Artıq əvvəl
də qeyd etdiyimiz kimi, daimi nümayəndəliklərin
başçıları yerləşmə dövlətinə akkreditə olunmadıqları üçün onlara
aqreman da tələb olunmur. (onlar eyniylə BMT-nin Baş katibi yanına
və ya beynəlxalq təşkilatın digər ali vəzifəli şəxsləri yanına da
akkreditə olunmurlar). Daimi nümayəndəliklərin başçıları bu sahədə
münasibətlərin üçtərəfli xarakterinə əsasən xüsusi hüquqi statusa
malikdirlər ki, buna görə də onlar yalnız beynəlxalq təşkilatların
özlərinin yanında akkreditə oluna bilərlər. Lakin bu halda belə
“akkreditə olunmaq” termini şərtidir. Belə ki, daimi nümayəndənin
təyin olunmasının bütün prosesi təşkilat tərəfindən nəzarəti nəzərdə
tutmur.
Beynəlxalq Hüquq Komissiyası onun XXI sessiyasının işi
haqqında hesabatında bu məsələyə xüsusi diqqət yetirmişdir.
“Beynəlxalq təşkilat yanında dövlətin nümayəndəsi, həmin ölkəyə
akkreditə olunmuş diplomatdan
fərqli olaraq, öz dövlətinin yerləşmə
dövlətindəki nümayəndəsi deyildir. Beynəlxalq təşkilat yanında
dövlətin nümayəndəsi dövləti təşkilat yanında təmsil edir” .
Beynəlxalq təşkilatın baş katibi və ya digər vəzifəli şəxsləri də,
həmçinin göndərən dövlətin öz daimi nümayəndələrini və onun
personalını sərbəst müəyyən etmək hüququnu məhdudlaşdıra bilməz.
L.Qross bununla əlaqədar yazır ki, “daimi nümayəndələr öz
səlahiyyətlərini baş katibə təqdim etsələr də, onun yanına akkreditə
olunmurlar, belə ki, bu, üzv-dövlətlərin təyin etdikləri nümayəndələri
qəbul etməmək və ya onlar üzərində nəzarət həyata keçirmək hüququ
demək olardı. Baş katibin heç bir belə hüququ suveren dövlətlər
tərəfindən tanınmır”.
Daimi nümayəndəliklərin başçılarının təyin olunması
məsələsindən sonra, onun
səlahiyyətləri məsələsinə baxaq. 1975-ci il
Konvensiyası təsdiq edir ki, daimi nümayəndənin təyinini təsdiq edən
səlahiyyətləri dövlət başçısı və ya hökumət başçısı və yaxud xarici
işlər Naziri, və yaxud da əgər bu Təşkilatda
qəbul olunmuş praktika
ilə icazə verilirsə hər hansı bir digər səlahiyyətli nazir tərəfindən
verilir. Daha sonra bu səlahiyyətlər haqda müəyyən olunmuş qaydada
Təşkilatın səlahiyyətli orqanına xəbər verilir. (Məs, BMT-də daimi
nümayəndələr öz səlahiyyətlərini Baş katibə təqdim edirlər).
Ümumiyyətlə, hansı orqanın səlahiyyətlər verməsi məsələsi
hər bir dövlətin daxili qanunvericiliyi ilə müəyyən olunur. Azərbay-
can Respublikasının konstitusiyasının 109-cu maddəsinin 15-ci
bəndinə əsasən prezident Azərbaycan Respublikasının beynəlxalq
təşkilatlarda diplomatik nümayəndələrini təyin edir və geri çağırır.
Hesab olunur ki, əgər dövlət verdiyi səlahiyyətlərdə başqa cür
müəyyən etməyibsə, o zaman onun daimi nümayəndəsi həmin dövləti
bəzi xüsusi tələb qoyulan orqanlardan başqa (Təhlükəsizlik Şurası və
s.) BMT-nin bütün başqa orqanlarında
təmsil etmək hüququna malik
olur.
Daimi nümayəndənin səlahiyyətləri ona heç bir vəkalət
olmadan ex officio, onu göndərən dövlətlə yanında fəaliyyət
göstərdiyi təşkilat arasında müqavilənin hazırlanmasında və
qəbulunda iştirak etmək hüququ verir. Belə qəbuletmənin
formalarından biri, məsələn, müqavilənin mətnini təsdiq edən BMT-
nin hər hansı bir orqanının qətnaməsinə səs verməsi ola bilər. Lakin
bu müqavilənin son imzalanması üçün və hətta onun ad referendum
imzalanması üçün daimi nümayəndəyə xüsusi vəkalət tələb olunur.
Müqavilənin imzalanması üçün səlahiyyətlərin BMT katibinin hüquq
bürosuna müqaviləni imzalamadan 24 saat öncə təqdim olunması
tövsiyə olunur.
BMT-nin ixtisaslaşdırılmış qurumları və AEBA yanında daimi
nümayəndəliklərin səlahiyyətlərinin təqdim olunması praktikası da,
bəzi xüsusiyyətlər nəzərə alınmaqla, analojidir. Məsələn, dövlət
başçısı, hökumət başçısı və ya xarici işlər naziri tərəfindən verilən
səlahiyyətlərlə yanaşı, bir sıra ixtisaslaşdırılmış qurumlarda
səlahiyyətlər həmin qurumun fəaliyyət
predmeti ilə əlaqəli olan
nazirliklərin rəhbərləri tərəfindən verilir. İKAO-da, məsələn, daimi
nümayəndəliklərin səlahiyyətləri aviasiya, nəqliyyat və ya yol
əlaqələri naziri tərəfindən imzalana bilər. BƏT-də daimi nü-
mayəndənin təyin olunması barəsində baş direktora məlumat vermək
kifayətdir, FAO-da uyğun dövlətin Romadakı diplomatik
nümayəndəliyinin başçısı tərəfindən xəbərdarlıq edilir.
Müqavilə və konvensiyanın imzalanması üçün YUNESKO və
BƏT-dən başqa bütün ixtisaslaşdırılmış qurumlar tərəfindən xüsusi
vəkalət tələb olunur.
Təyinolunma prosesini bitirən mərhələ - onun haqqında bildiriş
verməkdir. Göndərən dövlət öz daimi nümayəndəliyinin
əməkdaşlarının baş tutmuş təyinatı haqqında, onların vəzifələri, rütbə
və birinciliyi haqda və onların gəlişi haqda Təşkilatı xəbərdar
etməlidir. Bundan sonra Təşkilat həmin məlumatı yerləşmə dövlətinə
192
193
ötürür ki, sonuncusu onları immunitet və üstünlüklərdən
istifadə edən
şəxslərin siyahısına daxil etsin.
İndi də daimi nümayəndəliklərin əməkdaşlarına tapşırılan
missiyaların bitməsi və ya onların yerinə yetirdikləri funksiyaların
kəsilməsi hallarını nəzərdən keçirək. 1975-ci il Vyana Konvensiyası
ümumi şərt kimi iki halı nəzərdə tutur. Burada deyilir ki, daimi
nümayəndəliyin və ya onun diplomatik personalının üzvünün
funksiyaları xüsusilə:
1) göndərən dövlət tərəfindən bu haqda Təşkilata xəbərdarlıq
ediləndə; 2) əgər daimi nümayəndəliklər müvəqqəti və ya tamamilə
geri çağırılanda – kəsilmiş hesab olunur.
6.3. Beynəlxalq təşkilatın orqan və konfranslarında
dövlətlərin nümayəndə heyətləri
Beynəlxalq təşkilatlara münasibətdə dövlətlərin diplomatik
fəaliyyətinin həyata keçirilməsində daimi xarici əlaqə orqanları ilə
yanaşı beynəlxalq təşkilatın orqan və konfranslarındakı nümayəndə
heyətləri (deleqasiyalar) kimi müvəqqəti xarici əlaqə orqanları da
mühüm rol oynayır.
“Deleqasiya – beynəlxalq konfransın işi gedişatında
müəyyən
olunmuş vəzifələrin həyata keçirilməsi üçün yaradılan və
missiyalarının bitdiyi təqdirdə özü də bitən dövlətin xarici
əlaqələrinin müvəqqəti xarici orqanıdır”.
1
Daimi nümayəndəliklərdə olduğu kimi, beynəlxalq
konfranslarda deleqasiyaların da hüquqi vəziyyəti onunla müəyyən
olunur ki, deleqasiyalar belə konfranslarda öz dövlətlərini təmsil edir
və onun adından çıxış edirlər. Konfransın istər mühüm beynəlxalq
problemin həlli üçün, istərsə də nisbətən kiçik texniki məsələlərin
həlli üçün çağırılması deleqasiyaların hüquqi vəziyyətinə təsir göstərə
bilməz – hər iki halda onlar dövlətin nümayəndələri olaraq qalırlar ki,
bu da onların statusunu müəyyən edir.
Deleqasiyaların hüquqi vəziyyətini müəyyən edən spesifik
xüsusiyyət ondan ibarətdir ki, onlar konfrans keçirilən dövlətə
akkreditə olunmur və konfransın özü və onun iştirakçıları qarşısında
öz dövlətlərinin nümayəndəsi, təmsilçisi kimi çıxış edirlər. Bu
baxımdan onların mövqeyi beynəlxalq təşkilatlar yanında daimi
nümayəndəliklərin mövqeyi ilə üst-üstə düşür.
Deleqasiyaların daimi nümayəndəliklərdən
fərqli cəhəti də
vardır və bu da ondan ibarətdir ki, deleqasiyalar onları göndərən
dövlətin müvəqqəti orqanıdır. Bu baxımdan onlar xüsusi missiyalara
daha yaxındırlar. Xüsusi missiyalar məlum olduğu kimi dövlət
tərəfindən konkret vəzifələri həyata keçirmək üçün, müəyyən, adətən
nisbətən kiçik müddətə göndərilirlər.
Göründüyü kimi beynəlxalq təşkilatın orqanlarında və
beynəlxalq konfranslarda dövlətlərin deleqasiyaları və xüsusi
missiyalar eyni xüsusiyyətlərə malikdirlər. Bunlar aşağıdakılardır: 1)
xarici əlaqələrin bu cür orqanlarının nümayəndəlik xarakteri; 2)
onların müvəqqəti xarakteri; 3) onların həyata keçirdikləri vəzifələrin
konkret məqsədli xarakteri.
Məhz buna görə də bir sıra müəlliflər beynəlxalq
konfranslardakı deleqasiyaları xüsusi missiyalara aid edirlər.
Lakin zahirən oxşasalar da onlar diplomatiyanın ayrı –ayrı
formalarıdırlar. Deleqasiyaların, çoxtərəfli
forum olan konfranslarda
dövlətlərin nümayəndələri kimi spesifik vəziyyətini nəzərə almaq
lazımdır. Bundan başqa konfrans müəyyən dövlətdə keçirilir və bu
dövlətlə deleqasiya arasında müəyyən hüquq münasibətləri yaranır.
Lakin bu adi ikitərəfli münasibətlər deyildir. Bu münasibətlər ondan
yaranır ki, dövlət öz ərazisində konfransı qəbul edərkən, konfransa
münasibətdə öz üzərinə öhdəlik götürür.
Xüsusi missiya – ikitərəfli xarakter daşıyan missiyadır. Xüsusi
missiyalar haqqında 1969-cu il Konvensiyasının 8-ci maddəsində
qəbul edən dövlət tərəfindən xüsusi missiyanın üzvü kimi istənilən
şəxsin təyin olunmasına rədd cavabının verilməsi kimi ikitərəfli
diplomatiyaya xas olan tədbirlər nəzərdə tutulmuşdur. Eyni zamanda
həmin Konvensiyanın 12-ci maddəsinə əsasən xüsusi missiyanın
istənilən üzvü qəbul edən dövlət tərəfindən persona non grata elan
edilə bilər. Xüsusi missiyanın özü
isə başqa dövlətə qabaqcadan
ondan alınmış razılıq əsasında göndərilir.
Bütün yuxarıda göstərilən müddəalardan heç biri, nə beynəl-
xalq təşkilatlar yanında daimi nümayəndəliklərə, nə də
deleqasiyaların üzvlərinə şamil edilmir, çünki onlar yerləşmə
dövlətinə akkreditə olunmadıqlarına görə fərqli hüquqi statusa
malikdirlər. Öz nüfuzuna önəm verən heç bir beynəlxalq təşkilat
1
Кузнецов С.А. Представители государств в международных орга-
низациях М.: Международные отношения,1980, с. 51.
194
195