İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
91
hərəkətləri kişinin nəzarəti altında idi. Qadın icazəsiz heç kəsə evdən ərzaq, yaxud ev əşyası verə bilməzdi,
yəni heç kəsə əl tutmamalı idi. Ailə əmlakına onun hüququ yox idi, ancaq ev əmlakı üzərində tam hüquqa
malik olmuşdu. Qadın tərəfindən kənara verilmiş əşya oğurluq malı hesab edilirdi. Müvafiq maddədə bu
haqda belə deyilir: "Əgər azad adam xəstədirsə, yaxud vəfat edibsə, onun arvadı isə evdən bir şey oğurlayıb
qadınamı, kişiyəmi, yaxud hər hansı bir kəsəmi veribsə, (onda) həmin adamın arvadı və ev şeyini qəbul
edənlər öldürülməlidirlər.
Əgər azad adamın arvadı əri sağ olarkən ər evindən nə isə oğurlanmışsa, kişiyəmi, qadınamı, hər hansı
bir kəsəmi vermişsə, onda həmin adam and vasitəsilə öz arvadını təqsirləndirə bilər
və ona cəza verə bilər,
(oğurluq malını) adamın arvadından qəbul etmiş şəxs isə malı qaytarmalıdır. Ər arvadına verdiyi cəzanı
(oğurluq malını qəbul etmiş) şəxsə də tətbiq etməlidir".
Assuriyada qadın ləyaqətinə yüksək qiymət verilirdi. Qadının şəxsiyyətini və namusunu qoruyan
maddələr orta Assur qanunvericiliyinə salınmışdı. Məsələn, qanunların birində qeyd olunur: "Əgər azad
adam ərli qadına barmağını silkələsə və onunla uşaq kimi rəftar etsə və bu iş üzrə onu təqsirləndirib ifşa
etsələr, onda onun barmağı kəsilməlidir. Əgər o, qadını öpübsə, onda onun aşağı dodağını baltanın tiyəsinə
çəkib kəsmək lazımdır". Assuriyada levirat, yəni dul qadının vəfat etmiş ərinin qardaşı ilə nikahı mövcud idi.
Belə hallarda ailə icmasının bütövlüyünü saxlamaq məqsədi güdülürdü. Bəzi hallarda, əgər təqsir ərdə
olardısa, qadın ər evini tərk edib ata evinə qayıtmaq hüququna da malik idi. Adətən ər vəfat etdikdən sonra
qadın onun borcunu ödəmək üçün sələmçinin təsərrüfatında işləməli idi.
Bəzən müəyyən şərait nəzərə
alınırdı və qadın borcu ödəməkdən azad olunurdu. Ailədə atanın hakimiyyəti qeyri-məhdud idi, buna görə də
qadın ləyaqəti və hüququ əksər hallarda tapdanırdı. Kişi qadını çox asanlıqla boşaya bilərdi. Lakin ərinə
xəyanət etmiş, yaxud ərindən ayrılmaq istəyən qadını suya atırdılar. Assuriyada kəskin mülki bərabərsizlik
mövcud olmuşdu. Bunun nəticəsində quldarlar cəmiyyətin hakim sinfi kimi formalaşırdılar. Mülki
bərabərsizlik icma təşkilatlarına da toxunmuşdu. İcmanın birliyi dağılırdı, icma üzvləri müflisləşir,
sələmçilərdən asılı vəziyyətə düşürdülər. Torpaqdan məhrum olmuş icmaçılar öz övladlarını kənara satmağa
məcbur olurdular. Onlar məcburi əməklə məşğul olanlar dəstəsinə mənsub idilər.
Qullar və məcburi əmək
adamları istismar olunan sinfi təşkil edirdilər.
Dövlət, məbəd və böyük fərdi təsərrüfatlarda qul əməyi geniş tətbiq olunurdu. Dövlət təsərrüfatı
işğallar nəticəsində genişlənirdi. Hökmdar dövlətə yaxın olan adamları torpaq sahələri ilə təmin edirdi. Belə
adamlar yeni qulluq əyanları təbəqəsini təşkil edir, hökmdarın dayağına və böyük torpaq sahibkarlarına
çevrilirdilər. Onların mülkündə işləyən qulların sayı 30-50 nəfərə çatırdı. Xırda torpaq sahibkarlığı da
mövcud idi. Burada işləyən qulların sayı nisbətən az idi. Assuriyada məbədlər də böyük torpaq sahələrinə
malik idilər. Məbəd təsərrüfatında qullarla yanaşı məcburi əmək adamları da işləyirdilər.
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
94
QƏDİM URARTU MƏDƏNİYYƏTİ
Urartu Mesopotamiyadan şimalda, Şərqi Anadoluda (Türkiyə) Van gölü ətrafında meydana gəlmişdi.
Urartu dağlıq ölkə idi. Dəclə, Fərat və Araz çayları öz mənbələrini bu ərazidən götürür.
Urartu əhalisinin tərkibi müxtəlif olmuşdur. Assurlar bu ölkəni Urartu, urartulular
isə öz ölkələrini
Biaynili adlandırırdılar. Assur hökmdarı I Salmanasar “Uruatri ölkələri” ifadəsini işlətmişdi. Uruatri adı
tədricən Urartu adı ilə əvəz olunmuşdu. Bu zaman xırda ölkələrin hakimləri vahid bir mərkəzdə
birləşdirilmişdi. E.ə. IX əsrdə Assur hökmdarı II Assurnasirpal Urartu ölkəsinə yürüş təşkil etmişdi.
Urartulular ona güclü müqavimət göstərmişdilər. Urartunun dağlıq ərazisində, məhsuldar vadilərində, düzən
torpaqlarında əhali müxtəlif təsərrüfat işləri ilə məşğul olurdu. Onların təsərrüfat həyatı haqqında mixi
yazılar və arxeoloji materiallar məlumat verir.
Urartulular əkinçilik, maldarlıq, atçılıq, üzümçülük, bağçılıq və sənətkarlıqla məşğul olmuşlar.
Menuanın hakimiyyəti dövründə ölkədə suvarma işlərinə xüsusi diqqət yetirilirdi. Van gölünün şimal
hissəsində bir neçə qollara ayrılan suvarma kanalı çəkilmişdi. Bunlardan biri Menua kanalı adlanırdı. Bu
kanal vasitəsi ilə Van şəhəri içməli bulaq suyu ilə təmin olunurdu. Kanalın aşağı axar hissələri yonulmuş
daşlardan hörülmüşdü. Bu daşların bir çoxunun üzərində mixi yazılarda “Menua kanalı” sözləri aşkar
edilmişdir.
Menua işğal olunmuş ərazilərdə yaşayış məntəqələri saldırır və qalalar tikdirirdi. O,
Urartunun baş
allahı Haldinin şərəfinə qala tikdirmiş və onu “Haldi allahının şəhəri” adlandırmışdı. Burada üzüm tənəkləri
saldırmış və həmin bağı “Menuanın üzümlüyü” adlandırmışdı. Bir çox tikililər Menuanın adını daşıyırdı.
Onun adı əşyalar üzərində “Menuanın malı” ifadəsi ilə həkk olunmuşdu.
Menua atçılığı da inkişaf etdirirdi. Atdan minik vasitəsi kimi və təsərrüfat işlərində, habelə hərbi
yürüşlərdə istifadə edilirdi. At çapmaq, at oynatmaq yarışları bir adətə çevrilmişdi.
Urartuda dulusçuluq, metalişləmə, zərgərlik və s. sənət sahələri inkişaf etmişdi. Urartu sənətkarları
müxtəlif tunc məmulatları-məişət qabları, silahlar (qalxan, dəbilqə, xəncər, ox və s. istehsal edirdilər.
Urartunun özünəməxsus yüksək mədəniyyəti olmuşdur. Onlarda memarlıq, yazı mədəniyyəti,
incəsənət yüksək inkişaf etmişdi. Urartulular Mesopotamiyadan mixi yazını mənimsəyərək
Urartu dilinə
uyğunlaşdırmışdılar. Urartu qalalarında daşüstü mətnlər-kitabələr həkk olunmuşdu.
Arxeoloji qazıntılar zamanı Urartuya aid yazılı sənədlər aşkar edilmişdir. Urartulular istehkam və qala
inşası sahəsində böyük təcrübə qazanmış və şəhərlər salmışlar.
Urartuda dini görüşlər yaranmış, çoxallahlılıq mövcud olmuşdur. Hər tayfa öz allahına sitayiş edirdi.
Haldi (səma allahı) Urartunun baş allahı sayılırdı. Onun şərəfinə qala salınmış, heykəl qoyulmuşdu. Tufan,
ildırım və yağış allahı Teyşeba, günəş allahı Şivini adlanırdı.
Urartu bədii sənətkarlığına məxsus bir çox saxsı, metal, zərgərlik məmulatlarının, möhürlərin üzərində
müxtəlif rəsmlər təsvir edilmişdir. Qızıl medalyon üzərində metal-plastika üsulu ilə işlənmiş “taxtda
əyləşmiş İlahəyə səcdə edən qadın” təsviri Urartu zərgərlik sənətinin gözəl nümunəsidir. Urartu ərazisinin
coğrafi şəraiti müxtəlif olmuşdur. Burada ucqar və yüksək dağlarla yanaşı, məhsuldar vadilər, aran torpaqları
mövcud idi. Xüsusilə Haldi allahına ithaf edilmiş məbədlərin nüfuzu saxlanılırdı və təbliğ olunurdu. Urartu
hökmdarları öz qələbələrini və abadlıq işlərini Haldi allahını adı ilə bağlayırdılar. Məbədlərə nəzir verilir və
qurban kəsilirdi. İşğal olunmuş ölkələrdən
gətirilmiş qənimətin, mal-qaranın və əsirlərin bir qismi məbəd
təsərrüfatına bəxş edilirdi. Burada məbədlər hələ böyük torpaq sahələrinə malik deyildilər. Urartu
hökmdarları məbəd tikintisinə diqqət verirdilər, lakin məbədlərdə dövlət təsərrüfat formasına oxşar
təsərrüfatlar hələ yaranmamışdı.
Ölkənin iqtisadi həyatında dövlət, yaxud hökmdar təsərrüfatı mühüm mövqeyə malik olmuşdu.
Dövlət təsərrüfatının geniş torpaq sahələri, sənətkarlıq emalatxanaları, işçi qüvvəsi var idi. Urartu
hökmdarları işğal olunmuş ərazilərdə, eləcə də Urartunun özündə müxtəlif abadlıq işləri aparır,
yeni qala və
şəhərlər salırdılar. Cənubi Qafqazda inşa edilmiş Teyşebaini, Argiştihinili və Erebuni kimi qala-şəhərləri
yüksək inkişaf səviyyəsinə çatmışdı. Urartu hökmdarları süni suvarma işini zəruri hesab edir, kanallar
çəkdirilirdilər. Bu kanallara bəzən müvafiq hökmdarın adı verilirdi. Bağ-bağça və üzümlüklərin salınması
hökmdarın göstərişi ilə həyata keçirilirdi.
Yeni şəhərlərə işğal olunmuş ölkələrin əhalisi köçürülürdü. Belə əsirlər Cənubi Qafqazdan, Şimali
Suriyadan və Mannadan gətirilirdi. Köçürülmüş əhali əsasən qul halına düşürdü. Qul əməyi dövlət
təsərrüfatında tətbiq olunurdu.
Urartunun apardığı geniş miqyaslı müharibələr ordunun təkmilləşdirilməsini tələb edirdi. Əsirlər
Urartu ordusunda xidmətə qəbul olunurdular. Ordunu Assur tipli silahlarla təchiz edirdilər. İşğal olunmuş
ölkələrdə hərbi və inzibati mərkəzlər yaradılır, orada hərbi dəstələr yerləşdirilirdi.
Bu minvalla əhalinin
Urartuya itaətini təmin edirdilər. Ordunun hərəkətini sürətləndirmək məqsədilə süvari dəstələri yaradılmışdı.
Ölkədə atçılığın inkişafına lazımi fikir verilirdi, hətta xəracın bir qismini atlar təşkil edirdi. At ölkəyə