9
dili haqqında qiymətli fikirlər söyləmişdir. Onun Füzulinin dili haqqında
mülahizələri Füzuli lirikasının görkəmli tədqiqatçısı M. Quluzadənin də diqqətini
cəlb etmişdir: "Prof. B. Çobanzadə M. Füzulinin bədii dil, forma sahəsində
Azərbaycan şe'rinə gətirdiyi yeniliklərdən danışaraq onun XVI əsrə qədər yazılı
ədəbiyyatda olmayan xalq sözləri işlətdiyini, ifadəsinin həm sadə, açıq, həm də
qüvvətli və təsirli olduğunu, Azərbaycan bədii dilinin inkişafındakı mühüm rolunu
da yüksək qiymətləndirmişdir" (2, 108).
B. Çobanzadəyə görə, Füzulinin dilində ərəb və fars sözlərinin nisbəti nə
qədər çox olsa da ( "yüzdə doqsanı varmaqla bərabər" ) , onun dili yenə də sadədir.
O, Füzuli dilinin sadəliyini şərtləndirən bir neçə səbəb göstərir ki, bunlardan
bəzilərinə diqqət yetirmək vacibdir. B. Çobanzadə qeyd edir ki, Füzuli ərəb, fars
sözlərinin qulağımıza ən çox alışıq, hafizəmizə tanış, zövqümüzə yaxın olanlarını
işlətmişdir. Müəllifə görə, Füzuli bu cəhətdən digər klassik şairlərdən fərqlənir:
"Ərəbi, farsi sözlərini digər klassik şairlər, hətta Tövfiq Fikrət və Hamid kimi
qamuslar və lüğətlərdən toplamayıb, çox vəqt o vəqtdəki münəvvər təbəqənin
ağzından almışdır ki, bu surətdə ondakı ərəbcə və farsca tə'birlərin yarısından
ziyadəsi bu gün bilxassə cənub türk xalqlarının ağzında işlənməkdə və lüğətlərində
qullanılmaqdadır" (3, 372).
B. Çobanzadə Füzulinin özünə qədər ədəbiyyata gətirilməmiş xalq
sözlərini işlətməsini onun bədii dilinin sadəliyini şərtləndirən mühüm bir faktor
kimi nəzərə çarpdırır: "Qullandığı türkcə sözlər, az olmaqla bərabər, digər şairlərdə
olduğu kimi yalnız fellər olmayıb bunlar arasında bir çox da Füzuliyə qədər
ədəbiyyata çıxmamış xalq sözləri də vardır" (3, 372).
Məqaləsinə ingilis şərqşünası E.Gibbdən gətirdiyi "Füzuli Şərqin
yetişdirdiyi ən səmimi, ən həssas şairdir" epiqrafı ilə başlayan B. Çobanzadə
bütünlükdə Füzuli sənətinə yüksək dəyər verərək onun yerini bütün Yaxın Şərqin
yetişdirdiyi "ölməz böyüklər" sırasında görür və öz fikirlərini "İstiqbal Füzuli kimi
səmimi şairlərindir" cümləsi ilə yekunlaşdırır.
B. Çobanzadənin "Mirzə Fətəli Axundovda azəri ləhcəsi" ( 1928) adlı
məqaləsində böyük sənətkarın dram və nəsr əsərlərinin bəzi dil xüsusiyyətləri
araşdırılır. M. F. Axundzadənin dilini XIX əsrin ortalarında türk xalqları
ədəbiyyatında yeni bir dil kimi səciyyələndirən müəllif belə hesab edir ki, onun
dili Azərbaycan ədəbi dilinin xalqa yaxınlaşmasına çox böyük təsir göstərmişdir.
O, Mirzə Fətəlinin dilini bəzi digər türk xalqlarının ədəbi dilləri ilə müqayisə
edərək yazır: "Türkiyədə bu kibi dil ilə heç bir mühərrir və yaxud şair olmamışdır -
desək yanılmayız. Şünasi-Kamal, hətta Məhəmməd Əmin dilləri xalqa doğru
getməklə bərabər, hənuz xalqın qulağına yetişməmişdir. Mirzə Fətəlinin dili isə
əsas etibarilə xalq ağzından alınmış və azəri ədəbi dilinin xalqa yaxınlaşmasına çox
böyük təsir bağışlamışdır" (4,306).
B.Çobanzadə məqalənin əvvəlində Mirzə Fətəli Axundzadə dilinin tədqiqi
məsələsinə də toxunmuşdur. Onun yazdığına görə, ilk dəfə Karl Foy
"Azərbaycan dili tədqiqi" ( "Azerbayganische Studien" ) adı ilə 1903- 1904- cü
10
illərdə Berlində nəşr etdirdiyi əsərinin ikinci hissəsində "Aldanmış kəvakib"in
dilini müəyyən dərəcədə araşdırmışdır (4, 306-307).
B. Çobanzadəyə görə, "mühərririn, ədib və yaxud şairin dilinə iki
nöqtədən baxmaq, yanaşmaq mümkündür: həyəcani və ifadəvi (емоциональное
выразительн.) və lisani, ləhcəvi (диалектологигекси- лингвист.)" (4,307).
Bu məqalədə müəllifin əsas məqsədi M. F. Axundzadə dilini yalnız dil
xüsusiyyətləri baxımından araşdırmaq, Mirzə Fətəlinin əsərlərindən Azərbaycan
dilinin bəzi mühüm və canlı xüsusiyyətlərini öyrənməyin mümkün olduğunu, bu
əsərlərin dilçilər üçün də qiymətli bir mənbə olduğunu göstərməkdir.
B. Çobanzadə Mirzə Fətəli Axundzadənin 1859-cu ildə Tiflisdə ərəb
əlifbası ilə çap edilmiş "Təmsilat"ına əsaslanaraq onun əsərlərinin bəzi dil
xüsusiyyətlərini tədqiq edir. O, Mirzə Fətəlinin əsərlərində assimilyasiya
hadisəsinin xalq dilində olduğu kimi əks olunduğunu qeyd edir: durallar(durarlar),
sallam( salaram), allatmak(aldatmaq) və s.
B. Çobanzadə söz əvvəlində qapalı saitlərdən əvvəl y səsinin düşməsi ha-
disəsinə tarixi baxımdan yanaşır, əvvəlcə bu xüsusiyyətin XI əsrdə M.Kaşğari
tərəfindən oğuz-qıpçaq ləhcəsində qeydə alınmasını xatirladır, sonra isə Mirzə
Fətəlinin əsərlərində işlənmiş üz, ilxı, ürək, uca, ulduz sözlərini digər türk dillə-
rindəki formalarla müqayisədə izah edir. Mirzə Fətəlinin dilində bəzi arxaizmlərin
də işlənməsi müəllifin diqqətindən yayınmır (dışqaru, cadu- pitik və s.).
M. F. Axundzadənin dili üçün səciyyəvi olan bir cəhət - bəzi ərəb
sözlərinin xalq tələffüzündə olduğu kimi işlənməsi də B. Çobanzadənin diqqətini
cəlb etmiş, belə sözlərin iştirak etdiyi cümlələri misal kimi göstərmişdir. Müəllifin
göstərdiyi cümlələrdə muğayat, əleyksalam, meçit kimi ərəb sözləri var. B.
Çobanzadə Mirzə Fətəlinin əsərlərində bəzi sözlərin xalq tələffüz formasında
işlənməsini türk- Azərbaycan sözlərində də müşahidə etmişdi. Onun fikrinə görə,
M. F. Axundzadə könül sözünü kööl şəklində yazmışdır: Şölə xanım bir kööldən
min köölə ona aşiq və giriftar olub (4,311).
Nəhayət, müəllif Mirzə Fətəlinin dilində həm xalq dilindən götürülmüş
qüvvətli ifadələrin, həm də xalq dilindən uzaq, ağır, fars dilinin sintaksisinə uyğun
cümlələrin işləndiyini qeyd edir.
B. Çobanzadə bədii dildən danışarkən onun sadə və anlaşıqlı olmasını
mühüm bir məziyyət kimi ön plana çəkir. Məhz bu cəhətinə görə, o, Simurqun
hekayələrinin dilini təqdir edir: "Bir çox mühərrirlərin arayıb da bulamadıqları
Azərbaycan ədəbi dilini Simurq öz hekayələri üçün tapa bilmişdir. Bu dil kəndli ilə
şəhərlinin, ziyalı ilə savadsızın başa düşəcəyi bir dildir" ("Simurqun hekayələri" )
(4,278).
B. Çobanzadənin Azərbaycan ədəbi dilinin ayrı- ayrı dövrləri və XX əsrin
20-30-cu illərində fəaliyyət göstərmiş bəzi yazıçıların dili haqqında fikirləri
"Yazıçılarımızın dili haqqında" (1933) məqaləsində öz əksini tapmışdır (5).
Məqalədə diqqəti cəlb edən bir cəhət alimin Azərbaycanda yeni nəsr dilinin
yaranması məsələsinə toxunmasıdır.
Dostları ilə paylaş: |