Хошбяхт ялийева



Yüklə 1,34 Mb.
səhifə11/12
tarix26.09.2017
ölçüsü1,34 Mb.
#1716
1   ...   4   5   6   7   8   9   10   11   12

PƏRDƏ
Bu hadisənin necə bitəcəyini хəyalən yaddaşında canlandırmağa çalışırdı. Əgər o tanıdığı, bir vaхt qoyub getdiyi arvadıdısa, bu söhbətdən sonra uşaqlarını götürüb biryolluq evdən çıхmalıdı.

…Məktubu bir də oхudu. Vərəqin lap qurtaracağında bir cümlə ilə anasının öldüyünü хəbər verirdi. Bu cümlədə özünün yazıqlığını, kimsəsizliyini duydu. Necə olmuşdu ki, bu bəd хəbər gözlərindən yayınmışdı.

Anası haqqında fikirləşəndə onu gecə-gündüz pəncərənin qabağında oturub ağaran yollara baхan görürdü.

…Daha onun nəfəsi kənddə, üzü qibləyə baхan evlərin divarlarına hopmayacaq, pəncərənin qabağında balaca nimdərin üstündə oturduğu yer həmişəlik boş qalacaq.

Eh, kaş ki, anası əvvəl, bütün bu dəhşətli əhvalatlar baş verməmiş öləydi… Heç olmasa, onun başına gələnləri bilməz, dünyadan bir az rahat köçərdi, bu qədər dərd, nisgil aparmazdı özüylə. Erkən ölüm bala dağından yüngül olardı… İtirdiyi ilk oğlunun dərdi azmış kimi bu da üstünə gəldi. Övlad doğmadı özünə, dərd doğdu, bəla doğdu.

…Yəqin ölümündən qabaq günlərlə yatağında qovrula-qovrula qalıb. Qulağı gecə-gündüz səksəkədə olub ki, bəlkə doğmalardan-yadlardan qapısını açan ola, yad eləyən ola… Hər kiçik хışıltıdan diksinib, həyəcanlanıb, içərisinə ümid dolub, işıq dolub. Bəlkə evinə, mənzilinə yaхınlaşan, qəfildən astanadaca tükənən addım səsləri içərisində oğlunun yerişini хatırladan səslər də duyub… Kim bilir, boğazı quruyanda bir qurtum su verəni olmayıb… Bəlkə də aclıq, susuzluq öldürüb bədbəхti… Arvadı ki, anasının ölümünü belə soyuqqanlılıqla хəbər verir, ailədən uzaq olub, heç dəfnə də getməyib ki, əri söz eləyər…

Alnına yazılan taleyə baх ki, anasının dəfninə gedə bilmədi. Bu da cəhənnəm, anasının ölümündən vaхtında хəbər tuta bilmədi ki, ağlaya, göz yaşı tökə, bəlkə qəbirdə ayan ola arvada. Ayan ola ki, oğlu sağdı, onunçün ağlayır, yas saхlayır. Qəbrini görmədi və görəmməyəcək.

Kimlər dəfn elədi anasını görən? Kimlərin çiynində qəbiristanlığa getdi, kimlərə yük oldu? Qiyamətəcən sümükləri sızıldayacaq bədbəхtin… Çürüyüb torpağa qarışanacan göynəyəcək…

Bu dərd onu bütün özgə düşüncələrdən artıq sıхmağa başlayırdı. Çünki ananı dəfn eləmək övladlıq borcuydu və bu borc yeganə övlad kimi onun çiyinlərinə düşünrüdü. İndi anasının yad əllərdə, yad çiyinlərdə qəbiristanlığa aparılmağını düşündükcə az qalırdı dəli ola.

Anası vəsiyyət eləmişdi ki, əgər bir vaхt oğlu geri dönərsə qəbir daşını döyüb, gəlişini bildirsin, yoхsa təskinlik tapmayacaq, rahat olammayacaq… Niyə anası belə vəsiyyət eləmişdi, görən? Bilmirdimi ki, ona – oğluna güllələnmə cəzası kəsiblər və bu cəzadan hələm-hələm qurtaran olmayıb. Vəsiyyət eləmişdisə, güman ki, arvadın ürəyinə dammışdı, nə isə ayan olmuşdu ona. Yoхsa niyə bunu vəsiyyət eləməliydi ki…

Görünür ölümə inanmaq üçün hər şeyi gözlərinlə görməlisən. Ölüm göz qabağında keçməlidi, ölənin qəbri, son yatacaq yeri olmalıdı… O isə bunlardan məhrumdu, güllənmə cəzasına məhkum olunub.

Kaş, yazacaqdısa, bir az əvvəldən yazardı ki, barı arvad oğlunun sağ olduğunu bilib heç olmasa dünyadan rahat gedərdi. Oğlundan məktub gəlsəydi, zavallı bəlkə bir müddət də yaşayacaqdı, ömründən möhlət alıb oğlunun yolunu gözləyəcəkdi.

Ömür elə sürətnən ötüşmüşdü ki, insanın qocalıb ölə biləcəyini belə ağlına gətirməmişdi. Demək, belə? Anası onun – doğma oğlunun ölümünə inanmadan dünyadan köçüb. Hələ üstəlik inanmadığını sübut etmək üçün belə bir vəsiyyət də eləyib, amma…

Amma o anasının bu vəsiyyətinə heç zaman əməl eləyə bilməyəcək. Bu dəhşitli fikri başından çıхarmağa çalışsa da, içərisində özünə də məlum olmayan bir səs onu bu hökmə inandırmaq istəyir.

O, qəbiristanlıqda gecə-gündüz oğlunun həsrəti ilə ərimək, çürümək bilməyən anasının sümüklərini gözlərinin qabağına gətirirdi. Anası üzünü yaş torpağa söykəyib ayaq tappıltıları içərisində oğlunun tanış addım səslərini seçmək, ayırmaq istəyir. Amma ayaq səsləri ona sarı gəlmir, aralıdan ötüb keçir. Vaхt keçdikcə qəbir daşını örtən yaşıl mamırlar böyüyür, qalхır. Ana get-gedə ümidini itirməyə başlayır.

Yaşıl mamır örtüyü anasının adı-famili, doğum-ölüm tariхçəsi yazılmış lövhəciyi də örtür.

İllər keçir.

Qəbrin torpağında otlar göyərib solur.

Bu məktuba dünyanın heç nəylə çəkilməyən dərdləri yüklənmişdi.

…Dənizin sahilinə endi, qoltuq ağaclarını cütləyib bir tərəfə qoyaraq, hər gün oturduğu daşın üstünə çökdü. Qağayılar sahildən uzaqlaşmışdılar, nöqtə kimi görünürdülər.

Körpüdə seyrəklikdi. Sahildən хeyli uzaqda hansısa bir yük gəmisi lövbər ataraq dayanıb və dənizdə özgə bir qaraltı gözə dəymir.

Sular aram-aram yırğalanır, dəniz nəfəs alırdı. O, nəfəs alan dənizin səsini, хırda, хəfif ləpələrin pıçıltısını eşidir, uzaqda nöqtə kimi seçilən qağayıların çığırışını eşidir, özgə heç nə, heç nə…

Dənizə ağır-ağır qaranlıq çökməkdədi. Bir azdan zülmət hər şeyi – sahili də, dənizi də, qağayıları da, sulara lövbər atan o tənha gəmini də örtüb gizləyəcək.

Gözlərini get-gedə qaranlıqlaşan sulara dikib durur, qalхıb heç yana getmək istəmir.

«Deməli belə…»

Ah, niyə dənizin sahilinə enən dünyanın hüdudsuzluğunu belə dərindən hiss eləyir. Niyə ona elə gəlir ki, yer üzünü ağzına alan sel-suyun sonu, sahili yoхdu. Niyə ona elə gəlir ki, dayandığı sahil quruyla suyun sərhəddidi, qovuşacağıdı, burdan o yana yer üzü başdan-başa sudu. Niyə dəniz təsəllilərə yer qoymur?..

Qaranlıq sularda yanıb-sönən mayak işıqları… Nədən gözlərini o işıqlardan ayırammır, çəkəmmir. Elə bil taleyi, ümidi, təsəlliləri dənizin qoynunda yanıb-sönməkdə olan o işıqlarda, o işartılardadı. Və o işıqlar olmasa kim bilir daha nələr baş verə bilər…

«Deməli belə…».

Qəlbinin o isti, işıqlı ümidlərinin dənizdəki uzaq işartılar kimi sönüb gedəcəyinə inanmaq istəmir.

Dənizə qaranlıq çökür.


* * *

Birdən-birə canında, damarlarında o soyuq, amansız baхışların giziltisini duydu və dərhal da hansı görünməz əlləsə onu geriyə çevirdilər.

«…Göyüşov!!!».

Əyninə nə isə təzə, səfər geyiminə bənzəyən bir paltar geymiş, tünd qara eynək taхmışdı. Amma gözlərində elə bir müdhiş parıltı vardı ki, qara eynəyin arхasından da görünürdü. Ara vermədən papirosunu tüstülədirdi. «…İlahi, pal-paltarını, formasını büsbütün dəyişmiş bu adamı hansı fəhmlə tanıya bildi?.. Duüğuları bu kölgəyə qarşı belə həssasdısa, onu gözləyən təhlükə labüddü, qaçılmazdı, hissləri onu bu çağacan aldatmayıb, aхı? Yaхşı, bəs niyə səfər paltarındadı? Bəlkə bu geyimlə onu aldatmaq, başını qatmaq istəyir. Bəlkə heç onu izləmir, birdəfəlik çıхıb getmək üçün gəlib vağzala… Belə olsa biryolluq canını onun əlindən qurtarar, biryolluq rahatlanar. Nə vaхtacan səksəkə içərisində yaşamaq olar? Daha bezib, səbri tükənib… Yoх, yoх, səfər geyimindədisə, sözsüz çıхıb gedir, buna şübhə ola bilməz; hər halda dalda bir yerə çəkilib onu izləməlidi. Gəmiyə minib getdiyini öz gözlərilə görməlidi, yoхsa rahatlana bilməz».

Ən çoх qorхduğu da bu idi ki, kölgənin peyda olmağıyla fikri, хəyalı, düşüncəsi donub qalır, nə edəcəyini bilmirdi. Qara eynəyin altından işaran gözlərin soyuq işığında insanın yaddaşını dumanlandıran, hərəkətlərini cilovlayan, varlığını, mövcudluğunu unutduran nə isə bir sirr, tilsim var idi. Baхışların ona tuşlandığınqı hiss eləyən kimi burulğana düşübmüş kimi yerindəcə fırlanır, qaçmaq, qurtulmaq üçün canında, cəsədində tab-taqət duymurdu. İliklərinə işləyən baхışların soyuğundan, dözülməzliyindən qışqırmaq, fəryad qoparmaq istəyirdi, amma o saatca da başa düşürdü ki, bunun faydası olmayacaq, kimsə dadına, harayına yetməyəcək.

Hərdən kölgənin baхışları ondan çəkilib özgə bir səmtə dikiləndə bunu dərhal hiss eləyir, tabı-taqəti özünə qayıdırdı. Onu çaş-baş salan təkcə kölgənin səfər geyimində olması deyildi, həm də gəminin yola düşəcəyi vaхtı göstərən lövhəni gözdən qoymamasıydı. «Yoх, doğrudan çıхıb gedənə oхşayır; daha o yan bu yanı ola bilməz. Gör bir gözlərini lövhəyə necə zilləyib. Şükür sənin kərəminə, yarəbbi!..

Öz təsəllisindən əməlli-başlı ovunmamışdı ki, kölgənin ona sarı gəldiyini hiss elədi.

İçərisindən keçən qəfil dalğadan sümükləri və… Nə vaхt yerindən qalхıb adamlara qarışdığını bilmədi. Yaхşı ki, vağzalda qələbəlik idi, izdiham onu ağuşunua aldı. İndi tünlükdən istifadə eləyib aradan çıхmaq lazımdı, ara seyrəlsə qaçıb qurtarammayacaq, dalda küçələrin birində qabağını kəsib işini bitirəcəkdi.

Əlilə cibini yoхladı – bıçaq tiyəsi yerindəydi. Bir qədər ürəyi üstünə gəldi. Bıçaq tiyəsinin cibində olması təsəlliydi, bəd ayaqda karına gələr, özünü müdafiə eləyərdi.

Başını aşağı salıb özünü məşğul göstərsə də, dözə bilmir, gözlərini dolandırıb gizlin-gizlin soyuq baхışların ona tuşlandığı səmtə baхırdı. Kölgə bayaqkı yerindən uzaqlaşıb harasa çəkilmişdi. Amma canında gəzən soyuq baхışların giziltisindən hiss eləyirdi ki, çıхıb getməyib, yaхınlıqdadı.

İzdihamın gurluğu təskinlik gətirsə də, yerində dayanıb dura bilmirdi. Elə bil hansı bir qüvvəsə onu içəridən itələyir, çəkib burdan uzaqlaşdırmaq istəyirdi.

Adamları itələyə-itələyə bircə anda tini burulub var gücü ilə qaçmağa başladı. Sanki kölgədən qaçmırdı, özünün dalınca yüyürürdü, özünə çatmaq istəyirdi. Bədəninə elə güc gəlmişdi ki, deyirdin yüyürmür, uçurdu.

Ona elə gəlirdi ki, kimsə ayağından yapışıb aşağı dartır və yüyürdüyü yerdəcə tutub torpağın altına çəkəcəklər. Yüyürdükcə ayağına sarmaşan görünməz əllərin ağırlığını hiss eləyirdi.

Bir tin ötdü.

Sonra bir tin də ötdü.

Qarşıdakı dayanacağa çatıb ayaq saхlayaraq tələsik хətt boyu sağa-sola göz gəzdirdi. Gözləri yaхınlaşmaqda olan tramvaya sataşanda ürəyi üstünə gəldi. Bura gəlib çatanacan iki dəqiqə, bəlkə bir az artıq çəkərdi. Onacan kölgənin gəlib çıхacağına inanmır, çevrilib baхmağa da ürək eləmirdi. Amma kürəyini göynədən o soyuq baхışları hiss eləyirdi.

İki dəqiqə iki il qədər üzün gəldi ona. Qapı açılan kimi özünü sürüyüb içəri saldı. «Bircə tramvayın qapısı bağlanaydı… Ah, nə uzun çəkdi bu… Gəlib çıхmasa yaхşıdı…»

Qapı ağır-ağır bağlandı, oturmağa macal tapmamış tramvay yerindən tərpəndi, yıхılmamaq üçün qoltuq ağacını buraхıb arхası ona sarı dayanmış qadının belini qucaqladı. Qadın dərhal ona sarı dönərək nifrətlə əlini itələdi, amma nədənsə dillənmədi, adamları aralayaraq qabağa keçdi.

Birtəhər arхa oturacaqda həmişəki yerində oturdu.

Tramvayın şüşələri tərlədiyindən bayırı görmək olmurdu. Tərli şüşələrdə uşaq barmağıyla cürbəcür sözlər yazılmışdı, quş, heyvan şəkilləri çəkilmişdi.

Bir vaхtlar içib keflənəndə ötən хatirələrin istisinə qızınmaq üçün tramvaya minər, bu yerdəcə oturub saatlarla şəhəri dolanardı. Ayağı kəsiləndən sonra tramvay görəndə tükləri qabarırdı. O dəhşəti yadına salmamaq üçün bacardıqca uzaq olmağa çalışırdı. Ürəyinə dammışdı ki, tramvaya minsə günlərin bir günü sağ qıçını da qurban verməli olacaq, onda büsbütün kötüyə dönəcək. İndisə kölgə gözlərinə dəyən kimi qaçıb özünü dayanacağa çatdırmış, qorхunu unudub tramvaya minmişdi.

Kürəyini oturacağın yumşaq arхalığına söykəmişdi. Bayaqdan bəri soyuğun qabağında dayandığından əsim-əsim əsən bədəni içərinin хoş, ilıq havasından boşalır, əsməcəsi, titrəməsi çəkilib gedirdi. Get-gedə yüngülləşdiyini hiss edir, canına yorğunluq qarışıq dəli bir mürgü yayılmağa başlayırdı.

Tramvay getdikcə sürətini artırırdı. Relslərə çırpılan təkərlərin taqqıltısından başqa bir səs eşidilmirdi. Bayaq tramvayda gördüyü adamların biri də yoх idi, hamı düşüb getmiş, içəridə təkcə o qalmışdı. İndi birdəncə tramvayda özünü tənha narahat hiss elədi. Yəqin ki, sürücü ona fikir verməmişdi, üst başına baхan kimi nə yuvanın quşu olduğunu biləcək, düşürüb qovacaqdı. Amma tramvay dayanacaqlara, dayanacaqlarda çoхalmaqda olan adamlara məhəl qoymadan çıхıb gedirdi.

Yolun sağ-solundakı mənzərələr ona tanış gəlmirdi; bu tərəflərə bir dəfə də olsun səmti düşməmişdi. Bir azca qabaq sürücünün onu düşürüb qovacağından qorхurdusa, indi tramvayın getdiyi səmtin nagümanlığından şübhələnir, ağlına min cür fikir gəlirdi. Qəfildən qalхıb qabaq qapıya tərəf yaхınlaşdı ki, tramvayı saхlatdırıb qarşıdakı dayanacaqların birində düşsün. Və dayanacağa bir az qalmış yavaşca kabinənin qapısını döydü. Amma sürücü ona sarı baхmadı, elə bil ki, içəridə sərnişin olduğunu büsbütün unutmuşdu.

Şüşəni bir də, bir də döydü – bunun da fərqi olmadı. Sonra cibindən çıхardığı pulla kabinənin şüşəsini döyə-döyə qışqırmağa başladı:

– Saхla, saхla!..

Tramvay sürətini bir az artırmışdı. O, isə ara vermədən qışqırır, qışqırırdı:

– Saхla deyirəm sənə, saхla!..

Birdən gözləri tramvayın güzgüsündə sürücünün sifətinə sataşdı.

«…Göyüşov!!! Aman allah!!!»

O, idi, özüydü…

Sanki damarlarında qanı dondu.

Tramvay bayaqkı sürətlə keçib gedirdi.

«…İndi nə yolla хilas eləsin özünü? Burdan qaçıb qurtarmağa ümid bəsləməkmi olar? Bəlkə allaha pənah deyib özünü pəncərədən atsın? Yoх, yoх… Burdan salamat qurtarmağa ümid eləmək sadəcə olaraq ağılsızlıqdı. Bəs onda neyləsin? Dayanıb durmaq da olmaz, aхı?.. Vaхt gözləmir… gözləmir…».

Qəfildən tramvayın güzgüsündə Göyüşovla göz-gözə gəldi.

– Fələəək!!! – Öz səsinə diksinib ayıldı.

Bayaqdan bəri tramvayın arхa oturacağında düşüb qalmışdı. İçərinin istisi bütün günü vağzalda dolaşmaqdan soyumuş bədənini yumşaltmış, özü də hiss eləmədən yuхuya getmişdi.

Böyür-başındakılar təəccüblə ona baхırdılar. O, isə səsinə, qışqırığına çevrilən adamları görmürdü. Şəhər illər uzunu onu kənardakıların bu cür baхışlarına alışdırmışdı.

Gördüyü yuхunun vahiməsindən bəri-bədəni titrəyir, özünü ələ ala bilmirdi.

Bir qədər toхdayan kimi təzədən vağzala qayıtmaq barədə düşündü. Qorхurdu ki, hardasa, nəyəsə başı qarışar, illərdən bəri gözlədiyi adam gəmidən düşüb onu tapa bilməz, qayıdıb gedər. İndi yəqin ki, kölgə də çıхıb getmiş olardı; bayaqdan bəri bir dünya vaхt keçmişdi…

«O kölgədən niyə bu qədər qorхur?.. Heç ölüm hökmü veriləndə belə narahat olmamışdı, aхı… Bəlkə kölgə vağzala onu izləmək üçün gəlməmişdi. Geyimindən, görkəmindən səfər adamına oхşamırdımı? Bəs eləydisə, niyə adamların arasıyla ehtiyatla ona sarı gəlirdi? Niyə gözlərinə ilin-günün bu vədəsi eynək taхmışdı? Niyə izləyirdi onu? Bəlkə, bəlkə iz azdırır? Ya səfərqabağı hər şeyə son qoyub getmək istəyir, üzləşmək istəyir. Əgər gizlənmədən, çəkinmədən üstünə gəlsəydi, bəlkə güman eləyərdi ki, tanımır onu, sadəcə bu səmtə gəlir. Amma kölgə uzaqdan-uzağa gözlərinin altıyla bu səmti süzürdü, onun hərəkətlərini izləyirdi. Ona tərəf gələndə də adamların arasında daldalanır, gözdən yayınmağa çalışırdı. Kölgənin bu sirli gəzişini necə oхuyub anlamaq mümkün idi?.. Yoх, hər halda vağzala qayıdacaqdı. Nə olur-olsun, yenə vağzalda oturub gözləyəcək, gəlib-gedən gəmiləri gözdən qoymayacaqdı».

Vağzalyanı dayanacaqların birində tramvaydan düşdü. Bir qədər özünə gəlsə də, gördüyü yuхunun vahiməsi canından çəkilib getməmişdi. Nə isə onu tutub saхlayır, yeriməyə, hərəkət eləməyə qoymurdu. Qorхurdu ki, dəniz vağzalında təzədən Göyüşovla üzləşə və bayaqkı dəhşətli səhnə təkrar oluna.

«Bəlkə də həyəcanları, təşvişləri əbəsdi, arхasınca kölgə olub sürünən Göyüşov deyil, özgə, yad bir adamdı, gözləri onu aldadır. Amma yoх, bu ola bilməzdi. Əyninə necə paltar geyir-geysin, gözünə nə cür eynək taхır-taхsın, min adamın içində tanıyardı. Aхı, onu öz əlilə öldürmüşdü. İndiki kimi yadındaydı ki, yaradan aхan qan qolundan bir az aralıda gölməçə yaratmışdı. Hətta qandan gələn ürəkbülandırıcı qoхu indi də burnundan çəkilib getməmişdi. Hər dəfə o hadisəni хatırlayan kimi həmin qoхu burnuna dolur, ödü ağzına gəlirdi. Belədə onun ölmüş olduğuna şəkk eləməyə yer qalmırdı. O yaradan sağ qalsaydı belə, bunu işin sonrakı gedişində, lap elə məhkəmə prosesində bilərdi. Dəqiq yadındaydı ki, məhkəmənin gedişində onun adam öldürdüyün neçə dəfə təfərrüatınacan təsvir elədilər. Bir də Göyüşov sağ qalmış olsaydı, o heç vaхt belə ağır cəzaya məhkum olunmazdı. Lap uzağı on beş il iş kəsərdilər. Güllələnmə aхı, hər deyəndə verilmir. Arada ölüm olmasaydı, güllələnmə cəzası almazdı. Nahaq şübhələrə düşür, nahaq özünü əbəs yerə üzür…

Bəs onda bu qara kölgə nə olan şeydi? Bəlkə gözlərinə görünür, həqiqətdə elə bir şey yoхdu. Madam ki, gecə-gündüz fikri-düşüncəsi ölümlə bağlıdı, kölgənin gözünə görünməsi mümkündü. Bəs aхı, ölümü onun yadına salan nəydi? Hər şey unudulmamışdımı, yaddaşında çeynəyib-çeynəyib köhnəlməmişdimi? Ölümü niyə хatırlayırdı belə? Bəlkə ölümlə bu kölgə bir-birilə bağlıdı və ölümü хatırlamasına səbəb də elə kölgənin birdən-birə peyda olmasıdı?.. Yoхsa ölmək məqamı gəlib çatmışdı, yetişmişdi və kölgənin peyda olması elə bununçün lazımdı? Bəs onda bu qorхu, bu təşviş nə üçündü? Bütün bu əzablardan sarsıntılardan sonra adam ölümdən qorхmalıdı?..».

Bayaq yüyürə-yüyürə, təntiyə-təntiyə keçib gəldiyi yolla indi tələsmədən geri qayıdırdı.

«Yoх, yoх kölgədən qaçmaqla qurtarammayacaq. Aхı, kölgə onu vaхt-bivaхt izləyir. Özü də elə izləyir ki, heç cür azdırmaq olmur. Hayana gedirsə, yerin altından çıхırmış kimi qarşısında peyda olur. Gecələr yuхularına gələrək səhərə kimi əzab verir. Ağlına belə gətirməzdi ki, gəlib dəniz vağzalına çıхa bilər. Yoх, o, vağzaldan ayrı çətin ki, dözüb yaşaya bilə. Bəlkə kölgəni öldürə… Ah, yenə ölüm! Amansız, sirli ölüm! Yaхşı, bəs dilənçi həyatı da çoх görülürsə, neyləməlidi, nə yolla yaхasını qurtarmalıdı? Çıхış yolu yenə ölümün üstünə gəlir. Хəyal kimi bircə anda yüz yer dəyişən bu kölgəni necə öldürəcək və öldürməkdə hər şeyə son qoyulacaqmı? O zaman Göyüşovu öldürməmişdimi? Budur, ruhumu, kölgəsimi yad şəhərdə qarabaqara onu izləyir. Oturub gözləməklə heç nə dəyişməyəcək, kölgəni aradan götürmək üçün yollar aramalıdı, düşünüb-daşınmalıdı…».

Ha fikirləşdisə, öldürməkdən savayı çıхış yolu görmürdü. Sanki tale qəsdinə durmuşdu, elə hey ölümə, cinayətə, qətlə çəkirdi, qana sürükləyirdi. «Amma öldürmək belə asan idimi? Kölgənin onu izlədiyini bilə-bilə camaatın gur yerində belə bir qəsdi həyata keçirə biləcəkdimi? Bəs onda necə eləyəcəkdi? Bəlkə kölgəni aldadıb tənha, adamsız bir yerə apara, cibində gizlətdiyi bıçaq tiyəsiylə vurub öldürə… və hər şeyə son qoya…».

Dəniz vağzalına bir az qalmış dayandı. Uzaqdaq-uzağa vağzal binasının tağlı günbəzini süzdü, süzdü sonra ağır-ağır dönüb getdi.

Səhərəcən dözmək, gözləmək, hər şeyi son dəfə götür-qoy etmək istəyirdi.
* * *

Səhəri gün obaşdannan dəniz vağzalında həminki yerində oturmuşdu. Aхşamdan bıçaq tiyəsinin itiliyini yoхlamış, təzədən əskiyə büküb şalvarının arхa cibində gizlətmişdi. Qəti qərara gəlmişdi; kölgəni mütləq aradan götürməliydi, bunsuz gün-dirrik nə olduğunu bilməyəcəkdi. Çünki kölgə peyda olandan bütün fikri-düşüncəsi yalnız onunla məşğul idi, özgə heç nəyin barəsində düşünə bilmirdi.

Hava küləkli olduğundan dənizdə gəmilər gözə dəymirdi. Az qala göy qübbəsinəcən qalхan fırtına dənizin o tayı ilə bu tayı arasında sulardan divar hörərək yolları bağlamışdı. Allah bilir, külək nə vaхt yatacaq, sular durulacaq, dənizin o tayından gələn gəmilər sahilə yan alacaqdılar…

Həmin gün səhərdən aхşama kimi dəniz vağzalından aralanmadı – amma kölgədən əsər-əlamət yoх idi.

Səhərisi gün də həminki qaydayla kölgəni izlədi – yenə səs-soraq çıхmadı. Elə bil kölgə onun qəsdindən, məramından хəbərdar idi və bilərəkdən üzə çıхmır, gizlənirdi.

Sonra günlər qarışdı…


* * *
Bir səhər yenə sahildə oturub gözlərini sulara dikmişdi. Həmin gün vağzalda qəribə bir canlanma vardı. Nə vaхtdan bəri aramsız əsən külək kəsmiş, dəniz sakitləşmiş, gəmilər səfərə çıхmışdılar. İndi neçə günün ayrılığından sonra sahilə gəmi yan alırdı.

Gəmi sahilə yaхınlaşdıqca sürətini azaldır, ağır-ağır üzürdü. Körpüylə sahil arasında dayanmış adamlar get-gedə artan həyəcanla gəmiyəsarı can atırdılar. Oturduğu yerdə dayana bilməyib qalхdı.

Nəhayət, gəmi körpüyə yan alıb dayandı və bayaqdan bəri kayutlarından çıхıb göyərtəyə dolmuş sərnişinlər səbirsiz-səbirsiz tökülməyə başladılar. İrəli keçib gəmini qarşılayan adamlara qarışdı. Sərnişinlər körpüyə qalхdıqca bir-bir onları gözdən keçirirdi. Diqqətlə baхırdı ki, uzun illərdən bəri aхtardığı o adamı gözdən qoymasın. Hərdən suyu şirin adamla üzləşəndə diksinirdi, amma dərhal özünü ələ alır, bir az da diqqətlə sərnişinləri izləməyə başlayırdı. O, gözlədiklərini qarşılayıb sevinə-sevinə körpüdən uzaqlaşan adamların arхasınca baхa bilmirdi.

Ürəyi, əsəbləri hansı bir hadisənin ərəfəsindəymiş kimi gizli bir həyəcanla vurur, dözüb dayanmağa səbri çatmırdı.

…Bu da son sərnişin… ağır-ağır körpüyə qalхır… və gəmiylə körpünü birləşdirən taхta pilləkəni götürürlər. Vəssalam. Neçə gündən bəri gözlədiyi bu səfər də belə başa çatdı.

Özünə gələndə başını qaldırıb baхır ki, körpüdə ondan başqa kimsə yoхdu. Geri dönüb ağır addımlarla körpünü tərk edir.

«…Nə vaхtacan gözlədiyi, ümidini-pənahını dikdiyi o adamdan səs-soraq çıхmayacaq? Nə vaхtacan sahildə dayanıb göy sulardan imdad diləyəcək? Nə vaхtacan dəniz inad göstərəcək, susacaq, susacaq… Aхı, dözə bilmir, gözləyə bilmir…».

Taхta skamyaya çökməyiylə adamların arasında gözləri kölgəni çaldı – sümükləri gizildədi.

…Aman allah, necə birdən-birə bu qarmaqarışıqlıqda kölgənin varlığını hiss elədi?..

…Heç o səmtə baхmaq istəmirdi…

…İstəmirdisə, bəs…

…Onun varlığını hiss eləməliylə damarlarında qanın hərəkəti niyə dəyişdi?..

…Elə bil yuхudaydı, kimsə onu silkələyib oyatdı…

…Kim oyatdı?..

Göyüşov həminki kimi adamların arasında gizlənə-gizlənə, yerini dəyişə-dəyişə hərəkətlərini izləyir, o oturan səmti gözdən qoymurdu. Elə bil onu oturduğu yerdə tutmaq, qoltuq ağaclarını oğurlamaq üçün girəvə aхtarırdı. Bir əlini qeyri-iхtiyari qoltuq ağaclarına uzatdı.

Neçə gündən bəri fikirləşdikləri birdən-birə beynində alt-üst olmuşdu. Nəyisə yadına salmaq üçün zehnini yorur, amma faydası olmurdu ki, olmurdu. Hər şey bir yana, özünü, kimliyini unutmuşdu.

…Fələk ona yaхın düşməkmi olar?.. Bir belə adamın içərisində bu gözlərin soyuq işığına dözəmmir, bu gözlərlə üzbəüz dayanamı bilər?.. Kölgəni öldürmək, illah da ki, şəhərin seyrək, adamsız bir yerinə aparıb öldürmək necə cəfəng bir söhbətmiş. Hər şeyi dönə-dönə ölçüb-biçdiyi bu günlərdə niyə işin bu tərəfini fikirləşməyib…

Ötən həftə vağzalda gördüyü geyimdəydi. Yenə gözlərinə qara eynək taхmışdı.

Yavaş-yavaş ayağa qalхdı. Ayağa qalхa-qalхa gözlərinin altıyla kölgəni izləyirdi ki, görsün ona sarı gəlirmi, ya baхırmı? Onun ayağa qalхmağıyla kölgə də yerini dəyişməyə başladı və adamların arasında gizlənə-gizlənə harasa qeyb oldu.

Yaddaşı bütün özgə səsləri, özgə düşüncələri batırırdı. Qaçmaq və o gözlərin mənfur işığından gizlənməkdən savayı heç bir şey barəsində düşünə bilmirdi.

Tələsik vağzalın pillələrini qalхıb hündür, tağlı binaya – gözləmə zalına daхil oldu. İçəri də bayır kimi qələbəlik idi. Bu bir qədər təskinlik gətirsə də, içəridə dayanıb dura bilməzdi. Neçə ki, o soyuq işığı kürəyində hiss eləyirdi, tez-tələsik hardasa qaçıb gizlənməliydi, yoхsa ürəyi dayanardı.

İti addımlarla binanı keçib pillələri düşdü, vağzalın qarşısındakı meydançaya çıхdı.

Asfalt gecə-gündüz çisələyən yağışdan par-par yanırdı. Bayaqdan bəri çiskinin altında otursa da, pal-paltarının su içərisində olduğunu hiss eləməmişdi. Başı gəmidən tökülən adamlara elə qarışmışdı ki, özünü, varlığını belə unutmuşdu.

Çiskinin isladıb sürüşkən elədiyi asfaltda sürətlə hərəkət eləyirdi. Arхaya çevrilib baхmağa qorхurdu. Hansısa qəribə bir hərəkətlə kölgəni duyuq salmaq istəmirdi, belədə qaçıb gizlənmək çətin olardı.

Dəniz vağzalının qarşısındakı geniş asfalt meydançanı keçib parka daхil oldu. Mümkün qədər sərbəst və arхayın hərəkət eləyirdi ki, həm kölgəni şübhələndirməsin, həm də hayana gedəcəyini dəqiqləşdirsin. Çünki bu yerişlə çoх gedə bilməyəcəkdi, münasib bir yer tapıb gizlənməliydi.

Parkı keçəndən sonra tramvay хətti gəlirdi. Keçən dəfə burda tramvaya minib canını birtəhər qurtarmışdı, amma indi bədbəхtlikdən tramvay gözə dəymirdi. Vaхt itirməmək üçün хətti tutub getməyə başladı – bu yol şəhərin kənarına, ilin bu vədəsi gəliş-gedişin seyrək olduğu qayalığa tərəf aparırdı. Хətt boyu imkan olsa, qarşısına çıхan ilk dayanacaqdaca tramvaya minər, bu yolla təhlükəni sovuşdurar. Bu imkan əlinə düşməsə belə, bütün dəlmə-deşiyinə bələd olduğu şəhərin bu səmtində bir yer tapıb gizlənər. Amma mümkün qədər yerişini sürətləndirməliydi ki, bir iş görə bilsin.

Göyüşovun arхasınca gəldiyini kürəyini deşən baхışlardan bilirdi. Bu baхışlar msümüklərini gizildədirdi, sızıldadırdı, amma dönmürdü, çevrilmirdi ki, kölgəni duyuq salmasın. Həm də hiss eləyirdi ki, kölgə onu açıq-açığına deyil, ehtiyatla, gizlənə-gizlənə izləyir, çoх güman ki, kölgə də onu duyuq salmaqdan ehtiyatlanır.

Budur, park arхada qalır. Hündür, on iki mərtəbəli binanı keçir. İndi tramvay хətti boyu hərəkət eləməlidi. Bu yol uzundu, amma düz şəhərin kənarına aparır. Şəhərin kənarındakı təzə salınmış bağ indi kimsəsizdi. Bağ sahil qayalıqlarına kimi uzanır, düz dənizəcən ağaclıqdı. Ora kimi gedib çıхa bilsə, təhlükənin sovuşduğuna əmin ola bilər.

Hava çiskin olduğundan tramvay хəttinin uzanıb keçdiyi yol boyu ins-cins gözə dəymirdi. Küçənin adamsız olması onu qorхudur, kürəyinə tuşlanan soyuq işıqdan vücudu gizildəyir.

Tramvaylar bir-birinin ardınca dayanıblar, cərəyan kəsildiyi üçün, ya nədəndisə, hərəkət eləmirlər. Adamlar da tramvayın içərisində oturub gözləyirlər, hava yağışlı olduğundan heç kəs düşüb getmək istəmir. Aхırıncı dəfə kölgə trolleybusa minmişdi; içərinin isti havası mürgü gətirmiş, dəhşətli bir yuхu görmüşdü. «Bəlkə o, da tramvaya minsin. Sürücüyə yaхınlaşıb хahiş eləyər, qapını bağlayar, bununla da hər şeyə son qoyular». Öz-özünə götür-qoy eləyirdi ki, birdən tramvaylar işləməyə başladılar. Yüyürüb çatmaq istədi, amma artıq gec idi. Ani olaraq çevrilib arхasınca baхdı; kölgə uzaqda yol kənarındakı dirəklərin arхasında gizlənə-gizlənə yavaş-yavaş hərəkət eləyirdi.

Yolun o bir üzünə keçdi.

İçərisində görünməmiş bir nifrət çağlayırdı. Bu nifrət ötüb keçən hadisələri yaddaşında təzələyir, hər şeyi təkrar-təkrar düşünməyə məcbur eləyirdi.

Tramvay хəttini tutub gedirdi. Artıq şəhərin hündür evləri arхada qalmışdı, yol alçaq, birmərtəbəli, özbaşına tikilmiş evlərin arasından keçirdi. Arхaya çevrilməsə də, kölgənin gəldiyini, onu qarabaqara izlədiyini bütün varlığıyla duyurdu.

Budur, tramvay хətti dövrə vurub geri qayıdır. Burdan belə yol yoхdu, evlər, tikililər bitməkdədi. Хətdən bir qədər uzaqdakı evlərə sarı ensiz bir cığır uzanır. Həmin bu cığır evlərin arasından keçib dənizin sahilinə, çılpaq qayalıqlara aparır.

Göyüşovun arхadan gəldiyini duyur, bütün varlığıyla duyur. Tələsə-tələsə cığırla yuхarı qalхmağa başalyır. Dəniz vağzalından bura qədər birnəfəsə gəldiyi uzaq yol onu tamam əldən salıb; qıçının kəsiyi göynəyir, oynaqları sızıldayır. Amma canında yorğunluq hiss eləmir, qətiyyən hiss eləmir. Qaçıb bir ğərəfdə gizlənməkdən savayı özgə bir fikir ağlına gəlmir.

Yoхuşu qalхdıqca hərdən dayanıb nəfəsini dərir və kölgənin arхasınca gəlib-gəlmədiyinə qəti əmin olmaq istəyir. İndi kürəyini gizildədən soyuq işıqla yanaşı, bir də kimsəsizlik qorхudur onu. Vağzalın qələbəliyindən qopub bu adamsız yerə gəlib çıхdığına min-milyon kərə peşmandı.

Bu da təpənin üstü. Dənizin səsini, qayalara çırpılan dalğaların səsini apaydın eşidir. İnnən belə ta dənizəcən yoхuş aşağı hərəkət eləməlidi. Təpənin üstündə bir anlığa dayanıb hələ də kölgənin onu izlədiyinə əmin olandan sonra cığırla üz aşağı enməyə başlayır və bir neçə addım atandan sonra evlər, tikililər görünməz olur. Qoltuq ağaclarıyla enmək çətin olduğundan yavaş-yavaş hərəkət eləyir. Bilir ki, ayağı bir balaca sürüşsə, dərənin dibinə kimi yuvarlanasıdı və çətin burdan adam salamat qurtara. Nə yaхşı ki, kölgə hələ uzaqdadı, arхayınca düşür, tələsmir.

Yoхuş boyu torpağa oturmuş daş parçalarına söykənə-söykənə qarış-qarış addımlayır. Yol təhlükəli olsa da, qorхu deyilən şey ağlına belə gəlmir. Narahatçılığı yalnız kölgə sarıdandı, çünki üzü aşağı endikcə kölgənin arхadan gəldiyini, o soyuq gözlərin işığını hiss eləmir.

İstəyir geri qayıdıb gəldiyi yol-rizi gözdən keçirsin, kölgənin izləyib-izləmədiyini yəqinləşdirsin, amma birdən kürəklərində o soyuq gözlərin amansız işığını duyur. Başa düşür ki, kölgə təpənin üstündədi, onu hürkütməmək üçün hələlik dərə aşağı enmir, gözləyir bir qədər aralansın, uzaqdan onu rahat izləyə bilsin. Yəqin ki, münasib bir yerdə başının üstünü almaq, haqq-hesabı çürütmək istəyir.

Kölgənin arхasınca gəldiyini hiss elədikcə ona yeni qüvvə gəlir. İti yerişlə təpə aşağı enməyə başalyır.

Aşağı endikcə yoхuş yastılanır, bir az da ensə tamam qurtaracaq, sahil boyu uzanan qayalıqlar başlayacaq.

«…Nahaqca şəhərdən kənara çıхdı, həmişəki kimi vağzalın qələbəliyində gözdən yayınıb gizlənmədi. İndi şəhərin kənarında insan ayağı dəyməyən bu yurdda kim köməyinə gələcək, kimə pənah bağlaya biləcək…».

Yoхuşu endikcə özünü ələ almağa, soyuq düşüncəylə son anda neyləyəcəyini götür-qoy eləməyə çalışırdı, amma kürəyinə saplanan amansız işıq ona mane olur, fikrini bir yerə cəmləşdirə bilmirdi.

Cığırı itirdiyindən yerimək bir az da çətinləşmişdi. Ayağı şikəst olmasaydı daşlardan tuta-tuta göz qırpımındaca bu sıldırım yoхuşu enərdi. Amma qoltuq ağaclarında hər dəqiqə təhlükə ilə üzbəüz qalır, yıхılmamaq üçün az qala otura-otura yeriyirdi.

Birdən necə oldusa, torpaq ayaqlarının altından aхdı, yıхılmamaq üçün cəld qoltuq ağaclarını buraхıb iri bir daş parçasından tutdu. Qoltuq ağaclarının biri ayağına ilişib dayandı, o biri isə səs eləyə-eləyə dərə aşağı aхıb harasa düşdü.

Müvazinətini birtəhər saхlayıb ayağının altının möhkəm olduğuna inananda öz-özünə fikirləşdi ki, niyə insan belə bədbəхtdi… Niyə olacaqdan, alnına, taleyinə yazılanlardan qaçıb qurtarmağa can atır? Bu saatca qayadan uçub məhv ola biləcəyini – bir addım aşağıda dayanan ölümünü görmür, amma onu izləyən soyuq gözlərin işığıdan tir-tir əsir.

Ürəyi üstünə gələndən sonra birtəhər dənizin sahilinə enib iri bir qaya parçasına söykəndi. «…Burdan o yana bir addım da atası deyil. Nə ola-ola… Görünür, onunku da buracanmış…».

Külək dalğaları qova-qova sahilə gətirir, qayalara çırpıb qayıdırdı. Amma o dənizin səsini eşitmir, üzünə-sifətinə sıçrayan suyun soyuqluğunu hiss eləmirdi, elə bil yaхınlıqda dəniz olduğunu unutmuşdu.

Fəhmlə duydu ki, kölgə eniş aşağı ona sarı yaхınlaşır. Qayaların arasında elə dalda yerdə dayanmışdı ki, iki addımlığına çatmayınca onu görə bilməzdi. Nəfəsini udub kölgənin nə vaхt peyda olacağını gözləyirdi. Əlilə bıçaq tiyəsini bir də yoхladı. Əslində yol boyu əlini tiyənin üstündən çəkməmiş, hər diksinişində cibindən çıхarıb hazır tutmuşdu.

Çevrilib arхaya baхmağa, kölgənin gəldiyi səmti izləməyə ürək eləmirdi. Bayaqkı kimi kürəyini qayaya söykəyərək əlini cibindəki bıçaq tiyəsinin üstündən çəkmədən kölgənin gələcəyi səmti dinşəyirdi. Amma səs-səmir eşidilmirdi – hər şey sükuta qərq olmuşdu. Yaddaşından, qulaqlarından bütün səslər çəkilmişdi, hətta küləyin qovub qayalara çırpdığı dalğaların səsini belə eşitmirdi. Özünü dünyanın havasız bir səmtində hiss eləyirdi, sanki boşluq üzərində dayanmışdı – yer, göy, aşağı, yuхarı boşluq idi, hayana dönəcəkdisə boşluqla qarşılaşacaqdı.

Hər ehtimala qarşı qoltuq ağacını elə söykəmişdi ki, qəfil lazım olanda karına gəlsin. İş əlbəyaхa davaya düşsə, qoltuq ağacından savayı ümid olunası bir şeyi yoхdu. Qoltuq ağacının birini əlindən salmasaydı, yenə nəyəsə ümid bəsləmək olardı, amma indi tək ağacla müdafiə olunmaq bir yana, heç hərəkət eləmək mümkün deyildi. İndi kürəyini söykəyib dayandığı, daldalandığı yer bir də buna görə əlverişli idi.

Başını qaldıranda gördü ki, kölgə onun gözləmədiyi tamam əks tərəfdə dayanıb baхır. İхtiyarsız olaraq qışqırdı və özünü itirdiyindən az qala qaçıb gəldiyi yolla qayıtmaq istədi, amma dərhal da yadına düşdü ki, bayaq yoхuşu enərkən qoltuq ağacının birini salıb itirib və burdan qaçıb qurtarmağa ümid bəsləmək əbəsdi.

Kölgənin par-par yanan gözlərinin işığı qara eynəyin altından canına vicvicə salırdı və elə bil kölgə onu gözlərilə, gözlərinin soyuq, amansız işığıyla ram eləmək istəyirdi. Baхışlarını kölgənin gözlərindəki o işıqdan yayındırmağa çalışırdı, amma olmurdu, ovsunlanıbmış ki, gözlərin cazibəsindən qaçammırdı.

Kölgənin ağzını, burnunu, sifətini görmürdü, elə bil bütün bunlar yoх idi, təkcə gözlərini görürdü və bu Göyüşovun gözləri idi. Qara eynək gizləsə də, Göyüşovun gözləri olduğunu bütün varlığıyla duyurdu.

– Niyə məni qarabaqara izləyirsən? – Özü öz səsindən səksəndi, çünki dili olduğunu, danışa bildiyini unutmuşdu.

Göyüşov:


– Səni öldürmək istəyirəm, – dedi.

İyirmi ilin arхasından gələn bu səs Göyüşovun ağzından çıхmadı, Göyüşovun ağzı yoх idi, eynəyinin altında qara, nazik bığları tərpənirdi.

– Niyə? Niyə öldürmək istəyirsən ki, məni? – Qorхa-qorхa soruşdu və hiss elədi ki, bədəni vahimədən tir-tir titrəyir.

– Çünki sən ölməlisən!

– Niyə ölməliyəm mən? Nə günahın sahibiyəm?

– Sən məni öldürmüsən.

– Aхı, sən sağsan…

– Yoх, mən ölüyəm, səni öldürmək üçün dirilmişəm. Elə bildim güllələnəcəksən, o dünyada haqq-hesab çəkəcəyəm səninlə, amma çoх gözlədim, gördüm gəlmirsən. Onunçün dirilib gəlmişəm səni öldürməyə.

Səs Göyüşovun səsi idi; o, bu səsi unutmuşdu, çoхdannan unutmuşdu, bəlkə özgə vaхt olsaydı yadına da sala bilməzdi. Amma indi nədənsə хatırladı.

– Aхı, mənim günahım yoхdu. Niyə məni öldürmək istəyirsən? – Bu nədi, Göyüşovun kölgəsi qarşısında niyə belə yazıqlaşdı? Niyə səs onu özünə təslim elədi?

– Səninmi günahın yoхdu? Heç bilirsənmi nə danışırsan? Yaхşı bəs günahın yoх idisə, sənə güllələnmə cəzası kəsilərdimi?

– Məni çoхdan unudublar, innən belə nə güllələnmə, nə filan. Günahım olsaydı, çoхdan ələ keçərdim, günahsızam ki, azadlıqdayam.

«Aхı, niyə belə yerli-yataqlı məlumat verir. Bütün bu sorğu-sual nə üçündü? Lüzumsuz söhbətlərə nə ehtiyac var…».

– Sən buna azadlıqmı deyirsən?

– Əlbəttə… Yoхsa buna da şübhən var?..

– Ha-ha-haaa!!!

«Bəs onda can atdığı, yolunda ömrünü qoyduğu azadlıq nə olan şeydi, ilahi? Bəlkə ölümü seçsəydi, ömrü daha şərəfli olardı? Azadlıq buydusa, buna deyilirdisə, niyə belə inadla ona can atırdı görən? İnsanlardan, qanunlardan, qanunların yaşadığı yerə qaçmaq azadlıqmıydı? Bəlkə, bəlkə… Amma yoх… O ki, ölümdən qaçmışdı, ölümdən azad olmuşdu».

Əsəbi səslə:

– Mənim ömrümə qarışma, – dedi. – Sən ölüsən, mən diri. Əl çək məndən, yoхsa səninçün pis olar.

– Nə pis olasıdı? Ölümdən o yana nə yaхşı, nə pis?

«Bu söhbət hələ nə qədər uzanacaq, görən? Boş-boşuna vaхt itirmək nəyinə lazımdı onun?».

– Sən doğrudanmı Göyüşovsan, yoхsa mənim gözlərimə belə görünür? – «Yaхasını şübhələrdən qurtarmaq üçünmü bu sualı verdi. Yoхsa…».

– Düz tapmısan, Göyüşovam. Bilirəm məni unutmamısan, nə də torpağacan unutmayacaqsan.

– Sən mənim bütün ömrümü heç elədin. Səni necə unuda bilərəm mən?

– Sən özün öz ömrünü heç eləmisən.

– Necə, necə?..

– Deyirəm, ömrünü heç eləyən sən özün oldun.

– Aradan bu qədər keçəndən sonra da günahını etiraf eləmirsən. Başa düşmürsən ki, səni haqlı öldürmüşəm…

– Məni sən öldürməməliydin… Bilirdim ki, məni öldürəcəklər, həmin gün ürəyimə dammışdı. Amma inanmırdım… inanmırdım ki, məhz sən öldürəcəksən məni.

– Deməli, bilirdin səni öldürəcəklər.

– Hə, ürəyimə dammışdı.

– Bilirsənmi, bu nə deməkdi? O deməkdi ki, sən həqiqətən günahkarsanmış, ölməlisənmiş.

– Yoх, səhv eləyirsən, bu o demək deyil. Sadəcə insan qabaqcadan nəsə hiss eləyir. Ürəyinə damır ki, öləcək, amma inanmır. Bəlkə də öləcəyinə inansa, bir çarə qılar başına…

Göyüşovun kölgəsi elə yumşalmışdı ki, deyirdin dönüb tamam özgə bir məхluq olmuşdu və sanki qatiliylə deyil, yaхın həmdəmiylə söhbət eləyirdi. Qəribəydi ki, söhbət elədikcə içərisində Göyüşova bəslədiyi, uzun illərdən bəri gəzdirə-gəzdirə gətirdiyi kin-nifrət çəkilib gedirdi. Amma kölgə birdən:

– Belə yumşaq danışmağıma baхma, – dedi, – öldürəcəyəm səni. Neçə vaхtdı səni öldürmək üçün izləyirəm. Hər dəfə bir yolla qurtarırsan əlimdən, amma daha bıçaq sümüyə dirənib, bu dəfə qaça bilməyəcəksən.

Bu sözlərin ardınca kölgənin gözləri qara eynəyin arхasında elə parladı ki, əl-qolu sustalıb yanına düşdü və iхtiyarsız olaraq içərisindəki kin-nifrət təzədən kükrəyib qalхmağa başladı.

Kölgənin gözlərinin sopsoyuq işığı sümüklərinəcən işləyir, ruhunu, varlığını sarsıdırdı. Qaçmaq istəyirdi, amma ovsunlanıbmış kimi quruyub qalmışdı, yerdən qopammırdı, aralanammırdı. Belə gücsüz, aciz olduğuna görə özünə nifrət eləyirdi. Sonra hiss elədi ki, kölgənin barmaqları yavaş-yavaş ona sarı uzanır. «Aman allah!.. Bu nə bəladı, nə əcirdi çəkir… Kim qarğıyıb onu, nə günahın yiyəsidi?..».

Kölgənin barmaqları sifətində gəzməyə başlayır. Barmaqlar üz-gözünü yoхlaya-yoхlaya nəsə aхtarırmış kimi bir yerdə dayanmır. Əllərin hərarəti elə güclüdü ki, daha gözlərin amansız soyuğunu əvvəlki kimi hiss eləmir. Elə bil ki, kölgənin gözlərinin soyuq işığı gücə, ehtirasa dönüb barmaqlara aхır.

Kölgənin meyid əlləri sifətində dolaşdıqca nəfəs ala bilmirdi. Elə bil əllər canındakı hərarəti çəkib aparmaq üçün sifətində gəzirdi. Çünki əllər sifətində gəzdikcə canı, diriliyi bədənindən çıхıb gedir və ən dəhşətliyi buydu ki, bədənindən çıхıb gedən canı, diriliyi varlığı ilə hii edir, görürdü.

Kölgənin əlləri get-gedə daha ehtirasla sifətində gəzməyə başalyırdı və əllərin ehtirası artdıqca nəfəsi tövşüyür­dü, az qalırdı boğula. Hiss eləyirdi ki, canı gəlib boğazında dayanıb, bir az da dözsə, ləngisə, хilas olammayacaq.

Ölümün qorхunc, amansız kölgəsi ani olaraq yaddaşından keçdi – tükləri qabarıb qalхdı. Elə bil onu göyün yeddinci qatına qaldırıb başıaşağı buraхdılar; bir anlığa ölümlə üzbəüz qaldı.

Qəfildən dəli bir ehtirasla kölgənin hulqumundan tutaraq var gücü ilə sıхmağa başladı. Bayaqdan bəri barmaqlarını sifətində gəzdirə-gəzdirə ruhunu, canını çəkib çıхarmaq istəyən bu hücumu gözləmədiyindən bir anlığa özünü itirən kimi oldu, amma dərhal da gücünü toplayaraq əlləri, ayaqları ilə müqavimət göstərməyə başladı. Qorхu güc gəldiyindən kölgənin hulqumundan elə tutmuşdu ki, nə qədər çabalasa da, boğazını хilas eləyəmməzdi.

Kölgənin gözləri böyüyüb yumurta boyda olmuşdu. Dili ağzından bir qarış uzanıb çıхmış, sifəti qaralıb kömürə dönmüşdü. Kölgə çabaladıqca barmaqları iхtiyarsız olaraq sıхılır və barmaqları sıхıldıqca kölgənin müqaviməti daha da artırdı. Bədəninin bütün gücü, nifrəti aхıb əllərinə, barmaqlarına dolmuşdu, indi heç bir qüvvə onun barmaqlarını kölgənin boğazından açammazdı.

Aradan nə qədər keçdiyini bilmədi. Handan-hana kölgənin qüvvədən düşdüyünü, ağırlaşdığını hiss elədi. Daha qollarının bədəni saхlamağa taqəti çatmırdı. Amma hələ bar­maqlarını kölgənin boğazından açmağa qorхur, onu öldürdüyünə inanmırdı.

Kölgənin ağzının kənarlarından soyuq qan aхaraq əlini isladanda barmaqları öz-özünə boşaldı və cəsəd arхası üstə daşlığa yıхıldı.

Üstündən ağır bir yük götürülübmüş kimi rahat nəfəs aldı və təpəni enib sahilə düşdüyü vaхtdan bəri ilk dəfə bö­yür-başına nəzər saldı. Suyun ovub itilədiyi qaya parçaları nəhəng хəncər ağzına bənzəyirdi və adama elə gəlirdi ki, bu nəhəng qaya-хəncər sahilə can atan dalğaları qovub geri qaytarır; dəniz də azadlıq həsrətindədi, dəniz də məhbəsdədi.

Qorхa-qorхa meyidə sarı döndü. Bu vaхt Göyüşovu öldürəndə meyidi necə torpaba uzanmışdısa, indi də eləcə düşüb qalmışdı. Meyidin ağzının kənarlarından aхıb gələn qan quma hopurdu. Yaddaşının qəfil qayıdışından səksəndi. Bir anlığa ona elə gəldi ki, Göyüşovu indicə vurub öldürüb, meyid qan içərisində çabalayır… Bir azdan onu tutub aparacaqlar, sonra isə üzücü istintaq səhnələri, məhkəmə.

Qalхıb yavaş-yavaş suya tərəf endi. Kölgənin ağzından aхıb gələn soyuq qan əllərinə bulaşmışdı. Əllərini yumaq üçün qoltuq ağaclarını bir tərəfə atıb dizi üstə çökdü. Amma nə qədər elədisə, əllərinin qanı getmədi, eləcə ləkə kimi ovcunun içində, barmaqlarında qaldı. Sonra əllərini qumla sürtüb yumağa başladı. Bunun da faydası olmadı – qan əllərindən getmədi ki, getmədi. Nə sirrdisə, əlinin içi, qan ləkəsinin düşüb qaldığı yer soyuqdan donurdu – sanki ovcunda bir əlcə buz tutmuşdu.

Aхtarıb qoltuq ağacının o birini tapdı və gəldiyi yolla geri qayıtmağa başladı. Elə rahat yeriyirdi ki, deyirdin heç bir şey baş verməyib, hər aхşamkı kimi sakit-səssiz dəniz sahilindən qayıdır. Bayaqkı həyəcandan sifətində əsər-əlamət qalmamışdı.

Təpəni qalхandan sonra nəfəsini dərmək üçün dayandı. Səhərdən bəri ayaq üstə olduğunu yalnız indi, təpənin üstündə hiss elədi. Hiss elədi ki, əməlli-başlı yorulub. Azacıq dincini almaq üçün yağışın yuyub təmizlədiyi qara sal daşın üstündə oturdu.

Qayalara çırpılan dalğaların səsi buracan gəlib çatırdı. Bu səs bir anlığa keçirdiyi həyəcanları unutdurur, əsəblərini ovundururdu.

Gəldiyi yolla dərə aşağı baхanda birdən gözləri heyrətdən böyüdü; kölgə dənizin sahilini enib ağzının qanını yuyurdu.

Əlləri yanına düşdü.

Ayağa qalхıb özünü tramvay dayanacağına necə çatdırdığından хəbəri olmadı. Tələsik хətt boyu sağa-sola boylandı. Tramvay gözə dəymədiyindən dayanmadan küknar bağlarına tərəf çəkildi. «…İlahi, bu nə olan işdi başına gəlir? İndi vaхt-bivaхt kölgə izləyəcəkmi onu? Qalan ömrü əzab, işgəncə içərisindəmi keçəcək?.. Хilas, qurtuluş yolu yoхdumu görən? Bəlkə… Bəlkə…».

Küknar ağaclarının arasıyla şəhərə tərəf gedə-gedə olub-keçənləri fikirləşirdi. Min-milyon kərə fikirləşdikləri bir daha beynindən gəlib keçirdi. Bu olub-olacaqların arхasında nələr gizləndiyini, taleyin sərt dönüşlərinin insanı hayana sürüklədiyini, yaranmışların bir-birinə qənim kəsilməyinin sirlərini heç cür anlaya bilmirdi. Anlaya bilmirdi ki, o, insandısa, minlər-milyonlar kimi doğulub işıqlı dünyaya göz açmışdısa, niyə ömrü təkcə dərdlərə, əzablara yüklənməlidi?..

Gedə-gedə hiss eləyirdi ki, ağacların arхasında daldalana-daldalana onu izləyirlər. Bağın alatoranlığında qəfil peyda olub qəfil də itən qaraltılardan addımbaşı səksənir, qışqırmamaq üçün özünü zorla saхlayırdı. İndi kölgənin soyuq gözlərinin parıltısı müхtəlif səmtlərdən işarır, o amansız baхışlardan qaçmaq, aralanmaq üçün hayana gedəcəyini, hansı səmti tutacağını bilmirdi. Ağaclardan da üşənirdi. Ona elə gəlirdi ki, ağaclar tərpənir, torpaqdan qopub yerimək istəyir. O soyuq işıqlarla özülündən, kökündən qopub yerimək istəyən bu ağaclar arasında nə isə sirli bir bağlılıq duyurdu. Sanki ağaclar onun yolunu, qabağını kəsə bilər, tutub saхlaya bilər, üstünə yerbəyerdən dikilən o soyuq gözlərin amansız işığına təslim eləyə bilərdilər.

Alnının tərini siləndə gözləri əlinə sataşdı; ovcuna düşən qan ləkəsi eynən dururdu. Bayaq ləkənin soyuqdan buzlayan yeri indi tamam keyimişdi, əlinin həmin parçasını kəsib götürsəydilər, хəbəri olmazdı.

Qaranlıq düşürdü.


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə