Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə30/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   26   27   28   29   30   31   32   33   ...   112

Dağlar, səndə qarım qaldı! 

Əlim yetməz, ünüm çatmaz

Dal budaqda narım qaldı! 

Məni tutdu Bolu bəylər, 

Ağır zəncir boynum əylər, 

Hamı bir-birindən yeylər, 

İyid dəlilərim qaldı! 

Məni tutdu qəm əcəli, 

Öldürər verməz macalı, 

Hayıf qırmadım Qəcəri 

Sinəmdə dağlarım qaldı! 

Canım Qırat, gözüm Qırat! 

Səni minən alar murad, 

Ağcaquzu, bir də Dürat 

Bağlı bədöylərim qaldı! 

Yaxşıdı iyidin varı, 

Namusu, qeyrəti, arı. 

Nigar qoç Koroğlu yarı, 

Nigar kimi yarım qaldı! 

Gəlib yetişdilər Ərzincana. Bolu bəy Koroğlunu birbaş apardı 

Camal paşanın yanına. Təbil vuruldu, bütün aləm imarətin qabağına 

yığıldı. Camal paşanın qızı qara gözlü, şirin sözlü, alma yanaqlı, yaqut 

dodaqlı Dünya xanım qulluqçusunu çağırıb nə səs-küy olduğunu 

soruşdu. Qulluqçu gözlərini süzə-süzə dedi: 

– Xanım, sənə qurban olum, tay bundan artıq nə olacaq? Bolu bəy 

qoç Koroğlunu tutub qolu bağlı paşanın hüzuruna gətirib. İnşəallah bir 

neçə günə kimi toyundu. 

Bu sözü eşidən kimi dünya-aləm Dünya xanımın gözlərində 

qaraldı. Dünya xanımın Bolu bəydən zəndeyi-zəhləsi gedirdi. Deyirdi 

ki, iti görüm, pişiyi görüm, onun mürdəşir yumuş üzünü görməyim. 

İndi birdən Koroğlunun tutulduğunu eşitdi, ürəyi elə sıxıldı, elə sıxıldı 

ki, bilmədi nə eləsin. Ancaq qızlar başa düşməsinlər deyə durub yeddi 

qələmlə özünə zinət verdi. 

Qırx incəbel qızını da yanına alıb Koroğluya tamaşa eləməyə getdi. 

Bəli, Camal paşaya xəbər çatdı ki, bəs qızın Dünya xanım izn 

istəyir. Camal paşa rusxat verdi, məclisin bir tərəfində bir pərdə çəkildi. 

Dünya xanım öz qırx incəbel qızı da başında gəlib pərdənin dalında 

əyləşdi. Qolları bağlı, başı yaralı Koroğlunu da Camal paşanın qabağında 

saxlamışdılar. Dünya xanım baxdı ki, vallah bu bir iyid oğlandı 

ki, Bolu nədi heç min nəfər Bolu kimi adam olsa onu tuta bilməz. Özözünə 

dedi: – “Aşna, bu heç belə deyil ki, belə olsun. Bu Bolu girən 

kol deyil. Bolunun mən dabbaxda gönünü tanıyıram. Burada yəqin bir 

fırıldaq var”. Amma tay bir söz deməyib yerindəcə oturdu ki, görsün 

işin axırı necə olacaq. Amma Bolu bəyin kefi o necə deyərlər, lap itə 

hürürdü. Bir yellənə-yellənə gəlib dolanırdı ki, ətəkləri göz çıxardırdı. 

Camal paşa düşmüşdü fikir dəryasına ki, nə eləsin. Bilmirdi Koroğlunun 




özünü xotkarın hüzuruna göndərsin, ya öldürüb başını göndərsin. 

Çox fikir, xəyaldan sonra bu qərara gəldi ki, hələlik Koroğlunu 

zindana salıb xotkara namə göndərib onu işdən xəbərdar eləsin. 

Koroğlunu gətirib Dünya xanımın imarətinin qabağında bir quyu 

var idi, saldılar oraya. 

Bəli, elə ki, Koroğlunu quyuya saldılar. Bolu bəy Camal paşanın 

yanına gedib zəmin-ədəb öpəndən sonra dedi: 

– Paşa sağ olsun! Qoç Koroğlunu diri-diri tutub gətirdim. Xotkarın 

yanında sənin üzünü ağ, başını uca elədim. İndi “ələhdi minəlvəfa”, 

verdiyin vədəyə əməl elə! 

Paşa dedi: 

– Bolu bəy, sözüm sözdü, qızım Dünya xanım sənindi. Ancaq qoy 

görək qasid xotkardan nə xəbər gətirir. Sonra toy tədarükünə başlayarıq. 

Sənə elə bir toy eləyəcəyəm ki, ruzigarın gözü belə toy görməmiş 

olsun. 

Bolu bəy Camal paşanın sözündən arxayınlayıb toy tədarükündə 



olsun, sənə kimdən xəbər verim, Dünya xanımdan. Dünya xanım axır 

Bolu bəyi istəmirdi, hər nə qədər eləyirdisə, ürəyi ona yapışmırdı ki, 

yapışmırdı. Onu görəndə elə bil gözünə tikan batırdı. O elə güman 

eləmişdi ki, qoç Koroğlu onu öldürər. Yaxası onun əlindən qurtarar. 

İndi də ki, vurdu, belə oldu. Deyir sən saydığını say, gör fələk nə sayır. 

Kimin ağlına gələ bilərdi ki, Bolu bəy gedib Koroğlunu tutub gətirəcək. 

Odu ki, yazıq qız dizlərini qucaqlayıb qəm dəryasına qərq olmuşdu. 

Çox fikir-xəyaldan sonra gördü ki, onun bircə nicat yolu var. O da 

odu ki, Koroğlu xilas olsun. Çünki Dünya xanım yəqin-əlyəqin bilirdi 

ki, burada bir hiylə var. Əyər qoç Koroğlu xilas olsa bu heyfi Boluda 

qoymayacaq. Onda da ki, Dünya xanımın canı Bolu bəyin mürdəşir 

yumuş üzündən qurtarar. 

Bəli, Dünya xanım bu fikirlə o qədər gözlədi ki, qaranlıq düşdü. 

Dünya xanım yavaşca ayağa durdu, başdan geyinib ayaqdan qıfıllandı, 

ayaqdan geyinib başdan qıfıllandı. İmarətdən çıxıb özünü verdi quyunun 

başına. Koroğlu qalmışdı quyuda. 

Dünya xanım bir ip salladı ki, bəs bağla belinə çəkim, səni çıxardım. 

Koroğlu elə ki, ip sallayanın Dünya xanım olduğunu bildi, gülüb 

dedi: 

– Ay Dünya xanım, səndə o güc, hünər hardaydı ki, məni çəkib 



buradan çıxarda biləsən. 

Qərəz, uzun baş ağrısı olmasın, Dünya xanım bir az yeməkdən

içməkdən ipə bağlayıb quyuya salladı. Özü də soruşdu ki: 

– Bəs bir adamın varmı ki, dalınca gələ? 

Koroğlu dedi: 

– Dünya xanım, mənim dalımca gəlsə ya Eyvaz gələr, ya Dəmirçioğlu, 

ya Dəli Həsən, ya da ki İsabalı. 

Dünya xanım oradan yavaşca qayıdıb evə gəldi. Sabahısı mehtəri 

yanına çağırıb, ovcuna bir çəngə qızıl basıb tapşırdı ki, Qıratdan yaxşı 

muğayat olsun. Beləliklə, mehtər Qıratdan, Dünya xanım özü də ki, 




Koroğludan muğayat olmağa başladılar. 

Bunlar burada qalmaqlarında olsunlar, sənə Çənlibeldə dəlilərdən 

xəbər verim. Dəlilər bir gün gözlədilər Koroğlu gəlmədi, iki gün gözlədilər 

Koroğlu gəlmədi. Üçüncü günü bir yerdə yığıldılar ki, görən bu 

haraya getdi. 

İsabalı dedi: 

– Tacirin sözü gerçək imiş. Yəqin Bolu bəy gəldi, Koroğlunu tutub 

Ərzincana apardı. 

İsabalı bunu söyləyib ayağa qalxdı. Üzünü dəlilərə tutub dedi: 

– Bugün bir iyid istərəm, 

Varsam, vara mənim ilə. 

Qərib qürbət yad ölkədə 

Qalsam, qala mənim ilə. 

Koroğlunun yox əlacı, 

Misirdən alır xəracı, 

Düşmənə əyri qılıncı 

Çalsam, çala mənim ilə. 

İsabalı, ver öyüdü, 

Körpə ikən əy söyüdü, 

Koroğlu kimi iyidi 

Bulsam, bula mənim ilə. 

Dəlilər dedilər: 

– Biz onun dalınca gedən deyilik. Qoy harada qalır, qalsın. Özü 

yaxşı bilir ki, paşaların, bəylərin hamısı ona yağıdı. Bir fürsət axtarırlar 

ki, tutsunlar. Yanına yoldaş götürməmiş, gedəcəyi yerin səmtini, sorağını 

deməmiş niyə çıxıb gedir!? 

Dəlilər acıq eləmişdilər. İsabalı gördü ki, dəlilər acıq eləyiblər, tay 

bir söz deməyib, özü ayağa qalxdı. Yaraqlanıb, çəkdi Düratı yəhərlədi. 

Mindi, tək-tənha Koroğlunu axtarmağa getdi. Gecəni gündüzə qatdı, 

gündüzü gecəyə, o necə deyərlər, az getdi, üz getdi, dərə təpə düz 

getdi, axır gəlib Ərzincana yetişdi. 

İsabalı şəhərə çatanda səhər tezdən idi, hələ dükanlar bağlı idi. 

Göz gəzdirdi, gördü meydanın aşağı tərəfində bir əllaf dükanını yenicə 

açır. Baxdı ki, dükanda çoxlu arpa çuvalları var, heç nırxını xəbər 

almamış çuvalın bir böyüyünü götürüb Düratın qabağına qoydu. 

Dükançı dedi: 

– Ay qoçaq, çəkdirib qədərini bilməmiş, pulunu verməmiş arpanı 

atına niyə yedirirsən? 

İsabalı dedi: 

– Qədərini bilmək nədi? Pul nədi? Mən indiyə kimi arpaya pul 

verməmişəm, indimi verəcəyəm? 

Dükançı gördü yox, bu pul-zad verən deyil. Çuvalın bir qulpundan 

yapışıb atın qabağından çəkmək istədi. İsabalı dedi: 

– Arpanı götürmə, at damağ olar. 

Dükançı əl çəkmədi. Axırda İsabalı ona bir sillə hərlədi, dükançının 

ayağı başından aşdı. Qalxmaq istəyəndə bir sillə də elə vurdu ki




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə