Nağı bəy Şeyxzamanlı: Biz Qafqaz türkləri iki qüvvəyə inanırıq-yuxarıda bir
olan Böyük Allaha və aşağıda rəşadətli Ənvər Paşaya.”
Adolf Hitler: Birinci Dünya müharibəsində məğlubiyyətin günahı Kayzer
Almaniyasının generallarının üzərindədir. Əfsus ki, Almaniyanın o illərdə
Ənvər paşa kimi generalları yox idi.
Təvəllüdü, ailəsi, ilk hərbi təhsili
İsmail Ənvər Paşa 22 noyabr 1881-ci ildə İstanbulun Divanyolu
məhəlləsində doğulub (bəzi mənbələrdə 6 dekabr 1882-ci il göstərilsə də, bu
təsdiqini tapmamışdır). Babası Manastırlı Hacı Əhməd Paşa, anası Ayşə
xanımdır. Ailənin 6 uşağından ən böyüyüdür. Abadlaşdırma - Bayındırlık
Bakanlığında məmurluqdan sivil paşalıq rütbəsinə yüksələn Hacı Əhməd
Paşanın vəzifəsinin tələbi ilə Ənvərin uşaqlığı müxtəlif şəhərlərdə keçir.
Zehni inkişaf səviyyəsi irəli olduğuna görə ibtidai təhsilinə 3 yaşında
başlamışdır. İstanbulda oxuduqdan sonra 1894-cü ildə “Manastır Əsgəri
Rüştiyəsi”ni, 1897-ci ildə İstanbuldakı “Soğukçeşmə Əsgəri İdadisi”ni
tamamladı. Hərb məktəbini 1899-cu ildə piyada teğmeni-leytenant olaraq
bitirdikdən sonra, 1902-ci ildə kurmay yüzbaşı olaraq Hərbi Akademiyadan
zabit rütbəsi alaraq məzun oldu və Selanikdəki Üçüncü Orduya təyinat aldı.
Manastır və Üsküpdə müxtəlif əsgəri vəzifələrdə çalışdıqdan sonra 1904-cü
ildə onbaşı-kolağası, 1905-ci ildə yüzbaşı- kurmay, 1906-cı ildə minbaşı oldu.
1907-ci ilin oktyabrında Manastır civarında quldurluqla mübarizə (eşkiya
takibi) vəzifəsinə irəli çəkildi. Bir illik fəaliyyəti zamanında Bulqar çetelərinə
qarşı verdiyi mücadilələr onda milliyətçilik fikrinin oyanışında mühüm rol
oynadı. Mərkəzi Parisdə yerləşən Gənc Türklər Hərəkatının Selanikdəki bir
qolu olan Osmanlı Hürriyət Cəmiyyətinə (sonraki adı “ İttihat və Tərəqqi
Cəmiyyəti”) qatıldı. Ona Cəmiyyətin Manastır şöbəsini qurmaq səlahiyyəti
verildi.
Hürriyət Qəhrəmanı
“İttihat və Tərəqqi”nin başlatdığı ihtilal hərəkətləri içində yer alan
Ənvər Bəy Selanik Mərkəz Komandanı Kurmay Albay Nazım Bəyin
öldürülməsindən sorumlu tutuldu və hərbi məhkəməyə verildi. Ancaq
İstanbula getmək yerinə özünə bağlı birliklərlə Makedoniyada dağa çıxaraq
Rəsnəli Niyazi Bəyə qatıldı; Ohrili Əyub Səbri Bəy də onun yolu ilə getdi. Bu
hərəkət padşah II. Məşrutiyətin elan edilməsində önəmli rol oynadı. Dağa
çıxan subaylar arasında ən nüfuzlusu və önəmli fəaliyyətləri olduğu üçün
Ənvər Bəy bir anda “ hürriyət qəhrəmanı” olaraq qəbul edildi, İttihat və
Tərəqqi Cəmiyyətinin əsgəri qanadının ən önəmli isimlərindən birisi oldu.
Məşrutiyətin elanından sonra Ənvər Bəy Makedoniya Baş Müfəttişi və
Berlin əsgəri ataşe vəzifələrində çalışdı.
Berlin Əsgəri Ataşeliyi
5 mart 1909-cu ildə Berlin Əsgəri Ataşe olaraq Ənvər Bəy Alman
kültürü ilə tanış oldu və alman təsiri bütün mənalarda ömrünün sonunadək
davam etdi. Bu təyinat Osmanlının Almaniya ilə birlikdə, ittifaqda 1-ci Dünya
Savaşına girməsində də həlledici amillərdən biri oldu. İstanbulda 31 mart
olayı başlayan kimi yurda döndü. Üsyanı yatırmaq üçün Selanikdən İstanbula
getdi və Mahmut Şevket Paşanın komandanlığında orduya qatıldı. Üsyan
yatırıldıqdan sonra II.Əbdülhəmid taxtdan endirildi, yerinə Mehmet Reşat
keçdi. Qurulan İbrahim Hakkı Paşa kabinəsində Harbiyə Naziri vəzifəsi
gözlənildiyi kimi Ənvər Bəyə deyil, Mahmut Şevket Paşaya verildi.
Ənvər Bəy üsyan yatırıldıqdan sonra təkrar Berlinə getdi. 1911-ci
ildə İstanbula döndü və Sultan Mehmet Reşatın yeğeni-qardaşı qızı Naciyə
Sultan ilə nişanlandı. Arnavutlukda çıxan üsyan üzərinə getdiyi İşkodrada
üsyanın yatırılmasında əsas məsuliyyətli şəxs oldu. Daha sonra Berlinə
keçdiysə də İtalyanların Trablusgarpa hücumları başlananda vətənə döndü.
Trablusgarp Savaşı
Trablusgarp (Trablis-qərb, Tripoli, Liviya) Savaşı kimi tarixdə
məşhur olan döyüşlər 26 sentyabr 1911-18 oktyabr 1912-ci il arasında
Osmanlı İmperatorluğu ilə İtaliya Krallığı arasında gedib. Adı "Trablusgarp
Savaşı" olmasına rəğmən çarpışmalar Trablusgarpdan kənar Adriatik dənizi,
Ege adaları, Çanakkala Boğazı və Ağ dəniz bölgələrində də sürmüşdür. Bu
savaşı İtaliya diğər böyük dövlətlərin və Balkan cəbhəsində Osmanlıya qarşı
açılan savaşın sayəsində qazandı, Uşi müqaviləsi ilə başa çatdı, ancaq
İtaliyaya olduqca baha başa gəldi-italyanlar 10 minə yaxın əsgər itirdi.
Türklərlə ərəblərin itgisi 14 min civarında idi.
Savaşın səbəbi isə 1881-ci ildə Fransanın Tunisi işğalı, ardından da
İngiltərənin 1882-ci ildə Misiri ələ keçirməsindən sonra İtaliyanın da Quzey
Afrikada qalan son Osmanlı torpağı olan Trablusgarpa qarşı hücumlara
başlamasıydı. İtalyanlara qarşı ən böyük zərbələri Ənvər Paşa, Mustafa
Kamal Paşa, Neşet Paşa, Fuat (Bulca), Nuri (Conker) və Fethi (Okyar) kimi
Osmanlı zabitlərinin gizli yollarla Trablusgarpa gəlib ( Mustafa Kamal Paşa
buraya "qəzet müxbiri Şərif Bəy" adıyla Misir üzərindən keçmişdi) buradakı
qüvvələri yenidən təşkilatlandırıb İtalyanlara rahatlıq verməyən partizan
hərəkatlarına başladılar. Ənvər o günlərdə bir ərəb qəzetinə verdiyi
müsahibədə deyirdi: "Buraya gəldiyimdə 900 çöl savaşçısı tapmışdım. İndi
əlimin altında 16 min təlimli əsgər var". Ənvər bəyin ordusu qəfil həmlələrlə
italyanlardan 2 pulemyot, 250 tüfəng, 2 top, saysız mərmi və digər sursat ələ
keçirmişdi. Ənvərin başına pul qoyulmuşdu. 1912-ci ilin dekabrında
italyanların 150 minlik əsgərinə qarşı Binqazidə 15 min, Trablusda da 10 min
Osmanlı əsgəri savaşmaqdaydı. Osmanlı qoşunları bütün sərhədləri boyu
savaşdaydı, bir yandan da Yəməndə üsyanlar qalxmağa başladı. İtalyan pilot
Giulio Gavotti 1 noyabr 1911-ci ildə dünya tarixində ilk dəfə hərbi
təyyarələrdən Osmanlı əsgərlərinin üzərinə bomba tökməklə hava hücumlarını
gerçəkləşdirdi, 22 savaş uçağı qarşılığında Osmanlının bir dənə də uçağı yox
idi. Üstəgəl 40 uzaqvuran top, döyüş gəmiləri də Osmanlı əsgərlərinə qarşı
döyüşürdü, dəniz, boğazları, Oniki Ada, Rodos adalarına qədər Avropa
gəmiləri tutmuşdu. Minbaşı Ənvər Paşa komandanlığındakı Osmanlı
qüvvətləri döyüşərək, ağır itkilər verib İstanbuldan gələn təlimatla geri
çəkilmək zorunda qaldılar. 8 oktyabrda Qaradağın Osmanlı Dövlətinə savaş
elan etməsi ilə Balkan Savaşları başladı, Osmanlı Dövləti İtaliyanın şərtlərinə
razı olmaq məcburiyyətində qaldı, Trablusgarp və Bingazidəki əsgərlər
çıxarıldı, buralar İtaliyaya verildi, ancaq andlaşmada Osmanlı
İmperatorluğunun Trablusqarpdakı müsəlmanların haqlarını qoruması, Oniki
Adanı Osmanlıya qaytarması da yer aldı. Həmin adalar 1947-ci ildə Paris
Andlaşması ilə Yunanıstana verildi.
Liviyada italyanlara qarşı bir partizan-gerilla döyüşü aparılması
fikrini İttihat və Tərəqqi Cəmiyyəti üzvlərinə də, hərbi komandanlığa da
Ənvər bəy qəbul etdirə bilmişdi, bu hərəkatın da önündə tamam işğal edilmiş
Osmanlının dağıntıları üzərində 5 il sonra Türkiyə Cümhuriyyətini quran
zabit –gələcəyin Atatürkü Mustafa Kamalla yanaşı osmanlının son Hərbi
naziri Ənvər özü gedirdi. İtalyan qüvvələrinə qarşı verdiyi başarılı mücadilə
nədəniylə bir illik Afrika mübarizəsinin sonunda 1912-ci ildə podpolkovnik
rütbəsinə - yarbaylığa yüksəldi. Ənvərin çalışmaları “Liviyaya Ənvər Xızır
kimi hər kəsdən öncə yetişdi, ən böyük işi o gördü. Yoxdan bir ordu təşkil
edərək böyük və şanlı türk millətinin namus və şərəfini bütün cahana tanıtdı.
Milyonlarca ərəbin qəlbində Paşalıq ünvanını aldı”- ərəb tarixçiləri belə
yazırdılar. İstiqlal şairi İttihatçı Mehmet Akif də o günlərdə Misirdə Osmanlı
əsgərləri ilə bir sırada döyüşürdü. Nə yazıqlar ki, biz Qarabağ uğrunda savaşı
belə ümummilli mücadiləyə çevirə bilmədik, nəinki millətin düşünən başları,
görən gözləri olmalı yazarlarımız, şairlərimiz, heç rütbəli ordu
komandanlarımız da bir dəfə də olsun hər hansı bir döyüşdə irəlidə
görünmədi. Ən başlıcası da düşmənin ən çox qorxduğu və bizdən gözlədiyi
partizan müharibəsi apara bilmədik.
Dostları ilə paylaş: |