Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə29/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   25   26   27   28   29   30   31   32   ...   112

Koroğlu bir iyid, əsli, zatı var, 

Həm namusu, arı, həm qeyrəti var, 

Dəmir cilov altda Ərəbatı var, 

İnan Bolu, mən Koroğlu deyiləm. 

Gəl sənə söyləyim ay Qəcəralı, 

Hələ eşitməyib qoç İsabalı, 

Gəlsə bu qoşuna verməz məcalı, 

İnan Bolu, mən Koroğlu deyiləm. 

Koroğlu deyiləm, yırtma yaxanı, 

Ciyərimi eşq oduna yaxanı, 

İyidin olmazmı qılınc, qalxanı, 

İnan Bolu, mən Koroğlu deyiləm. 

Koroğlu dediyin bir bəl-bəllidi, 

Çənlibeldə dövran quran dəlidi, 

Öz adım Rövşəndi, atam Alıdı, 

İnan Bolu, mən Koroğlu deyiləm. 

Bolu bəy Mehtər Murtuzu yanına çağırıb dedi: 

– Sən deyirdin bəs bu Koroğludu, bu ki, Koroğlu deyilmiş. 

Qəcəralı bir tərəfdən Murtuzun üstünə düşdü ki, sən bizi aldadırsan. 

Murtuz dedi: 

– Əyər Koroğlu bir isə, siz axtardığınız da o isə, Koroğlu budu. 

Bolu bəy ağzından köpük daşlana-daşlana əmr elədi ki, qoşun 

atlanıb yola düşsün. Koroğlu gördü ki, yox, bunu aparacaqlar. Başını 

qaldırıb dedi: 

– İndi sən məni aparıb paşaya verəcəksən ki, guya mən Koroğluyam, 

sən də məni tutubsan? 

Bolu bəy: 

– Bəs necə? 

Koroğlu gülüb dedi: 

– Yaxşı sənin ağlın yoxdu, bu adamın sözünə inanırsan. Paşanın da 

ağlı yoxdu, ya mənim dilim yoxdu ki, onu başa salım. Niyə paşa kordu 

ki, mən yaraqsız-yasaqsız bir adamam. Qoç Koroğlunu belə asanlıqla 

tutmaq olmaz? Hamısını açıb paşaya deyib səndən şikayət eliyəcəyəm. 

Bolu bəy qaldı məhəttəl ki, bunların hansına inansın. Axırda Koroğlunun 

sözlərinə inanıb əmr eləyib onun əllərini açdırdı. Sonra üzünü 

ona tutub dedi: 

– Deyirlər dəli Koroğlu çox mərddir, heç bir şeyi gizlədən deyil. 

İndi olan oldu, keçən keçdi. Əllərin də açıqdı. İndi düzünü de görək 

sən kimsən? Bu boy, heç qoruqçu boy-buxununa oxşamır. 

Koroğlu dedi: 

– İndi ki, belə adam kimi soruşursan, bəli, mən Koroğluyam. 

Bolu bəy ayağa qalxmaq istəyəndə Koroğlu dedi: 

– Dayan, sən tay məni tuta bilməzsən. Ancaq de görüm məni niyə 

aparırsan? 

Bolu bəy dedi: 

– Ərzincanlı Camal paşa əhd eləyib ki, hər kim Koroğlunu tutub 




onun yanına aparsa, öz qızını o adama versin. İndi mən səni aparıram 

ki, Camal paşanın qızı Dünya xanımı alım. 

Koroğlu dedi: 

– Mən Koroğluyam. Özüm də dediyimi eləyənəm. İndi ki, sən o 

qıza aşiqsən, qoy gedim yarağımı götürüm, atımı minim gəlim, apar 

məni paşaya təhvil ver, qızı al. 

Koroğlu özünü Çənlibelə yetirdi. Qılınc qurşadı, qalxan götürdü

əmud asdı, nə dəlilərə, nə xanımlara bir söz deməyib, Qıratı minib birbaşa 

Bolu bəyin yanına gəldi. Elə ki, yetişdi dedi: 

– Bolu bəy, mən verdiyim vədəyə doğru çıxıb gəlmişəm. 

Ancaq səninlə bir şərtim var. Sən məni tutmuşdun. İndi də ki, mən 

səninlə gedirəm. Sonra elə bu sənin qulağında qalar. Elə bilərsən ki, 

guya doğrudan da məni tuta bilərsən. 

Gəl qabaqca səninlə bir vuruşaq, dava eləyək. Sonra haraya desən 

gedək. Özü də sinəmə üç xana söz gəlib, onu deyim sonra dava eləyək. 

Aldı Koroğlu, görək nə dedi: 

Əli beldə durub əmr eylərdin 

Koroğlunu tutan günlər necoldu? 

Hərdən-hərdən asıb kəsin söylərdin, 

Koroğlunu tutan günlər necoldu? 

Deyirdin zamana gedəcək belə, 

Uymuşdun şeytana, fitnəyə, felə, 

Hərdən hökm eləyib basırdın gölə, 

Koroğlunu tutan günlər necoldu? 

Çənlibeldə dövran quran dəliyəm, 

Hədyan sözə çox çətindi əyiləm, 

Yeddi min dəlinin kəltə kəliyəm, 

Koroğlunu tutan günlər necoldu? 

Koroğluyam, müxənnətə uymaram, 

Qısasımı qiyamətə qoymaram, 

Düşmənin qanından içsəm doymaram, 

Koroğlunu tutan günlər necoldu? 

Koroğlu acıqlanmışdı. Elə acıqlanmışdı, elə coşmuşdu ki, bilmirdi 

Bolu bəyə nə desin. Ondan hayıfını necə alsın. Yenə də götürdü görək 

nə dedi: 

Hay-hay deyib qənim üstə varanda, 

Kəllə gərək bu meydanda qalansın. 

Mərd iyidlər qovğa günü düşəndə 

Şərbət deyə öz qanına yalansın. 

Qaldırram meydanın göyə tozunu, 

Çıxardaram yamanların gözünü, 

Gərək görəm Dünya xanım üzünü, 

Ömür təzələnsin, can cilvələnsin. 

Koroğluyam, gədikləri busaram, 

Qancırqadan qanlı başlar asaram, 

Bolu bəy, sənə bir qılınc basaram, 




Bağırsağın cəmdəyinə dolansın. 

Koroğlu sözünü tamam eləyib Qıratı cövlana gətirdi. Misri qılıncı 

çəkib qoşuna cumdu. Qoşun əhli ha eləyib əl-ayaq açana kimi Koroğlu 

sağdan vurdu, soldan çıxdı, soldan vurdu, sağdan çıxdı. Qoşunu qatımqatım 

qatlayıb əldən saldı. Düşmən dağılıb qaçmağa başladı. Koroğlu 

Qıratı dallarından salıb özünü Qəcəralıya yetirdi, bir əmud vurub onu 

atdan yerə saldı. Bir də baxdı ki, Bolu bəy aranı şuluq görüb əkilmək 

istəyir. Tez özünü ona yetirib, itələyib atdan saldı, düşüb dizinin altına 

aldı. Götürdü görək nə dedi: 

Qollarını bağladaram, 

Bolu, mən sənin, mən sənin! 

Anacığın ağladaram, 

Bolu, mən sənin, mən sənin! 

Gözlərinə kül qoyaram, 

Ovucuna pul qoyaram, 

Nişanlını dul qoyaram, 

Bolu, mən sənin, mən sənin! 

Mərd iyidlərin gözüyəm, 

Dəlilərin əziziyəm, 

Bəbir oğlunun özüyəm, 

Bolu, mən sənin, mən sənin! 

Qızıb sinənə çökərəm, 

Əlif qəddini bükərəm, 

Üstünə alov tökərəm, 

Bolu, mən sənin, mən sənin! 

Koroğluyam, iş bitirrəm, 

Səni dünyadan itirrəm

Başın bədəndən götürrəm, 

Bolu, mən sənin, mən sənin! 

Koroğlu sözünü tamam eləyib Bolu bəyin sinəsinin üstündən durdu, 

dedi: 

– İndi mən sənin ixtiyarındayam. Paşanın yanına necə istəyirsən, 



elə apar. 

Bolu bəy güclə ufuldaya-ufuldaya yerindən qalxdı. Adamları ilə bir 

təhər köməkləşib Qıratın üstündə Koroğlunun qollarını geri yanında 

möhkəm bağladılar. Götürüb yola düşdülər. 

Ərzincan dağlarını aşıb şəhərə yaxınlaşdılar. Bolu bəy fikir eyləyib 

öz-özünə dedi. Koroğlunu belə sağ-salamat Camal paşanın yanına 

aparsam, mənim onu dalaşsız-davasız tutub gətirməyimə inanmayacaq, 

paşanı inandırmaq üçün gəl onu yarala. Yavaşca göz-göz vurub 

Koroğlunun geri yanına keçib birdən onun başına bir qılınc vurdu. 

Qolları bağlı Koroğlunu qan götürdü. Odu ki, tutduğu işdən peşiman 

oldu. Bolu bəyi öldürmədiyinə heyifsiləndi. Ancaq iş-işdən keçmişdi. 

Bu dar zamanında Çardaxlı Çənlibel, dəlilər, Nigar xanım yadına düşdü. 

Aldı görək nə dedi: 

Qarşı yatan qarlı dağlar, 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə