19
S u a l: İlham müəllim, Nazirlər Kabinetindəki çıxışınızda belə bir ifadə işlətdiniz ki, Artur Rasizadə
Heydər Əliyevə sadiq adamdır. Sizcə, indi hakim komanda daxilində bu sözü hamıya şamil etmək
olarmı?
C a v a b: Mən bunu hamıya şamil edirəm. Hesab edirəm ki, Baş nazir kimi mənim əsas vəzifəm bundan
ibarətdir ki, hansısa ayrı-seçkiliyə yol verməyim. Düşünürəm ki, bu çox etibarlı komandadır. Onlar Heydər
Əliyevə, onun siyasətinə sadiq insanlardır. Ona görə bunu qeyd etdim ki, istəyirəm o insanlar da bilsinlər –
mənim onlara münasibətim müsbətdir. Hərə öz işində rahat, sakit işləsin və heç bir şayiəyə, təxribata
uymasınlar.
Bilirsiniz, indi müxalifətin fəaliyyətinin bir istiqaməti də ondan ibarətdir ki, iqtidar daxilində hansısa
ziddiyyətlər yaratsın, kimi kiminsə əleyhinə qaldırsın, müxtəlif şayiələr yaysın və s. Hesab edirəm ki, bizim
iqtidarda təmsil olunan insanlar buna əhəmiyyət verməməlidirlər. Şəxsən mən buna əhəmiyyət vermirəm.
Müxalifət mətbuatını oxumuram və hesab edirəm, əgər onları heç
kim oxumasa, belə bir təəssürat yaranar ki,
onlar, ümumiyyətlə, yoxdurlar. Azərbaycanda Heydər Əliyevin tərəfindən yaradılmış vahid komanda var və
mən də o komandanın bir üzvüyəm. Sağ olun.
20
RUSİYA TELEVİZİYASININ “VESTİ” XƏBƏRLƏR PROQRAMINA
MƏXSUSİ MÜSAHİBƏ
9 avqust 2003-cü il
Rusiya televiziyasının “Vesti” xəbərlər proqramının axşam buraxılışında Azərbaycan prezidenti Heydər
Əliyevin səhhəti barədə məlumat səslənmişdir. Qeyd edilmişdir ki, Azərbaycan prezidenti Heydər Əliyevin
Klivlend klinikasında müayinəsinin ilkin nəticələri qənaətbəxşdir. Bunu həmin xəstəxananın həkimləri
bildirmişlər. Bununla belə, həkimlərin sözlərinə görə, o, müalicə kursu keçməlidir...
Azərbaycan dövlət başçısının oğlu İlham Əliyev Rusiya televiziyasına məxsusi müsahibə verərək demişdir ki,
Heydər Əliyev bu klinikada bir neçə dəfə müalicə olunmuşdur və şəxsən mənim Amerika həkimlərinə etibar
etməməyimə əsasım yoxdur...
İ l h a m Ə l i y e v: Azərbaycan prezidenti Heydər Əliyevin səhhəti normaldır. Mən ölkəmizin başçısını
müşayiət edən şəxslərlə bir neçə saat bundan əvvəl danışdım. Hər şey yaxşıdır, onun səhhəti tamamilə
normaldır. Prezidentin səhhəti barədə bu gün Klivlend xəstəxanası da rəsmi məlumat yaymışdır. Məlumatda
deyilir ki, müəyyən problemlərlə yanaşı, çox yaxşı, müsbət dinamika da var və biz ümidvarıq ki, cənab Prezi-
dent yaxın vaxtlarda tam sağalacaq və Vətənə dönəcəkdir.
– Sizin özünüzün də iştirak edəcəyiniz prezident seçkiləri ərəfəsində Azərbaycanda vəziyyət barədə nə
deyə bilərsiniz?
– Təəssüf ki, bizim müxalifətçilər on il ərzində nə öz dünyagörüşündə, nə siyasi mübarizə aparmağın yeni
formalarının axtarışında, nə də əhali arasında az-çox ciddi dəstək qazanmaq cəhdlərində müəyyən tərəqqiyə nail
ola bilməmişlər. İndi mənim Baş nazir vəzifəsinə təyin olunmağım müxalifətdə böyük narahatlıq və sarsıntı
doğurur.
Onlar ümidli idilər ki, prezident Əliyevin xəstələnməsi ilə əlaqədar hakim komandada çəkişmələr, fikir
ayrılıqları başlanacaqdır. Hər halda, onlar belə düşünür, yaxud da belə təsəvvür etməyə çalışırdılar. Lakin onlar,
həmişəki kimi, yenə də yanıldılar. Mənim parlament tərəfindən yekdilliklə dəstəklənməyim və hökumət
üzvlərinin məni tamamilə dəstəkləməsi bir daha göstərdi ki, Azərbaycanda Heydər Əliyevin sıx birləşmiş
komandası var və bu komanda onun siyasətini indi də, gələcəkdə də həyata keçirməyə qadirdir.
Onu da bildirim ki, Azərbaycan əcnəbi sərmayəçilər üçün bu gün də cəlbedicidir və bu, ölkə iqtisadiyyatında
müsbət nəticələr verir.
Qarşıdakı üç ildə Azərbaycanın neft sektoruna 9 milyard dollar sərmayə qoyulacaqdır. Əgər indiyədək 5-6
milyard dollar sərmayə qoyulduğunu
nəzərə alsaq, görərik ki, Azərbaycan adambaşına düşən birbaşa xarici
sərmayələrin həcminə görə ön sıralardadır.
– Rusiya–Azərbaycan münasibətləri haqqında fikriniz necədir?
– İndi biz ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin səviyyəsindən çox məmnunuq. Təəssüf ki,
keçmişdə yaxşı qarşılıqlı əlaqələrə nail olmaq heç də həmişə mümkün olmurdu. Amma sizə deməliyəm ki,
Vladimir Putin prezident vəzifəsinə gəldikdən sonra, xüsusən onun Azərbaycana rəsmi səfərindən və burada
danışıqlar aparıldıqdan, habelə prezidentimizin Rusiyaya dövlət səfərindən sonra ikitərəfli münasibətlərimizə
yeni təkan verildi. Biz məsələlərin çox geniş dairəsi üzrə razılığa gəldik və artıq əməli nəticələr əldə etməyə
başlamışıq.
21
“VAŞİNQTON POST” QƏZETİNƏ MÜSAHİBƏ
9 avqust 2003-cü il
S u a l: Birinci sualımız Prezidentlə bağlıdır. O, müayinə və müalicəsini davam etdirmək üçün
Birləşmiş Ştatlara gedəcəkmi?
C a v a b: Doğrudur, o, müalicəsini Birləşmiş Ştatlarda Klivlenddə davam etdirməyi planlaşdırır. Mənə elə
gəlir ki, bu, doğru qərardır, çünki onu orada tanıyırlar. Mən əminəm ki,
orada onun mümkün qədər tez
sağalmasını təmin edəcəklər.
S u a l: Hazırda aldığı müalicə nədir? Sınmış qabırğaların müalicəsidir, yoxsa başqa bir şey?
C a v a b: Əlbəttə ki, qabırğası zədələndikdən sonra Prezidentin ümumi vəziyyəti də bizim istədiyimiz
səviyyədə deyildir. Xüsusilə də bu ixtiyar yaşda hər hansı bir zədənin sağalması vaxt aparır. Prezidentin də
xarakteri belədir ki, işdən kənarda qalmağa alışmayıb və o hadisədən sonra işə başlaması bir qədər tez olmuşdur.
İndi səhhəti möhkəmləndirmək lazımdır və əminəm ki, onu artıq 4 il tanıyan həkimlər əllərindən gələni
edəcəklər ki, buna nail olunsun.
S u a l: Ürəyində də problemlər var?
C a v a b: Bəli, 1987-ci ildən ürəyində problem olub, ilk dəfə infarkt keçirib, 1999-cu ildə Klivlenddə
ürəyində cərrahiyyə əməliyyatı aparılmışdır.
S u a l: Yaxın gələcək haqqında danışsaq, Prezident burada olmadığı müddətdə siz hökuməti gündəlik
idarə edəcəksiniz?
C a v a b: Hər şeydən əvvəl, mənim təyinatım o deməkdir ki, prezident Heydər Əliyevin Azərbaycanda
1993-cü ildən bəri apardığı siyasət davam etdiriləcəkdir. Bu bizim ölkə üçün çox vacibdir. Çünki keçmişdə
bizim çətin anlarımız olub – qeyri-sabitlik, qarmaqarışıqlıq vaxtları, vətəndaş müharibəsi, iqtisadiyyatın
tamamilə dağılması. Bütün bunları geridə qoymaq üçün olduqca çox vaxt və səylər tələb olundu. Ona görə də
cəmiyyətin əsas məqsədi sabitliyi qorumaq və aparılan siyasətin dəyişilməsinə yol verməməkdir. Düşünürəm ki,
parlamentin mənim təyinatıma razılıq barədə qərarının əsasında da məhz bu fikirlər, düşüncələr, bu məqsədlər
dururdu.
Əlbəttə, mən çalışacağam bacardığımı edim ki, indiyədək əldə olunanların hamısı nəinki qorunub saxlansın,
həm də hökumət iqtisadi islahatlar sahəsində bu vaxtadək əldə etdiyimiz nailiyyətləri daha da artırsın.
İqtisadiyyat sahəsində uğurlarımız çoxdur, Azərbaycana milyardlarla dollar sərmayənin yatırılmasına
müvəffəq
olmuşuq.
Xarici sərmayənin cəlb olunması sahəsində keçmiş SSRİ ölkələri içərisində aparıcı mövqedəyik. Neft və qaz
sektorunda yaxşı infrastruktur yaratmağa müvəffəq olmuşuq. Üstəgəl, cəmiyyətin demokratikləşdirilməsi
prosesi davam etməkdədir. Bu da olduqca mühüm məsələlərdən biridir. İqtisadiyyatın inkişafı ilə yanaşı,
demokratiyanı da inkişaf etdirmək vacibdir. Mən əminəm ki, üzümüzə gələn seçkilər ədalətli, demokratik
şəraitdə keçəcəkdir. Baş nazir kimi mən də seçkilərin bu cür keçməsini təmin etmək üçün əlimdən gələni
əsirgəməyəcəyəm. Azərbaycan gərək siyasi və iqtisadi cəhətdən güclü, demokratik ölkə olsun. Bu bizim ümumi
məqsədimizdir. Bəlkə də sizin hazırladığınız sualların çoxuna artıq cavab verdim.
S u a l: Əlbəttə, seçkilər mövzusu gündəlikdədir. Siz də, atanız da prezidentliyə namizəd kimi qeydə
alınmısınız. Sizlərdən kimin seçkilərdə iştirak etməsi ilə bağlı qərar nə vaxt qəbul olunacaqdır? Yəqin
atanıza qarşı olmaq istəməzsiniz?
C a v a b: Bəli, doğru deyirsiniz. Əslində, mənim namizədliyim irəli sürülən kimi bəyanat verdim ki,
seçkilərdə iştirak etməyəcəyəm. Özümün namizədlər arasına daxil edilməyimə ona görə razı oldum ki,
prezidentin seçki kampaniyasında daha fəal iştirak etmək istəyirəm. Şübhəsiz, mən
istənilən halda seçki
kampaniyasında iştirak edəcəkdim. Amma bu status mənə daha çox imkan açır. Mənə elə gəlir ki, qərarın nə
vaxt qəbul ediləcəyi barədə söhbət etmək bir qədər tezdir. Əminəm ki, Prezident seçkilərdə iştirak edəcəkdir.
İctimaiyyətin əhval-ruhiyyəsindən, yalnız yerli deyil, beynəlxalq qurumların da keçirdiyi sorğulardan görünür
ki, Prezident olduqca böyük üstünlüyə malikdir, əhalinin böyük əksəriyyəti ona səs vermək fikrindədir. Buna
görə də onun bir daha yenidən seçilmək imkanı da çox böyükdür.
S u a l: Amma eyni zamanda həm də mümkündür ki, o, qərar qəbul etsin ki, bu dəfə seçkilərdə iştirak
etməsin. Elədirmi?
C a v a b: Bu onun qərarından asılı olacaqdır. Amma mən düşünürəm ki, belə şey olmayacaq, o,
seçkilərdə
iştirak edəcəkdir.
S u a l: Yəqin ki, Azərbaycanda Sizi tənqid edənlər də var. Müxalifət Sizin təyinatınızdan sonra bir
nəslin yaratdığı monarxiya haqqında danışır. Sizin onlara cavabınız necə olardı?