14
Ər dağının başı həmişə dumanlı, çənli olurdu. Yorğun, gəzərki
buludlar həmişə onun çiyninə qonur, onun çiynində dincəlirdi. Ər dağı
uzaqları görmürdü. Üstünə qar yorğanı örtüləndə bilirdi ki, qış gəlib.
Başında qalan bircə papaq qar da əriyəndə bilirdi ki, yay hələ getməyib.
At kişnərtisi, qoyun-quzu mələşməsi eşidəndə bilirdi ki, yazdır, camaat
yaylağa çıxıb. Bu səslər Ər dağını sevindirirdi, onun təklik tənhalıq
dərdini unutdururdu. Ellər Ər dağının sinəsində dəyə qurandan sonra o
da öz bulaqlarını gündüz güldürür, gecələr isə bu irmaqlara layla oxudur,
qonaqlarını şirin – şirin yatırardı. Ər dağı dumanın, çənin şehini, yağışın,
qarın suyunu gilə-gilə öz torpağına hopdurur, süzür, duruldur, dərin
qatlarının arasında bir dəryaça yaradırdı. Axı, o, quraq keçən illər
görmüşdü. Elə illər ki, onun başına bircə duman da dolanmamış, onun
çiyninə bircə bulud da yatmamışdı. Yaz otu, yaz gül-çiçəyi bircə
həftənin içində saralıb solmuş, onu aran dağlarına bənzətmişdi. Bulaqları
bircə ayda qurumuşdu. Sürülər onda bənd olmamış, onun sinəsində
alaçıqlar qurulmamışdı, ellər köç-köç olub başı qarlı, sərin bulaqlı
yaylaqlara yollanmışdı. Ər dağının gözü qorxmuşdu, həmin dəryaçanı
ildən – ilə böyüdür, onun suyunu quraq illərə saxlayırdı. Dəryaçanın
ağzını "vaxt açacaq, aləm od tutub yansa da, külə dönsə də öz ətəklərini
yaşıllaşdıracaq, güneylərində ətirli güllər bitirəcəkdi". Aradan illər
keçdi. Qar üstündən qar yağdıran qış bu dəfə Ər dağına səpələnti qar
ələdi. Küləklər uladı, Ər dağının başında qasırğalar oynadı, bu səpələnti
qarı da sovurub apardı. Yaz gəldi, ellər dağa köçdü, göylər bircə dəfə də
guruldamadı, karvan buludlar ətəklərini yığıb Ər dağının başına
topalaşdı, aşağılara bircə damcı da yağış düşmədi. Ər dağının üç bulağı
vardı. Ona elə gəldi ki, bu bulaqların suyu azlıq edəcək, ellər, obalar
onun sinəsindən köçüb qaçacaqlar, beş bulaq gözü də açdı, bulaqların
suyunu artırdı. Lakin ömründə heç eşitmədiyi bir fəryad eşitdi. Elə bildi
yay onun o yan – bu yanını yandıra-yandıra gəlir, bu fəryad da dərələrin,
düzlərin fəryadıdır. Ər dağı qorxdu. Elə bildi bu yanğın onun ətəklərini
də ağzına alacaq, eli-obanı qaçıracaq, o, yenə tək qalacaq. Ər dağı on
bulaq gözü də açdı, hər bulağa bir çay suyu qədər su buraxdı. Yenə
fəryad eşitdi, bulaqların suyunu bir az da artırdı. Fəryad kəsildi. Ər dağı
bunun əvəzində bir çay gurultusu eşitdi. Sevindi ki, təkcə onun ətəkləri
yamyaşıl olmayacaq, təkcə onun sinəsi gül yanında gül bitirməyəcək,
həm də aran düzləri bu bol sudan doyunca içəcək, bağ-bağatlarda quşlar
ayasından tutulacaq, daşlar, qayalar da göyərəcəkdir. Çayın gurultusu,
nəriltisi artıqca Ər dağı fərəhləndi, başındakı buludların suyunu süzüb
15
dəryaçaya yığdı, dəryaçanı bir az da böyütdü, dəryaçanı bir az da
dərinləşdirdi. Düşündü ki, il-ildən pis gələ bilər. Düşündü ki, bu çayın
suyunu indiki halda saxlamalıdır. Qoy aranın "yandım", – "yandım"
deyən fəryadını eşitməsin. Susuzluqdan çat-çat olan düzlərin naləsini
eşitməsin. …El arana köçdü. Bir də yaz gəldi.Ər dağı at kişnərtisi,
qoyun-quzu mələşməsi eşitmədi. Darıxdı. Elə bildi ellər obalar ondan
gözəl dağ tapıblar, ora köçüblər. Başındakı buludları qovdu. Uzaqdakı,
yaxındakı dağlara baxdı. Dağların heç birində qoyun-quzu sürüsü, at
ilxısı, köç alaçığı görmədi. Qüssələndi. Düşündü ki, yəqin, arana bəla üz
verib. Fikirləşdi ki, onun qonaqları heç vaxt aranda bu qədər
ləngiməyiblər, yəqin onların yolunu bir dərd kəsib, onların yolunu bir
ələm bağlayıb. Ər dağı arana boylandı. Bulaqların axıb bir dərədə
qovuşduğunu, çayın öz dərəsinə sığışmadığını, aşıb-daşdığını çölləri
düzləri öz ağzına aldığını gördü. Çay körpüləri dağıtmışdı. Bu ağacı
kökündən qoparıb o ağaca vurmuşdu. Qayaları uçururdu. Dağları
qabağına qatıb top kimi diyirləyir, evlərə çırpır, evləri uçururdu. Qoyun-
quzu sürülərini qurd kimi bölükləmiş, pərən-pərən salmışdı. Atlar
kişnəşir, itlər ulaşır, uşaqlar ağlaşırdı. Ata – analar uşaqlarını güc-bəla
ilə götürüb təpələrin başına dırmaşırdılar. Ər dağı utandı, bulaqların
gözünü tez bağladı. Çayın suyu yavaş – yavaş azaldı, sonra büsbütün
kəsildi. Ellər, obalar yenə yaylağa köçdülər. Ər dağı o vaxtdan başına
bulud qonmağa, çən-duman çökməyə qoymur. Onları həmişə öz
ətəklərində saxlayır. O, indi hər yanı yaxşı görür. Bilir ki, baxmaq yüz
səsə qulaq asmaqdan, inanmaqdan sərfəlidir.
QOVAĞIN GÜLÜŞÜ
Dağın döşündə iki palıd vardı. İkisi də bir boyda, bir görkəmdə
idi. Onlar bir-birini ötməyə-ötməyə böyümüşdülər. Bu palıdda neçə
budaq vardısa, o biri də o qədər qol-qanad açmışdı. Onların başı ayrı
olsa da , kökləri bir idi. Yeməklərini, içməklərini tən bölürdülər. Gecələr
bir yatır, gündüzlər bir oyanırdılar. Güləndə bir gülür, kədərlənəndə bir
qəmlənirdilər. Qasırğalarla bir döyüşürdülər. Tufan sağdan əsəndə
soldakı palıd öz dostuna dayaq durur, qasırğa soldan əsəndə sağdakı
palıd onu əyilməyə, sınmağa qoymurdu. Bir gecə dağlarda ildırımlar
oynadı, göylərin gurultusu hər yanı lərzəyə gətirdi. Tufan uladı. Meşələr
16
şaqqıldadı. Ağaclar ayrım-ayrım olur, tufanın zərbindən çat-çat olub
çiliklənir, qayalıqlara çırpılır, qınqıllıqlar aşağı dığırlanırdı. Tufan
kolları kökündən qoparıb hara gəldi qovurdu. Yeri lay-lay sökür torpağı
qat-qat qoparıb daşları qumları göydə döyüşdürür, fəryad qoparırdı.
Palıdlar bir-birinə söykənib tufanla döyüşəndə bir haray eşitdilər:
– Ay aman kömək eləyin! Ölürəm məni tufanın əlindən alın!..
Palıdlar tufanın bir qovaq şivini qaldırıb yerə çırpa-çırpa
gətirdiyini gördülər. Qovaq şivinə yazıqları gəldi. Onu tez tutdular,
araya aldılar. Tufan dönə-dönə hücum çəkdi, şivi palıdların daldasından
qapıb aparmağa çalışdı, lakin gücü çatmadı, qoşun toplayıb haçansa
qayıdacağını söyləyib getdi. Qovağa yiyə çıxdıqlarına görə bu qisası
palıdlarda qoymayacağını bildirib getdi. Ağzı köpüklənə-köpüklənə
haykırıb, palıdları yamanca hədəlyib getdi. Palıdlar köklərini bir az da
dərinə uzatdılar. Onların kökləri yerin təkindən qarmaqlar təki yapışdı.
Qovaq şivinin də kökünə yer verdilər, o da gündən-gündən kök atıb
böyüməyə başladı. Aradan bir yay ötdü. Yavda palıdları qorxuzub gedən
tufanın uzaqdan sürətlə gəldiyini duydular. Tufanın zəhmi qovaq şivini
titrədirdi. O uçuna-uçuna deyirdi:
– Yaman qorxuram. Palıdlar ona ürək-dirək verdilər:
– Qorxma, daha sən böyümüsən, sənə gücü çatmaz.
Qovaq şivi sevindi:
– Doğrudanmı mənə bir şey edə bilməz? Palıdlar öz yaxşılıqları, öz
köməkləri ilə onu utandırmaq istəmədilər. Qovaq şivinin körpə gücünü,
körpə hünərini onun öz gözündə dağ kimi böyütdülər.
– Sən ayaqları təzəcə yer tutan dünənki uşaq deyilsən, kökünü
torpaqdan hər tufan üzə bilməz, qorxma! Qovaq şivi şadlandı, güldü.
Tufanın nərə çəkib gələn zərbindən şivin xəbəri olmadı. Palıdlar səhərə
qədər vuruşdu, döyüşdü, tufanın qovaq şivindən bircə yarpaq da qoparıb
aparmasına imkan vermədilər. Tufan kəsəndən sonra qovaq şivi güldü,
palıdlara dedi:
– Tufanın boş hay-küyü varmış. Palıdlar səhərə kimi nələr
çəkdiklərini bildirdmədilər. Neçə yerdən yaralandıqlarını, neçə qol-
budaq itirdiklərini göstərmədilər. Öz aralarında pıçıldaşdılar ki,
cavandır, hörmətimizi dilimizə gətirməyək, qovaq şivinə xəcalət verərik,
xəcalət onu kövrəkləşdirər, kövrək-kövrək ağaclar da onu tez əyilən, tez
sınan olurlar. Vaxt gələr qovaq şivi əməlli-başlı böyüyər, tufanla təkcə
əlbəyaxa olar, onda bizim onu necə qoruduğmuzu anlayar: qədrimizi
bilər, yaxşılığımızı unutmaz. Aradan bir payız da ötdü. Qış öz qar
Dostları ilə paylaş: |