Жавид вя Жаббарлы


«Iblis» fəlsəfəsi – insan fəlsəfəsi



Yüklə 1,76 Mb.
səhifə4/7
tarix08.04.2018
ölçüsü1,76 Mb.
#36627
1   2   3   4   5   6   7

«Iblis» fəlsəfəsi – insan fəlsəfəsi
H.Cavidin bütün yaradıcılığı boyu təqdim etdiyi fəlsəfi konseptual sistemin ana xətti "İblis" əsərində vahid dramatik xətdə konsentrik şəkildə ifadə olunmuşdur.

Əsərin fəlsəfi məzmununa müraciət etməzdən əvvəl ümumiyyətlə İblis-İnsan probleminin müxtəlif çalarlarına diqqət yetirək.

Ən çox yayılmış baxışlardan biri Xeyrin də, Şərin də, Allanın da, İblisin də insanın öz qəlbində, öz içərisində axtarılması cəhdidir. İfrat Şərq təfəkkürünün məhsulu olan bu baxış insanı qüdrəti-külliyyə hesab etmək, "mənəm Allah" iddiasına haqq qazandırmaq, dünyanın bütün problemlərini kamil hökmdar, kamil insan axtarışları ilə həll etmək mövqeyini əsas tutur.

İnsanı onun fövqündə olan Allahdan və İblisdən asılı vəziyyətdə təqdim edən baxış isə tam əks qütb təşkil edir. Qərb təfəkkürü insanı deyil, cəmiyyəti mütləqləşdirir və insan onun qəbul etdiyi hüquq normalarına, qayda-qanunlara əməl etməli olan nizamlı bir sakit vətəndaş kimi təqdim olunur. Bir tərəfdən bu normaların, qaydaların yaradılmasında, qərarlaşmasında iştirak edən (məhz iştirak edən, yaradıcı isə cəmiyyətdir) insan, digər tərəfdən onlara qeyd-şərtsiz əməl etməklə, vətəndaş intizamı ilə fərqlənir.

Biz Şərq və Qərb təfəkküründə idealı ilk dəfə qabarıq şəkildə Caviddə, məhz "İblis" əsərində görürük.

Əsərin əks etdirdiyi dövr və şəraitdə insanlar həqiqətən cəmiyyətdən asılı vəziyyətə düşmüşdü. Cəmiyyət isə Xeyri yox, Şəri – İblisin təcəssümünə çevirmişdi.

İblis qəti əmin idi ki, onun hakim olduğu mühitdə hamı ölüdür. İnsanlar ölü olduğuna görə də, İblis özünü qüdrəti-külliyyə hesab edirdi. Konkretlik üçün müəllif İblisin bu mövqeyini onun öz dili ilə də ifadə edir.

"Ölülərdən ölülər feyz alacaq!" – deyə İblis mənən ölü olanları cismani ölülərdən fərqləndirmirdi. Xəstə qadının dediyi "dərdimiz möhlik imiş, çarəsi yox" sözlərini isə İblis tamam başqa mənada təkrar edir. 0, mənən ölüləri daha çox dərəcədə çarəsiz hesab edir, çünki öz gücünə hələ də arxayındır. Arifi daha bir cinayətin icraçısı edəcəyini bilir, onu həmişəlik olaraq çirkab dünyasına atacağını, Arifin bir daha geri qayıda bilməyəcəyini güman edir. İblisin bu mətləbini çox gözəl tutan A.Şaiq yazır: "İblis Arifin girmiş olduğu bu çirkin və adi həyatdan peşman olaraq çəkiləcəyindən qorxur. Onu həyatın ağır zəncirləri ilə bağlamaq, bir daha öz ideal aləminə dönməmək üçün böyük cinayətlər törətdirməyə, həyatın dərin, çıxılmaz çirkabları içində sürüklədərək onun bütün fənalıqlarına bulaşdırmağa hazırlaşır..."

Mənəviyyatında hələ müəyyən işıq, nur olan adamları da mənən öldürmək üçün əlindən gələn bütün fənalıqları həyata keçirdikdən sonra İblis məğrur qəhqəhələrlə Arifə müraciət edib deyir:

Bir zamanlar cəbərut aləminə

Həp uçar, həp öyünürdün də, bu nə?

Vurulub bir qıza pabus oldun,

Xırsız oldun, meyə mənus oldun.

Haqqı, vicdanı buraxdın, getdin.

O səfilin qızını məhv etdin.

Tökülən qanlara həp düşman ikən,

Oldun öz qardaşının qatili sən.

Lakin İblis insan mənəviyyatındakı zəif, əslində isə yalnız ilk baxışda zəif olan nurun qüdrətindən xəbərsizdir. Sən demə, insandakı insani başlanğıcı tamamilə məhv etmək mümkün deyil. Bıçaq sümüyə dirənəndə nə kimi möcüzələr yarandığını İblis hələ bilmir...

Nurla atəş qarşılaşarkən, nur zərif olsa da, atəş möhtəşəm olsa da - nur atəşi ram edir. Nur bir məqsəd olaraq qalır və üstəlik atəşi öz vasitəsinə çevirərək qüdrət və qüvvət kəsb edir.

İblisin məntiq kitabında bu bölmə o vaxta qədər hələ yazılmamış olduğundan, onun gözlədiyinin xilafına olaraq sağlam mənəviyyatlar son nəticədə ölmür, əksinə, ölmüş zənn olunanlar da dirilir.

"Məntiq" pozulur, aləm bir-birinə qarışır, dünya rəqs edir.

Faciənin sonluğundakı rəqs səhnəsi də əsərdəki rəmzlərdən biridir. Bu səhnə hadisələrin gedişinə heç də təsadüfən daxil edilməyib və onun çox ciddi ictimai-siyasi və fəlsəfi mənası vardır.

Ölülərin rəqsi ilə başlanan bu səhnə tədricən real məzmun kəsb edir, dünyanın bütün təzadlı ünsürləri qarşı-qarşıya gələrək rəqs edir və bu mərhələni ən çox İblis hiss edir, çünki bu dəfə rəqs edən (oynayan, laxlayan) onun təmsil etdiyi hakim ictimai mühitin özüdür.

Arifin gözündə dünyanın rəqs etməsi əslində onun mə­nəvi aləmində gedən təbəddülatları – onun "qəflət yu­xu­sun­dan" oyanmasının, silkələnməsinin nəticəsidir. Bu rəqsi ət­rafdakılar da hiss edir, çünki onların hamısı sarsılır, hamı böh­ran keçirir, dünyaya əvvəlki donuq, ölgün baxışlarını dəyişirlər.

İblis də dünyanın rəqs etdiyini görür və hiss edir. La­kin onun bu rəqsə münasibəti və bu rəqsdə iştirakı tamam başqa mənaya malikdir. İblis silkələnib ayıldığı üçün deyil (o, həmişə ayıqdır), ayağının altı silkələndiyi üçün dünyanı rəqsdə görür. İblis üzərində dayandığı möhkəm özülün artıq laxladığını, dünyanın əvvəlki nisbi sabit ahənginin pozulduğunu, hakim ictimai mühitin qoyduğu qayda-qanunların çürüdüyünü hiss edir və dünyanın rəqsini öz faciəsi kimi dərk edir (özünü o yerə qoymasa da!...).

Təsadüfi deyil ki, rəqs səhnəsinin ardınca İblisə ümumi hücum başlanır:

- Qəhr olmalı, məhv olmalı İblis.

Hadisələrin gedişi prosesində Arifdəki çılğınlıq, nəhayət İblisə keçir...

Arif əvvəlcə dünya haqqındakı təsəvvürləri ilə dün­ya­nın özü arasındakı uyğunsuzluqlarla qarşılaşdıqca çıl­ğın­la­şır. Lakin mürəkkəb həyat keşmə-keşlərindən keçdikcə, onun iç üzünü yaxından gördükcə nəzərlərinə bir aydınlıq gə­lir. İblis üçün isə bu proses tərsinə gedir. Əvvəlcə, o, dün­­yaya çox yaxşı bələddir; hər şeyi bilir, çünki bütün ha­di­­sələr onun qoyduğu yolla, onun təmsil etdiyi qayda-qa­nu­na uyğun şəkildə gedir. O, bu yolun mütləqliyinə, hamı üçün zəruri olduğuna qəti şəkildə əmindir. Həyatda bu zə­ru­rətə, bu qüvvətə qarşı dura biləcək ikinci bir real qüvvə gör­mür. İnsanların "sadəlövh" arzu və "xəyallarına" isə cid­di bir şey kimi baxmır, onlara istehza ilə yanaşır. "Səhv" yo­la uyanları "xilas etmək" istəyir, onları real, "qüdrətli", qara həqiqət yoluna dəvət edir. Lakin hadisələrin gedişi baş­qa nəticələrə gətirəndə, pak arzularla yaşayan adamlar na­qis həyata qədəm qoysa da, onun yolu ilə getməyəndə, ge­də bilməyəndə və yeni yollar axtaranda, silaha qurşansa da, son nəticədə onun özünə qarşı çıxanda artıq İblisin dünya haqqındakı əvvəlki mütləq təsəvvürləri daha özünü doğrultmur. Əvvəl insanlara bələdçilik edən, dondan-dona girən, öz iç üzünü məharətlə gizlədən və həmişə istədiyinə çatan İblis indi daha hakimi-mütləq deyil, indi onun ən sadiq qullarını sıraya düzüb güllələyirlər, indi onu hamı tanıyır və o, maskasını atmalı olur.

...Və belə məqamda İblis özü çılğınlıq vəziyyətinə düşür. Təsadüfi deyil ki, son monoloqunu söyləyən İblisin halını müəllif "gah istehzalı və məğrur, gah çılğın və qorxunc qəhqəhələrlə", – deyə şərh edir. Məmnun qəh­qə­hə­lərlə səhnəyə çıxan İblis istehzalı və məğrur qəhqəhələrlə öz "qüdrətini" nümayiş etdirir və nəhayət, istədiyinə nail ola bilməyəndə çılğın qəhqəhələrlə səhnəni tərk edir.

İblisin son monoloqunda özünə verdiyi səciyyə onun ümumiləşmiş məzmununu bir daha təsdiq edir:

İblis nədir?

Cümlə xəyanətlərə bais

Ya hər kəsə xain olan insan nədir?

İblis!

"Cümlə xəyanətlərə" ayrı-ayrı adamlar və ya yanlız adamlar bais ola bilməz. Belə bir "qüdrəti-külliyyə" yalnız bütövlükdə hakim ictimai mühit – İblis ola bilər.

Bəs "hər kəsə xain olan insanın" "iblis" adlandırılması necə izah oluna bilər? Yaxud bu iki "iblis" sözünün rəmzi mənası eynidirmi?

- Yox! "İblis nədir?" sualı faciədəki İblis obrazına aiddir. Burada simvolun əks etdirdiyi məzmun konkretdir, ünvanı məlumdur. Müəyyən qisim insanlar (məhz İblisə uyanlar, hakim ictimai mühitin sadiq nümayəndələri) "iblis" addandırılarkən isə həmin məfhumdan yenə də simvol kimi – ümumiyyətlə, şər daşıyıcısı mənasıda isti­fa­də edilmişdir. Böyük hərflə "İblis" (İblis obrazı) və kiçik hərf­lə "iblis" (İblisin "qulları") anlayışlarını, onların ifadə et­d­ikləri real qüvvələrin qarşılıqlı münasibət və nisbətini biz yuxarıda ümumi planda nəzərdən keçirmişik. Lakin əsə­rin finalında "iblis" simvolunun hər iki ümumilik də­rə­cə­sinin bir daha xatırladılması faciədə bir yox, iki dramatik xətt odduğunu, başlıca ideyanın əslində iki nisbi müstəqil yol­la inkişaf etdirildiyini və mənzil başında – açılış mə­qa­mın­da birləşdiyini göstərən mühüm nöqtədir. Bu iki yol, bir tərəfdən, İnsan-İblis (mütərəqqi qüvvələr və mürtəce ic­timai quruluş) konfliktinin, digər tərəfdən isə İnsan-İnsan (Zəka - Nəfs) konfliktinin təkamülü ilə bağlıdır.

Bir qayda olaraq, ədəbi tənqiddə bu iki dramatik xətdən gah biri, gah da o birisi öz əksini tapır, bu xətlər ara­sın­dakı əlaqə və vəhdət isə göstərilmir. Halbuki müəlli­fin əsas məqsədlərindən biri bu iki xəttin eyniyyətini, in­sa­nın da­xili, mənəvi ziddiyyətlərinin onun ictimai həyatı ilə, xa­ri­ci ziddiyyətlərlə qırılmaz vəhdətini göstərməkdən ibarətdir.

İnsanların daxili aləmini, buradakı ziddiyyətləri, əksliklərin mübarizəsini daha əyani təsvir etmək üçün müəllif obrazları şərti olaraq – yalnız bədii təxəyyülün məhsulu ola biləcək bir yolla iki yerə bölür. İnsanın mənəvi aləmi parçalanır və eybəcər ictimai mühitin insanlarda formalaşdırmış olduğu mənfi cəhətlər ayrıca bir iştirakçıya - məlum əfsanələrə görə bu cəhətlərin rəmzi olan İblisə şamil edilir. Bununla müəllif dialektik təfəkkür üçün zəruri olan "vahidin ikiyə bölünməsi və onun bir-birinə zidd hissələrinin dərk olunması" (Hegel) tələbinin ödənilməsinə özünəməxsus bədii ustalıqla nail olmuşdur.

İblis hadisələrin müstəqil bir iştirakçısı deyil, naqis ictimai mühitin və bu mühitdə yaşayan müəyyən insanların özününküləşdirmiş olduğu ictimai təbiətli şər qüvvələrin ifadəsidir. Pislik, şər kənardan, hansı isə mövhumi qüvvə vasitəsilə daxil edilmir, o, ictimai hadisələrin öz daxili məntiqindən, habelə bu hadisələrdə iştirak edən adamların dünyagörüşündəki, mənəviyyatındakı natamamlıqdan, mövcud ictimai mühitdəki qüsurların insan tərbiyəsinə mənfi təsirindən bir nəticə kimi hasil olur.

İblis müxtəlif qiyafətlərdə müxtəlif adamlarla söhbət edir. Lakin İblislə söhbət insanların ictimai mühitlə ünsiyyəti olmaqdan başqa, həm də nəcib hisslərin qaba duyğularla mübarizəsi, insanın öz ikinci, qüsurlu Məni ilə qarşılaşmasıdır. Xalqın qoruyub-yaşatdığı, nəsildən nəslə ötürdüyü və inkişaf etdirdiyi ali mənəvi keyfiyyətlərin ictimai mühitdəki nöqsanlarla, onların insan daxili aləmindəki inikası ilə qarşılaşmasıdır.

İblisin fövqəltəbii mahiyyətli ayrıca varlıq deyil, mü­əy­yən ictimai-iqtisadi şəraiti və belə şəraitdə insan mənə­viy­­yatında təzahür edən mənfi keyfiyyətlərin təcəssümü ol­ma­sı və naqis mühit daxilində insanın daim İblislə qarşılaş­ma­sının labüdlüyü əsərin özündə İblisin dili ilə belə söylənilir:

Siz nə qədər məndən uzaqlaşsanız,

Yer deyil əflakə uçub qaçsanız,

Qarşılaşıb birləşəriz daima,

Ayrı deyil, çünki biriz daima.

Bu birlik həm əksliklərin vəhdətindən, insana məxsus mənəvi keyfiyyətlərin antinomik təbiətindən, həm də insanın mövcud ictimai mühitdən ayrıla bilmədikdə, onun nöqsanlarını da labüd surətdə özündə daşıması faktından irəli gəlir.

"İblis"də cərəyan edən hadisələr elə bir tarixi dövrə, şəraitə təsadüf edir ki, bu zaman mövcud üsuli-idarənin, ic­timai quruluşun digər naqislikləri ilə yanaşı uzun sürən mü­haribə insanların əsəblərini tarıma çəkir, qayda-qanun nə­zarəti daha da zəifləyir, adam öldürmək su içmək kimi bir şey olur, rəzil və xainlərin varlanması, kef çəkməsi, ha­kim mövqe əldə etməsi üçün əlverişli şərait yaranır, aclıq və səfalətin yayılması altun hökmranlığını daha da gücləndirir.

İblis insan mənəviyyatını miskinləşdirmək, onu mühitin passiv əlavəsinə çevirmək vasitələrinin; altun və qurşunun, maddi nəşə və zorakılığın timsalıdır. İnsanda öz gücünə, həqiqətin, xeyirin gücünə inamsızlıq yaradan və onu kənardan kömək axtarmağa vadar edən – onu qurşuna saran qüvvədir.

İblisin fərdi və ictimai mahiyyəti onun son monoloqunda belə ifadə olunur:

Mənsiz də, əmin ol, sizə rəhbərlik edən var:

Qan püskürən, atəş sovuran kinli krallar,

Şahlar, ulu xaqanlar, o çılğın dərəbəklər,

Altun və qadın düşkunü divanə bəbəklər.

Kralların, şahların "püskürdüyü" müharibənin müdafiəçisi, onların miras qoyduğu ictimai mühitin ən bariz və miskin nümayəndəsi İbn Yəmindir. "Altun və qadın düşkünü divanə bəbəklər" də ən çox ona məxsusdur. İblis İbn Yəminin içindədir, varlığındadır. Lakin İbn Yəminin həyatı da, ölümü də adidən adidir, onda heç bir mənəvi mübarizə, heç bir dramatizm yoxdur. Dramatizm ona görə yoxdur ki, burada təkhakimiyyətlilik var: İbn Yəminin daxili aləmində İblisə qarşı dura biləcək və İblisin mübarizə aparmalı olduğu ikinci qüvvə yoxdur.

Mübarizə müəyyən mənada hakim ictimai müna­si­bət­­lərin, mühitin fövqündə dayanmaq istəyən, namus və lə­ya­qətlə yaşamağa çalışan Ariflə onu mühitin çirkabına sü­rük­ləmək istəyən İblis arasında daha kəskin gedir. Bir qədər sadələşdirdikdə bu mübarizə insan ilə mühit arasındakı mübarizədir.

Arifin taleyi ilə tanış olduqda təbii bir sual ortaya çı­xır. İctimai mühitdən kənarda, onun fövqündə dayanmaq ümumiyyətlə mümkündürmü? İnsan özü naqis mühitdə ola-ola bu mühitə qarşı çıxa bilərmi? Mühitin təqdir etdiyini in­kar edə bilərmi? Bəlkə elə mövcud ictimai mühit şə­rai­tin­də İblisin qələbəsi zəruridir, ona qarşı mübarizə əbəsdir? Axı məlum müddəaya görə, insan ictimai mühitin məhsuludur.

Bu doğrudur. Lakin mövcud üsuli-idarə və siyasətlə şərtlənən hakim mühitdən başqa xalqın əsrlərdən bəri ye­tirib yaşatdığı, nəsildən nəslə ötürdüyü sağlam mənəviyyat da vardır. Bu mə­nə­viy­yatı özündə gəzdirən insan hakim mühitdən daha zəngindir. Məhz buna görə də insan eyni zamanda mühiti, şəraiti dəyişdirən, "tərbiyə verənin özünə (mühit) də tərbiyə verən" (Marks) qüv­və­dir. Böyük hərflə İnsan məhz lazım gəldikdə naqis mühitin fövqündə dur­ma­ğı, ona qarşı mübarizə aparmağı və özü ilə həmagəng olan ye­ni mühit yaratmağı bacaran insandır. Əlbəttə, bu mü­ba­ri­zə­də qalib gəlmək çətindir. Naqis, kəsirli ictimai mühitdə – müh­aribələrə sövq edən, altunlara hakimiyyət verən, mə­həb­bətin tapdanılmasına yol açan bir mühitdə insan çirkli dəryada üzən təmiz qayıqdakı kimidir; müvazinət azca pozulduğu təqdirdə çirkli sular insanı öz ağuşuna ala bilər.

"İblis"də tərənnüm olunan müvazinət zəka ilə xarakterin, hiss ilə ağılın, ehtiras ilə təmkinin, əqidə ilə iradənin müvazinətidir, onların ahəngdar vəhdətidir. Bu vəhdət qırıldıqda, müvazinət pozulduqda İblisin insan mənəviyyatına daxil olması üçün, yaxud mühitin təlqin etdiyi mənfur cəhətlərin təzahürü üçün şərait yaranmış olur.

Nə qədər ki, Arifin mənəvi aləmində ahəng pozulmamışdı, o, İblisi daxilinə buraxmır, onun açdığı qapılardan - altun və qurşun qapılarından keçmirdi. Elə ki, Arif fərdi məhəbbəti yolunda mühitin mənfur maneələrinə rast gələrək, onlara qarşı dayanmaq əvəzinə onlarla sazişə girir, elə ki, məhəbbət öz ecazkar, ruhani xarakterini dəyişib eqoist xarakter alır, ağıl hissə, təmkin ehtirasa güzəştə gedir, xarakter və iradə zəka və ideyanı tamamlaya bilmir, onda Arif İblisin açdığı rakı (şərab) qapısından keçir və dumanlanmış Məni tərəfindən heç bir müqavimətə rast gəlməyərək, altun və qurşun dünyasına daxil olur.

Arifin düşdüyü halı İblis belə mənalandırır:



Vurulub bir qıza pabus oldun,

Xırsız oldun, meyə mənus oldun.

Əslində isə Arifi İblisə uymağa məcbur edən məhəbbət deyil, bu məhəbbətin təmkin və iradə ilə tamamlanmaması, yarımçıq və eqoist xarakter daşımasıdır. Zira, məhəbbət insanı alçaltmalı deyil, yüksəltməlidir. Arifi alçaldan isə onun öz gözəl məqsədinə çatmaq üçün istifadə etdiyi eybəcər yollardır. Bu yollar Arifin yaşadığı mühitdə salınmış yollardır. Bu yollarla altuna çatmaq olar, lakin qarşılıqlı məhəbbətə, vüsala çatmaq olmaz.

Rənanı da yanılmağa vadar edən, İbn Yəminlərin ar­xa­sınca sürükləyən tək bir mənəvi keyfiyyətin – qisas his­si­nin mənəviyyatın ümumi ahəngindən ayrılaraq mütləq­ləş­məsi, bütün başqa hissləri, hətta məhəbbət hissini də gö­l­gə­də qoymasıdır. Qisas hissi o dərəcədə mütləqləşir ki, Rə­na­nın hətta ailə qurmaq meyarı da məhəbbət yox, qisas olur:

Bulsa hər kim babamın qatilini,

Bil ki, məmnun edər ancaq o məni.

Fərdi qisasçılıq hissi Rənanın yeganə həyat amalına çevrilməsəydi, fərdi məhəbbət Arifin digər insani keyfiyyətlərini pərdələməsəydi, İblis onların dünyasına nüfuz edə bilməzdi.

Mühit nə qədər eybəcər olursa olsun, İblis nə qədər güc­lü olursa olsun, insan öz şəxsi mə­nə­vi dünyasında zəif­lik göstərməsə, səhvə yol verməsə məğlub olmaz. İblisə yol açan belə səhvlərdən bi­ri müəyyən bir fərdi hissin müt­ləq­ləş­məsidir, hər hansı bir mənəvi keyfiyyətin, duyğunun, eh­ti­­ra­sın ölçü həddini keçərək öz əksliyinə çevrilməsi, insanın əqi­də və amalına zidd mahiyyət kəsb et­mə­sidir. Bu baxım­dan, müəllif insanın mənəvi aləmində əksliklərin vəhdəti və mü­barizəsi prob­le­mini qabarıq şəkildə qoymuş, insanın İb­lis­lə mübarizəsinin yalnız xarici ziddiyyət məqamını deyil, həm də daxili ziddiyyət məqamlarını müvəffəqiyyətlə, yüksək bədii ustalıqla əks etdirə bilmişdir.

Əsərdən həm də belə bir məntiqi nəticə hasil olur ki, insan öz daxili aləmini dərk etmədən mühiti dərk edə bil­məz və ona qarşı dayana bilməz. Kamil mənəviyyata malik olmadan mühitin təzyiqinə tab gətirə bilməz. Fərdi hisslərin məhdud dairəsini keçib, onları ümumbəşəri hisslərlə tamamlaya bilməsə, fəlsəfi baxımdan mənalandırmaq səviyyəsinə yüksələ bilməsə çirkli mühitdə saf qala bilməz.

Hamlet ona görə filosofdur ki, o, fərdi qisasçılıq hissindən yüksəkdə dayanır, kiminsə eybəcərliyi arxasında bu eybəcərliyi doğuran naqis mühiti - dünyanı görür və tək əmisini deyil, bütövlükdə, həmin naqis dünyanı özünə düşmən sayır. Bununla belə, Hamlet bu naqisliklərin əsil səbəbini və ona qarşı mübarizə yolunu tapa bilmir.

H.Cavidin qəhrəmanları isə inkişaf prosesindədirlər. Onlar əvvəlcə İblisi yaxına buraxmaq istəmir, hakim mühitin tələblərindən, real həyatdan uzaq qaçırlar. İblisin - hakim mühitin eybəcərliyini hiss etsələr də, dərk etmir, fəal mövqedə dayana bilmirlər. Sonra real həyata daxil olur, fər­di hisslərə uyur və özləri də bilmədən eybəcər mühitin çir­kabına bulaşırlar (inkar məqamı). Daha sonra isə öz səhv­lərini dərk edir, İblisin mahiyyətini anlayır və onu rədd edir (inkarı inkar məqamı). Lakin bu inkişaf asanlıqla, öz-özü­nə həyata keçməyib, gərgin daxili mübarizənin, mürək­kəb dramatik hadisələrin nəticəsi kimi ortaya çıxır. Burada biz həyat hadisələrində, mənəvi prosesdə inkarı inkarın ba­riz nümunəsi ilə rastlaşırıq. Deməli, H.Cavidin qəhrə­man­la­rı sadəcə təkamül yolu deyil, dialektik inkişaf yolu keçirlər.

Əsərin sonunda Arif onu bədbəxt edən səbəbi an­la­yır. İnsanın öz bədbəxtliyini, xüsusən bu bədbəxtliyin sə­bə­bi­ni – əsil səbəbini, ictimai səbəbi dərk etməsi isə artıq filosofluqdur.

Həyatın ən müdhiş acılarını dadmış olan, mühitin iç üzünü bilavasitə öz bədbəxt taleyinin timsalında görən və bütün bunları dərk edən, filosofluq səviyyəsinə yüksələn adam üçün daha İblis qarşısıalınmaz qüvvə deyil, İblis yalnız o zaman meydan oxuyur ki, insan öz mənəvi bütövlüyünün gücünə arxalana bilməsin.

İblis zəiflərin qismətidir.

İblis oz fərdi hisslərini mütləqləşdirən, öz fərdi faciə­lərini ictimai faciə fonunda görə bilməyənlərin qismətidir.

İblis naqis mühitə sığanların qismətidir.

H.Cavidin İblisi əfsanəvi, dini rəvayətdəki İblisə yalnız zahirən bənzəyir; İblis harada desən orada peyda ola bilir, hansı dona istəsə girə bilir. Lakin bu cəhət təkcə sim­voliklik xatirinə olmayıb, təkcə hadisələrin qırılmazlı­ğı­nı – təhkiyənin bütövlüyünü təmin etmək üçün olmayıb, həm də çox ciddi fəlsəfi və ictimai-siyasi mənanı ifadə edir. Belə ki, eyni İblisin müxtəlif təzahürləri əslində eyni eybəcər mühitin müxtəlif eybəcər hadisələr doğurduğunu göstərir. Naqis ictimai mühitdə, "qüvvətə və altuna tabe dünyada" İblisə yalnız bir yerdə və bir dəfə deyil, addımbaşı rast gəlmək mümkündür. Belə dünyada İblis özünü evindəki kimi hiss edir. Bu dünyanın hörmətli nümayəndəsi də, nurani qocası da İblisdir. İblis yalnız o zaman eybəcər və dəhşətli görünür ki, insanlarda bu eybəcərliyin əks qütbü – nəcib hisslər təzahür etsin, habelə onlar bu eybəcərliyin mahiyyətini dərk etsinlər və hadisələrə bu yeni mövqedən –kamillik zirvəsindən qiymət verilsin. İnsanlar mühitin açdığı qapılardan keçməyəndə, ona qarşı çıxanda İblis də öz niqabını atmalı olur, öz rəngində, öz donunda görünür. Məsələn, nə vaxt ki, Arif hələ mühitdən fərqlənirdi, altuna və müharibəyə nifrət edirdi, rakının dadını bilmirdi, İblisi seçə bilirdi və ondan uzaq qaçırdı. Lakin elə ki, Arif hissə qapılıb öz iradəsini unudur, artıq İblisi seçə bilmir və onun əlini öpür, onu sahibi-kəramət adlandırır. Çünki artıq Arif özü zahirən mühitdən seçilmir, onun çirkabına bulanmışdır. Altuna uymuş, qurşuna istinad etmişdir. Sevgilisinə çatmış, lakin onun qəlbini həmişəlik olaraq qırmışdır, qardaşına çatmış, lakin onu həmişəlik olaraq məhv etmişdir. O elə bir vüsala çatmışdır ki, bu vüsal ona səadət gətirmək əvəzinə, yalnız işgəncə verə bilər.

İblisin məqsədi də budur. O, insanları sadəcə olaraq ölümə sürükləmir. Bu, az pislik olardı. O, insanların mənəviyyatını öldürməyə çalışır. Yeri gəldikdə İblis insanları hətta ölümdən (şərəfli ölümdən) xilas edir, lakin əvvəlcə onları mühitin çirkabına sürükləmək üçün.

İblisin məqsədi Xavərin və ya Vasifin ölümünə bais olmaq deyil. İblisin məqsədi Arifi qatil etməkdir. Mühit ondan uzaqlaşmaq istəyənləri sevmir. Əlinə fürsət düşən kimi onlardan qisas alır. İblis də belə edir - fürsət düşən kimi Arifdən qisas alır. Lakin bunu İblisin qələbəsi kimi başa düşmək, əsəri bədbin ruhlu əsər kimi qiymətləndirmək düzgün olmazdı. Əsərin sonluğuna diqqətlə yanaşıldıqda aydın olur ki, Arif rəzillik etməkdən daha çox zəiflik göstərmişdir, onun əsəbləri böyük gərginliyə – mühitin güclü təzqiyi ilə öz güclü ehtirası arasındakı kontrastdan doğan gərginliyə tab gətirməmişdir. Arifin qəbahətləri düşünülmüş qəbahət deyil. Nəticəsi göz qabağında olan real, maddi hadisə olsalar da, mənəvi dəyişilmənin nəticəsi sayıla bilməzlər. Burada zərurətdən daha çox təsadüf rol oynayır. Əgər Arifin ani sarsıntıları geri qaytarılması mümkün olmayan nəticələrə gətirməsəydi, o, yəqin ki, bu dərəcədə bədbəxt olmazdı (Oxucu bunu hiss edir və ona nifrət yox, təəssüf duyğusu ilə yanaşır).

Arif məğlub olmur, bədbəxt olur.

Eybəcər mühitdə həmişə eybəcər adamlarla yanaşı bədbəxt adamlar da olur. Bədbəxtlər haradasa mühitin çir­ka­bına batan, lakin çirkabdakı həyatdan həzz ala bilməyən, məhz çirkabda olduqlarını başa düşən adamlardır. İbn Yə­min­lər bədbəxt deyillər. Onlar öz miskin həyatlarından həzz alırlar. Onlar mənəviyyatsız adamlardır, mənəvi zə­lil­lər­­dir. Yalnız mənəviyyatı olanlar bədbəxt ola bilərlər – mə­­nəviyyatın ahəngi pozularkən. Yalnız əqidəsi olanlar bəd­­bəxt ola bilərlər – öz əqidələrinə zidd hərəkət etmiş olarkən.

Əgər əsərin sonunda Arifi bədbəxt kimi görə bili­rik­sə, deməli, o, naqis mühitə (İblisə) təslim olmamış, onun qurbanı olmuşdur. Arifin faciəsi onu kiçiltmir, əksinə, onun gələcək mübarizəsinə inam yaradır.

Lakin Arif məğlub olsa idi belə, bu, İblisin tam qələbəsi sayıla bilməzdi. Çünki əsərdə Ariflərdən başqa, Elxanlar da var. Onlarınsa məqsədi yalnız İblisə uymamaqdan ibarət deyil, həm də ona qarşı mübarizə aparmaq, onun daşıyıcılarını məhv etməkdir.

Əgər İblis qələbə çalmalı olsaydı, İbn Yəmin öl­dü­rül­­məməli idi, çünki onun ölümü İblisin fəaliyyət pro­qra­mı­na daxil deyil. Çünki təsvir olunan mühitdə İbn Yə­min­lər ölmürlər, əksinə, qol-budaq atırlar. Lakin əsərdən böyük ic­timai-siyasi əhəmiyyəti olan belə bir qənaət də hasil olur ki, İblisin qoyduğu yolun yolçuları, İblisliyi özündə sax­la­yan­lar - şər qüvvələr məhvə məhkumdurlar. İblis haki­miy­yə­ti mütləq hakimiyyət deyil. İblis hakimiyyəti ilə yanaşı, xalq oğlu Elxanın da hakimiyyəti var. Burada İbn Yəmin və onun kimi həris və bədxah adamlara heç bir güzəşt yox­dur. Bir az əvvəl dövlətin, qanun "keşikçilərinin" itti­ha­mın­dan altun gücünə xilas olan İbn Yəmin indi daha heç nə ilə xilas ola bilmir. Çünki Elxan divanı altuna - rüşvətə tabe de­yil. Qurşuna, zorakılığa ümid etməyin də mənası yoxdur. Çünki Elxan güclüdür. Burada yeganə meyar var. O da əda­lət­dir. Təbii olaraq belə çıxır ki, burada İblisə yer ol­ma­ma­lı­dır. Belə də olur. Bu mühitdə İblis daha başqa donda qala bil­mir, hamı onun iç üzünü görür və ona lənətlər yağdırır. İb­lisə qarşı ümumi hücum başlanır və İblis Yerin dibinə çəkilməli olur.

Əsərdə İblisə qarşı mübarizənin iki yolu təlqin olunur. Birinci yol naqis mühitin fövqündə durmağı, bunun üçün isə filosofluq səviyyəsinə yüksəlməyi, ikinci yol naqis mühitlə vuruşmağı, bunun üçün isə silaha sarılmağı tələb edir. Birinci yol fərdi-mənəvi qələbəyə, ikinci yol ictimai-maddi qələbəyə aparır.

Əsərin sonunda Arifin yeni mənəvi mövqedən – in­qilabçı-filosof mövqeyindən çıxışı - son monoloqu veril­mə­mişdir və bu ilk baxışda əsəri yarımçıq göstərir. Bu, bəlkə də əsərin yazıldığı tarixi şəraitlə bağlıdır. Lakin Arif da­nış­ma­sa da, həssas oxucu onu eşidir. Arifin son monoloqu ha­di­sələrin məntiqi davamından, onların inkişaf dia­lek­tikasından çıxır. Bütün əsər boyu izlənilən mənəvi prosesin bu qanunauyğun yekunu artıq oxucunun öz daxilində səslənir. Bu monoloq əsərin sonunda iştirakçıların da daxilində səslənir və onlarda mühitin eybəcərliklərinə qarşı dərin nifrət hissi, mübariz ruh yaranır. Onların hamılıqla İblisə hücum etməsi mövcud mühitə qarşı mübarizənin simvolu kimi səslənir.


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə