəyə verən
icarəçinin əldə etdiyi və təsərrüfatın lazımınca aparılması qaydalarına
görə icarəyə götürülmüş obyekt üçün lüzumsuz və ya həddindən artıq
qiymətli olan ləvazimat obyektlərini qəbul etməkdən imtina edə bilər;
imtina edilmiş obyektlərə mülkiyyət hüququ imtina anında icarəçiyə
keçir (bax. AR MM, mad. 701.2.4);
İcarəçinin hüquq və vəzifələrinə aşağıdakıları əlavə etmək olar.
İcarəçinin burada göstərilən hüquq və vəzifələri icarəçinin icarəyə
xitam verildikdən sonra bu ləvazimatı onun qiymətləndirmə dəyəri
üzrə qaytarmaq öhdəliyini götürməsi ilə əlaqədardır. Bu halda
aşağıdakı qaydalar tətbiq olunur.
-
ləvazimatın təsadüfən məhv olması və təsadüfən pisləşməsi
riski icarəçinin üzərinə düşür (bax. AR MM, mad.701.2.1);
-
icarəçi ləvazimat obyektlərinə dair təsərrüfatın lazımınca
aparılması çərçivəsində sərəncam verə bilər (bax. AR MM,
mad.701.2.2);
-
icarəçi ləvazimatı təsərrüfatın lazımınca aparılmasına uyğun
gələn vəziyyətdə saxlamalı və uyğun gələn həcmdə daim əvəz
etməlidir. Onun əldə etdiyi obyektlər ləvazimata birləşdirildikdən
sonra icarəyə verənin mülkiyyəti olur (bax. AR MM, mad.701.2.3);
159
Dostları ilə paylaş: |