İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   13   14   15   16   17   18   19   20   ...   168

 
34
Ermənilər bura 1897-ci ildə köçürülmüşdür. Kənddə ermənilərlə yanaşı azərbaycanlılar da 
yaşamışdır. 
Kənd Araz çayının yaxınlığında yerləşdiyi üçün Arazdəyən adlandırılmışdır. Toponim Araz və 
dəyən (döyən) feli sifətinin birləşməsindən  əmələ  gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb 
toponimdir. 
Erm.SSR AS RH-nin 3.VII.1968-ci il tarixli fərmanı ilə  kəndin adı  dəyişdirilib Yerasx 
qoyulmuşdur. 
Arazdəyən - İrəvan quberniyasının  İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda xutor. 
Burada 1897-ci ildə 6 nəfər azərbaycanlı yaşamışdır (415, s.84-85). XX əsrin  əvvəllərində yaşayış 
məntəqəsi ləğv edilmişdir. 
Aralıq - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda 
kənd. Rayon mərkəzindən 22 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tabeliyində 
olmuşdur. 
Kənddə azərbaycanlıların etnoqrafik qruplardan olan qarapapaqlar yaşamışdır (415, s.40). 
Burada 1886-cı ildə 300 nəfər, 1897-ci ildə 397 nəfər, 1908-ci ildə 441 nəfər, 1914 - cü ildə 
510 nəfər qarapapaqlar (azərbaycanlılar - İ.B.) yaşamışdır (415, s.40-41, 122-123). 1918-ci ildə 
azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuş, Türkiyədən ermənilər 
köçürülərək burada yerləşdirilmişdir. İndi burada ermənilər yaşayır. 
Toponim «hüdud, sərhəd, iki torpağı, mülkü və s.ni bir-birindən ayıran, xətt, mərz» (9, s.114), 
«iki yaşayış məntəqəsi arasındakı məsafə», «ortalıq» (339, s.52) mənasında işlənən ara sözünə məkan 
anlamı bildirən -lıq şəkilçisinin artırılmasından əmələ gəlib «aralıqda, iki yaşayış kəndinin arasında, iki 
kəndin sərhəddində yerləşən kənd» mənasını bildirir. Relyefli bağlı yaranan düzəltmə quruluşlu 
toponimdir. 
Erm.SSR AS RH-nin 7.XII.1945-ci il tarixli fərmanı ilə adı  dəyişdirilib Yerezqavors 
qoyulmuşdur. 
Aralıq - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonu ərazisində  kənd. 
Alagöz dağının qərb ətəyində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində (348, s.18) qeyd edilmişdir. 
Kənddə 1831-ci ildə 16 nəfər, 1873 - cü ildə 172 nəfər, 1886-cı ildə 162 nəfər, 1897-ci ildə 214 
nəfər, 1904 - cü ildə 193 nəfər, 1914 - cü ildə 205 nəfər, 1916-cı ildə 194 nəfər yalnız azərbaycanlı 
yaşamışdır (415, s.34-35, 116-117). 1918-ci ildə  kənd erməni təcavüzünə  məruz qalaraq sakinləri - 
azərbaycanlılar qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuş  və  kəndə xaricdən 
köçürülən ermənilər yerləşdirilmişdir. 
Toponim Azərbaycan dilində «iki obyektin arası, ortalıq» mənasında işlənən aralıq sözü 
əsasında  əmələ  gəlib «aralıqda yerləşən kənd» mənasında ifadə edir. Relyef əsasında  əmələ  gələn 
düzəltmə toponimdir. 
Aralıq qoyun - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək 
(Krasnoselo) rayonu ərazisində qışlaq. Gölkənd kəndinin yaxınlığında yerləşirdi. 1926-cı ildə burada 
13 nəfər azərbaycanlı yaşamışdır (415, s.30-31). 40-cı illərin axırlarında ləğv edilmişdir. 
Toponim «iki yerin arası, ortalıq, orta, ara» mənasında işlənən aralıq sözü ilə (9, s. 117) «dərə, 
çuxur, dayaz dərə» mənasında işlənən qoyun//qoyın sözünün (339, s.282) birləşməsindən  əmələ 
gəlmişdir. Qoyun//qoyın sözü türk dillərində mənfi relyef mənasını bildirir (339, s.282). Relyeflə bağlı 
yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Aralıq Kolanlı - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) 
rayonunda kənd. Rayon mərkəzindən 6 km cənub-qərbdə, Alagöz dağının qərb tərəfində yerləşir. 
Qafqazın 5 verstlik xəritəsində Aralıx formasında (348, s.18) qeyd edilmişdir. Erməni mənbələrində 
kəndin adı həm Aralıq, həm də Aralıq Kolanlı formalarında qeyd edilir (415, s.84). Kənddə 1831-ci 
ildə 284 nəfər, 1873 - cü ildə 676 nəfər, 1886-cı ildə 701 nəfər, 1897-ci ildə 886 nəfər, 1904 - cü ildə 
768 nəfər, 1914 - cü ildə 887 nəfər, 1916-cı ildə 772 nəfər, 1919 - cu ildə 1118 nəfər yalnız 
azərbaycanlı yaşamışdır (415, s.84-85, 152-153). 1919 - cu ilin sonunda kəndin sakinləri erməni 
təcavüzünə  məruz qalaraq qırğınlarla deportasiya olunmuşdur. Kəndə xaricdən köçürülən ermənilər 
yerləşdirilmişdir.  İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş 
azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına qayıda bilmişdir. Burada ermənilərlə yanaşı, 
1922-ci ildə 224 nəfər, 1926-cı ildə 248 nəfər, 1931-ci ildə 294 nəfər azərbaycanlı yaşamışdır (415, 
84-85, 152-153). SSRİ Nazirlər Sovetinin xüsusi qərarları ilə kənddə yaşayan azərbaycanlılar 1948-49 


 
35
- cu illərdə tarixi-etnik torpaqlarından zorla Azərbaycana deportasiya olunmuşdur. 1986-cı ildə çap 
edilmiş «Ermənistan və  ətraf vilayətlərin toponimlər lüğəti»ndə burada yaşayan azərbaycanlı  əhali 
erməni əhalisi kimi göstərilir (427, s.962). Guya, burada elə tarixən ermənilər yaşamışdır. Bu, erməni 
saxtakarlığının bir formasıdır.  
Toponim Azərbaycan dilində «orta, iki yerin arası, ara» mənasında işlənən aralıq sözü ilə 
mənsubluq bildirən -lı şəkilçisinin qəbul etdiyi kolanı türk tayfa adı (212, s.36) əsasında əmələ gəlib 
«aralıqda kolanı tayfasına aid kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb 
toponimdir. 
Kəndin adı əvvəlcə dəyişdirilib Aralıq, sonra Erm. SSR AS RH-nin 25.1.1978-ci il fərmanı ilə 
yenidən dəyişdirilib Qriboyedov qoyulmuşdur. 
Aralıq Oxçu - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan 
rayonunda kənd. Oxçu çayı ilə Pirdavdan (Pircavidan) çayının qovuşduğu yerdə, Oxçu kəndinin 
yanında yerləşmişdir. 
  
Kənddə 1897-ci ildə 148 nəfər azərbaycanlı yaşamışdır (415, s.54-55). XX əsrin əvvəllərində, 
1905-1906-cı illərdə azərbaycanlılar erməni təcavüzü nəticəsində deportasiya olunmuş, kənd ləğv 
edilmişdir. Kənd iki çayın (Oxçu və Pirdavdan) çayının arasında salındığı üçün Aralıq Oxçu 
adlandırılmışdır və «Oxçu çayının arasında yerləşən kənd» deməkdir. 
Toponimin I tərəfi «iki yerin arası» mənasında işlənən aralıq sözündən,ll tərəfi türk mənşəli 
oxçu etnonimindən ibarətdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Arbat - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. 
Rayon mərkəzindən 20 km şimal-qərbdə, Zəngi çayından axan Şiraabad arxının yanında yerləşir. 
Zəngibasar rayonu yaradılanadək, 1969 - cu ilə kimi Vağarşabad rayonunun tərkibində olmuşdur. 
«İrəvan  əyalətinin icmal dəftəri»ndə Arebat kimi (143, s.77), Qafqazın 5 verstlik xəritəsində Arbat 
formasında (348, s.18) qeyd edilmişdir. 
Kənddə 1831-ci ildə 391 nəfər, 1897-ci ildə 671 nəfər, 1914 - cü ildə 1160 nəfər yalnız 
azərbaycanlı yaşamışdır (415, s.80-81, 150-151). 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə 
məruz qalaraq qırğınlarla deportasiya olunmuş  və  kəndə Türkiyədən köçürülən ermənilər 
yerləşdirilmişdir. Ermənilərlə yanaşı burada 1922-ci ildə 263 nəfər, 1926-cı ildə 341 nəfər, 1931-ci 
ildə 263 nəfər azərbaycanlı yaşamışdır (415, s.81, 151). SSRİ Nazirlər Sovetinin 1948-ci il xüsusi 
qərarları ilə azərbaycanlılar 1948-53 - cü illərdə zorla Azərbaycana köçürülmüşdür. 
«Ermənistan və  ətraf vilayətlərin toponimlər lüğəti» kitabında azərbaycanlılar erməni  əhalisi 
kimi verilmişdir. Belə ki, 1897-ci ildə burada 677 nəfər azərbaycanlı, 1926-cı ildə 341 nəfər 
azərbaycanlı, 214 erməni yaşamışdır (415, s.81). «Ermənistan və  ətraf vilayətlərin toponimlər 
lüğəti»ndə həmin rəqəmlər ermənilərə aid edilmişdir (427, s.401). 
Toponim qədim türk dilində «yulğun» bitki adı mənasında işlənən arubat sözündən (299, s.58) 
əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca sadə toponimdir. 
Arqel - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Nairi rayonunda kənd. Rayon 
mərkəzindən 22 km şimal-şərqdə,  Ərzini yaşayış  məntəqəsindən 10 km şimalda, Zəngi (Razdan) 
çayının sağ tərəfində yerləşir. 1972-ci ilə kimi Əştərək rayonunun tərkibində olmuşdur. Kəndin digər 
adı «Arkel»dir (415, s.22). 
Kənddə 1873 - cü ildə 330 nəfər, 1897-ci ildə 11 nəfər azərbaycanlı yaşamışdır (415, s.22-23, 
106-107). XX əsrin  əvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar deportasiya olunmuş  və  kəndə 
ermənilər yerləşdirilmişdir. 1922-ci ildə 3 nəfər azərbaycanlı yaşamışdır (415, s.107). 1953 - cü ildə 
Lusakertlə birləşdirilərək ayrıca yaşayış məntəqəsi kimi ləğv edilmişdir. 
Toponim monqol dilində  «şimal», «arxa», «dal, tərəf», «dağın gün düşməyən tərəfi» 
mənasında işlənən ar sözü ilə (339, s.52), türk dilində «göl» mənasında işlənən qel sözünün (339, s.52) 
birləşməsindən əmələ gəlmişdir «Qel» «göl» sözünün fonetik variantıdır. Hidrotoponimdir. Quruluşca 
mürəkkəb toponimdir. 
Ardanış - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Çəmbərək (Krasnoselo) 
rayonunda kənd. Rayon mərkəzindən 23 km şimalda, Göyçə gölünün sahilində yerləşir. «İrəvan 
əyalətinin icmal dəftəri»ndə Ərdanuc (143, s.62), Qafqazın 5 verstlik xəritəsində Ardanic formasında 
(348, s.18) qeyd edilmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə