11
B. Çobanzadəyə görə, Azərbaycan ədəbiyyatında yeni nəsr XIX əsrin
əvvəllərində A. Bakıxanovun əsərlərində təzahür edir. O yazır ki, Azərbaycan
ədəbiyyatında birinci dəfə olaraq Bakıxanov köhnə dilin "qarışıq və mətləbləri
uzun" olduğunu və yeni dil yaratmaq lüzumunu anlamışdır. Müəllif yeni nəsrin
nümunəsi kimi A. Bakıxanovun uşaqlar üçün yazdığı " Kitabi- nəsihət" əsərindən
aşağıdakı parçanı misal göstərir:
" Hər kəsə ki, yetişdin salam ver, əgər sənə söz
desə, ona ədəb və hörmətlə cavab ver, ta hamı səni dost və əziz dutsun. Çün
bir adəmi möhtac gördün, hər nə qədər mümkün olsa, ona kömək eləməkdən
müzayiqə eləmə, tainki özgələr də ehtiyac vaqtında sənə kömək eləsinlər" (5,
28-29). Yeri
gəlmişkən qeyd edək ki, A. Bakıxanovun "Nəsayeh" əsəri Azərbaycan
filologiyasında uzun müddət Azərbaycan dilində yazılmış bir əsər kimi qəbul
edilmişdir. Bu fikrin ədəbiyyatşünaslıqda yayılmasında, görünür ki, Firidun bəy
Köçərlinin A.Bakıxanovun “Kitabi-nəsihət” əsərinin (yəni “Nəsayeh” əsərinin)
Azərbaycan dilində yazılması barədəki məlumatı əsas olmuşdur (6,293). Yalnız
çox sonralar M.Aslanovun “Nəsihətlər” haqqında həqiqət” adlı məqaləsində
(“Azərbaycan” jurnalı, 1971, № 2) sübuta yetirilmişdir ki, A.Bakıxanov “Nəsayeh”
əsərini farsca yazmış, 1907-ci ildə isə həmin əsər qubalı Seyid Rza Mirhüseyn
tərəfindən azərbaycancaya tərcümə edilmişdir (6,564). B.Çobanzadənin yeni dil,
yeni nəsr nümunəsi kimi təqdim etdiyi mətn parçası da məhz həmin tərcümədəndir.
Ancaq burası maraqlıdır ki, B.Çobanzadə A.Bakıxanovun “Kitabi-nəsihət”
əsərindən sadə Azərbaycan dilində yazılmış bir əsər kimi bəhs etsə də, misal
gətirdiyi nümunədə fars dilinə məxsus sintaktik ünsürlər görür: “Bu nəsri
Bakıxanov fars nəsrinə təqlid edərək meydana gətirir. Onun işlətdigi
nəhvi ünsürlər
ya doğrudan-doğruya farscadır və ya farscadan tərcümədir: “
hər kəsə ki”,
“ta
hamı”, “çün bir adəm”, “ta inki...” (5,29).
Azərbaycan nəsrinin tarixi inkişafı haqqında məlumat verən B.Çobanzadə
belə hesab edir ki, Mirzə Fətəli Axundzadənin ədəbi nəsr məsələsindəki ən böyük
yeniliyi canlı dili ədəbiyyata gətirməkdən ibarət olmuşdur. Müəllif çox haqlı olaraq
belə bir fikir irəli sürür ki, M.F.Axundzadə dram əsərlərində öz canlı tiplərini canlı
danışıq dilləri ilə səhnəyə gətirməklə yeni nəsr üçün zəngin və həyati material
verir.
B.Çobanzadə yeni nəsrdən danışarkən qəzet dili məsələsinə də toxunur,
lakin onun milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin
dilinə verdiyi qiymət obyektivlikdən uzaqdır: “Həsən bəy Zərdabi Melikov,
Azərbaycanda birinci qəzet mühərriri olaraq, yeni qəzet dili axtardı, lakin tapa
bilmədi” (5,29).
Əslində isə “Əkinçi”nin dili elə H.Zərdabinin istədiyi dil idi, millətə lazım
olan, mətbuat dilinin tələblərinə cavab verən, hamı tərəfindən anlaşılan, aydın və
təmiz bir dil idi. H.Zərdabinin həyat yoldaşı Hənifə xanım Abayeva “ Həsən bəy
Məlikov Zərdabinin bioqrafiyası”nda böyük maarifpərvərin dil məsələsindəki
mövqeyini dəqiq şəkildə göstərmişdir: “Həsən bəy ömrünün axırına qədər saf
türkcə tərəfdarı olmuşdur. Türk dilinə ərəb və fars kəlmələrinin qatılmasının