İnsan hüquqlari üZRƏ avropa məHKƏMƏSİ Birinci bölmə Rantsev Kiprə və Rusiyaya qarşı


IV. Konvensiyanin 3-cü maddəsinin iddia olunan pozuntusu



Yüklə 0,63 Mb.
səhifə6/8
tarix10.11.2017
ölçüsü0,63 Mb.
#9339
1   2   3   4   5   6   7   8

IV. Konvensiyanin 3-cü maddəsinin iddia olunan pozuntusu

248. Ərizəçi xanım Rantsevanı pis rəftardan qorumaq üçün addımlar atmamağa və ölümünə gətirib çıxaran dövrdə onun qeyri-insani və ya alçaldıcı rəftara məruz qalıb-qalmamasının araşdırılmamasına aid Kipr dövlət orqanları tərəfindən Konvensiyanın 3-cü maddəsinin pozulmasını iddia etmişdir. Konvensiyanın 3-cü maddəsi nəzərdə tutur ki:

“Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldən rəftara və ya cəzaya məruz qalmamalıdır.”

A. Tərəflərin dəlilləri

1. Ərizəçi

249. Ərizəçi iddia edib ki, hazırkı işdə pozitiv öhdəlik fərdi şəxslərin pis rəftarından xanım Rantsevanı qorumaqdan irəli gəlib. O iddia edib ki, xanım Rantsevanın ölümündən sonra aparılmış iki məhkəmə tibb ekspertizasının rəyləri aşkar edib ki, onun ölümü ilə bağlı izahlar qeydə alınmış zədələrə uyğun gəlmir. O iddia edib ki, toplanmış şahid ifadələri ölümündən əvvəl xanım Rantsevanın bədəni üzərində zədələrin olub-olmamasına qaneedici cavabı nəzərdə tutmayıb. Buna baxmayaraq, xanım Rantsevanın qeyri-insani və ya alçaldıcı rəftara məruz qalıb-qalmamasına aid Kipr dövlət orqanları tərəfindən istintaq aparılmamışdır. Daha sonra, real və birbaşa təhlükə barədə dövlət orqanlarının bildiyi və ya bunu bilməli olduğu təqdirdə, xanım Rantsevanı pis rəftar təhlükəsindən qorumaq üçün hər hansı addımlar atılmamışdır. Müvafiq olaraq, ərizəçinin dəlilində iş üzrə Konvensiyanın 3-cü maddəsi pozulmuşdur.



2. Kipr Hökuməti

250. Özünün yazılı dəlillərində Kipr Hökuməti razı olmayıb ki, iş üzrə Konvensiyanın 3-cü maddəsi pozulmuşdur. Onlar işarə ediblər ki, işin materiallarında heç bir məqam ölümündən əvvəl xanım Rantsevanın qeyri-insani və ya alçaldıcı rəftara məruz qaldığını göstərmir. Hər bir halda məsuliyyət daşıyanların şəxsiyyətinin müəyyən edilməsi və cəzalandırılmasına gətirib çıxara bilən hərtərəfli istintaq xanım Rantsevanın ölməsi halları ilə bağlı aparılmışdır. Buna görə, Konvensiyanın 3-cü maddəsinə riayət olunmuşdur.

251. Özünün sonrakı birtərəfli bəyanatında (baxın, yuxarıda 187-ci paraqraf) Kipr Hökuməti təsdiq edib ki, ölümündən əvvəl xanım Rantsevanın qeyri-insani və ya alçaldıcı rəftara məruz qalıb-qalmaması ilə bağlı polis istintaqının qeyri-səmərəli olduğu qədər Konvensiyanın 3-cü maddəsinə əsasən ortaya çıxan prosessual öhdəlik pozulmuşdur. Onlar, həmçinin təsdiq etmişlər ki, xanım Rantsevanın işləməsi və Kiprdə qalması və onun qeyri-insani və ya alçaldıcı rəftara məruz qalıb-qalmaması halları ilə bağlı istintaqın aparılması üçün üç müstəqil müstəntiqlər təyin olunmuşlar.

B. Məhkəmənin qiymətləndirməsi

252. Məhkəmə qeyd edir ki, ölümündən əvvəl xanım Rantsevanın pis rəftara məruz qaldığına dair hər hansı sübut yoxdur. Lakin aydındır ki, zorakılıqdan istifadə etmə və qurbanların pis rəftara məruz qalmaları insan alverinin ümumi xüsusiyyətləridir (baxın, 85, 87-88 və 101-ci paraqraflar). Buna görə, Məhkəmə hesab edir ki, pis rəftarla bağlı hər hansı spesifik iddiaların olmadığı halda, ölümündən əvvəl xanım Rantsevanın məruz qaldığı hər hansı qeyri-insani və ya alçaldıcı rəftar iddia olunan insan alveri və istismarla çox bağlıdır. Müvafiq olaraq, Məhkəmə hesab edir ki, ərizəçinin Konvensiyanın 3-cü maddəsi üzrə şikayətlərini ayrıca araşdırmaq zəruri deyil və Konvensiyanın 4-cü maddəsi baxımından ərizəçinin şikayətinin araşdırılması yönümündə ortaya çıxan ümumi məsələləri həll edəcək.



V. Konvensiyanin 4-cü maddəsinin iddia olunan pozuntusu

253. Ərizəçi qızının insan alverindən qorunması və Kiprə gəlişi və orada işləməsi halları ilə bağlı səmərəli istintaq aparılmasının uğursuzluğu baxımından həm Rusiya, həm də Kipr dövlət orqanları tərəfindən Konvensiyanın 4-cü maddəsinin pozulduğunu iddia etmişdir. Konvensiyanın 4-cü maddəsi müvafiq hissəsində nəzərdə tutur ki:

“1. Heç kəs köləlikdə və ya əsarət altında saxlanılmamalıdır.

Heç kəs məcburi və ya icbari əməyə cəlb olunmamalıdır.

... ”

A. Tərəflərin dəlilləri

1. Ərizəçi

254. Siliadin Fransaya qarşı işə (№ 73316/01, İHAM 2005-VI) və İnsan Alverinə qarşı Konvensiyaya (baxın, yuxarıda 162-174-cü paraqraflar) istinadən, ərizəçi iddia edib ki, Kipr dövlət orqanları insan alveri ilə mübarizə aparmaq üçün qanunlar qəbul etməli və bu mübarizə məqsədilə siyasətlərini və proqramlarını müəyyənləşdirməli və gücləndirməli olmuşlar. O, Avropa Şurasının İnsan hüquqları Komissarının məruzələrinə işarə etmişdir (baxın, yuxarıda 91-104-cü paraqraflar). Onun fikrincə, bu məruzələr göstərir ki, kabare artistləri kimi işləmək üçün Kiprə köçən gənc əcnəbi qadınların vəziyyətində pisləşmə vərdır. Ərizəçi bu nəticəyə gəlib ki, insan alveri ilə mübarizə üzrə Kiprin üzərində olan öhdəliyə riayət olunmamışdır. Xüsusən, ərizəçi göstərib ki, Kipr dövlət orqanları azad etmək əvəzinə, xanım Rantsevanı keçmiş işəgötürəninə niyə vermələrini izah edə bilməmişlər (baxın, yuxarıda 82-ci paraqraf). O israr edib ki, bunu etməklə, Kipr dövlət orqanları onun qızını insan alverindən qorumaq üçün tədbirlər görməmişlər. Onlar, həmçinin qızının insan alverinin qurbanı olub-olmadığını və ya cinsi və ya digər istismara məruz qalıb-qalmadığını istintaq etməmişlər. Xanım Rantsevanın kabaredə işləmək üçün Kiprə könüllü daxil olmasına baxmayaraq, Məhkəmə müəyyən edib ki, əvvəlki razılıq, daha irəliyə getmədən, məcburi əməyin mövcudluğunun müəyyən edilməsini təkzib etmir (Van der Mussel Belçikaya qarşı, 23 noyabr 1983-cü il, § 36, A Seriyaları, №70).

255. Rusiyaya münasibətdə ərizəçi göstərib ki, həmin vaxtda Rusiyanın Cinayət Məcəlləsi insan alverinə aşkar surətdə aid olan müddəaları əks etdirməyib. O iddia edib ki, Rusiya dövlət orqanları cinsi industriyada işləmək üçün Kiprə insan alveri üzrə gətirilən konkret gənc qadınlar problemindən xəbərdar olmuşdur. Müvafiq olaraq, Rusiya Federasiyası rus qadınların insan alverinin və istismarının qarşısının alınması üçün tədbirlər qəbul etmək öhdəliyi altında olmuş, lakin bunu etməmişdir. Hazırkı işdə o, xanım Rantsevanın Kiprə gəlişi və onun orada işləməsinin xarakterik hallarının araşdırılması üzrə spesifik öhdəlik altında olmuş, lakin belə istintaq aparılmamışdır.

2. Kipr Hökuməti

256. Öz yazılı qeydlərində Kipr Hökuməti təsdiq edib ki, xanım Rantsevanın ölümündən əvvəl və ya sonra insan alverinin qurbanı olub-olmadığının və ya onun cinsi və ya digər istismar formalarına məruz qalıb-qalmadığının müəyyən edilməsi üçün hər hansı addımlar atılmamışdır. Lakin onlar razı olmamışlar ki, iş üzrə Konvensiyanın 4-cü maddəsi pozulmuşdur. Onlar iddia etmişdir ki, Dövlətin üzərində köləlik, əsarət və ya məcburi və ya icbari əmək vəziyyətində şəxsin saxlanılması ilə bağlı hər hansı hərəkətin cəzalandırılması və səmərəli mühakiməsini tələb edən pozitiv öhdəliklər olmuşdur. Lakin Konvensiyanın 2 və 3-cü maddələri ilə analogiya üzrə onlar iddia ediblər ki, pozitiv öhdəliklər yalnız o halda əmələ gəlir ki, dövlət orqanları şəxsiyyəti bəlli olan şəxsin belə vəziyyətdə saxlandığını bilsinlər və ya bilməli olsunlar. Bu pozitiv öhdəlik yalnız o halda pozulmuş olar ki, onlar səlahiyyətləri daxilində əsaslı şəkildə qiymətləndirilməklə, bu təhlükəni aradan qaldıra bilən tədbirləri görməsinlər.

257. Hazırkı işdə nə istintaq materiallarında, nə də hər hansı digər sübutda heç bir dəlil göstərmir ki, xanım Rantseva köləlik və yaxud əsarətdə olmuş və ya məcburi əməyə cəlb edilmişdir. Əlavə olaraq, Kipr Hökuməti o fakta işarə edib ki, daxili dövlət orqanlarına hər hansı şikayət verilməmişdir ki, onun qızı trafikinqin və ya istismarın qurbanı olmuş və Rusiya dövlət orqanları tərəfindən hər hansı yazışma belə şikayətə istinadı əks etdirməmişdir. Xanım Rantseva özü ölümündən əvvəl bu xarakterli hər hansı iddialar irəli sürməmiş və yorulduğunu və geriyə Rusiyaya getdiyini bildirən mənzilində qoyduğu qeyd (baxın, yuxarıda 17-ci paraqraf) hər hansı belə iddiaları təsdiq etmək üçün qeyri-adekvat olmuşdur. Hökumət iddia edib ki, bu xarakterli şikayətin Limassoldakı Rusiya Ortodoksal keşişi tərəfindən dövlət orqanlarına ilk dəfə edildiyi tarix 13 aprel 2006-cı il olmuşdur. Onlar israr ediblər ki, Rusiya dövlət orqanları Kipr dövlət orqanları ilə əməkdaşlıq edə və xanım Rantseva ilə kabaredə işləmiş iki rus qadının şahid ifadələrini əldə edə bilməmişlər.

258. Özünün sonrakı birtərəfli bəyanatında (baxın, yuxarıda 187-ci paraqraf) Kipr Hökuməti etiraf edib ki, xanım Rantsevanın insan alverinə və ya hər hansı cinsi və ya istismarın digər formalarına məruz qalıb-qalmamasının müəyyən edilməsi üçün hər hansı tədbirləri görməməklə, Konvensiyanın 4-cü maddəsinə əsasən pozitiv öhdəliklərini pozmuşlar. Onlar, həmçinin təsdiq etmişlər ki, xanım Rantsevanın işləməsi və Kiprdə qalması və onun insan alverinin və ya istismarın qurbanı olub-olmadığına dair hər hansı sübutun mövcudluğu halları ilə bağlı istintaqın aparılması üçün üç müstəqil müstəntiqlər təyin olunmuşlar.



3. Rusiya Hökuməti

259. Yuxarıda göstərildiyi kimi, Rusiya Hökuməti iddia edib ki, xanım Rantsevanın hazırkı işdə məruz qaldığı rəftar Konvensiyanın 4-cü maddəsinin əhatəsinə düşür (baxın, yuxarıda 209-cu paraqraf).

260. Rusiya Hökuməti mahiyyəti üzrə razılaşıb ki, Konvensiyanın 4-cü maddəsindən irəli gələn pozitiv öhdəliklər üzv Dövlətlərdən təmin etməyi tələb edib ki, onun ərazisində yaşayan şəxslər köləlik və ya əsarətdə saxlanmasınlar və əməyə məcbur edilməsinlər. Belə hallar baş verdikdə, üzv Dövlətlərdən tələb olunub ki, qurbanların hüquqlarının qorunması və bərpası və təqsirli şəxslərin mühakimə olunması üçün səmərəli vasitələri yaratsınlar. Lakin ərizəçinin şikayətinin Rusiyaya ünvanlanması kontekstində onun dəlili ondan ibarət olmuşdur ki, Rusiya dövlət orqanları vətəndaşları xaricə köçməkdən qorumaq üçün qabaqlayıcı tədbirlər sistemini yaratsınlar. Rusiya Hökuməti göstərib ki, hər hansı belə tədbirlər Konvensiyanın 4-cü maddəsi ilə “hər kəsin özünün ölkəsi daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azad olduğunu” nəzərdə tutan Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsi ilə təmin olunmuş sərbəst hərəkət etmək hüququ arasında tarazlığa cavab verməlidir. Onlar, həmçinin iddia ediblər ki, hər hansı belə tədbirlərin dairəsi vətəndaşın səyahət etmək istədiyi Dövlətin suverenliyinə hörmət etmək zərurəti ilə əhəmiyyətli şəkildə məhduddur.

261. Rusiya Hökumətinə görə, Konvensiyanın 4-cü maddəsinin pozulmasının qarşısının alınması, qurbanların müdafiəsi və təqsirli şəxslərin mühakiməsi üçün Rusiyanın cinayət qanunvericiliyində müəyyən olunmuş həddən artıq tədbirlər vardır. Həmin vaxtda qüvvədə olmuş Rusiya cinayət qanunvericiliyində insan alverinə və kölə əməyinə dair müddəaların əks olunmamasına baxmayaraq, belə hərəkətlər hər bir halda adam öldürməyə cəhd və ya sağlamlığa ağır zərər vurma, adam oğurluğu, azadlığın qanunsuz məhdudlaşdırılması və cinsi cinayətlər kimi digər cinayətlərin tərkibi daxilinə düşüb (baxın, yuxarıda 133-135-ci paraqraflar). Rusiya Hökuməti, həmçinin “Köləlik haqqında” 1926-cı il tarixli Konvensiya (baxın, yuxarıda 137-141-ci paraqraflar) və 2000-ci il tarixli Palermo Protokolu (baxın, yuxarıda 149-155-ci paraqraflar) daxil olmaqla, Rusiya Federasiyası tərəfindən ratifikasiya olunmuş müxtəlif beynəlxalq müqavilələrə işarə edərək vurğulamışdır ki, Rusiya bir çox qarşılıqlı hüquqi yardım sazişlərinə imza etmişdir (baxın, yuxarıda 175-185-ci paraqraflar). Hazırkı işdə onlar qarşılıqlı hüquqi yardım çərçivəsi daxilində təqsirli şəxslərin müəyyən edilməsinə və cəzalandırılmasına təsir edilməsi üçün fəal tədbirlər görmüşlər. Əlavə olaraq, onlar izah ediblər ki, 27 iyul 2006-cı ildə Cinayət Məcəlləsinin tətbiqi Rusiya ərazisindən kənarda Rusiya vətəndaşlarına qarşı cinayət törətmiş qeyri-vətəndaş olan şəxslərin mühakiməsinə icazə verən qədər genişlənmişdir. Lakin bu səlahiyyətin həyata keçirilməsi cinayətin törədildiyi ərazinin Dövlətinin razılığından asılıdır.

262. Xanım Rantsevanın Kiprə gedişinə gəldikdə, Rusiya dövlət orqanları göstəriblər ki, onlar Rusiyanı tərk edən vətəndaş barədə yalnız onun sərhədi keçdiyi zaman məlumatlı olurlar. Onun getdiyi Dövlətin daxil olma tələblərinə riayət edildiyi və onun ölkədən çıxmasına məneə törədən hər hansı məqamların olmadığı halda, Rusiya dövlət orqanları şəxsin azad hərəkət etmək hüququnun həyata keçirilməsinə qadağa qoymağa icazəli deyil. Müvafiq olaraq, Rusiya dövlət orqanları yalnız tövsiyələr verə və mümkün təhlükələrdən vətəndaşları xəbərdar edə bilərlər. Onlar kütləvi informasiya vasitələri ilə, xəbərdarlıqlarla təhlükəli faktorlara aid daha təfsilatlı məlumatlar təqdim etmişdir.

263. Rusiya Hökuməti, həmçinin Məhkəmədən nəzərə almağı xahiş edib ki, əvvəllər Kiprə qarşı Konvensiyanın 4-cü maddəsinin pozuntusu müəyyən edilməmişdir. Onlar bildiriblər ki, Kiprlə münasibətlərinin inkişafında bunu nəzərə almalı olmuşlar.



4. Üçüncü tərəfin dəlilləri

a. İnterayts

264. İnterayts insan alveri ilə bağlı məlumatlandırmanın artdığını və onunla mübarizəyə yönəlmiş beynəlxalq və regional bir neçə vasitələrin qəbul olunmasını vurğulamışdır. Lakin onlar milli siyasətləri və bu sahədəki tədbirləri bəzən qeyri-adekvat və səmərəsiz hesab etmişdir. Onlar iddia ediblər ki, insan alverinə səmərəli cavab vermək üçün hər hansı hüquqi sistemin əsas tələbi çoxşahəli intizam yanaşması zərurətinin tanınması; Dövlətlər arasında əməkdaşlıq; və inteqrasiya olunmuş insan hüquqları yanaşmasında hüquqi çərçivədir.

265. İnterayts vurğulayıb ki, insan alverinin fərqləndirici elementi Palermo Protokolunda göstərilmiş hər hansı məcburetmə vasitəsindən istifadə olunduğu halda, qurbanın nəzərdə tutulan istismara razılığının yersiz olmasıdır (baxın, yuxarıda 151-ci paraqraf). Müvafiq olaraq, cinsi industriyada işləməli olduğunu bilən şəxs bunu bilməsi səbəbindən insan alverinin qurbanı olmaqdan azad olunmur. Həmçinin, əsasən qanunsuz miqrasiyaya qarşı Dövlətin müdafiə olunmasına aid olan qaçaqmalçılıqla fərdi şəxslərə qarşı cinayət olan və zəruri şərt kimi sərhədi keçmək öhdəliyini ehtiva etməyən insan alveri arasında fərqləndirmənin aparılması əhəmiyyət daşıyır.

266. İnsan alverini müasir köləliyin formalarından biri kimi qiymətləndirərək, İnterayts Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının Prokuror Kunaraça və digərlərinə qarşı iş üzrə qənaətlərini vurğulamış (baxın, yuxarıda 142-143-cü paraqraflar) və iddia edib ki, həmin qərarın zəruri nəticəsi bu olmuşdur ki, köləliyin anlayışı şəxs üzərində mülkiyyət hüququnun mövcud olmasını deyil, sadəcə olaraq belə hüquqa aid olan bir və ya bir neçə səlahiyyətin olduğunu tələb edir. Bu mənada, “köləlik” termininin müasir mənası qurbanın zorakılığa və məcburiyyətə, bununla da, qurban üzərində cinayətkarın tam nəzarətinin əldə olunması vəziyyətini daxil etdirə bilər.

267. İnterayts insan alveri kontekstində Konvensiyaya əsasən üzv Dövlətlərin pozitiv öhdəliklərinə münasibət bildirmişdir. Xüsusən, İnterayts israr edib ki, İnsan Alverinə qarşı Konvensiyada müəyyən edildiyi (baxın, yuxarıda 160-174-cü paraqraflar) və Məhkəmənin presedent-hüququ ilə təsdiq olunduğu kimi insan alverinə dair lazımi qanunvericilik qəbul edilməlidir. Belə qanunvericilik hüquqi, eləcə də fiziki şəxslərin məsuliyyətini müəyyən etməklə, insan alverinin kriminallaşdırılması; insan alveri üçün çox vaxt pərdə kimi istifadə olunan biznesin lisenziyalaşdırılması və fəaliyyətinə aid nəzarət prosedurlarının yaradılması; və müvafiq cəzaların müəyyən edilməsi üçün tələb olunur. Digər pozitiv öhdəliklər insan alveri üçün tələbatı aradan qaldırmağı, insan alveri cinayətlərində hüquq-mühafizə orqanlarının vəzifəli şəxslərinin hər hansı iştirakının müəyyən edilməsi və dəf olunması üçün adekvat qanunların tətbiqinin təmin olunmasını və polis və məhkəmə sistemlərində qurbanların məxfiliyinin yaradılmasını, eləcə də, müvafiq treninqlər keçirməklə insan alveri qurbanlarının müəyyən olunmasının səmərəli həyata keçirilməsinin təmin olunmasını daxil etdirir. Ən yaxşı təcrübə, metodlar və strategiyalar əsasında araşdırmaların aparılması, kütləvi informasiya vasitələrində və mülki cəmiyyətdə məlumatlandırmanın aparılması, dövlət orqanlarının və siyasi xadimlərin iştirakını cəlb etməklə, informasiya kampaniyalarının keçirilməsi, təhsil proqramları və cinsi turizmin hədəfə alınması da İnterayts tərəfindən müəyyən olunmuş mümkün Dövlət fəaliyyəti sahələridir.

268. Nəhayət, İnterayts iddia edib ki, Dövlətlərin üzərində nəzərdə tutulmuş öhdəlik vardır ki, insan alveri iddialarına aid səmərəli və diqqətli istintaq aparsınlar. Belə istintaq Konvensiyanın 2-ci maddəsinə əsasən tələb olunan istintaqın şərtlərinə uyğun olmalıdır.



b. AİRE Mərkəzi

269. AİRE Mərkəzi əksəriyyətinin qadın və uşaqlar olduğu hər il cinsi və ya başqa istismar üçün insan alveri qurbanları olan insanların artan sayını vurğulamışdır. Onlar bir çox hallarda müvafiq dövlət orqanlarına özlərini insan alverinin qurbanları kimi təqdim etməyə imkan verməyən həddən artıq zədələnmiş qurbanlar üçün qəddar psixiki və psixoloji nəticələrə işarə etmişlər. Onlar konkret olaraq 2008-ci ildə ABŞ-ın Dövlət Departamentinin hesabatının, İnsan Alveri Hesabatının nəticələrinə istinad etmişlər. Bu hesabatla müəyyən edilmişdir ki, Kipr keçmiş ilə nisbətən insan alverinin qəddar formalarına qarşı mübarizə aparmaq üçün öz səylərini inkişaf etdirməsi barədə sübutlar təqdim edə bilməmişdir (baxın, yuxarıda 106-cı paraqraf).

270. Daha ümumi şəkildə AİRE Mərkəzi narahatlığını vurğulayıb ki, insan alveri qurbanlarının hüquqları insan alverinə qarşı mübarizədəki başqa məqsədlərə bir çox hallarda tabe edilir. İnsan alveri barədə beynəlxalq və regional vasitələr qurbanların müdafiəsi üçün praktiki və səmərəli hüquqları əks etdirmir. İnsan alveri cinayətlərinin istintaqı və mühakiməsinə aid tələblərdən kənar Palermo Protokolunun müddəaları, AİRE Mərkəzinin fikrincə, “adətən ya örnəkedici və ya yönəldici” olmaqla, Dövlətləri bəzi tədbirləri görmək barədə “düşünməyə” və ya buna “səylər göstərməyə” məsuliyyətli edir.

271. Nəhayət, AİRE Mərkəzi qeyd edib ki, insan alverinə qarşı beynəlxalq vasitələr üçün nəzarət orqanlarının təcrübəsi hazırkı şikayətdən irəli gələn hallarda Dövlətlərin pozitiv öhdəliklərinin dairəsi və məzmununu tam aydınlaşdırmalıdır. Məhkəmənin təcrübəsinə gəldikdə, AİRE Mərkəzi qeyd edib ki, insan alveri işində (yuxarıda qeyd olunmuş Siliadin işi) Məhkəmənin artıq Konvensiyanın 4-cü maddəsinin tətbiqi dairəsinə dair mövqeyini bildirmək imkanına malik olmasına baxmayaraq, bu iş yalnız cinayətkarların qarşısının alınması və cəzalandırılması üçün adekvat cinayət qanunu normalarının Dövlət tərəfindən qəbul edilməməsi məsələsini həll etmişdir. Konvensiyanın 2, 3 və 8-ci maddələri baxımından inkişaf etdirilmiş presedent-hüququna istinadən, AİRE Mərkəzi iddia edib ki, fərdi şəxsin insan alveri qurbanı olmaq təhlükəsində olduğu barədə dövlət orqanlarının bildiyi və ya bilməli olduğu halda, Dövlətlər müdafiəni təqdim etmək öhdəliyi altındadırlar. Tələb olunan konkret tədbirlər məsələnin hallarından asılıdır, lakin Dövlətlər belə şəxsi müdafiəsiz saxlamağa və ya onu insan alveri və istismarı vəziyyətinə qaytarmağa icazəli deyil.



B. Məhkəmənin qiymətləndirməsi

1. Konvensiyanın 4-cü maddəsinin tətbiqi

272. Ortaya çıxan ilk məsələ hazırkı işin Konvensiyanın 4-cü maddəsinin əhatə dairəsinə düşüb-düşməməsi ilə bağlıdır. Məhkəmə xatırladır ki, Konvensiyanın 4-cü maddəsi “köləliyi”, “əsarəti” və “məcburi və icbari əməyi” qadağan etməklə, trafikinqi qeyd etmir.

273. Məhkəmə heç zaman Konvensiyanın müddəalarını orada təsbit olunmuş hüquq və azadlıqların təfsiri üçün sadəcə olaraq istinad çərçivəsi kimi qiymətləndirməmişdir (Dəmir və Baykara Türkiyəyə qarşı (BP), № 34503/97, § 67, 12 noyabr 2008-ci il ). Məhkəmə uzun müddət ərzində qeyd edib ki, Konvensiya müddəalarının tətbiqinin əsas prinsiplərindən biri ondan ibarətdir ki, o, bu müddəaları boşluqda tətbiq etmir (baxın, Luazidu Türkiyəyə qarşı, 18 dekabr 1996-cı il, Qərar və Qərardadların Hesabatı, 1996-VI; və Ocalan Türkiyəyə qarşı (BP), № 46221/99, § 163, İHAM 2005-IV). Beynəlxalq müqavilə kimi Konvensiya Müqavilələr haqqında 23 may 1969-cu il tarixli Vyana Konvensiyasında təsbit olunmuş təfsir etmə qaydalarına uyğun şərh olunmalıdır.

274. Bu Konvensiyaya əsasən, Məhkəmə sözlərə verilməli olan mənanı onların konteksti və əks olunduğu müddəanın obyekti və predmeti baxımından müəyyən etməlidir (baxın, Qolder Birləşmiş Krallığa qarşı, 21 fevral 1975-ci il, § 29, A Seriyaları, № 18; yuxarıda qeyd olunmuş Luazidu işi, § 43; və Vyana Konvensiyasının 31-ci maddəsinin 1-ci bəndi). Məhkəmə bu faktı nəzərə almalıdır ki, müddəanın konteksti fərdi insan hüquqlarının səmərəli müdafiəsi üçün müqavilədir və Konvensiya bütövlükdə oxunmalı və müxtəlif müddəaları arasında daxili uyğunluğu və harmoniyanı təbliğ etmək tərzində təfsir olunmalıdır (baxın, Steç və digərləri Birləşmiş Krallığa qarşı (qərardad) (BP), № 65731/01 və 65900/01, § 48, İHAM 2005-X). Həmçinin Müqavilə Tərəfləri arasındakı münasibətlərdə tətbiq olunan hər hansı müvafiq qaydalar və beynəlxalq hüququn prinsipləri nəzərə alınmalı və Konvensiya mümkün olduğu qədər tərkib hissəsi olduğu beynəlxalq hüquq qaydaları ilə harmoniyada təfsir edilməlidir (baxın, Al-Adsani Birləşmiş Krallığa qarşı (BP), № 35763/97, § 55, İHAM 2001-XI; yuxarıda qeyd olunmuş Dəmir və Baykara, § 67; Saadi Birləşmiş Krallığa qarşı (BP), 13229/03, § 62, İHAM 2008-...; və Vyana Konvensiyasının 31-ci maddəsinin 3 “c” bəndi).

275. Nəhayət, Məhkəmə vurğulayır ki, fərdi insanların müdafiəsi vasitəsi kimi Konvensiyanın obyekti və məqsədi tələb edir ki, onun müddəaları təminatlarını praktiki və səmərəli etdiyi tərzdə təfsir və tətbiq edilsinlər (baxın, inter aliaSoerinq Birləşmiş Krallığa qarşı, 07 iyul 1989-cu il, § 87, A Seriyaları, № 161; və Artiko İlaliyaya qarşı, 13 may 1980-ci il, § 33, A Seriyaları, № 37).

276. Siliadin işində Konvensiyanın 4-cü maddəsi əsasında “köləliyin” dairəsini qiymətləndirərkən, Məhkəmə daimi mülkiyyət hüququnun həyata keçirilməsini və “obyekt”lə bağlı olan fərdi şəxsin statusunun azaldılmasını tələb edən Köləlik haqqında 1926-cı il tarixli Konvensiyada təsbit olunmuş klassik köləlik anlayışına istinad etmişdir (yuxarıda qeyd olunmuş Siliadin işi, § 122). “Əsarət” anlayışına gəldikdə, Məhkəmə belə nəticəyə gəlib ki, bu, qadağan olunmuş “azadlıqdan xüsusilə ciddi imtinadır” (baxın,Van Druqenbroek Belçikaya qarşı, Komissiyanın 09 iyul 1980-ci il tarixli hesabatı, §§ 78-80, B Seriyaları, № 44). “Əsarət” anlayışı məcburiyyət əsasında kimsənin xidmətlərini təmin etmək öhdəliyini ehtiva edir və “köləlik” anlayışı ilə əlaqəlidir (baxın, Seqin Fransaya qarşı (qərardad), № 2400/98, 07 mart 2000-ci il; və yuxarıda qeyd olunmuş Siliadin, § 124). “Məcburi və icbari əməyin” əmələ gəlməsi üçün Məhkəmə hesab edib ki, müəyyən fiziki və mənəvi məcburiyyət, eləcə də şəxsin iradəsinin müəyyən hökmranlığı mövcud olmalıdır (Van der Mussel Belçikaya qarşı, 23 noyabr 1983-cü il, § 34, A Seriyaları, №70; yuxarıda qeyd olunmuş Siliadin işi, § 117).

277. Konvensiyada insan alverinə açıq istinadın olmaması təəccüblü deyil. Konvensiya özü insan alverinə hər hansı açıq qeydi əks etdirməyən 1948-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən bəyan olunmuş İnsan hüquqları haqqında Ümumi Bəyannamə ilə ruhlanmışdır. 4-cü maddəsində Bəyannamə “köləliyi və bütün formalarında kölə ticarətini” qadağan etmişdir. Lakin Konvensiyanın 4-cü maddəsinin əhatəsini qiymətləndirərkən, Konvensiyanın xüsusi məqamları və onun hazırkı gününün şəraitləri baxımından təfsir edilməli olan canlı vasitə olduğu faktı diqqətdən yayınmamalıdır. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi sahəsində tələb olunan artmaqda olan yüksək standartlar demokratik cəmiyyətlərin fundamental pozuntularının qiymətləndirilməsində möhkəmliyi müvafiq və qaçılmaz olaraq tələb edir (baxın, bir çox başqa mənbələr arasında Selmuni Fransaya qarşı (BP), № 25803/94, § 101, İHAM 1999-V; Kristin Qudvin Birləşmiş Krallığa qarşı (BP), № 28957/95, § 71, İHAM 2002-VI; və yuxarıda qeyd olunmuş Siliadin işi, § 121).

278. Məhkəmə qeyd edir ki, qlobal fenomen kimi insan alveri son illərdə əhəmiyyətli şəkildə artmışdır (baxın, yuxarıda 100, 103 və 269-cu paraqraflar). Avropada onun artması keçmiş Kommunist blokların dağılması ilə vüsətlənmişdir. 2000-ci ildə Palermo Protokolunun və 2005-ci ildə İnsan alverinə qarşı Konvensiyanın imzalanması beynəlxalq müstəvidə insan alverinin çox geniş yayılmasının və onunla mübarizə aparılması üçün müvafiq tədbirlərə zərurətin artan tanınmasını göstərir.

279. Məhkəmə Konvensiyanın 4-cü maddəsinin tətbiqini müzakirə etməyə mütəmadi olaraq çağırılmır və konkret olaraq bu günədək yalnız bir dəfə belə hala rast gəlmişdir ki, insan alveri ilə bağlı rəftarın bu maddənin dairəsinə düşməsinin əhatəsini müzakirə etsin (yuxarıda qeyd olunmuş Siliadin işi). Bu işdə Məhkəmə hesab edib ki, köləlik olsa belə, ərizəçinin məruz qaldığı rəftar əsarəti və məcburi və icbari əməyi təşkil etmişdir. Həm insan alverinin özünün, həm də onunla mübarizə tədbirlərinin sürətli yayılması baxımından, Məhkəmə hazırkı işdə məqsədəmüvafiq hesab edir ki, yuxarıda göstərilmiş üç növ davranışın müvafiq işdə konkret rəftarla cəlb olunmasının qiymətləndirilməsi zərurəti olmadan, Konvensiyanın 4-cü maddəsi ilə təklif olunmuş təminatların əhatəsi daxilinə düşmək üçün insan alverinin özünün bu maddənin ruhu və məqsədinə zidd olan hesab edilməsi dairəsini araşdırmalıdır.

280. Məhkəmə qeyd edir ki, keçmiş Yuqoslaviya üçün Beynəlxalq Cinayət Tribunalı belə nəticəyə gəlib ki, “köləliyin” ənənəvi anlayışı mülkiyyət hüququna aid olan hər hansı və ya bütün səlahiyyətlərin əsasında köləliyin müasir formalarının əhatə olunması üçün təkamül etmişdir (baxın, yuxarıda 142-ci paraqraf). Vəziyyətin köləliyin müasir formasını təşkil edib-etməməsinin qiymətləndirilməsində Tribunal hesab edib ki, əhəmiyyətli faktorlar şəxsin hərəkət etməsi və ya ətrafdakı fiziki vəziyyət üzərində nəzarətin olub-olmaması, psixoloji nəzarət elementinin mövcud olub-olmaması, qaçmağın qarşısının alınması üçün tədbirlərin görülüb-görülməməsi və cinsiyyət və məcburi əmək barədə nəzarətin olub-olmamasını daxil etdirir (baxın, yuxarıda 143-cü paraqraf).

281. Məhkəmə hesab edir ki, insan alveri özünün mahiyyəti və istismar məqsədi mülkiyyət hüququna aid olan səlahiyyətlərin həyata keçirilməsinə əsaslanır. O, insanları alınan və adətən cinsi industriyada, lakin həm də başqa sahələrdə bir çox vaxtlarda kiçik ödənişlə və ya ödənişsiz məcburi əməyə məruz edilən istifadə predmeti kimi qəbul edir (baxın, yuxarıda 101 və 161-ci paraqraflar). O, hərəkətləri adətən məhdud olan qurbanın fəaliyyətinə sıx müşahidəni nəzərdə tutur (baxın, yuxarıda 85 və 101-ci paraqraflar). O, pis vəziyyətdə yaşayan və işləyən qurbanlara qarşı zorakılıqdan və təhdidlərdən istifadəni ehtiva edir (baxın, yuxarıda 85, 87-88 və 101-ci paraqraflar). O, İnterayts tərəfindən və İnsan alverinə qarşı Konvensiyaya əlavə olunan izah hesabatında köhnə dünya miqyaslı kölə ticarətinin müasir forması kimi təsvir edilmişdir (baxın, yuxarıda 161 və 266-cı paraqraflar). Kipr Ombudsmanı cinsi istismarın və insan alverinin “müasir köləlik rejimi əsasında” baş verdiyini qeyd etmişdir (baxın, yuxarıda 84-cü paraqraf).

282. İnsan alverinin öz qurbanlarının insan ləyaqətinə və fundamental azadlıqlarına təhdid olması şübhəsizdir və demokratik cəmiyyətlə və Konvensiyanın təsbit etdiyi dəyərlərlə uyğun hesab edib bilməz. Hazırkı günün şəraiti baxımından Konvensiyanı təfsir etmək öhdəliyini nəzərə alaraq, Məhkəmə qeyri-zəruri hesab edir ki, ərizəçinin şikayət etdiyi rəftarın “köləlik”, “əsarət” və ya “məcburi və icbari əmək” təşkil edib-etməməsini müəyyən etsin. Əvəzində, Məhkəmə hesab edir ki, Palermo Protokolunun 3 “a” maddəsinin və İnsan alverinə qarşı Konvensiyanın 4 “a” maddəsinin mənasında insan alverinin özü Konvensiyanın 4-cü maddəsinin əhatə dairəsi daxilinə düşür. Müvafiq olaraq, Rusiya Hökumətinin ratione materiae uyğunsuzluğu etirazı rədd edilir.



2. Konvensiyanın 4-cü maddəsinin ümumi prinsipləri

283. Məhkəmə xatırladır ki, Konvensiyanın 2 və 3-cü maddələri ilə birgə 4-cü maddə Avropa Şurasını təşkil edən demokratik cəmiyyətlərin əsas dəyərlərindən birini təsbit edir (baxın, yuxarıda qeyd olunmuş Siliadin işi, § 82). Konvensiyanın əksər maddi məqamlarından fərqli olaraq, millətin həyatına təhdid edən ictimai həyəcan vəziyyətində olsa belə, 4-cü maddə hər hansı istisnaları və Konvensiyanın 15-ci maddəsinin 2-ci bəndinə əsasən icazə verdiklərindən kənara çıxmanı əks etdirmir.

284. Konvensiyanın 4-cü maddəsinin pozulub-pozulmadığını qiymətləndirərkən, müvafiq hüquqi və ya tənzimləyici çərçivə nəzərə alınmalıdır (baxın, mutatis mutandis,Naçovə və digərləri Bolqarıstana qarşı (BP), № 43577/98 və 43579/98, § İHAM 2005-VII). Məhkəmə hesab edir ki, milli qanunvericilikdə təsbit olunmuş təminatların spektri insan alveri qurbanlarının və ya potensial qurbanların hüquqlarının praktiki və səmərəli müdafiəsini təmin etmək üçün adekvat olmalıdır. Müvafiq olaraq, insan alveri ilə məşğul olanların cəzalandırılması üçün cinayət hüquqi tədbirlərə əlavə olaraq, Konvensiyanın 4-cü maddəsi üzv Dövlətlərdən tələb edir ki, insan alveri üçün pərdə kimi adətən istifadə olunan biznesləri tənzimləyən adekvat tədbirləri görsünlər. Bundan başqa, Dövlətin immiqrasiya qaydaları insan alverinin həvəsləndirilməsinə, asanlaşdırılmasına və ya ona qarşı tolerantlığa aid əhəmiyyətli narahatlıqlara münasibət bildirməlidir (baxın, mutatis mutandisQera və digərləri İtaliyaya qarşı, 19 fevral 1998, §§ 58-60, Qərar və Qərardadların Hesabatı, 1998-1; Z və digərləri Birləşmiş Krallığa qarşı (BP), № 29392/95, §§ 73-74, İHAM 2001-V; və yuxarıda qeyd olunmuş Naçova və digərləri, §§ 96-97 və 99-102).

285. Siliadinin işi üzrə qərarında Məhkəmə təsdiq etmişdir ki, Konvensiyanın 4-cü maddəsi üzv Dövlətlər üzərində spesifik pozitiv öhdəliyi ehtiva edir ki, köləlik, əsarət və ya məcburi, yaxud icbari əmək vəziyyətində şəxsin saxlanmasına yönəlmiş hər hansı hərəkət üçün səmərəli cəzalandırsın və mühakimə etsin (§§ 89 və 112-ci paraqraflar). Bu öhdəliyə riayət etmək üçün üzv Dövlətlərdən tələb olunur ki, insan alverinin qadağan edilməsi və cəzalandırılması üçün qanunverici və inzibati çərçivəni yaratsınlar. Məhkəmə qeyd edir ki, Palermo Protokolu və İnsan alverinə qarşı Konvensiya insan alveri ilə mübarizə üçün onunla məşğul olanların cəzalandırılmasına əlavə olaraq onun qarşısının alınması və qurbanların müdafiəsi tədbirlərini daxil etdirən kompleks yanaşma zərurətinə istinad edir (baxın, yuxarıda 149 və 163-cü paraqraflar). Bu iki vasitənin müddəalarından aydındır ki, Avropa Şurasının demək olar bütün üzv Dövlətləri daxil olmaqla, Müqavilə Tərəfləri belə mövqeyi formalaşdırmışlar ki, yalnız bütün üç aspektə aid olan tədbirlər məcmusu insan alverinə qarşı mübarizədə səmərəli ola bilər (baxın, həmçinin yuxarıda 267 və 271-ci paraqraflarda İnterayts və AİRE Mərkəzinin dəlillərinə). Müvafiq olaraq, insan alverini cəzalandırmaq və mühakimə etmək öhdəliyi insan alveri ilə mübarizə üçün üzv Dövlətlərin ümumi öhdəliyinin yalnız bir aspektidir. Konvensiyanın 4-cü maddəsinə əsasən ortaya çıxan pozitiv öhdəliyin dairəsi daha geniş kontekst daxilində qiymətləndirilməlidir.

286. Konvensiyanın 2 və 3-cü maddələri kimi 4-cü maddə də müəyyən hallarda Dövlətdən tələb edə bilər ki, insan alveri qurbanlarının və ya potensial qurbanların müdafiəsi üçün operativ tədbirlər görsün (baxın, mutatis mutandis, yuxarıda qeyd olunmuş Osman işi, § 155; və Mahmut Kaya Türkiyəyə qarşı, № 22535/93, § 115, İHAM 2000-III). Konkret işin hallarında operativ tədbirlərin görülməsinə dair pozitiv öhdəliyin əmələ gəlməsi üçün nümayiş etdirilməlidir ki, dövlət orqanları Palermo Protokolunun 3 “a” maddəsinin və İnsan alverinə qarşı Konvensiyanın 4 “a” maddəsinin mənasında şəxsiyyəti məlum olan şəxsin insan alverinə və ya istismara məruz qalmasına real və birbaşa təhlükə barədə etibarlı şübhəyə əsas verən hallardan məlumatlı və ya bunu bilməli olmuşlar. Müsbət cavab olduqda, fərdi şəxsin bu vəziyyət və ya təhlükədən xilas edilməsi üçün səlahiyyətləri daxilində olan lazımi tədbirlər dövlət orqanları tərəfindən görülmədiyi halda, Konvensiyanın 4-cü maddəsi pozulmuş olar (baxın, mutatis mutandis, yuxarıda qeyd olunmuş Osman işi, §§ 116-117; və yuxarıda qeyd olunmuş Mahmut Kaya işi, §§ 115-116).

287. Müasir cəmiyyətlərdə ictimai qaydanın qorunmasında çətinlikləri, insan davranışının gözlənilməzliyi və prioritetlər və resurslar şərtləri baxımından edilməli olan fəaliyyət seçimlərini nəzərə alaraq, istənilən pozitiv öhdəliyin əhatəsi dövlət orqanlarının üzərinə mümkünsüz və ya qeyri-mütənasib yükü qoymayan tərzdə təfsir edilməlidir (baxın, mutatis mutandis, yuxarıda qeyd olunmuş Osman işi, § 116). Hazırkı işdə ortaya çıxan hər hansı pozitiv öhdəliyin mütənasibliyinin qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edir ki, həm Kipr, həm də Rusiyanın 2000-ci ildə imzaladığı Palermo Protokolu Dövlətlərdən tələb edir ki, ərazilərində olduğu vaxtda insan alveri qurbanlarının fiziki təhlükəsizliyinin təmin edilməsi üçün səylər göstərsinlər və insan alverinin qarşısının alınması və onunla mübarizənin aparılması üçün kompleks siyasət və proqramlar müəyyən etsinlər (baxın, yuxarıda 153-154-cü paraqraflar). Dövlətlərdən, həmçinin tələb olunur ki, hüquq mühafizə orqanları və immiqrasiya xidmətləri üçün müvafiq treninqlərin keçirilməsini təmin etsinlər (baxın, yuxarıda 155-ci paraqraf).

288. Konvensiyanın 2 və 3-cü maddələri kimi 4-cü maddə də potensial insan alveri vəziyyətlərinin istintaq edilməsi barədə prosessual öhdəliyi ehtiva edir. İstintaqın aparılması tələbi qurbandan və ya onun qohumlarından şikayətin verilməsindən asılı olmur: məsələ dövlət orqanlarının diqqətinə çatdırılıbsa, onlar öz mülahizələri ilə hərəkət etməlidirlər (baxın, mutatis mutandis, Pol və Odri Edvərds Birləşmiş Krallığa qarşı, № 46477/99, § 69, İHAM 2002-II). İstintaqın səmərəli olması üçün o, hadisələrə aidiyyəti olan şəxslərdən müstəqil olmalıdır. İstintaq məsuliyyətli şəxslərin şəxsiyyətinin müəyyən olunmasına və onların cəzalandırılmasına qadir olmalıdır. Bu nəticə deyil, vasitələr öhdəliyidir. Sürətlilik və istintaqın ağlabatan şəkildə vaxtında aparılması bütün işlərə aid olunur, lakin şəxsin zərərli vəziyyətdən xilas olunması mümkün olduqda, istintaq təcili məsələ kimi həyata keçirilməlidir. Qurban və ya onun yaxın qohumu qanuni maraqlarının təmin olunması üçün zəruri olduğu qədər prosesə cəlb olunmalıdırlar (baxın,mutatis mutandis, Pol və Odri Edvards Birləşmiş Krallığa qarşı, № 46477/99, § 70-73).

289. Nəhayət, Məhkəmə xatırladır ki, insan alveri heç də həmişə daxili arena ilə məhdudlaşmayan problemdir. Şəxs bir Dövlətdən digərinə insan alveri üzrə keçirilərkən, insan alveri cinayətləri ana Dövləti, hər hansı tranzit Dövləti və təyinat Dövləti ehtiva edə bilər. Əhəmiyyət kəsb edən sübutlar və şahidlər bütün Dövlətlərdə yerləşə bilərlər. Palermo Protokolunun yurisdiksiya məsələsinə toxunmasa belə, insan alverinə qarşı Konvensiya hər bir üzv Dövlətdən tələb edir ki, onun ərazisində törədilmiş hər hansı insan alveri cinayəti ilə bağlı yurisdiksiyanı müəyyən etsin (baxın, yuxarıda 172-ci paraqraf). Məhkəmənin qənaətinə görə, iddia olunan insan alveri cinayətlərinin istintaq edilməsi üzrə Konvensiyanın 4-cü maddəsinə əsasən bütün Dövlətlərin üzərində olan, yuxarıda göstərilmiş ümumi öhdəlik baxımından, belə yanaşma yalnız məntiqi xarakterlidir. Öz ərazilərində baş vermiş hadisələrin daxili istintaqının aparılması barədə öhdəliyə əlavə olaraq, sərhədkeçmə işlərində üzv Dövlətlər, həmçinin ərazilərindən kənar baş vermiş hadisələrin istintaqına cəlb olunmuş başqa Dövlətlərin müvafiq orqanları ilə səmərəli əməkdaşlıq etmək vəzifəsi daşıyırlar. Belə bir öhdəlik, Palermo Protokolunda ifadə olunduğu kimi, ana, tranzit və təyinat ölkələrində insan alverinə kompleks beynəlxalq yanaşmanın qəbul edilməsi üçün üzv Dövlətlərin obyektlərinə uyğun hərəkət etməyi nəzərdə tutur (baxın, yuxarıda 149-cu paraqraf). Bu öhdəlik, həmçinin hazırkı işdə cavabdeh Dövlətin iştirak etdiyi qarşılıqlı hüquqi yardım barədə beynəlxalq sazişlərə uyğundur (baxın, yuxarıda 175-185-ci paraqraflar).



3. Ümumi prinsiplərin hazırkı işə tətbiqi

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə