İnsan hüquqlari üZRƏ avropa məHKƏMƏSİ Birinci bölmə Rantsev Kiprə və Rusiyaya qarşı



Yüklə 0,63 Mb.
səhifə5/8
tarix10.11.2017
ölçüsü0,63 Mb.
#9339
1   2   3   4   5   6   7   8

B. Rusiya Hökumətinin ratione materiae etirazı

1. Tərəflərin dəlilləri

209. Rusiya Hökuməti iddia edib ki, Konvensiyanın 4-cü maddəsinə əsasən verilmiş şikayət ratione materiae qeyri-məqbuldur, ona görə ki, iş üzrə köləlik, əsarət və ya məcburi əmək baş verməmişdir. Onlar o faktı vurğulayıblar ki, xanım Rantseva Kipr Respublikasına könülü daxil olaraq, bağladığı əmək müqaviləsinə müvafiq işləməyə icazə almaq üçün əmək icazəsini öz istəyi ilə əldə etmişdir. Hər hansı sübut göstərmir ki, xanım Rantseva əsarətdə olmuş və öz vəziyyətini dəyişdirmək iqtidarında olmamış və ya işləməyə məcbur olmuşdur. Daha sonra Rusiya Hökuməti vurğulayıb ki, digər kabare artisti ilə yaşadıqdan sonra xanım Rantseva hər hansı məneə olmadan mənzili tərk etmişdir. Buna görə, onlar iddia ediblər ki, kabare artistlərinin mənzildə öz iradələrinə zidd saxlandıqlarına dair nəticəyə gəlmək üçün kifayətedici əsaslar yoxdur. Rusiya Hökuməti əlavə edib ki, xanım Rantsevanın M.A. ilə polis idarəsini tərk etməsi faktı belə nəticəyə gəlməyə kifayət deyil ki, xanım Rantseva əsarətdə olmuş və əməyə zorla cəlb edilmişdir. Həyatı və təhlükəsizliyi üçün qorxduğu halda, o, polis idarəsində olarkən bu barədə polis əməkdaşlarına məlumat verə bilərdi.

210. Ərizəçi təkid edib ki, xanım Rantsevanın məruz qaldığı rəftar Konvensiyanın 4-cü maddəsinin dairəsinə düşür.

2. Məhkəmənin qiymətləndirməsi

211. Məhkəmə hesab edir ki, ərizəçinin şikayət etdiyi rəftarın Konvensiyanın 4-cü maddəsinin əhatəsinə düşüb-düşməməsi məsələsi bu şikayətin mahiyyəti ilə sıx əlaqəlidir. Müvafiq olaraq, Məhkəmə bu nəticəyə gəlir ki, ratione materiae etirazı mahiyyətlə birləşməlidir.



C. Nəticə

212. Konvensiyanın 2, 3, 4 və 5-ci maddələrinə əsasən verilmiş şikayət ratione loci və ratione materiae Konvensiyanın müddəaları ilə Rusiyaya aid zidd deyildir. Əlavə olaraq, Məhkəmə qeyd edir ki, onlar Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında açıq-aşkar əsassız deyil. Buna görə, həmin şikayətlər məqbul elan edilməlidir.



II. Konvensiyanın 2-ci maddəsinin iddia olunan pozuntusu

213. Ərizəçi iddia edib ki, Kipr dövlət orqanları tərəfindən qızının həyatının qorunması və hər iki Dövlətin dövlət orqanlarının onun ölümü ilə bağlı səmərəli istintaqın aparılmadığı üçün həm Rusiya, həm də Kipr dövlət orqanları tərəfindən Konvensiyanın 2-ci maddəsi pozulmuşdur. Konvensiyanın 2-ci maddəsi, inter alia, nəzərdə tutur:

“1. Hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs qanunla ölüm cəzası nəzərdə tutulmuş cinayət törətməyə görə, məhkəmə tərəfindən çıxarılmış belə hökmün icrasından başqa, həyatından məhrum edilə bilməz.

...”


A. Həyata təhlükəyə qarşı müdafiə olunmaq üçün tədbirlərin iddia olunan çatışmazlığı

1. Tərəflərin dəlilləri

a. Ərizəçi

214. Osman Birləşmiş Krallığa qarşı iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərara (Hesabatlar, 1998-VIII) istinadən, ərizəçi həyata real və birbaşa təhlükə barədə Dövlətin bildiyi və ya bilməli olduğu halda, başqa fərdi şəxsin cinayət hərəkətlərindən həyatı təhlükədə olan fərdi şəxsi qorumaq üçün operativ qabaqlayıcı tədbirlərin görülməsini tələb edən Konvensiyanın 2-ci maddəsinə əsasən ortaya çıxan pozitiv öhdəliklərə əsaslanıb. Ərizəçi iddia edib ki, xanım Rantsevanı azad etməməklə və əvəzində onu M.A.-ya təhvil verməklə, Kipr dövlət orqanları onun həyatına real və birbaşa təhlükədən yayınmaq üçün səlahiyyətləri daxilində olan ağlabatan tədbirləri görməmişlər.



b. Kipr Hökuməti

215. Kipr Hökuməti mübahisə etməyib ki, Konvensiyanın 2-ci maddəsinin 1-ci bəndi müvafiq dövlət orqanlarının üzərinə pozitiv öhdəlik qoyur ki, başqa fərdi şəxsin cinayət hərəkətlərindən həyatı təhlükədə olan fərdi şəxsi qorumaq üçün operativ qabaqlayıcı tədbirlər görsün. Lakin belə öhdəliyin əmələ gəlməsi üçün müəyyən olunmalıdır ki, dövlət orqanları şəxsiyyəti bəlli olan fərdi şəxsin həyatına real və birbaşa təhlükənin olmasından xəbərdar və ya bunu bilməli idilər və onlar səlahiyyətləri daxilində əsaslı şəkildə qiymətləndirilməklə, bu təhlükəni aradan qaldıra bilən tədbirləri görməmişlər (yuxarıda qeyd olunmuş Osman işinə istinadən).

216. Öz yazılı dəlillərində Kipr Hökuməti iddia edib ki, ərizəçinin qızının həyatını qorumaq üçün çatışmazlıq olmamışdır. 28 mart 2001-ci ildə xanım Rantseva ilə əlaqədə olmuş polis əməkdaşlarında olan məlumata görə, onun həyatına real və ya birbaşa təhlükənin olduğunu güman etməyə əsaslar olmamışdır. Polis əməkdaşlarının ifadələrinə əsasən, xanım Rantseva kosmetik vasitələri soyuqqanlılıqla üzərinə çəkmiş və M.A.-nın ona qarşı davranışı normal görünürdü (baxın, yuxarıda 20 və 49-cu paraqraflar). Xanım Rantsevanın öz kabaredəki işindən çıxmasına baxmayaraq, o, işəgötürən şəxsə qarşı və ya əmək şəraitinə dair hər hansı şikayət təqdim etməmişdir. Polis idarəsində olarkən, o, polis əməkdaşlarına şikayətlər etməmiş və M.A. ilə polisi tərk etməyə etiraz bildirməmişdir. Xanım Rantsevanı azad etmədən onu M.A.-ya vermək qərarı onun həyatını qorumaq üçün Kipr dövlət orqanları üzərində olan hər hansı öhdəliyi pozmur.

217. Sonrakı birtərəfli bəyanatında Kipr Hökuməti təsdiq edib ki, xanım Rantsevanın M.A.-ya verilməsi qərarı başqa fərdi şəxsin cinayət hərəkətlərindən onun qorunması üçün qabaqlayıcı tədbirlər görmək barədə Konvensiyanın 2-ci maddəsinə əsasən Kipr üzərində olan pozitiv öhdəliyi pozmuşdur (baxın, yuxarıda 187-ci paraqraf).



2. Məhkəmənin qiymətləndirməsi

a. Ümumi prinsiplər

218. Aydındır ki, Konvensiyanın 2-ci maddəsi Dövlətin üzərinə yalnız həyatdan qəsdən və qanunsuz məhrum etmədən çəkinmək deyil, həmçinin öz yurisdiksiyasında olan hər kəsin həyatına təminat vermək üçün lazımi tədbirlər görmək vəzifəsini qoyur (baxın, L.C.B. Birləşmiş Krallığa qarşı, 09 iyun 1998-ci il, § 36, Hesabatlar, 1998-III; və yuxarıda qeyd olunmuş Pol və Odri Edvərds, § 54). İlk növbədə, bu öhdəlik Dövlətdən tələb edir ki, səmərəli cinayət hüquqi müddəaları qəbul etməklə, belə müddəaların pozuntularının qarşısının alınması, onların dəf edilməsi və törədildiyi halda cəzalandırılması üçün hüquq mühafizə mexanizminə arxalanan şəxsə qarşı cinayətlərin törədilməsinin yayındırılması məqsədilə onun yaşamaq hüququnu təmin etsin. Lakin bu öhdəlik, həmçinin müvafiq hallarda dövlət orqanları üzərində pozitiv öhdəliyi nəzərdə tutur ki, başqa fərdi şəxslərin cinayət hərəkətlərindən həyatları təhlükədə olan fərdi şəxsləri qorumaq üçün operativ qabaqlayıcı tədbirlər görsünlər (baxın, yuxarıda qeyd olunmuş Osman işi, § 115; Medova Rusiyaya qarşı, № 25385/04, § 95, 15 yanvar 2009-cu il; Opuz Türkiyəyə qarşı, № 33401/02, § 128, 09 iyun 2009-cu il).

219. Məhkəmə xatırladır ki, müasir cəmiyyətlərdə ictimai qaydanın qorunmasında çətinlikləri, insan davranışının gözlənilməzliyi və prioritetlər və resurslar şərtləri baxımından edilməli olan fəaliyyət seçimlərini nəzərə alaraq, istənilən pozitiv öhdəliyin əhatəsi dövlət orqanlarının üzərinə mümkünsüz və ya qeyri-mütənasib yükü qoymayan tərzdə təfsir edilməlidir. Həyata hər bir təhlükə dövlət orqanlarının bu təhlükənin qarşısının alınması üçün operativ tədbirlər görməsinə dair Konvensiya tələbini yaratmır. Həyatı qorumaq üzrə pozitiv öhdəliyin pozulmasının Məhkəmə tərəfindən müəyyən edilməsi üçün aşkarlanmalıdır ki, üçüncü tərəfin cinayət hərəkətlərindən şəxsiyyəti bəlli olan fərdi şəxsin həyatına real və birbaşa təhlükədən onun mövcudluğu zamanı dövlət orqanları məlumatlı olmuşlar və ya məlumatlı olmalı idilər və onlar səlahiyyətləri daxilində əsaslı şəkildə qiymətləndirilməklə, bu təhlükəni aradan qaldıra bilən tədbirləri görməmişlər (baxın, yuxarıda qeyd olunmuş Osman işi, § 116; yuxarıda qeyd olunmuş Pol və Odri Edvards işi, § 55; və yuxarıda qeyd olunmuş Medova işi, § 96).

b. Ümumi prinsiplərin hazırkı işə tətbiqi

220. Məhkəmə xanım Rantsevanın M.A.-ya təhvil verilməsi ilə onun həyatının real və birbaşa təhlükəyə atıldığının Kipr dövlət orqanları tərəfindən qabaqcadan görünən olub-olmamasını araşdırmalıdır.

221. Məhkəmə qeyd edir ki, Opuzun işində Dövlətin məsuliyyəti ona görə mövcud olmuşdur ki, ərizəçinin anasına sonradan atəş açmış və onu öldürmüş şəxs ərizəçiyə və onun anasına qarşı əvvəllər də ölüm hədələri etmiş və zorakı hərəkətlərə yol vermiş və dövlət orqanları bu barədə məlumatlı olmuşlar (baxın, yuxarıda qeyd olunmuş Opuz işi, §§ 133-136). Əksinə, Osman işində Məhkəmə müəyyən edib ki, iş üzrə Konvensiyanın 2-ci maddəsi pozulmamışdır, ona görə ki, hadisələrin gedişində Osmanın ailəsinin həyatının real və birbaşa təhlükədə olmasını polisin bildiyi və ya bilməli olduğuna dair hər hansı mərhələni göstərə bilməmişdir (yuxarıda qeyd olunmuş Osman işi, § 121).

222. İnsan alverinin və istismarın qurbanlarının adətən qəddar şəraitdə yaşamağa və işləməyə məcbur olduğu və onları istismar edən şəxslərin əllərində zorakılıqdan və pis rəftardan əziyyət çəkə bildikləri (baxın, yuxarıda 85, 87-88 və 101-ci paraqraflar) mübahisəsiz olsa belə, konkret işdə hər hansı spesifik göstəricilərin olmadığı təqdirdə, pis rəftarın və zorakılığın ümumi təhlükəsi həyat üçün real və birbaşa təhlükəni təşkil edə bilməz. Hazırkı işdə polis xanım Rantsevanın insan alveri qurbanı olduğu barədə məlumatlı olmalı olsa da (bu məsələ aşağıda ərizəçinin Konvensiyanın 4-cü maddəsi üzrə şikayəti baxımından araşdırılmalıdır), polis idarəsində keçən vaxt ərzində xanım Rantsevanın həyatının real və birbaşa təhlükədə olduğunu göstərən hər hansı dəlil yoxdur. Məhkəmə hesab edir ki, xanım Rantsevanın ölümünə gətirib çıxaran hadisələrin konkret axımı onu M.A.-nın ixtiyarına verərkən polis əməkdaşları üçün qabaqcadan görünən olmamışdır. Müvafiq olaraq, Məhkəmə belə nəticəyə gəlir ki, həyat üçün təhlükənin qarşısının alınması məqsədilə operativ tədbirlər görmək öhdəliyi hazırkı işdə ortaya çıxmır.

233. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə belə qənaətə gəlir ki, Kipr dövlət orqanlarının Konvensiyanın 2-ci maddəsinə əsasən xanım Rantsevanın yaşamaq hüququnun qorunması üzrə pozitiv öhdəliyi pozulmamışdır.

B. Səmərəli istintaqın həyata keçirilməsi barədə prosessual öhdəlik

1. Tərəflərin dəlilləri

a. Ərizəçi

224. Ərizəçi iddia edib ki, Kipr və Rusiya xanım Rantsevanın ölümü ilə bağlı halların səmərəli istintaqının aparılması barədə Konvensiyanın 2-ci maddəsinə əsasən öhdəliklərini pozmuşlar. O, Kipr və Rusiya dövlət orqanlarının autopsiyaları arasında iddia olunan ziddiyyətlərin (baxın, yuxarıda 50-ci paraqraf) və aşkar anormallıqların əlavə araşdırılması üçün Rusiya dövlət orqanları vasitəsilə Kiprə ötürülmüş, lakin Kipr dövlət orqanlarının riayət etmədiyi tələblərinə işarə etmişdir (baxın, yuxarıda 52 və 62-ci paraqraflar). O, həmçinin polis tərəfindən alınmış şahid ifadələrinin məhdud sayından şikayət edərək (baxın, yuxarıda 31 və 33-cü paraqraflar) vurğulamışdır ki, müvafiq yeddi ifadələrdən beşi ya Limassol polis idarəsində növbədə olmuş polis əməkdaşlarından, ya da qızının ölümü zamanı mənzildə olmuş, yəni, onun fikrincə, hadisələrin konkret versiyasını ifadəsində göstərən maraqlı şəxslərdən alınmışdır. Daha sonra ərizəçi iddia edib ki, hər hansı istintaq rəsmi şikayətdən və ya qurbanın qohumlarının tələbindən asılı olmamalıdır. O bildirib ki, onun qızı hərtərəfli yoxlanılmalı olan müəmmalı şəraitdə ölmüş və Konvensiyanın 2-ci maddəsi müvafiq olaraq istintaqın aparılmasını tələb edir. Yuxarıda göstərilmiş çatışmazlıqlar, eləcə də qurbanın qohumu kimi ona əlçatan olmaması faktı səbəbindən Kiprdə aparılmış istintaq Konvensiyanın 2-ci maddəsinə uyğun deyildir.

225. Xüsusən, istintaqa aid ərizəçi şikayət edib ki, o, yekun araşdırma iclasının tarixi barədə məlumatlandırılmamış, bununla da, həmin iclasda onun iştirakı mümkün olmamışdır. O, işin gedişi və ya onun üçün əlçatan olan başqa vasitələr barədə məlumat almamışdır. O iddia edib ki, yalnız yekunlaşmasından təxminən 15 ay sonra 16 aprel 2003-cü il tarixli araşdırma prosesi üzrə Dairə Məhkəməsinin nəticəsini almışdır. Bundan başqa, hüquqi təmsilçiliyin Kiprdəki qiymətinin onun üçün qadağanedici xarakterli olmasına baxmayaraq, Kipr dövlət orqanları onu pulsuz hüquqi yardımla təmin etməmişlər.

226. Rusiya Federasiyasına gəldikdə, ərizəçi iddia edib ki, qızının Rusiya Federasiyasının vətəndaşı olması faktı nəzərdə tutub ki, onun Kiprdə müvəqqəti yaşadığına və orada öldüyünə baxmayaraq, Konvensiyanın 2-ci maddəsinə əsasən Rusiya Federasiyası da onun Kiprə gəlişinin, orada işləməsinin və sonrakı ölümünün halları ilə bağlı istintaq aparmaq öhdəliyi altındadır. O bildirib ki, onun tələb etdiyi kimi, Rusiya dövlət orqanları Hüquqi yardım haqqında Sazişə əsasən 5 və 36-cı maddələrə müvafiq olaraq cinayət işinin başlanılması üçün Kipr dövlət orqanlarına müraciət etməli olmuşlar (baxın, yuxarıda 181 və 207-ci paraqraflar). Əvəzində, Rusiya dövlət orqanları sadəcə olaraq xanım Rantsevanın ölümü ilə bağlı məlumatları istəmişlər. Cinayət işinin başlanılması barədə Rusiyadakı müvafiq dövlət orqanlarına ərizəçinin sonrakı müraciəti Çelyabinsk prokurorluğu tərəfindən rədd edilmişdir, ona görə ki, xanım Rantseva Rusiyadan kənarda vəfat etmişdir. Rusiyada yaşayan iki Rusiya vətəndaşından Rusiya dövlət orqanları tərəfindən ifadələrin alınması barədə onun təkrar tələbləri rədd olunmuşdur, ona görə ki, Rusiya dövlət orqanları hesab etmişlər ki, Kipr dövlət orqanları tərəfindən hüquqi yardım müraciəti olmadan onlar tələb olunan hərəkəti edə bilməzlər. Ərizəçi hesab edib ki, bu çatışmazlıqlar nəzərdə tutub ki, Konvensiyanın 2-ci maddəsinin tələb etdiyi kimi Rusiya dövlət orqanları onun qızının ölümü ilə bağlı səmərəli istintaq aparmamışlar.



b. Kipr Hökuməti

227. Öz yazılı dəlillərində Kipr Hökuməti qəbul edib ki, səmərəli istintaq aparmaq öhdəliyi Konvensiyanın 2-ci maddəsindən o halda irəli gəlir ki, Dövlət agentləri fərdi şəxsin ölümünə gətirib çıxaran hadisələrə cəlb olunsunlar, lakin Hökumət iddia edib ki, hər bir faciəvi ölüm araşdırmanın aparılması ilə xüsusi addımların atılmasını tələb etmir. Hazırkı işdə Kipr dövlət orqanları xanım Rantsevanın ölməsi halları ilə bağlı istintaq aparmaq öhdəliyində olmamışlar, lakin bunu etmişlər. Xanım Rantsevanın ölümünə gətirib çıxarmış dəqiq halların qeyri-müəyyən qalmasına baxmayaraq, Kipr Hökuməti istintaqda çatışmazlıqların mövcudluğu barədə ehtimalı mübahisələndirib. İstintaq polis tərəfindən aparılmış və məsuliyyət daşıyan şəxslərin müəyyən edilməsi və cəzalandırılması iqtidarında olmuşdur. Vacib sübutun təmin edilməsi üçün əsaslı addımlar atılmış və istintaq aparılmışdır.

228. İstintaqa gəldikdə, Kipr Hökuməti bildirib ki, ərizəçi Kipr dövlət orqanları tərəfindən işə baxılmasının tarixi barədə məlumat almışdır. Bundan başqa, iclas iki dəfə təxirə salınmışdır, ona görə ki, ərizəçi iştirak etməmişdir. Kipr Hökuməti təxirə salınma barədə ərizəçinin müraciəti haqqında Kipr dövlət orqanlarını məlumatlandırmaqda Rusiya dövlət orqanlarının gecikməsinə işarə etmişdir: müraciət iclasın keçirilməsindən yalnız dörd ay sonra alınmışdır. Məhkəmə ərizəçinin müraciəti barədə məlumatlı olduğu halda, o, iclası yenə də təxirə sala bilərdi. Ərizəçinin bütün başqa müraciətləri ünvanına çatmış və müvafiq Kipr dövlət orqanları mümkün olduğu yerlərdə ərizəçiyə kömək göstərməyə çalışmışlar. Hüquqi yardıma aid ərizəçinin şikayətinə gəldikdə, Kipr Hökuməti göstərib ki, ərizəçi düzgün prosedur vasitəsilə müraciət etməmişdir. O, “Hüquqi yardım haqqında” Qanuna əsasən müraciət etməli idi; ərizəçinin istinad etdiyi Hüquqi yardım haqqında Saziş hüquqi yardımı deyil, pulsuz hüquqi yardımı nəzərdə tutub ki, bu da kifayət qədər fərqli məsələdir.

229. Öz birtərəfli bəyanatında (baxın, yuxarıda 187-ci paraqraf), Kipr Hökuməti təsdiq edib ki, bu yaxınlarda üç müstəqil müstəntiqlər xanım Rantsevanın ölümünün hallarının və onun ölümünə görə hər hansı şəxsin və ya dövlət orqanının məsuliyyət dairəsinin araşdırılması üçün təyin olunmuşlar.



c. Rusiya Hökuməti

230. Rusiya Hökuməti qəbul edib ki, sonradan dəyişikliklərin edilməsinə baxmayaraq, müvafiq vaxtda Rusiya cinayət qanunvericiliyi Rusiya vətəndaşına qarşı Rusiya ərazisindən kənarda törədilmiş cinayətə görə qeyri-Rusiya vətəndaşlar barəsində Rusiyada cinayət təqibinin başlanılmasının mümkünlüyünü nəzərdə tutmamışdır. Hər bir halda ərizəçi Rusiya dövlət orqanlarından cinayət işinin başlanılmasını deyil, sadəcə olaraq Kiprdə qızının ölümünə gətirib çıxarmış halların müəyyən olunmasında köməklik göstərilməsini xahiş etmişdir. Müvafiq olaraq, xanım Rantsevanın ölümü ilə bağlı hər hansı ibtidai istintaq Rusiyada aparılmamış və hər hansı sübut əldə edilməmişdir. Xanım Rantseva ilə işləmiş iki gənc qadından ifadələrin alınması ərizəçi tərəfindən Rusiya dövlət orqanlarından bir neçə dəfə xahiş edilsə belə, onun məlumatlandırıldığı kimi, Kipr dövlət orqanlarından hüquqi yardım barədə müraciət olmadan Rusiya dövlət orqanları tələb olunan addımları ata bilməzlər. Rusiya dövlət orqanları Kipr dövlət orqanlarını məlumatlandırıblar ki, onlar Hər hansı belə müraciəti icra etməyə hazırdırlar, lakin hər hansı müraciət edilməmişdir.

231. Rusiya Hökuməti iddia edib ki, Rusiya dövlət orqanları xanım Rantsevanın ölümünün hallarının müəyyən olunması, istintaqın aparılmasında Kipr dövlət orqanlarına yardım göstərilməsi və ərizəçinin hüquqlarının bərpası üçün bütün mümkün tədbirləri görmüşlər. Müvafiq olaraq, onlar iddia ediblər ki, Rusiya Konvensiyanın 2-ci maddəsinə əsasən üzərində olan hər hansı prosessual öhdəliklərə riayət etmişdir.

2. Məhkəmənin qiymətləndirməsi

a. Ümumi prinsiplər

232. Məhkəmənin ardıcıl olaraq nəticəyə gəldiyi kimi, Konvensiyanın 1-ci maddəsinə əsasən “yurisdiksiyası altında olan hər kəsin Konvensiyada müəyyən olunmuş hüquq və azadlıqların təmin edilməsi” barədə Dövlətin ümumi vəzifəsi ilə birgə götürülməklə, Konvensiyanın 2-ci maddəsinə əsasən yaşamaq hüququ müdafiə etmək öhdəliyi tələb edir ki, gücdən istifadə nəticəsində fərdi şəxslərin öldürüldüyü halda, rəsmi səmərəli istintaqın müəyyən forması mövcud olmalıdır (baxın, Mak Keynn və digərləri Birləşmiş Krallığa qarşı, 27 sentyabr 1995-ci il, § 161, A Seriyaları, № 324; Kaya Türkiyəyə qarşı, 19 fevral 1998-ci il, § 86, Hesabatlar, 1998-I; yuxarıda qeyd olunmuş Medova Rusiyaya qarşı, § 103). Rəsmi səmərəli istintaqı həyata keçirmək öhdəliyi, həmçinin ölümün Dövlət agentlərinə aid olmayan şübhəli vəziyyətdə baş verdiyi halda əmələ gəlir (baxın, Menson Birləşmiş Krallığa qarşı (qərardad), № 47916/99, İHAM 2003-V). Belə istintaqın əsas məqsədi yaşamaq hüququnu müdafiə edən daxili qanunvericiliyin səmərəli implementasiyasını və Dövlət agentlərinin və ya orqanlarının iştirakını cəlb edən işlərdə onların məsuliyyəti altında baş vermiş ölümlərə cavab vermələrini təmin etməkdən ibarətdir. Məsələ diqqətlərinə çatdırıldığı andan başlayaraq, dövlət orqanları öz mülahizələri ilə hərəkət etməlidirlər. Onlar bunu yaxın qohumun formal şikayət vermək və ya istintaq hərəkətlərinin həyata keçirilməsi üçün məsuliyyəti üzərinə götürmək təşəbbüsünə buraxmamalıdırlar (baxın, məsələn, İlhan Türkiyəyə qarşı (BP), № 22277/93, § 63, İHAM 2000-VII; yuxarıda qeyd olunmuş Pol və Odri Edvards işi, § 69).

233. İstintaqın səmərəli olması üçün onun həyata keçirilməsinə məsuliyyətli olan şəxslər hadisələrdə iştirak edən şəxslərdən müstəqil olmalıdırlar. Bu, yalnız iyerarxik və ya institusional deyil, həm də praktiki müstəqilliyi tələb edir (baxın, Hyuq Cordan Birləşmiş Krallığa qarşı, № 24746/94, § 120, İHAM 2001-III (çıxarışlar); və Kelli və digərləri Birləşmiş Krallığa qarşı, № 30054/96, § 114, 04 may 2001-ci il). İstintaq məsuliyyətli şəxslərin şəxsiyyətinin müəyyən olunmasına və onların cəzalandırılmasına qadir olmalıdır (baxın, yuxarıda qeyd olunmuş Pol və Odri Edvards, § 71). Sürətlilik və istintaqın ağlabatan şəkildə vaxtında keçirilməsi Konvensiyanın 2-ci maddəsinin mənasında səmərəli istintaqın kontekstində nəzərdə tutulur (baxın, Yaşa Türkiyəyə qarşı, 02 sentyabr 1998-ci il, §§ 102-104, Hesabatlar, 1998-VI; Cakıçı Türkiyəyə qarşı (BP), № 23657/94, §§ 80-87 və 106, İHAM 1999-IV; və yuxarıda qeyd olunmuş Kelli və digərləri, § 97). Bütün işlərdə qurbanın yaxın qohumu qanuni maraqlarının təmin olunması üçün zəruri olan həddə prosesə cəlb olunmalıdır (baxın, məsələn, Gülec Türkiyəyə qarşı, 27 iyul 1998-ci il, § 82, Qərar və Qərardadların Hesabatı, 1998-IV; və yuxarıda qeyd olunmuş Kelli və digərləri, § 98).

b. Ümumi prinsiplərin hazırkı işə tətbiqi

i. Kipr

234. İlk növbədə, məhkəmə təsdiq edir ki, xanım Rantsevanın gücdən birbaşa istifadə etmə nəticəsində ölməsinə dair hər hansı sübut yoxdur. Lakin yuxarıda göstərildiyi kimi (baxın, yuxarıda 232-ci paraqraf), bu, Konvensiyanın 2-ci maddəsinə əsasən onun ölümü ilə bağlı istintaqın aparılması öhdəliyinin mövcudluğunu aradan qaldırmır (baxın, həmçinin Kalvelli və Siqlio İtaliyaya qarşı (BP), 32967/96, §§ 48-50, İHAM 2002-1; və Önəryıldız Türkiyəyə qarşı (BP), 48939/99, §§ 70-74, İHAM 2004-XII). Xanım Rantsevanın ölümünü əhatə edən qeyri-müəyyən və izah olunmamış halları və insan alveri, pis rəftar və ölümünə gətirib çıxaran dövrdə qanunsuz həbs iddiaları baxımından, Məhkəmə hesab edir ki, Kipr dövlət orqanlarına aid xanım Rantsevanın ölümünün hallarının araşdırılması barədə prosessual öhdəlik yaranmışdır. Yaranmış zərurətə görə, istintaq xanım Rantsevanın balkondan yerə düşməsi ilə bağlı yalnız birbaşa kontekstlə deyil, həmçinin iddia olunan insan alveri ilə xanım Rantsevanın sonrakı ölümü arasındakı əlaqənin olub-olmamasının qiymətləndirilməsi üçün onun Kiprə gəlişi və qalması barədə daha geniş kontekst araşdırmağı tələb edir.

235. İstintaqın adekvatlığına gəldikdə, Məhkəmə qeyd edir ki, polis tez bir vaxtda hadisə yerinə gəlmiş və bir neçə dəqiqə ərzində hadisə yerini möhürləmişdir. Fotoşəkillər çəkilmiş və məhkəmə tibb ekspertizası aparılmışdır (baxın, yuxarıda 32-ci paraqraf). Həmin səhər polis xanım Rantseva öldüyü zaman mənzildə olmuş şəxslərin və onun yerə düşməsini müşahidə etmiş şəxsin ifadəsini almışdır. Limassol Polis İdarəsində növbədə olmuş polis əməkdaşları da ifadə vermişlər (baxın, yuxarıda 33-cü paraqraf). Meyitin yarılması aparılmış və istintaq keçirilmişdir (baxın, yuxarıda 35-41-ci paraqraflar). Lakin istintaqın bir neçə elementləri qeyri-qənaətbəxş olmuşdur.

236. Birincisi, mənzildə olmuş şəxslərin ifadələrində ziddiyyətlər olmuş və görünür ki, Kipr istintaq orqanları onları aradan qaldırmaq üçün hər hansı addım atmamışlar (baxın, yuxarıda 22-24 və 26-28-ci paraqraflar). Eynilə, xanım Rantsevanın fiziki vəziyyətinə və konkret olaraq onun davranışına alkoqolun təsirinə aid toplanmış sübutlardan da uyğunsuzluqlar irəli gəlir (baxın, yuxarıda 18, 20-21 və 24-cü paraqraflar). İşdə Kipr və Rusiya dövlət orqanlarının məhkəmə tibb ekspertizalarının rəyləri arasındakı iddia olunan ziddiyyətlər və balkondan düşərkən xanım Rantsevanın səs-küy etmədiyi faktı kimi hər hansı qaneedici izah təqdim olunmayan aşkar anormallıqlar vardır (baxın, yuxarıda 29, 50-52 və 67-ci paraqraflar).

237. İkincisi, araşdırma üzrə çıxarılmış verdikt qeyd edib ki, xanım Rantseva “qonaq” olduğu mənzildən qaçmağa cəhd edərkən, “şübhəli hallarda” ölmüşdür (baxın, yuxarıda 41-ci paraqraf). Onun ölümünü əhatə edən halların qeyri-aydın olmasına baxmayaraq, xanım Rantseva ilə yaşamış və ya onunla birgə kabaredə işləmiş şəxslərin dindirilməsi üçün Kipr polisi tərəfindən hər hansı səy göstərilməmişdir. Daha sonra, xanım Rantsevanın mənzildən qaçmaq istədiyi barədə araşdırmanın təəccüblü nəticəsinə baxmayaraq, onun niyə qaçmaq istəməsinin müəyyən edilməsi və ya iradəsinə zidd olaraq mənzildə həbsdə olub-olmadığına aydınlıq gətirilməsi üçün hər hansı addım atılmamışdır.

238. Üçüncüsü, 28 və 29 mart 2001-ci ildə növbədə olmuş iki polis əməkdaşının və bir pasport şöbəsi əməkdaşının ilkin ifadələrindən başqa polis idarəsində nəyin baş verdiyinə və konkret olaraq polisin nəyə görə xanım Rantsevanı M.A.-nın saxlamasına verdiyinə dair hər hansı istintaqın aparılması görünmür. Şahid ifadələrindən aydındır ki, ƏİPX M.A.-nı xanım Rantsevanın ölümü üçün təqsirli hesab edir, lakin bu nəticə üçün səbəblər və onun düzgünlüyü hərtərəfli şəkildə heç zaman araşdırlmamışdır. Daha sonra, polis əməkdaşlarının ifadələri xanım Rantsevadan götürülmüş hər hansı ifadəyə istinad etmir və bunun nəyə görə edilməməsinə izahat verən hər hansı dəlil istintaq materiallarında yoxdur; ifadə M.A. tərəfindən verilmişdir (baxın, yuxarıda 19-cu paraqraf). Məhkəmə xatırladır ki, Avropa Şurasının Komissarı 2008-ci ildə məruzə edib ki, polis qüvvələri daxilində insan alveri ilə bağlı korrupsiya iddiaları tək-tük işlərdir (baxın, yuxarıda 102-ci paraqraf). Lakin hazırkı işin faktları baxımından, Məhkəmə hesab edir ki, dövlət orqanları xanım Rantsevanın ölümünə gətirib çıxaran hadisələrə aid polis qüvvələri daxilində korrupsiyanın hər hansı əlamətlərinin olub-olmamasını istintaq etmək öhdəliyi altında olmuşdur.

239. Dördüncüsü, Kipr dövlət orqanlarına aydın müraciətinə baxmayaraq, ərizəçi iclasın tarixi barədə şəxsən məlumat almamış və nəticədə verdiktin çıxarılmasında iştirak etməmişdir. Kipr Hökuməti ərizəçinin bu tələbini mübahisələndirməyib ki, o, iclasın keçirilməsindən yalnız 15 ay sonra məlumatlandırılmışdır. Müvafiq olaraq, ərizəçinin təkidli səylərinə baxmayaraq, Kipr dövlət orqanları onun prosesdə səmərəli iştirakını təmin etməyiblər.

240. Beşincisi, ərizəçinin Rusiya dövlət orqanları vasitəsilə istintaq üçün davamlı tələbləri Kipr dövlət orqanları tərəfindən diqqətdən kənarda qalmış görünür. Xüsusən, Kipr hüquq sistemi daxilində ona əlçatan olan başqa vasitələr üçün informasiya müraciətləri, eləcə də Kipr dövlət orqanları tərəfindən pulsuz hüquqi yardım tələbləri etinasızlıqla üzləşmişdir. Hüquqi yardım tələbinin səhv yolla edildiyi barədə Kipr Hökumətinin Məhkəməyə verdiyi cavab qənaətbəxş deyildir. Ərizəçinin təkrar tələblərini və sözügedən işin ağırlığını nəzərə alaraq, Kipr Hökuməti ən azı pulsuz hüquqi yardımın tələb olunması üçün düzgün proseduru ərizəçiyə izah etməli olmuşdur.

241. Nəhayət, ölümlə bağlı istintaqın səmərəli olması üçün üzv Dövlətlər elə addımlar atmalıdırlar ki, onlar istintaqı aparan Dövlətin ərazisində yerləşməsindən asılı olmayaraq əhəmiyyətli sübutun təmin olunması üçün zəruri və əlçatan olsun. Məhkəmə qeyd edir ki, həm Kipr, həm də Rusiya Qarşılıqlı yardım haqqında Konvensiyanın tərəfləridir və əlavə olaraq Hüquqi yardım haqqında Saziş bağlamışlar (baxın, yuxarıda 175-185-ci paraqraflar). Bu vasitələr xanım Rantsevanın Kiprdə qalması və onun sonrakı ölümü ilə bağlı halların istintaqında Kipr dövlət orqanlarının Rusiyadan yardım üçün müraciət etməsinə dair aydın proseduru müəyyən etmişdir. Rusiya Federasiyasının Baş Prokuroru könüllü öhdəlik götürmüşdür ki, başqa sübutların toplanmasında kömək etməklə bağlı hüquqi yardım üçün Rusiya istənilən müraciətə köməklik göstərəcək (baxın, yuxarıda 70-ci paraqraf). Lakin heç bir sübut yoxdur ki, Kipr dövlət orqanları öz istintaqlarının keçirilməsində Rusiyadan hər hansı hüquqi yardım istəmişdir. Belə olan halda, Məhkəmə xanım Rantseva ilə kabaredə işləmiş iki rus qadının ifadələrinin əldə olunması üçün hüquqi yardım barədə tələbin edilməsindən Kipr dövlət orqanlarının imtinasını xüsusilə təəssüfləndirici hesab edir, nəzərə alaraq ki, belə ifadələr istintaqın mərkəzində olan məsələlərin aydınlaşdırılması üçün dəyərlidir. Xanım Rantsevanın 2001-ci ildə ölməsinə baxmayaraq, ərizəçi onun ölümünə gətirib çıxaran halların qaneedici izahını hələ də gözləyir.

242. Müvafiq olaraq, Məhkəmə hesab edir ki, xanım Rantsevanın ölümü ilə bağlı Kipr dövlət orqanları tərəfindən səmərəli istintaqın aparılmamasına görə iş üzrə Konvensiyanın 2-ci maddəsinin prosessual pozuntusu baş vermişdir.



ii. Rusiya

243. Məhkəmə xatırladır ki, xanım Rantsevanın ölümü Kiprdə baş vermişdir. Müvafiq olaraq, ümumi yanaşmadan kənara çıxmağı tələb edən xüsusi məqamların hazırkı işdə olduğu göstərilmirsə, rəsmi səmərəli istintaqın təmin olunması öhdəliyi yalnız Kiprin üzərinə düşür (baxın, mutatis mutandis, Al-Adsani Birləşmiş Krallığa qarşı (BP), № 35763/97, § 38, İHAM 2001-XI).

244. Xüsusi məqamların mövcudluğuna gəldikdə, ərizəçi o fakta istinad edir ki, xanım Rantseva Rusiya vətəndaşı olmuşdur. Lakin Məhkəmə hesab etmir ki, Konvensiyanın 2-ci maddəsi üzv Dövlətlərin cinayət qanunvericiliyindən tələb edir ki, vətəndaşlarından birinin ölümü ilə bağlı işlərdə universal yurisdiksiyanı nəzərdə tutsunlar. Özünün istintaqını keçirmək barədə Rusiya üzərində öhdəliyin qoyulmasını əsaslandıra bilən hər hansı digər xüsusi məqamlar yoxdur. Müvafiq olaraq, Məhkəmə hesab edir ki, Konvensiyanın 2-ci maddəsinə əsasən xanım Rantsevanın ölümünün istintaqının aparılması üçün hər hansı ayrıca öhdəlik Rusiya dövlət orqanlarının üzərində olmamışdır.

245. Lakin istintaq aparan Dövlətin üzərində digər yurisdiksiyalarda yerləşən sübutu təmin etmək öhdəliyinin nəticəsi olaraq sübutun yerləşdiyi Dövlətin vəzifəsidir ki, hüquqi yardım tələbi əsasında istənilmiş hər hansı köməyi səlahiyyəti və imkanları daxilində təqdim etsin. Hazırkı işdə yuxarıda göstərildiyi kimi, Rusiya Federasiyasının Baş Prokuroru iki rus qadının ifadələrinə istinadən Rusiya dövlət orqanlarına ünvanlanmış istənilən qarşılıqlı hüquqi yardım tələbinə riayət etmək və şahid ifadələrini almağı təşkil etmək niyyətini açıqlamış, lakin hər hansı belə tələb verilməmişdir (baxın, yuxarıda 241-ci paraqraf). Ərizəçi iddia edib ki, Kipr dövlət orqanlarından hər hansı tələbin olmamasına baxmayaraq, Rusiya dövlət orqanları iki qadını dindirməli olmuşdur. Lakin Məhkəmə xatırladır ki, xanım Rantsevanın ölümünü istintaq etmək öhdəliyi Kiprə aiddir. Hüquqi yardım tələbinin olmadığı halda, Rusiya dövlət orqanlarından Konvensiyanın 2-ci maddəsinə əsasən sübutu əldə etmək tələb olunmurdu.

246. Cinayət işinin başlanılmasına dair Rusiya dövlət orqanları tərəfindən tələbin irəli sürülməməsi barədə ərizəçinin dəlilinə gəldikdə, Məhkəmə qeyd edir ki, Rusiya dövlət orqanları Kipr dövlət orqanlarını hərəkətə gətirmək üçün qarşılıqlı hüquqi yardım sazişləri ilə təqdim olunmuş imkanlardan geniş istifadə etmişdir (baxın, məsələn, 48, 52, 55, 57 və 61-62-ci paraqraflar). Xüsusən, 11 dekabr 2001-ci il tarixli məktubla onlar tələb etmişlər ki, xanım Rantsevanın ölümü ilə bağlı əlavə istintaq aparılsın, əhəmiyyətli şahidlər dindirilsin və Kipr dövlət orqanları qəsdən adam öldürmə, adam oğurluğu və ya azadlığın qanunsuz məhdudlaşdırılması ittihamlarını irəli sürsün (baxın, yuxarıda 52-ci paraqraf). 27 dekabr 2001-ci il tarixli məktubla cinayət işinin başlanılması üçün xüsusi tələb təqdim edilmişdir (baxın, yuxarıda 53-cü paraqraflar). Bu tələb bir neçə dəfə təkrarlanmışdır.

247. Nəticədə, Məhkəmə hesab edir ki, Rusiya Federasiyası tərəfindən Konvensiyanın 2-ci maddəsinin prosessual pozuntusu baş verməmişdir.



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə