75
IV BÖLÜM
TELEXƏBƏRİN HAZIRLANMASI /
XƏBƏRLƏRİN REDAKTƏ DƏYƏRLƏRİ
Hansı KİV-də verilməsindən asılı
olmayaraq, xəbərləri
redaktə edərkən bu dəyərlər əsas götürülməlidir:
Redaktə zamanı diqqətdə saxlanmalı dəyərlər
Faktlı olmaq xəbərləri yazarkən, fikirlərə deyil, faktlara
üstünlük vermək deməkdir. Bu, həm də jurnalistin
dəqiq, səliqəli və autentik, yəni əslinə uyğun olmaq,
faktları öz qaydasında almaqla yanaşı, məhz gərəkli
faktları əldə etmək məcburiyyətidir.
Vicdanlı olmaq yalan və uydurmaya yol verməmək
deməkdir. Heç bir halda faktları yanlış göstərmək
olmaz və səhvlər həmişə düzəldilməlidir.
Qərəzsiz olmaq öz maraqlarını, inanclarını, yaxud
meyllərini anlamaq və nəzarətdə saxlamaq deməkdir.
Xəbərləri işıqlandıran
zaman heç vaxt qərəzli
münasibətə yol vermək olmaz.
Dolğun olmaq çalarları, deyiliş tərzini, təcrübə və
duyğuları nəzərə almaqla ilkin tarixçəni, konteksti,
balansı və perspektivi əks etdirmək deməkdir.
Balanslı yanaşmaq hakim baxış bildirilən zaman
bütün əks, fərqli və ya tamamlayıcı fikirlərin də
xatırladılmasıdır.
Ardıcıl olmaq jurnalist peşəsinin normalarına həmişə
sadiq qalmaq deməkdir. Yayım rəhbərləri, prodüser
və reportyorlar, proqram aparıcıları öz baxışları ilə
üst-üstə düşüb-düşməməsindən asılı olmayaraq, daim
faktlı və vicdanlı,
qərəzsiz və dolğun, həm də balanslı
məlumatlandırmaya dəstək verməlidirlər. Üstəlik,
gerçək mənada peşəkarlıq bütün bu qaydaların ardıcıl
tətbiq edilməsini şərtləndirir (11; səh.)
Telexəbərin redaktəsi onun son montaj forması
deməkdir. Görüntü və səsin, sözlük və danışıq tərzinin
ayrıca gözdən keçirilməsi, etik meyarlar da daxil
olmaqla, peşəkarlıq tələblərinin qorunması seyrçilərlə
ünsiyyətin saxlanmasında önəmli rol oynayır. Redaktə
və montaj zamanı öncədən müəyyənləşdirilmiş və
bəyənilmiş qaydalara ciddi əməl edilməsi peşəkarlığın
danılmaz göstəricilərindən sayılır. Bu baxımdan TV
təcrübəsinə dayanaraq hazırlanmış bəzi “Rəhbər
qaydalar”la tanışlıqda fayda var.
Jurnalist necə yazmalı və necə danışmalıdır?
• Aydın yaza bilmək və danışmaq üçün öncə haqqında
söz açdığın olayı anlamağa çalış. Özün anlamadan,
başqalarına necə anladacaqsan?
• Olayı ardıcıl anlatmağı öyrən, çünki olayın sonundan
əvvəlinə, əvvəlindən ortasına adlasan, oxucunu-
seyrçini-dinləyicini çaşdıra bilərsən (məqsədin elə
budursa, onda işində ol...). Məntiqi seyrçidən yox,
özündən um!
• Nə baş verdiyini anlamaqda auditoriyaya yardım
et! İnsanlar heç də hər şeyi xatırlamır və ya
hər şeyi
bilmirlər. İndi diqqət yetirdiyin problem əvvəllər baş
vermiş olayı yada salmadan anlaşıqsız görünəcəksə,
ərinmə — qısaca xatırlat!
• Jarqonlara çox meyl etmə, amma onlardan
yararlanmaqdan da çəkinmə (bir şərtlə ki, bu zaman
jarqonları ədəbi dildə açıqlamaq yadından çıxmasın)!
Bu işdə saç ağartmış jurnalistlərin fikrincə,“elmi-
texniki, bürokratik və ya hər hansı başqa jarqondan
qaçmağı məsləhət görənlər yanılırlar. Bir az jarqon
hətta faydalıdır və auditoriyaya əvvəllər onlar üçün
qapalı olan sahəyə baş vurmaq, mütəxəssislərin,
məsələn, siyasətçilərin dilini daha yaxşı bilmək imkanı
yaradır”. Üstəlik,
jarqonlardan istifadə, özəlliklə
TV-də jurnalistə nəyi və ya kimisə acılamaqdan həzz
alan teleseyrçilərin də ruhunu oxşamaq şansı verir.
Bu baxımdan bəzən jarqonlardan faydalanmaq olar,
sadəcə, onların mənasını adi danışıq dilində açıqlamaq
vacibdir.
Bu yerdə Rusiyanın tanınmış hüquq müdafiəçisi Valeri
Abramkinin başına gələn bir əhvalat çox ibrətverici
görünür: o, həbsxanada öz kamera yoldaşlarına
ölkə Konstitusiyasının müdafiəsinə qalxdığına görə
həbsə atıldığını heç cür anlada bilmirmiş. Ana qanu-
nun maddələri məhbuslara o qədər anlaşıqsızmış ki,
dustaqlardan kimsə: “Demək, səni həqiqət axtardığın
üçün bura salıblar, -” deməsəymiş, heç kəs Abramkinin
nədən “yatdığını” anlamayacaqmış.
• Evfemizmlərdən qaç! Jarqonlar, slenqlər səni
asanlıqla olayın gerçək təsvirindən uzaqlaşdıra
bilər. Düzdür, evfemizm ədəbsiz sözləri əvəzləməyə
qadir kimi görünür.
Misal üçün, “alt paltarı”ifadəsini
işlədərkən məhz nəyi nəzərdə tutduğunu bilirsən.
“Təbii ehtiyaclar”, “insanların hər gün getdiyi
yer”, “uşaqların anası”, “aciz nökəriniz”, “məlum
vəziyyətdəki qadın” və s. deyimlər də “mədəni
sözlük”dən götürülüb. Jurnalistlər, özəlliklə danışıq
dilinə meylli olmağa məhkum efir reportyorları
evfemizmlərdən nə qədər uzaq olsalar, o qədər
yaxşıdır. Uzaqbaşı, “acı gülüş”effekti yaratmaq
gərəkəndə belə “mədəniləşdirilmiş” sözlərdən ya-
rarlanmaq mümkündür.
Eyni zamanda, tutalım, “alt
paltarı”nı detallaşdırmaq, çoxlarının gözündə ədəbsiz
XƏBƏRLƏRİN REDAKTƏ DƏYƏRLƏRİ
76
IV BÖLÜM
TELEXƏBƏRİN HAZIRLANMASI /
XƏBƏRLƏRİN REDAKTƏ DƏYƏRLƏRİ
görünmək də yersizdir. Xəbərlər və debatlar çox geniş
auditoriyaya üz tutduğundan nə nəzakət aclarının, nə
də açıq-saçıqlıqdan bayılanların və söyüş hərislərinin
nazını çəkməyə dəyər. Ölçü-biçili və toxtaq sözlər hələ
heç bir jurnalistə üzqarası gətirməyib.
• “Əlahəzrət fakt”, yəni təsdiqlənmiş bilgilər hansı
yolu göstərirsə, o yola çıxmaq lazımdır. Dəqiqlik –
xəstəlik dərəcəsində xırdaçılığa yol vermək mənasına
gəlmir (Azərbaycan TV-lərində kriminaldan bəhs edən
xəbərlər həm görüntü, həm də sözlük baxımından ifrat
ayrıntılarla doludur). İstər duyğulara qapılmaq, istərsə
duyğusuzluğa yuvarlanmaq eyni dərəcədə yanlış sayıla
bilər. Hər hansı qəddar davranışı diqqətə yetirmək
üçün əldə əsas olmalıdır. Bunsuz, xəbərlədiyin olayın
mahiyyətini anlamaq, “nə baş verir?” sualını cavab-
lamaq çətinləşməli, bəlkə də, mümkünsüz sayılmalıdır.
• Yararlandığın ifadə və deyimlərin tam aydın olub-
olmamasını yoxla. Özəlliklə TV-də çalışan jurnalist
çox canlı danışmalı və üstəlik,
sanki seyrçini gözlədiyi
yerə aparıb onun gözləmədiyini göstərməlidir. Bu
üsuldan kortəbii faydalanma, çünki jurnalist hər şeyin
bilincində olmalıdır.
• Öz ağlını və zəngin söz ehtiyatını göstərmə, ibarəli
danışma. Unutma ki, sənin işin olayı xəbərləmək,
olub-bitənlərə insanların qərar verməsinə şərait
yaratmaqdır. Deyimlərinin“dildaxili” tərcüməyə
ehtiyacı qalmamalıdır.
• Sadə yazmaq və aydın danışmaq bayağılığa yuvar-
lanmaq demək deyil. “Elə deməyəndə seyrçi anlamır”
sayaq bəhanələr öz auditoriyanı “cahil” adlandırmaq
mənasına gəlir. Məhdud sözlük və bəsit dil heç də
sadəlik deyil.
• Hər problemə fərqli yanaş və onun xarakterinə
uyğun sözlərdən yararlan.
• Qəlibləşmiş sözləri işlətmə. Qəlib sözlər deyərkən,
həmişə qulaqları döyən, çox işlənməyi ucbatından
diqqəti yayındıran və sanki anlamsızlaşan sözlər
nəzərdə tutulur. Misal üçün, “qeyd etdi” əvəzinə
(yerinə görə) “vurğuladı” və ya“dilə gətirdi” sözlərini
işlətsən, daha faydalıdır (ta o vaxtacan ki, həmin sözlər
də “nimdaşlaşmasın”). Qəlib sözləri sezib-seçmək üçün
“bu söz çox işlənmir?” sualına “hə” cavabı verməniz
yetərlidir.
• Alınma sözlərə diqqət yetir. Köhnəlmiş və ya
anlaşılması çətinlik yarada biləcək sözləri Azərbaycan
türkcəsinin öz sözləri ilə əvəzləməkdən çəkinmə.
“Nöqteyi-nəzər” əvəzinə “baxış, yaxud “baxış bucağı”,
“alternativ” əvəzinə “seçənək”, “seytnot” (söhbət
şahmatdan getmirsə) əvəzinə “darmacal”, “miraj”
əvəzinə “ilğım” yazmaqla nəsə itirməkdən çox, nəsə
qazanırsan.
• Sifətlərdən və sanki öz axarında işlənən deyimlərdən
qaç (“böyük” layihə, “nəfəskəsən” sərgi, “qəddar
cinayət”, “dəhşətli yol qəzası”, “göydələn bina”, “uğurlu
şirkət”, “ağılalmaz hesabat” və s.).
• Göz önündə olan, əksər insanların bildiyi “məlum
həqiqət”ləri təkrarlamaqdan çəkin. Bakıdan söhbət
düşəndə Qız Qalasına və ya Nizaminin heykəlinə
diqqət yetirməsəniz də, olar. Parisin Eyfel qülləsi və
ya qadın
geyimləri, Londonun dumanlı havası və ya
Biq Ben saatı, İstanbulun Aya Sofiyası və ya Bosfor
körpüsü haqqında gəlişigözəl və yıpranmış deyimlərə
nə ehtiyac var? Birbaşa olaya keç.
• Dəb sözlərdən, gəzərgi deyimlərdən qaç. “Rəğmən”
və ya “bahəm” sözlərini niyə işlədirsən? Bir Britaniya
qəzetinin “Üslub soraqçası”nda deyiləni sən də un-
utma: “Bir sözdən bərk yapışmağınız dəbdə olan bütün
müəlliflərin həmin sözə meylindən irəli gəlirsə, ya o
sözü dəyişin, ya oxu dairənizi, ya da işinizi”. Sən işini
dəyişmək istəyirsən?
• Və bütün durumlarda özünü doğruldan məsləhət:
yeni suallar yaratmağı yox, köhnə suallara yeni cavab-
lar tapmağa can at. Məsələn, “çox faydalı layihə” və
ya “üstün zövqlü insanlar” deyərkən nəyi nəzərdə
tutursan? Layihənin “çox” və ya “az faydalı” olmasını
kim müəyyənləşdirir? İnsanları “üstün” və “aşağı”
zövqlülərə ayırmağın hansı meyarları var? Ən yaxşısı,
konkret
misallar gətir ki, kimin necə olduğuna seyrçilər
qərar versin. Tutalım, “müsahibim ağıllı adamdır”ın
yerinə, “o, siyasətşünaslıq namizədidir” demək
yetərlidir. “Bu ucaboy konstruktor”un yerinə “boyu 1
m 80 sm-i keçən konstruktor” söyləmək qat-qat dəqiq
olar və yanlış qiymətləndirmələrə əsas verməz.
• İnsanı diksindirib-hürküdən və ya çimçəşdirən olay-
lardan söhbət gedirsə, öz nitqində sərt təsvirlərə yol
vermə. Nəyin necə baş verdiyini qoy görüntü və olayın
təbii səsləri açıqlasın.
• Komik məqamlar da yaşanan faciəli olaydan söz
açsan, qoy bu barədə görüntü və olayın axarı məlumat
versin. Sən nə güldür, nə də ağlat!..