İqtisadi qanunlar
İqtisadi qanun iqtisadi hadisələrin, proseslərin, mahiyyətidir. İqtisadi qanun iqtisadi hadisə və proseslərə daxilən xas olan mühüm, zəruri, təkrarlanan səbəb və əlaqələrini özündə əks etdirir. İqtisadi qanunlar da təbiət qanunları kimi obyektiv xarakter daşıyır. Belə ki, onların fəaliyyəti insanların onları istəyib- istəməmələrindən asılı deyildir. İnsanlar iqtisadi qanunları dəyişə, ləğv edə bilməzlər. İnsanlar öz fəaliyyətlərini iqtisadi qanunların tələblərinə müvafiq qursalar daha böyük nailiyyətlər əldə edə bilərlər.
İqtisadiyyatda üç qrup iqtisadi qanunlar fəaliyyət göstərir.
Ümumi iqtisadi qanunlar – bunlar bəşəriyyətin inkişafının bütün mərhələlərində fəaliyyət göstərirlər. Onlar ictimai istehsalın inkişaf prosesini əks etdirir. Bunlara tələbatın artması, əmək məhsuldarlığın yüksəlməsi, ictimai əmək bölgüsü qanunları aiddir.
Bu qanunlar aşağıdakı xüsusiyyətlərə malikdir. Onlar:
1) Ən ümumi iqtisadi əlaqələri və münasibətləri səciyyələndirir;
2) Həmişə iqtisadi tərəqqi qanunları kimi çıxış edir. Spesifik iqtisadi qanunlar isə bu xüsusiyyətlərə malik deyildirlər. Məsələn, feodalizmin formalaşdığı və inkişaf etdiyi dövrdə feodal rentası qanunu cəmiyyətin inkişafına təkan vermiş, ictimai tərəqqi qanunu olmuşdur. Lakin kapitalizm cəmiyyəti meydana gəlib formalaşdıqdan sonra həmin qanun ictimai tərəqqini ləngitmişdir;
3) Cəmiyyətin inkişafı ilə əlaqədar olaraq ümumi iqtisadi qanunlar nəinki tarix səhnəsindən çıxır, əksinə yenə də qalmaqda davam edir, rolları daha da artır.
Bir qrup iqtisadi qanunlar da vardır ki, onları nə spesifik, nə də ümumi qanunlara aid etmək olmaz. Bunlara dəyər qanunu, pul tədavülü qanunu və s. misal göstərmək olar. Onlar cəmiyyətin inkişafının, tərəqqinin doğurduğu iqtisadi münasibətləri ifadə edirlər
Əmtəə istehsalının qanunları - bunlar məhsul və xidmətlərin əmtəə xarakteri daşıdığı cəmiyyətlərdə fəaliyyət göstərirlər. Dəyər qanunu, pul tədavülü qanunu, yığım qanunu bu qəbildəndirlər.
Spesifik xüsüsi qanunlar – bunlar tarixən müəyyən təsərrüfatçılıq formalarının inkişaf qanunlarıdır. Bunlara dövrün əsas iqtisadi qanunu, dövrün bölgü qanunu aiddir. Cəmiyyətin inkişafı, əmək bölgüsünün dərinləşməsi, mülkiyyət formalarının və təsərrüfatçılıq metodlarının təkmilləşdirilməsi ilə əlaqədar olaraq iqtisadi mənafelərin strukturu və həyata keçirilməsi mexanizmi də mürəkkəbləşir. Məsələn, ibtidai cəmiyyətdə əməyə sövqedici səbəb acından ölmək təhlükəsi, adət və ənənələr, nüfuz, quldarlıq və feodalizmdə isə başlıca olaraq qeyri-iqtisadi məcburiyyət olmuşdur. Kapitalizm, iqtisadi məcburiyyətin, adamların məna-felərinə iqtisadi təsiretmənin xüsusi, olduqca çevik və səmərəli sistemini yaratmışdır. Məsələn, rəqabət mübarizəsində məğlub olmaq və müflisləşmək təhlükəsi sahibkarları istehsalı təkmilləşdirməyə, onu ən yeni və yüksək məhsuldarlıqlı avadanlıqlarla təchiz etməyə məcbur edir.
Dostları ilə paylaş: |