İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə71/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   67   68   69   70   71   72   73   74   ...   84

180 
 
verməkdədir. Azərbaycanın çox qədim tarixi, çox zəngin, mədəni irsi vardır. Əlbəttə, biz bu irsi, bu tarixi töhfə 
olaraq dünya sivilizasiyasına bəxş edirik.  
Azərbaycan üç ildən artıqdır ki, Avropa Şurasının üzvüdür. Bu illər ərzində ciddi dəyişikliklər baş vermişdir 
ki, bu da öz növbəsində, ölkəmizi daha da demokratikləşdirir. Azərbaycanın Avropa Şurasında fəaliyyəti çox 
uğurlu olmuşdur və Avropa Şurası öz sənədlərində Ermənistanı işğalçı dövlət kimi tanımışdır. Bu bizim böyük 
uğurumuzdur və hesab edirik ki, gələcək  danışıqlar prosesinə güclü zəmin yaradacaqdır.  
Eyni zamanda, Avropa Birliyi ilə  də münasibətlərimiz inkişaf edir, güclənir. Çox sevindirici haldır ki, 
Avropa Birliyi Cənubi Qafqaz üzrə xüsusi nümayəndə təyin edibdir. Bu onu göstərir ki, Avropa Birliyinin bizim 
bölgəmizə olan diqqəti artır. Biz əminik ki, bütün beynəlxalq birlik Azərbaycanla bundan sonra da uğurlu 
əməkdaşlıq edəcək və Azərbaycan da öz gələcəyini Dünya Birliyinə, Avropa məkanına inteqrasiyada görür.  
Bizim planlarımız, proqramlarımız çoxdur. Bu yaxınlarda qəbul edilmiş sosial-iqtisadi inkişafın 
sürətləndirilməsi proqramı uğurla həyata keçirilir. Eyni zamanda, yenə bu yaxınlarda qəbul etdiyimiz regional 
proqram da həyata keçirilir və beləliklə, Azərbaycanın iqtisadiyyatı hərtərəfli inkişaf edəcəkdir. Bölgələrimiz bu 
proqramların həyata keçirilməsindən daha böyük fayda görəcəkdir.  
Ölkəmizin perspektivləri çox gözəldir. Bildiyiniz kimi, təkcə Azərbaycan üçün deyil, bütün bölgə üçün, 
geniş mənada Avropa üçün böyük əhəmiyyət kəsb edən Bakı–Tbilisi–Ceyhan neft kəməri uğurla inşa edilir. Biz 
əminik ki, o, vaxtında, zamanında istismara veriləcəkdir.  
Bakı–Tbilisi–Ceyhan neft kəmərinin təşəbbüskarı və müəllifi Azərbaycanın ümummilli lideri Heydər Əliyev 
olmuşdur. Təsadüfi deyil ki, onu inşa edən  şirkət bu kəmərə Heydər  Əliyevin adını vermişdir. Məhz Heydər 
Əliyevin uğurlu neft strategiyası sayəsində Azərbaycana, onun neft sahəsinə böyük həcmdə sərmayələr qoyuldu. 
Azərbaycan heç kəsdən asılı olmayaraq, müstəqil şəkildə öz siyasətini apardı və biz, nəhayət, istədiyimizə nail 
olduq. Bakı–Tbilisi–Ceyhan layihəsi xəyaldan gerçəkliyə çevrilibdir.  
Bu yolda çoxlu çətinliklərimiz var idi. Çoxlu əngəllər, maneələr var idi. Azərbaycanın gələcəyi üçün böyük 
təhlükələr yaradılırdı. Amma bütün bunlara baxmayaraq, Azərbaycan rəhbərliyinin,  şəxsən prezident Heydər 
Əliyevin iradəsi, qətiyyəti, cəsarəti hər  şeydən üstün olubdur. Biz əminik ki, bu boru xətti, neft kəməri işə 
salınandan, istismara veriləndən sonra bölgədə bütün vəziyyət, ab-hava dəyişəcəkdir və dəyişməlidir. Bu kəmər, 
bu boru xətti bölgəmizə əmin-amanlıq, sabitlik, təhlükəsizlik gətirəcəkdir. Bu, Azərbaycanı Türkiyə ilə daha da 
sıx bağlayacaqdır. Türkiyənin və Azərbaycanın dünyadakı mövqeləri daha da güclənəcəkdir. Ona görə biz 
hamımız bu kəmərin işə salınmasını səbirsizliklə gözləyirik və əminik ki, vaxtında, gələn ilin birinci rübündə 
biz Bakı–Tbilisi–Ceyhan neft kəmərinin təntənəli açılışını qeyd edəcəyik. 
Eyni zamanda, ölkələrimiz üçün böyük əhəmiyyət kəsb edən Bakı–Tbilisi–Ərzurum qaz kəməri də  uğurla 
irəliyə gedir. Bu layihə də həyata keçirilir və o bizə imkan verəcək ki, Azərbaycan qazı rahat, təhlükəsiz şəraitdə 
Türkiyəyə  nəql edilsin və sonra buradan digər Avropa ölkələrinə çatdırılsın. Beləliklə, Avropa istehlakçıları 
üçün Azərbaycan qazı böyük əhəmiyyət kəsb edəcəkdir. Bir tərəfdən, bu qaz digər qazlardan ucuz olacaq, çünki 
bunun nəqli ilə bağlı  xərclər daha az olacaqdır. Digər tərəfdən, hər bir istehlakçı üçün alternativ mənbə çox 
vacibdir və biz də bu mənbəni təmin edəcəyik. 
Bir sözlə, bir neçə ildən sonra, bütün bu regional, irimiqyaslı layihələr həyata keçiriləndən sonra Azərbaycan və 
Türkiyə əl-ələ verərək, uğurla irəliyə gedəcəklər. Bölgədə Türkiyəsiz, Azərbaycansız heç bir əməkdaşlıq, işbirliyi, 
regional işbirliyi mümkün deyildir. Bu bizim böyük nailiyyətimizdir. Bu baxımdan bölgəni daha da təhlükəsiz etmək 
üçün, mövcud təhlükəni aradan qaldırmaq üçün Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini 
tapmalıdır.  
Uzun illərdir ki, bu münaqişə öz həllini tapmır. Bilirsiniz ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində 
Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Bu işğal nəticəsində bir milyondan artıq vətəndaşımız qaçqın, 
köçkün vəziyyətinə düşübdür. Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət öz qətiyyətini ortaya qoymur və belə 
olan halda, bu münaqişə öz həllini tapmır.  
Azərbaycanın mövqeyi ədalətlidir və bu mövqe beynəlxalq hüquq normalarına əsaslanır. Beynəlxalq hüquq 
normaları  bərpa olunmalıdır. Azərbaycan bütün digər ölkələrin  ərazi bütövlüyünü tanıyır.  Əlbəttə, tələbimiz 
odur ki, bizim də ərazi bütövlüyümüz tanınsın, bərpa edilsin. Bu bizim haqlı tələbimizdir və mən əminəm ki, bu 
istiqamətdə uğurlar olmalıdır və olacaqdır. Çünki biz XXI əsrdə yaşayırıq. XXI əsrdə bir ölkənin digər ölkənin 
torpaqlarını işğal etməsinə yol vermək olmaz.             
Ermənistanın mövqeyi isə heç bir məntiqə söykənmir və bütün beynəlxalq hüquq normalarını pozur. 
Ermənistanın tələbi nədir? Qısa desək, onların tələbi bundan ibarətdir ki, Dağlıq Qarabağ erməniləri, orada 
yaşayan ermənilər öz müqəddəratını özləri təyin etsinlər. 
Birincisi, onu deməliyəm ki, Dağlıq Qarabağda yaşayan ermənilər oraya, qədim Azərbaycan torpağına qonaq 
kimi gəlmişlər. 1820-ci illərdə onlar oraya gəlmişlər və Dağlıq Qarabağa gəlmələrinin 150 illik yubileyi 
münasibətilə, hətta  bir abidə də ucaltmışdılar. Bu, məsələnin tarixi tərəfidir.  


181 
 
İkincisi, Ermənistan dövləti var və erməni xalqı öz müqəddəratını Ermənistan dövləti çərçivəsində artıq təyin 
edibdir. Əgər ermənilər yaşadıqları bütün ölkələrdə öz müqəddəratını təyin etmək eşqinə düşərlərsə, dünyada nə 
qədər erməni dövləti yaranacaqdır? Ermənilər Gürcüstanda, Rusiyada, Amerikada, Fransada və digər ölkələrdə 
yaşayırlar. Nə üçün onlar yaşadıqları bütün ölkələr içərisində öz müqəddəratını  təyin etmək üçün yalnız 
Azərbaycanı seçiblər?! Bu prinsip beynəlxalq hüquq normalarına ziddir. Əgər Qarabağda yaşayan ermənilər öz 
müqəddəratını təyin etmək istəyirlərsə, buyursunlar, onu Ermənistan dövləti çərçivəsində etsinlər. 
Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Həmişə Azərbaycan torpağı olub, bundan sonra da Azərbaycan 
torpağı olacaqdır. Azərbaycan heç vaxt torpaqlarının itirilməsi ilə barışmayacaq və nəyin bahasına olursa-olsun, 
öz torpaqlarını azad edəcəkdir. Mən çox məmnunam ki, son zamanlarda bizim ədalətli mövqeyimiz bu məsələ 
ilə  məşğul olan ATƏT-in Minsk qrupu tərəfindən də  qəbul edilir. Mən  əminəm ki, yaxın zamanlarda bu 
istiqamətdə önəmli addımlar atıla bilər.  
Əziz dostlar! 
Qeyd etdiyim kimi, mən ikinci gündür prezident kimi Türkiyədə rəsmi səfərdəyəm. Mən Türkiyədə dəfələrlə 
olmuşam, Türkiyəyə çox bağlıyam, bu ölkəni çox sevirəm. Türkiyəni özümə  vətən hesab edirəm. Amma 
prezident kimi bu mənim ilk səfərimdir. Mən bu səfəri çox həyəcanla gözləyirdim. Bu gün tam qətiyyətlə deyə 
bilərəm ki, bu səfər iki ölkə arasında olan münasibətlərin inkişafında böyük rol oynayacaqdır, yeni mərhələyə 
çevriləcəkdir.  
Bayaq dediyim kimi, ölkələrimiz arasında münasibətlər çox uğurla inkişaf edir. Bizim ümummilli liderimiz 
Heydər Əliyevin səyləri nəticəsində ölkələrimiz arasında münasibətlər çox yüksək pilləyə qalxıbdır. Mən bütün 
başqa sahələrdə olduğu kimi, bu sahədə də Heydər Əliyevin siyasətinə sadiqəm, bu siyasəti aparacağam. Mən 
bu yoldan dönməyəcəyəm və əlimdən gələni edəcəyəm ki, Türkiyə–Azərbaycan münasibətləri həmişə olduğu 
kimi, dostluq, qardaşlıq prinsiplərinə əsaslansın. 
Bizim tarixi köklərimiz birdir, mənşəyimiz birdir. Heydər  Əliyev demişkən, “Biz bir millət, iki dövlətik”. 
Gücümüz də birliyimizdədir. Əminəm ki, keçmişdə olduğu kimi, bundan sonra da – 50, 100, 200 ildən sonra  
bütün dövrlərdə bizim qardaş xalqlarımız daim bir yerdə olacaqlar. 
Əziz dostlar! 
Mənə bu fürsəti verdiyinizə görə, məni buraya dəvət etdiyinizə görə sizə bir daha öz dərin minnətdarlığımı 
bildirmək istəyirəm.  
Yaşasın əbədi, sarsılmaz Türkiyə–Azərbaycan birliyi, qardaşlığı! 
Yaşasın böyük Türkiyə Cümhuriyyəti! 
Sağ olun. 
  
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə