İnsan hüquqlari üZRƏ avropa məHKƏMƏSİ Birinci bölmə Rantsev Kiprə və Rusiyaya qarşı


a. Kipr i. Lazımi qanunverici və inzibati çərçivəni yaratmaq barədə pozitiv öhdəlik



Yüklə 0,63 Mb.
səhifə7/8
tarix10.11.2017
ölçüsü0,63 Mb.
#9339
1   2   3   4   5   6   7   8

a. Kipr

i. Lazımi qanunverici və inzibati çərçivəni yaratmaq barədə pozitiv öhdəlik

290. Məhkəmə qeyd edir ki, insan alveri və cinsi istismarı qadağan edən qanunvericilik Kiprdə 2000-ci ildə qəbul olunmuşdur (baxın, yuxarıda 127-131-ci paraqraflar). Qanun Palermo Protokolunun müddəalarını əks etdirir və cinayətə qarşı hər hansı müdafiəni təqdim etmədən razılıqla insan alveri və cinsi istismarı qadağan edir. Qanunvericilikdə sərt cəzalar nəzərdə tutulur. Qanun, həmçinin, inter alia, qurbanların qəyyumlarının təyin olunması vasitəsilə onların müdafiəsi vəzifəsini nəzərdə tutur. Praktiki implementasiya tədbirlərinin qəbul olunması üçün dövlət orqanlarının çatışmazlığını Ombudsman tənqid etsə belə, o, qanunun özünü qənaətbəxş hesab etmişdir (baxın, yuxarıda 90-cı paraqraf)- Avropa Şurasının Komissarı da 3(1) 2000 saylı Qanunla müəyyən olunmuş hüquqi çərçivəni “yolverilən” kimi qiymətləndirir (baxın, yuxarıda 92-ci paraqraf). Kiprin insan alveri barədə qanunvericiliyinin qeyri-adekvatlığına dair ərizəçinin şikayətinə baxmayaraq, Məhkəmə hesab etmir ki, hazırkı işin halları bununla bağlı hər hansı narahatlığa əsas verir.

291. Lakin ümumi hüquqi və inzibati çərçivəyə və Kiprin immiqrasiya siyasətinin adekvatlığına gəldikdə, bir neçə zəif məqamlar aşkar oluna bilər. Avropa Şurasının İnsan Hüquqları Komissarı 2003-cü il tarixli hesabatında qeyd edib ki, immiqrasiya siyasətinin olmaması və bununla bağlı qanunverici çatışmazlıqlar qadınların Kiprə alverini həvəsləndirmişdir (baxın, yuxarıda 91-ci paraqraf). O, kabare artistləri kimi Kiprə daxil olan gənc qadınların axınının qarşısının alınması üçün qabaqlayıcı nəzarət tədbirlərinin qəbul olunmasına çağırmışdır (baxın, yuxarıda 94-cü paraqraf). Sonrakı hesabatlarında Komissar hüquqi çərçivələr barədə narahatlıqlarını təkrar etmiş və artistin ölkəyə daxil olmaq icazəsi üçün kabare administratorlarının müraciət etməli olması barədə sistemi xüsusilə tənqid edərək hesab etmişdir ki, bu sistem artisti işəgötürəni və ya agentindən asılı edir və onun həmin şəxslərin əllərinə düşmə təhlükəsini artırır (baxın, yuxarıda 100-cü paraqraf). 2008-ci il tarixli hesabatında Komissar artist viza rejimini insan alveri ilə mübarizənin aparılması üçün zəruri addımlar atmağı hüquq mühafizə orqanlarına çox çətin edən kimi tənqid etməklə qeyd etmişdir ki, bu, insan alverinə qarşı görülmüş tədbirlərə zidd və ya ən azı onları səmərəsiz edən kimi qəbul oluna bilər (baxın, həmçinin 105 və 107-ci paraqraflarda ABŞ Dövlət Departamentinin hesabatı). Komissar təəssüfünü ifadə edib ki, əvvəlki hesabatlarda ortaya çıxmış narahatlıqlara və onu ləğv etmək barədə Hökumətin öhdəliyinə baxmayaraq, artistin əmək icazəsi hələ qüvvədədir (baxın, yuxarıda 103-cü paraqraf). Eynilə, Ombudsman 2003-cü il tarixli hesabatında minlərlə gənc əcnəbi qadınların Kiprə daxil olmasında artist viza rejimini günahlandırmış və qeyd etmişdir ki, bu qadınlar pis yaşayış və əmək şəraitində işəgötürənləri tərəfindən istismar edilirlər (baxın, yuxarıda 89-cu paraqraf).

292. Daha sonra, Məhkəmə vurğulayır ki, artist öz işini tərk etdikdə, bu barədə dövlət orqanlarını məlumatlandırmaq üzrə işəgötürənlərin öhdəliyi (baxın, yuxarıda 117-ci paraqraf) immiqrantların immiqrasiya öhdəliklərinə riayət etməsinə nəzarət etməyi dövlət orqanlarına mümkün etmək üçün qanuni tədbir olsa belə, riayət olunmanın təmin olunması və riayət olunmadıqda, addımlar atmaq üçün məsuliyyət dövlət orqanların özlərində qalmalıdır. İtmiş artistlərin geriyə qaytarılması və ya artistlərin davranışı üçün şəxsi məsuliyyətin hər hansı digər şəkildə üzərinə götürülməsi barədə kabare sahiblərini və administratorlarını həvəsləndirən tədbirlər artistlərə aid Kiprdə insan alverinin daha geniş kontekstində yolverilməzdir. Bunun əksinə olaraq, Məhkəmə işə götürdükləri artistlərlə bağlı gələcək potensial xərclərin əhatə olunması üçün bank zəmanətinin kabare sahibləri və administratorlarından tələb olunması praktikasını xüsusilə narahatlıq doğuran hesab edir (baxın, yuxarıda 115-ci paraqraf). Xanım Rantsevanın imzaladığı ikinci borc öhdəliyi (baxın, yuxarıda 15-ci paraqraf), eləcə də M.A.-nın xanım Rantseva üçün məsuliyyət daşıdığı və bu səbəbdən polis idarəsinə gəlib onu oradan götürməsinin tələb olunduğu barədə ƏİPX-in izah edilməmiş qənaəti eynilə (baxın, yuxarıda 20-ci paraqraf narahatlıq doğurur.

293. Belə olan halda, Məhkəmə hesab edir ki, Kiprdə artist vizalarının rejimi insan alverinə və istismara qarşı praktiki və səmərəli müdafiəni xanım Rantsevaya təqdim etməmişdir. Müvafiq olaraq, bununla bağlı Konvensiyanın 4-cü maddəsi pozulmuşdur.

ii. Qoruyucu tədbirlər görmək barədə pozitiv öhdəlik

294. Hazırkı işdə xanım Rantsevanı müdafiə etmək məqsədilə tədbirləri görmək üçün pozitiv öhdəliyin yaranıb-yaranmamasını qiymətləndirərkən, Məhkəmə aşağıdakıları əhəmiyyətli hesab edir. Birincisi, Ombudsmanın 2003-cü il tarixli hesabatından aydındır ki, 1970-ci illərdən başlayaraq, Kiprdə gənc əcnəbi qadınları cinsi industriyada işləməyə məcbur etməklə bağlı ciddi boşluq vardır (baxın, yuxarıda 83-cü paraqraf). Hesabatda, həmçinin SSRİ-nin dağılmasından sonra keçmiş Sovet ölkələrindən gələn artistlərin əhəmiyyətli artması qeyd olunub (baxın, yuxarıda 84-cü paraqraf). Ombudsman öz qənaətlərində vurğulayıb ki, immiqrasiya orqanlarının tolerantlığına görə Kiprdə insan alveri çiçəklənə bilər (baxın, yuxarıda 89-cu paraqraf). 2006-cı il tarixli hesabatında Avropa Şurasının İnsan hüquqları Komissarı da qeyd edib ki, artist vizası əsasında Kiprə daxil olan artistlərin əksəriyyətinin fahişə işində işləməsi barədə dövlət orqanları məlumatlı olmuşlar (baxın, yuxarıda 96-cı paraqraf). Buna görə şübhəsizdir ki, Kipr dövlət orqanları xəbərdar idilər ki, əcnəbi qadınların, o cümlədən keçmiş SSRİ-dən gələnlərin əhəmiyyətli sayı Kiprə artist vizası əsasında insan alveri üzrə köçürülmüşlər və ora gələrkən, kabare sahibləri və administratorları tərəfindən cinsi şəkildə istismar edilmişlər.

295. İkincisi, Məhkəmə vurğulayır ki, xanım Rantseva işəgötürəni tərəfindən Limassol polis idarəsinə aparılmışdır. Polis idarəsinə gələrkən, M.A. polisə deyib ki, xanım Rantseva Rusiya vətəndaşıdır və kabare artisti kimi işləyir. Daha sonra, o izah edib ki, xanım Rantseva bu yaxınlarda Kiprə gəlmiş, xəbər vermədən işini atmış və ona ayrılmış mənzili də tərk etmişdir (baxın, yuxarıda 19-cu paraqraf). O, polisə xanımın pasportunu və digər sənədləri vermişdir (baxın, yuxarıda 21-ci paraqraf).

296. Məhkəmə potensial insan alveri qurbanlarının müəyyən edilməsi üçün müvafiq sahələrdə işləyənlərə adekvat treninqin təmin edilməsi üzrə Kipr dövlət orqanları tərəfindən Palermo Protokolu və sonradan insan alverinə qarşı Konvensiya kontekstində üzərinə götürdüyü öhdəlikləri xatırladır (baxın, yuxarıda 115 və 167-ci paraqraflar). Xüsusən, Palermo Protokolunun 10-cu maddəsinə əsasən, Dövlətlər insan alverinin qarşısının alınması üçün hüquq mühafizə, immiqrasiya orqanlarının və digər vəzifəli şəxslərin treninqinin təmin edilməsi və ya gücləndirilməsini üzərlərinə öhdəlik kimi götürmüşlər. Məhkəmənin qənaətinə görə, polis orqanlarına aşkar olan kifayət qədər dəlillər olub ki, onlar Kiprdə insan alverinin ümumi vəziyyəti baxımından, xanım Rantsevanın insan alverinin və ya istismarının qurbanı olmasını və ya qurbanı olmaq üzrə real və birbaşa təhlükədə olduğu barədə etibarlı şübhəyə əsas verən hallardan məlumatlı olsunlar. Müvafiq olaraq, pozitiv öhdəlik yaranıb ki, dərhal istintaq başlanılsın və xanım Rantsevanı müdafiə etmək üçün zəruri tədbirlər görülsün.

297. Lakin hazırkı işdə görünür ki, polis idarəsinə gəldikdə, polis xanım Rantsevanı heç dindirməmişdir. Ondan hər hansı izahat alınmamışdır. Polis faktlarla bağlı hər hansı araşdırmalar aparmamışdır. Onlar sadəcə olaraq xanım Rantsevanın adının axtarışda olan şəxslərin siyahısında olub-olmamasını yoxlamış və adının orada olmamasını müəyyən edərək, işəgötürəninə zəng etmiş və qayıdıb onu götürməyi xahiş etmişlər. O imtina edərək, xanım Rantsevanın həbsə alınmasında təkid etdikdə, məsələ ilə məşğul olan polis əməkdaşı rəisi ilə M.A.-nın arasında əlaqə yaratmışdır (baxın, yuxarıda 20-ci paraqraf). Polis əməkdaşının rəisi ilə M.A.-nın söhbətində deyilənlər məlum deyil, lakin həmin danışığın nəticəsi bu olub ki, M.A. gəlməyə və xanım Rantsevanı götürməyə razılıq vermiş və sonradan bunu etmişdir.

298. Hazırkı işdə polis orqanlarının səhvləri çox olmuşdur. Birincisi, onlar xanım Rantsevanın insan alverinə məruz qalıb-qalmaması ilə bağlı dərhal araşdırmalar aparmamışlar. İkincisi, onlar xanım Rantsevanı azad etməmiş, lakin onu M.A.-nın saxlamasına həvalə olunmasını qərara almışlar. Üçüncüsü, 3(1) saylı 2000-ci il tarixli Qanunun müddəalarına riayət etməyə və onu müdafiə etmək üçün bu Qanunun 7-ci maddəsində müəyyən olunmuş tədbirləri görməyə (baxın, yuxarıda 130-cu paraqraf) cəhd olunmamışdır. Müvafiq olaraq, Məhkəmə hesab edir ki, xanım Rantsevanın insan alverinə və istismara məruz qalmasına dəlalət edən hallarda çatışmazlıqlar onu müdafiə etmək üçün kipriot dövlət orqanları tərəfindən uğursuzluqla nəticələnmişdir. Nəticədə, iş üzrə bu məsələ ilə bağlı da Konvensiyanın 4-cü maddəsi pozulmuşdur.



iii. Trafikinqin istintaq edilməsi barədə prosessual öhdəlik

299. Digər məsələ qızının insan alverinə məruz qaldığı barədə ərizəçinin iddiaları ilə bağlı səmərəli istintaqın aparılması üzrə kipriot dövlət orqanlarının davamlı uğursuzluğu nəticəsində prosessual pozuntuya yol verilib-verilməməsindən ibarətdir.

300. Xanım Rantsevanın sonrakı ölümünün halları baxımından, Məhkəmə hesab edir ki, insan alveri iddiaları üzrə səmərəli istintaqın aparılması barədə kipriot dövlət orqanları üzərində olan tələb xanım Rantsevanın ölümü ilə bağlı səmərəli istintaqın aparılması üçün hazırkı işdə Konvensiyanın 2-ci maddəsinə əsasən yaranan ümumi öhdəliklə tamamlanır (baxın, yuxarıda 234-cü paraqraf). Onun ölümü ilə bağlı istintaqın səmərəliliyi məsələsi Konvensiyanın 2-ci maddəsi üzrə ərizəçinin şikayətinin Məhkəmə tərəfindən araşdırılması baxımından yuxarıda baxılmış və pozuntu müəyyən edilmişdir. Buna görə, Konvensiyanın 4-cü maddəsinə əsasən Kiprə qarşı prosessual şikayətə ayrıca baxılması tələb olunmur.

b. Rusiya

i. Lazımi qanunverici və inzibati çərçivəni yaratmaq barədə pozitiv öhdəlik

301. Məhkəmə təkrar edir ki, Rusiyanın hazırkı işdə məsuliyyəti onun yurisdiksiyasına düşən hərəkətlərlə məhdudlaşır (baxın, yuxarıda 207-208-ci paraqraflar). Cinayət qanunu həmin vaxtda insan alveri cinayətini xüsusi olaraq nəzərdə tutmasa belə, Rusiya Hökuməti iddia edib ki, ərizəçinin şikayət etdiyi hərəkətlər digər cinayətlərin tərkibi daxilinə düşür.

302. Məhkəmə qeyd edir ki, ərizəçi Rusiyanın cinayət qanunu müddəalarının konkret çatışmazlığını göstərmir. Həmçinin daha geniş inzibati və qanunverici çərçivəyə aid Məhkəmə kütləvi informasiya vasitələrində informasiya kampaniyası yolu ilə insan alverinin təhlükələrini ictimaiyyətin diqqətinə çatdırmağa dair Rusiya dövlət orqanlarının səylərini vurğulayır (baxın, yuxarıda 262-ci paraqraf).

303. Məhkəmə malik olduğu sübutlar əsasında hesab etmir ki, həmin vaxtda Rusiyada qüvvədə olan qanunverici və inzibati çərçivələr hazırkı işin halları baxımından xanım Rantsevanın praktiki və səmərəli müdafiəsini təmin edə bilməmişdir.



ii. Qoruyucu tədbirlər görmək üzrə pozitiv öhdəlik

304. Məhkəmə təkrar edir ki, operativ tədbirlər görmək barədə Rusiyaya aid olan hər hansı pozitiv öhdəlik yalnız onun ərazisində baş vermiş hərəkətlərdən yarana bilər (baxın, mutatis mutandis, yuxarıda qeyd olunmuş Al-Adsani, §§ 38-39).

305. Məhkəmə qeyd edir ki, gənc qadınların cinsi industriyada işləmək üçün xarici Dövlətlərə insan alveri üzrə köçürülməsi ilə bağlı ümumi problem haqqında Rusiya dövlət orqanlarının məlumatlı olduğu görünsə belə, heç bir sübut yoxdur ki, Kiprə getməsindən əvvəl xanım Rantsevanın real və birbaşa təhlükədə olması ilə bağlı etibarlı şübhəyə əsas verən hallar barədə onlar məlumatlı olmuşlar. Təcili operativ tədbirlər görmək öhdəliyinin yaranması üçün sadəcə olaraq artist vizaları əsasında Kiprə gedən gənc qadınlar üçün ümumi təhlükənin mövcud olmasını göstərmək kifayət deyil. Bu ümumi təhlükə ilə bağlı Məhkəmə təkrar edir ki, Rusiya dövlət orqanları vətəndaşları trafikinq təhlükələri barədə məlumatlandırmaq üçün addımlar atmışlar (baxın, yuxarıda 262-ci paraqraf).

306. Nəticədə, Məhkəmə hesab etmir ki, işin halları xanım Rantsevanı müdafiə etmək üçün operativ tədbirlər görmək üzrə Rusiya dövlət orqanlarına münasibətdə pozitiv öhdəliyin yaranmasına kifayət olmuşdur. Müvafiq olaraq, bu məsələ ilə bağlı Rusiya dövlət orqanları tərəfindən Konvensiyanın 4-cü maddəsi pozulmamışdır.



iii. Potensial insan alverini istintaq etmək barədə pozitiv öhdəlik

307. Məhkəmə xatırladır ki, sərhədkeçmə insan alverini cəlb edən işlərdə insan alveri cinayətləri doğma ölkədə, eləcə də təyinat ölkəsində baş verə bilər (baxın, yuxarıda 289-cu paraqraf). Ombudsmanın öz hesabatında (baxın, yuxarıda 86-cı paraqraf) göstərdiyi kimi, Kipr məsələsində qurbanların seçilməsi digər ölkələrdəki agentlərlə işləyən Kiprdəki artistik agentlər tərəfindən həyata keçirilir. İddia olunan insan alverinin qurbanının seçilməsi aspektinin istintaq olunmaması insan alveri silsiləsinin əhəmiyyətli hissəsinin cəzasız hərəkətinə imkan verər. Bununla bağlı, Məhkəmə vurğulayır ki, həm Palermo Protokolunda, həm də İnsan alverinə qarşı Konvensiyada insan alverinin qəbul olunmuş anlayışı qurbanların seçilməsini açıq-aşkar daxil etdirir (baxın, yuxarıda 150 və 164-cü paraqraflar). Seçilməkdən başlayaraq istismara qədər insan alveri iddialarının bütün aspektlərini əhatə edən tam və səmərəli istintaqın zəruriliyi mübahisəsizdir. Buna görə, Rusiya dövlət orqanları bu mümkünlüyü istintaq etməli olmuşlar ki, Rusiyada fəaliyyət göstərən fərdi agentlər və ya şəbəkələr xanım Rantsevanı Kiprə insan alverinə cəlb etmişlər.

308. Lakin Məhkəmə qeyd edir ki, Rusiya dövlət orqanları xanım Rantsevanın necə və harada seçilməsi ilə bağlı istintaq aparmamışdır. Xüsusən, dövlət orqanları xanım Rantsevanın seçilməsinə və ya istifadə olunmuş seçim metodlarına aid olan şəxsləri müəyyən etmək üçün hər hansı addım atmamışdır. Seçilmənin Rusiyanın ərazisində baş verdiyini nəzərə alaraq, Rusiya dövlət orqanları xanım Rantsevanın seçilməsi ilə bağlı səmərəli istintaqın həyata keçirilməsi üçün ən yaxşı vəziyyətdədir. Xanım Rantsevanın sonrakı ölümü və onun Rusiyadan getməsi hallarını əhatə edən qeyri-müəyyənlik baxımından hazırkı işdə bu məsələ ilə bağlı istintaqın aparılmaması ən ciddi məqamdır.

309. Müvafiq olaraq, iddia olunan insan alverini istintaq etmək üçün Konvensiyanın 4-cü maddəsinə əsasən prosessual öhdəliyin Rusiya dövlət orqanları tərəfindən pozuntusu baş vermişdir.



VI. Konvensiyanın 5-ci maddəsinin iddia olunan pozuntusu

310. Ərizəçi şikayət edib ki, qızının polis idarəsində həbsdə saxlanılması, M.A.-nın saxlamasına təhvil verilməsi və sonradan M.A.-nın işçisinin mənzilində həbsdə olması səbəbindən kipriot dövlət orqanları tərəfindən Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi pozulmuşdur. Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi, inter alia, nəzərdə tutur ki:

“1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz:

a) səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra şəxsin qanuni həbsə alınması;

b) məhkəmənin qanuni çıxardığı qərarı icra etməməyə görə və ya qanunla nəzərdə tutulmuş hər hansı öhdəliyin icra olunmasını təmin etmək məqsədilə şəxsin qanuni tutulması və ya həbsə alınması;

c) hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud törətdikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması;

d) yetkinlik yaşına çatmamış şəxsin tərbiyə nəzarəti üçün qanuni qərar əsasında həbsə alınması və ya onun səlahiyyətli orqana verilməsi üçün qanuni həbsə alınması;

e) yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün şəxslərin, habelə ruhi xəstələrin, alkoqolizmə və narkomaniyaya mübtəla olanların və ya səfillərin qanuni həbsə alınması;

f) şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq məqsədilə və ya barəsində deportasiya, yaxud ekstradisiya tədbirləri tətbiq olunan şəxsin qanuni tutulması və ya həbsə alınması.”

A. Tərəflərin dəlilləri

1. Ərizəçi

311. Ərizəçi bildirib ki, polis idarəsində qızının məruz qaldığı rəftar və M.A.-nın işçisinin mənzilində sonrakı həbsi Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndini pozmuşdur. O, qanunsuz həbsdən və hakimiyyətdən sui-istifadədən hər kəsin müdafiəsində Konvensiyanın 5-ci maddəsinin əhəmiyyətini vurğulamışdır. Xanım Rantseva Kipr Respublikasının ərazisində qanuni yaşamış və ərizəçi iddia edib ki, əsassız və qanunsuz olaraq M.A. tərəfindən tutulmuş, polis idarəsinə aparılmış, daha sonra M.A.-nın saxlamasına verilmiş və onun işçisinin mənzilində həbsdə saxlanılmışdır. O, daha sonra qeyd edib ki, əsasında xanım Rantsevanın həbs edildiyi və sonradan M.A.-ya təhvil verildiyini göstərən hər hansı sənəd kipriot dövlət orqanları tərəfindən təqdim edilməmişdir.



2. Kipr Hökuməti

312. Öz yazılı dəlillərində Kipr Hökuməti razılaşmayıb ki, hazırkı işdə Konvensiyanın 5-ci maddəsi pozulmuşdur. Onlar iddia ediblər ki, işin müəyyən olunmuş hallarında polisin xanım Rantseva üzərində hər hansı səlahiyyəti həyata keçirib-keçirməməsi aydın deyildir. Nə də xanım Rantsevanın M.A. ilə getməkdən imtina etdiyi halda nəyin baş verəcəyi məlumdur.

313. Birtərəfli bəyanatında (baxın, yuxarıda 187-ci paraqraf), Hökumət etiraf edib ki, polis idarəsində xanım Rantsevanın məruz qaldığı rəftar və azadlıqdan məhrum edilməsi üçün hüquqi əsas olmasa belə, onu azad etmək deyil, M.A.-ya təhvil vermək barədə qərar Konvensiyanın 5-ci maddəsinin tələblərinə ziddir.

B. Məhkəmənin qiymətləndirməsi

1. Hazırkı işdə azadlıqdan məhrum olunmanın mövcudluğu

314. Məhkəmə xatırladır ki, “azadlıq hüququnu” bəyan etməklə, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi şəxsin fiziki azadlığını nəzərdə tutur və onun məqsədi heç kəsin özbaşına tərzdə azadlıqdan məhrum edilməməsini təmin etməkdən ibarətdir. Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə əsasən azadlıqdan məhrum edilmənin əhatəsinə düşmək üçün hərəkət etmək üzərində kifayət qədər ciddi məhdudiyyətlərlə yalnız 4 saylı Protokolun 2-ci maddəsinə aid olan azadlığın sadəcə məhdudlaşdırılması arasında fərq xarakter və ya mahiyyətdən deyil, məhz dərəcə və ya intensivlikdən asılıdır (bax, Quzzardi İtaliyaya qarşı, 06 noyabr 1980-ci il tarixli qərar, A Seriyaları, № 39, § 93). Konvensiyanın 5-ci maddəsinin mənasında şəxsin “azadlıqdan məhrum” olunub-olunmamasının müəyyən edilməsi üçün başlanğıc məqamı onun konkret vəziyyəti olmalı və növü, davamiyyəti, nəticələri və sözügedən tədbirin tətbiqi tərzi kimi meyarların bütün dairəsi nəzərə alınmalıdır (baxın, Enqel və digərləri Niderlanda qarşı, 08 iyun 1976-cı il, §§ 58-59, A Seriyaları, № 22; yuxarıda qeyd olunmuş Quzzardi işi, § 92; və Riera Blum və digərləri İspaniyaya qarşı, № 37680/97, § 28, İHAM 1999-VII).

315. Hazırkı işdə Məhkəmə qeyd edir ki, xanım Rantseva təxminən bir saat ərzində həbsdə saxlanıldığı polis idarəsinə M.A. tərəfindən aparılmışdır. Sübut yoxdur ki, xanım Rantseva həbsdə olmasının səbəbi barədə məlumatlandırılmışdır; həqiqətən, Məhkəmənin yuxarıda qeyd etdiyi kimi (baxın, yuxarıda 297-ci paraqraf) elə bir qeyd yoxdur ki, polis idarəsində olduğu müddətdə o, polis tərəfindən dindirilmişdir. Polisin xanım Rantsevanın immiqrasiya statusunun səhv olmadığı və onun davamlı həbsinə əsasların olmaması qənaətinə gəlməsi faktına baxmayaraq, o, dərhal azad olunmamışdır. Əvəzində, Əcnəbilər və İmmiqrasiya Xidmətində (ƏİPX) növbədə olan şəxsin tələbinə əsasən polis M.A.-ya telefonla zəng etmiş və tələb etmişdir ki, onu götürsün və əlavə araşdırma üçün səhər saat 7-də onu ƏİPX-ə gətirsin. M.A.-ya məlumat verilib ki, xanım Rantsevanı götürmədiyi halda, ona getməyə icazə verilə bilər. M.A. gələnədək xanım Rantseva polis idarəsində həbsdə olmuş və sonradan onun saxlanılmasına verilmişdir (baxın, yuxarıda 20-ci paraqraf).

316. M.P.-nin mənzilində xanım Rantsevanın sonrakı qalmasını əhatə edən faktlar aydın deyil. M.A. polisə verdiyi şahid ifadəsində danıb ki, xanım Rantseva iradəsinə zidd olaraq mənzildə saxlanılmış və təkid etmişdir ki, o, getməyə sərbəst olmuşdur (baxın, yuxarıda 21-ci paraqraf). Ərizəçi iddia edir ki, xanım Rantseva yataq otağında bağlanmış və buna görə, balkondan qaçmağa cəhd etməyə məcbur edilmişdir. Məhkəmə qeyd edir ki, xanım Rantseva qaçmağa oxşar cəhddə mənzilin balkonundan düşərək ölmüşdür (baxın, yuxarıda 41-ci paraqraf). Güman etməyə əsas vardır ki, o, həmin mənzildə qonaq olub istənilən vaxt getməyə sərbəst olduğu halda, sadəcə olaraq giriş qapısından mənzili tərk edərdi (baxın, Stork Almaniyaya qarşı, № 61603/00, §§ 76-78, İHAM 2005-V). Müvafiq olaraq, Məhkəmə hesab edir ki, xanım Rantseva özünün azad iradəsi ilə mənzildə qalmamışdır.

317. İddia olunan həbs bütövlükdə təxminən iki saat davam etmişdir. Qısa müddət olsa belə, Məhkəmə həbsin ciddi xarakterini və nəticələrini vurğulayır və xatırladır ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin mənasında faktlar azadlıqdan məhrum etməyə dəlalət etdikdə, həbsin nisbətən qısa müddəti bu qənaətə təsir etmir (baxın,Yarvinen Finlandiyaya qarşı, №30408/96, Komissiyanın 15 yanvar 1998-ci il tarixli qərardadı; və polisə aparılmasının, axtarışa məruz qalmasının və təxminən bir saat ərzində kamerada müvəqqəti saxlanılmasının Konvensiyanın 5-ci maddəsinin məqsədləri üçün azadlıqdan məhrum etməni təşkil edən kimi qiymətləndirildiyi Novotka Slovakiyaya qarşı(qərardad), № 47244/99, 04 noyabr 2003-cü il).

318. Müvafiq olaraq, Məhkəmə hesab edir ki, xanım Rantsevanın polis idarəsində həbsi və mənzilə sonrakı aparılması və orada saxlanılması Konvensiyanın 5-ci maddəsinin mənasında azadlıqdan məhrum etməni təşkil edir.



3. Azadlıqdan məhrum etməyə görə Kiprin məsuliyyəti

319. Xanım Rantsevanın fərdi şəxslər tərəfindən həbsdə saxlanıldığını nəzərə alaraq, Məhkəmə polis əməkdaşlarının oynadığı rolu araşdırmalı və xüsusən, qanunsuz həbsdən fərdi şəxsləri müdafiə etmək barədə pozitiv öhdəlikləri baxımından, mənzildə azadlığın məhdudlaşdırılmasının kipriot dövlət orqanlarının məsuliyyətinə səbəb olub-olmadığını yoxlamalıdır (baxın, yuxarıda qeyd olunmuş Riera Blum işi, § 32-35).

320. Məhkəmə artıq narahatlığını ifadə etmişdir ki, polis xanım Rantsevanı sadəcə olaraq azad etmək əvəzinə M.A.-nın həbsinə vermişdir (baxın, yuxarıda 298-ci paraqraf). Xanım Rantseva yetkinlik yaşına çatmayan olmamışdır. Növbətçi polis əməkdaşlarının ifadəsinə görə, o, içkili olmasına dəlalət edən hər hansı hərəkət etməmişdir (baxın, yuxarıda 20-ci paraqraf). Kipr dövlət orqanlarının ixtiyarında iddia etməyə kifayət qədər dəlil yoxdur ki, xanım Rantsevanın M.A. ilə polis idarəsini tərk etməyə razılıq verməməsi sübut olunmur: AİRE Mərkəzinin göstərdiyi kimi (baxın, yuxarıda 269-cu paraqraf), insan alverinin qurbanları onları özlərini qurban kimi təqdim etmək üçün həddən artıq zədələyən ciddi psixiki və psixoloji nəticələrdən əziyyət çəkirlər. Eynilə, 2003-cü il tarixli hesabatında Ombudsman qeyd edib ki, Kipr polisinə qurbanlar tərəfindən edilmiş məhdud şikayətlərin səbəbi imtina və qeyri-adekvat müdafiə tədbirləri təhlükəsi olmuşdur (baxın, yuxarıda 87-88-ci paraqraflar).

321. Kiprdə kabare artistlərinin ümumi yaşayış və əmək şəraiti kontekstində, eləcə də xanım Rantsevanın işinin konkret halları baxımından, Məhkəmə hesab edir ki, polisə iddia etməyə əsas yoxdur ki, onlar vicdanlı hərəkət etmişdir və onlar M.P.-nin mənzilində xanım Rantsevanın azadlıqdan sonrakı məhrum olunması üçün məsuliyyət daşımırlar. Aydındır ki, kipriot polisinin hazırkı işdə fəal əməkdaşlığı olmadan azadlıqdan məhrum etmə baş verməyə bilərdi. Buna görə, Məhkəmə hesab edir ki, milli hakimiyyət orqanları xanım Rantsevanın azadlığının itirilməsinə susmaqla razı olmuşlar. 3. Azadlıqdan məhrum edilmənin Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə uyğunluğu

322. Həll edilməmiş qalmış məsələ azadlıqdan məhrum olunmanın Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində müstəsna göstərilmiş mümkün həbs kateqoriyalarından birinin daxilinə düşüb-düşməməsindən ibarətdir. Məhkəmə təkrar edir ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi əsasən milli hüquqa istinad edir və onun maddi və prosessual qaydalarına riayət etmək öhdəliyini təsbit edir. Lakin o, həmçinin tələb edir ki, şəxsi azadlığından məhrum edən hər hansı tədbir Konvensiyanın 5-ci maddəsinin məqsədlərinə, yəni şəxsi özbaşınalıqdan müdafiə etməyə uyğun olmalıdır (baxın, yuxarıda qeyd olunmuş Riera Blum işi, § 31).

323. Azadlıqdan məhrum olunmanın “qanunla müəyyən olunmuş prosedura uyğun” həyata keçirilməli olmasını təsbit etməklə, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi ilk növbədə tələb edir ki, hər hansı tutulma və ya həbs daxili qanunvericilikdə hüquqi əsasa malik olmalıdır. Kipr Hökuməti azadlıqdan məhrum olunma üçün hər hansı hüquqi əsası göstərməmişdir, lakin belə nəticəyə gəlmək olar ki, polis idarəsində xanım Rantsevanın ilkin həbsi onun immiqrasiya tələblərinə riayət edib-etməməsinin araşdırılması üçün edilmişdir. Lakin xanım Rantsevanın adının müvafiq siyahıda olmadığını müəyyən edərək, onun idarəni sərbəst tərk etməyə icazənin verilməsi barədə deyil, M.A.-nın həbsinə verilməsinə dair qərarın qəbul edilməsi üçün hər hansı səbəblər və ya hüquqi əsaslar Kipr dövlət orqanları tərəfindən təqdim olunmamışdır. Yuxarıda göstərildiyi kimi, polis müəyyən edib ki, xanım Rantseva özünü içkili kimi aparmır və özünə və ya başqalarına hər hansı təhdid ifadə etmir (baxın, yuxarıda 20 və 320-ci paraqraflar). Xanım Rantsevanın polis idarəsindən M.A. tərəfindən aparılmasını istədiyini göstərən hər hansı dəlil yoxdur və bu, heç təklif də olunmur. M.A.-nın gəlməsindən əvvəl xanım Rantsevanı həbsdə saxlamaq və sonradan onu M.A.-nın saxlamasına təhvil vermək barədə polis orqanlarının qərarı daxili qanunvericilikdə hər hansı əsasa malik deyildir.

324. İddia olunmayıb ki, xanım Rantsevanın mənzildə həbsi qanuni olmuşdur. Məhkəmə müəyyən edir ki, azadlıqdan məhrum etmə həm özbaşına, həm də qanunsuz olmuşdur.

325. Buna görə, Məhkəmə hesab edir ki, xanım Rantsevanın qanunsuz və özbaşına həbsi ilə Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi pozulmuşdur.



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə