Haqqin iZİ İLƏ Müəllif: Əli Əsğər Rizvani


"ÜMMƏTİN PARÇALANMASI" HƏDİSİ İKİ FİRQƏYƏ GÖRƏ



Yüklə 462,01 Kb.
səhifə42/47
tarix15.07.2018
ölçüsü462,01 Kb.
#55974
1   ...   39   40   41   42   43   44   45   46   47

"ÜMMƏTİN PARÇALANMASI" HƏDİSİ İKİ FİRQƏYƏ GÖRƏ


Bəzi şiə və əhli-sünnə alimləri "Ümmətin parçalanması" hədisinin mütəvatir olduğunu bildirmişlər:

1. Muqbili - "əl-Elm əş-şamix".1

O, deyir: "Ümmətin yetmiş üç firqəyə parçalanması ilə bağlı hədislər çoxdur. Belə ki, onların bəzisi digərlərini gücləndirir. Nəticədə onun mənasının həyata keçəcəyinə şübhə qalmır".

2. Məhəmməd ibn Əqil - "Təqviyə əl-iman".2 O, yazır: "Ümmətin yetmiş üç firqəyə bölünməsi hədisi müxtəlif yollarla nəql olunmuşdur. Əksər hədis alimləri onu nəql etmişlər. Bəzi rəvayətlər digərlərinin doğruluğuna inam yaradır".

3. Süyuti - "əl-Came əs-səğir".3

4. Kəttani - "Nəzm əl-mütənasir min əl-hədis əl-mütəvatir".4

5. Seyid Nemətullah Cəzairi - "əl-Ənvar ən-nömaniyyə".5
Həqİqİ, yoxsa məcazİ məna

Bu hədislərin hansı mənanı daşıdığı haqqında bir neçə ehtimal irəli sürülmüşdür:

1. 71, 72 və 73 rəqəmləri həqiqi mənada işlənmişdir. Həqiqətən, İslam peyğəmbərinin (s) ümməti bu qədər firqəyə bölünmüşdür. Buna görə də bəzi müəlliflər bu firqələri saymağa, hər birinin etiqadlarını, adlarını müəyyənləşdirməyə çalışmışlar.

2. Məqsəd həqiqi rəqəmlərdir. Amma hələ tamamlanmamışdır. Həzrət Mehdinin (əc.) zühurunadək vaxt var və bu rəqəm tamamlanacaq.

3. Bu rəqəmlər məcazi mənada işlənmişdir və mübaliğə üçündür. Çünki ərəblər yetmiş rəqəmini mübaliğə üçün işlədirlər. Quranda Peyğəmbərə (s) müraciətlə buyurulur: (Ya Peyğəmbərim!) Onlar (o münafiqlər) üçün istər bağışlanma dilə, istər diləmə; onlar üçün yetmiş dəfə bağışlanma diləsən də, yenə Allah onları bağışlamayacaq. Bu onların Allahı və Onun Peyğəmbərini inkar etmələrinə görədir. Allah fasiq tayfanı doğru yola yönəltməz!” (“Tövbə”, 80) Bəllidir ki, burada məqsəd bağışlanma diləməyin şişirdilməsi, mübaiğəsidir. Hədisdə ona əlavə olunan "üç" rəqəmi isə parçalanmanın daha çox olacağını göstərmək üçündür və göstərmək istəyir ki, İslam ümmətində parçalanma öncəki iki ümmətə nisbətdə daha çox olacaq.

"ÜMMƏTİN PARÇALANMASI" HƏDİSLƏRİNİN ÜMUMİ TƏDQİQİ


Sözügedən hədislərin məcmusundan bir neçə məsələ aydınlaşır:

1. Bu hədisin müxtəlif ibarələrlə, müxtəlif vasitələrlə nəql olunmasından məlum olur ki, çox məşhur hədisdir. Buna görə də bu hədisin əksər mötəbər əhli-sünnə hədis toplularında yer almasının şahidi oluruq. Hətta bəzi hədisçilər onun üçün ayrıca fəsil ayırmışlar.

2. Hədisin zəif və uydurma vasitələrinə müraciət etdikdə görürük ki, bəzi yalançıların xəyanətindən amanda qala bilməmişlər. Buna görə də öz istəklərinə uyğun olaraq əlavələr etmiş, öz məqsədlərinə çatmağa çalışmışlar. Bu, sözügedən hədislərin ümumi xalq yanında məşhur olduğundan irəli gəlir.

Əlavələr olunan hədislərdən biri İbn Əbu Asimin "əs-Sünnə" kitabında nəql etdiyi hədisdir. Həmin hədisin sonunda deyilir: "Onların ən azğını, ən xəbisi şiəliyi qəbul edən, yaxud şiə məzhəbidir".1 Bir halda ki, "əs-Sünnə" kitabını tədqiq edən Nasir əd-Din Albani yazır: "Onun sənədi zəifdir. Onun rəvayətçiləri Leys ibn Əbu Səlimdən başqa hamısı etibarlıdır. Çünki o, zəifdir və hədislərdə dəyişiklik aparandır. Hədis şiəlik haqqında deyiləni çıxmaq şərti ilə səhihdir".

Həmçinin ibn Bətta "əl-İbanə" kitabında bu hədisi nəql etmişdir. Hədisin sonunda deyilir: "Onların ən azğını və şərlisi özünü bizə (Əhli-beytə) aid edənlərdir. Bu firqənin nişanəsi Əbu Bəkr və Ömərə nalayiq sözlər deməkdir".2 Bir halda ki, bu sənəd silsiləsində Səvadə ibn Sələmə yer almışdır və "rical" kitablarında ondan əsər-əlamət yoxdur. Buna görə də onun sənədi olduqca zəifdir.
İradlara cavab

"Ümmətin parçalanması" hədisi ilə bağlı müxtəlif iradlar irəli sürülmüşdür. Aşağıda onlardan bir neçəsini diqqətinizə çatdırırıq:

1. İbn Həzm bu hədis haqqında deyir: "Bu hədis sənəd baxımından əsla səhih nəzərə çarpmır".1

Cavab: Öncə də qeyd olunanlardan bəlli olur ki, ümmətin parçalanması ilə bağlı hədislərin bəzisi kifayət qədər etibarlı sənədə malikdir. Bir çox əhli-sünnə alimləri onun doğru olduğunu etiraf etmiş, müxtəlif sənədlərin bir-birini təsdiq etdiyini bildirmişlər.

2. Bu hədis mətn baxımından qarışıqdır. Müxtəlif ibarələrlə nəql olunmuşdur. Onun mətnləri bəzən az, bəzənsə çoxdur. Buna görə də etibardan düşmüşdür.



Cavab: Hədisin mətni yalnız mənanın nəql olunduğu üçün fərqlidir. Lakin bir məsələdə bu rəvayətlərin hamısı yekdildir və o, İslam ümmətinin müxtəlif firqələrə bölünəcəyidir.

3. Şövkani yazır: "Hədisin sonunda qeyd olunan "bir firqədən başqa qalan digər firqələr cəhənnəmdədir" ibarəsini bir çox hədisşünaslar zəif hesab etmişlər. İbn Həzm demişdir ki, bu əlavə uydurmadır".2



Cavab: İnsafla desək, bu ibarə bir çox səhih sənədli rəvayətlərdə öz əksini tapmışdır. Buna görə də onu uydurma adlandırmaq olmaz.

4. Bəziləri deyirlər: "Bu hədisə görə ümmətin böyük əksəriyyəti cəhənnəmə getməlidir və müsəlmanlar arasında ixtilaf və təfriqə qiyamətədək davam etməlidir”.



Cavab: Hədisin sənədi düzgün olduqdan sonra onun ifadə etdiyi məna da qəbul olunur. Oxşar taleyi keçmiş ümmətlər də yaşamışlar. Misal üçün, biz bunu Nuhun qövmündə müşahidə edirik.

5. Əbd ər-Rəhman Bədəvi deyir: "İkinci, hətta üçüncü əsrə aid kitablarda bu hədisdən əsər-əlamət yoxdur. Əgər bu hədis səhih olsaydı, keçmiş alimlərin də kitabında olardı”.1



Cavab: Bu irad onun qələmindən irəli gələn yanlışdır. Çünki bu hədisi Əbu Davud (vəfatı: h.q. 276), Əhməd ibn Hənbəl (vəfatı: h.q. 241), Tirmizi (vəfatı: 275) və İbn Macə (vəfatı: 276) nəql etmişlər. Bunların hamısı üçüncü əsrə aiddirlər.

6. Bu hədislər "rəhm edilmiş ümmət" hədisləri ilə ziddiyyət təşkil edir. Əhməd ibn Hənbəl özünəməxsus sənədlə Peyğəmbərdən (s) nəql edir: "Həqiqətən, mənim ümmətim mərhəmət göstərilmiş ümmətdir. Axirətdə ona əzab verilməyəcək. Onların yeganə əzabı dünyada müharibə və döyüşdür".2



Cavab: Birincisi, sözügedən hədis (ümmətin firqələrə bölünməsi ilə bağlı hədis) hər iki firqənin bir çox alimləri tərəfindən mütəvatir olaraq dəyərləndirilmişdir. Lakin "rəhm edilmiş ümmət" hədisi isə vahid xəbərdir. Ziddiyyət olduqda vahid xəbər mütəvatir xəbəri üstələyə bilməz.

İkincisi, "rəhm edilmiş ümmət" hədisi kimlərinsə bərzəxdə cəzalandırılmayacağına dəlalət etmir.

Üçüncüsü, məgər dünya əzabı azdırmı?

Dördüncüsü, axirətdə əzab verilməsindən məqsəd budur ki, nəhayət, bu ümmətin hamısı behiştə gedəcək. Hərçənd ki, bir çoxları cəhənnəmdə cəzalarını çəkdikdən sonra behiştə gedəcəklər.

Beşincisi, "rəhm edilmiş ümmət" hədisinə geniş mənada əməl etmək istəmək qəti əqli və nəqli dəlillərlə üst-üstə düşmür. Çünki ümməti günaha rəğbətləndirir. Quran ayələri ilə də üst-üstə düşmür. Çünki Allah, əmrlərinə boyun əyilmədiyi təqdirdə ümməti hədələyir, cəzalandıracağını bildirir. Bundan başqa, "Hovuz" hədisində aydın şəkildə bildirilir ki, bir çox Peyğəmbər (s) səhbələri cəhənnəmə aparılacaqlar. Hətta Peyğəmbərin (s) vasitəçiliyinin belə faydası olmayacaq.1

Altıncısı, "rəhm edilmiş ümmət" hədisində Peyğəmbər (s) buyurur: "Mənim ümmətim rəhm olunmuş ümmətdir". Lakin ümmətim firqələrə bölünəcəyini göstərən hədislər isə yetmiş iki firqənin cəhənnəmə gedəcəyini, bir firqəninsə xilas olacağını bildirir. Buradan bəlli olur ki, Peyğəmbərin (s) əsl ümməti həmin nicat tapacaq firqədir. Çünki həqəqətən ümmətdən o şəxs hesab olunur ki, ona müti olsun. Burada yalnız müsəlman adının üstündə olması həlledici amil deyil.

7. Bəzi hədislərin sətri mənasından anlaşılır ki, ümmət arasında ixtilaf əzaba yox, mərhəmətə səbəb olacaqdır. İbn Abbasdan Peyğəmbərin (s) belə buyurduğu nəql olunmuşdur: "... Və səhabələrimin ixtilafı sizin üçün rəhmətdir".2

Cavab: Birincisi, bu rəvayətin sənədi mötəbər deyil. Hətta İbn Həzmin nəql etdiyinə görə, bu kəlam hədis deyil.3

Albani deyir: "Ümmətimin ixtilafı rəhmətdir" hədisi əsassızdır. Hədisçilər onun üçün sənəd tapmağa çox çalışsalar da müvəffəq ola bilməmişlər...”. Sübki demişdir: “Hədisçilərə görə bu hədis məşhur deyil. Mən onun üçün səhih, zəif və ya uydurma sənəd tapmadım ...".1

İkincisi, bu hədisin doğruluğunu göstərən sənəd olsa belə, onu ümmətin firqələrə bölünməsini göstərən hədislərə uyğun şəkildə izah etmək olar.

Məhəmməd ibn Şərbili "Muğni əl-mühtac" əsərində yazır: "Hədisdə deyilir ki, "ümmətimin ixtilafı rəhmətdir". Həlimi bunu məqsəd ixtilafları, peşə fərqləri kimi izah etmişdir".2

Həmçinin hədisdə "ixtilaf" ifadəsində məqsədin get-gəl, ümmətin görüşmək, bir-birindən faydalanmaq üçün get-gəli olması mümkündür. Bəzi Əhli-beyt (ə) rəvayətlərində də bu mənaya işarə vurulmuşdur.

Şeyx Səduq özünəməxsus sənədlə Əbd əl-Mömin Ənsaridən İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: "Bir qövm Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Ümmətimin ixtilafı rəhmətdir". Onlar doğru deyirlər". Soruşdum: "Əgər ixtilafları rəhmətdirsə, bir yerə yığılmaqları (yekdillikləri) əzabdırmı?” Həzrət (ə) buyurdu: "Məsələ sənin və başqalarının başa düşdüyü kimi deyil. Məsələ Allahın da kəlamında buyurulduğundan ibarətdir. Allah buyurur: Barı, hər tayfadan bir dəstə (elm öyrənmək, sonra da onu dindaşlarına öyrətmək üçün) səfər çıxsın ki, qayıtdığı zaman onları (Allahın əzabı ilə) qorxutsun. Bəlkə, onlar (əldə etdikləri biliklər sayəsində yaramaz işlərdən, nalayiq hərəkətlərdən) çəkinsinlər!” (“Tövbə”, 122) Demək, Allah onlara Peyğəmbərin (s) yanına göçməyi, get-gəl edərək ondan (s) elm öyrənməyi, sonra öz qövmünün yanına qayıdıb onları məlumatlandırmağı əmr edir. Məqsəd dində ixtilaf, haçalanma yox, ölkə və şəhərlərdən get-gəl etməkdir. Çünki şübhəsiz, Allahın dini birdir".1

8. Bəzi rəvayətlərdə Peyğəmbərin (s) bütün ümmətini behişt əhli adlandırdığı göstərilir.

Heysəmi Abdullah ibn Əmrdən Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Elə bir ümmət yoxdur ki, onun bəzi fərdləri cəhənnəmdə, bəzisi isə behiştdə olmasın. Mənim ümmətimin isə bütün fərdləri behiştdə olacaqlar".2



Cavab: Birincisi, İbn Həcər Heysəminin etirafına görə bu hədisin sənəd silsiləsində Əhməd ibn Məhəmməd ibn Həccac ibn Düşdeynin yer aldığına görə zəifdir.3 Zəhəbi "Mizan əl-etidal" əsərində onu məşhur yalançı adlandırmışdır.4

İkincisi, "rəhm olunmuş ümmət" hədisi haqqında qeyd etdiyimiz iradlar bu hədisə də aiddir.




Yüklə 462,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə