Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə35/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   31   32   33   34   35   36   37   38   ...   112

– Çuvalların ikisi arpadı, ikisi buğda. 

Arpa çuvalları yarımçıq idilər. Koroğlu bağlamaları bir-birinə boşaltdı, 

bir çuval elədi, Düratın qabağına qoydu. Kişi istədi Koroğluya 

mane olsun, Koroğlu gözünü elə bərəltdi ki, kişi qorxudan çıqqırını da 

çəkə bilmədi, çəkilib bir tərəfdə durdu. Gördü yox, bu o dəyirmançılardan 

deyil, bir az da o yan, bu yan eləsə çəkib cərcənəyini ayıracaq. 

Koroğlu özü də yaman ac idi. Dürat arpasını yeyənə qədər buğda 

çuvallarını töküb üyütdü. Unluğa da su buraxıb xamır qayırdı. Çəkib 

dəyirmanın bir tərəfini sökdü, pərdilərdən ocaq çatdı, xamırı çörək 

bişirdi. Öküzün də birini kəsdi, soydu, cəmdəyinin yarısını kabab 

çəkdi, yarı çiy, yarı bişmiş yeyib toqqanın altını bərkitdi, sonra durub 

Düratı minib, üzünü Çənlibelə çevirdi. 

Bir də baxdılar ki, budu Koroğlu gəlir. Gəlir amma necə gəlir... 

Hamı başını aşağı saldı. Nə bir salam, nə bir sabah. Heç keyfin, halın 

da soruşmadılar. 

Koroğlu atdan düşdü. Eyvaz onun qabağına çıxdı, aldı görək nə dedi: 

Təzə sövdəyər olubsan, 

Sövdan da mübarək olsun! 

Alış-veriş öyrənibsən, 

Sövdan da mübarək olsun! 

Niyə girdin dəyirmana, 

Bizi qoydun yana-yana, 

Atı verdin Kaloğlana, 

Sövdan da mübarək olsun! 

Sən Eyvazı qoydun xəstə, 

Get comərddən mətləb istə

De bir neçə verdin üstə? 

Sövdan da mübarək olsun! 

Koroğlu neçə-neçə səfərlərə getmişdi, amma heç olmamışdı ki, 

qayıdanda dəlilər belə eləsinlər. Amma bu dəfə xanımlar onun üzünə 

baxmırdı, dəlilər salam vermirdi. Axırda Koroğlu aldı, görək nə dedi: 

Keçər dövran belə qalmaz, 

Şad ol könül, nə məlulsan? 

Dəlilərim salam verməz, 

Şad ol könül, nə məlulsan? 

Geydiyim iyid kürküdü, 

Dünya Süleyman mülküdü, 

Dövlət ki var əl çirkidi, 

Şad ol könül, nə məlulsan? 

Koroğluyam deyim sənə

Od tutub alışdı sinə. 

Aşıqlığım bəsdi mənə, 

Şad ol könül, nə məlulsan? 

Bu sözdən dəlilər incidilər ki, çox yaxşı iş görübsən hələ danışırsan 

da ki, “aşıqlığım bəsdi”. İndi ki belə oldu, indi ki sən bizi heçə 

sayırsan, onda biz də çıxıb gedirik. 




Koroğlu çox qəzəbli idi. Bir tərəfdən Qırat əldən getmişdi, bir 

tərəfdən də Həmzə kimi keçəlin biri onu aldatmışdı. Öz dərdi özünə 

bəs deyildi, indi də dəlilər belə deyirdilər. Elə ki, dəlilər dedilər biz də 

çıxıb gedirik, Koroğlu qəzəbinin gücündən özünü saxlaya bilməyib 

birdən qayıtdı ki: 

– Əşi gedin də, nə eləyim gedirsiniz! 

Bu söz dəliləri götürdü. Tay onların qabağını saxlamaq çətin iş idi. 

Hamısı vəlvələyə düşdü. Hamı getmək üçün hazırlaşmağa başladı. 

Nigar işdən xəbər tutub dəlilərin qabağını kəsdi, onları geri qaytardı. 

Nigarın dəlilər arasında o qədər hörməti var idi ki, onun bir sözünü iki 

eləməzdilər. Hamı qayıdıb oturdu. Nigar da onların arasında oturub 

üzünü də o yana çevirdi. Koroğlu baxdı ki, Nigar da ondan üz çevirdi. 

Bu, Koroğluya hamısından bərk yer elədi. Sazı döşünə basıb görək 

Nigar xanıma nə dedi: 

Ala gözlü Nigar xanım, 

Üzün məndən niyə döndü? 

Sənə qurban şirin canım, 

Üzün məndən niyə döndü? 

Qoyun otlar quzu ilə, 

Ayağının tozu ilə. 

Müxənnətin sözü ilə 

Üzün məndən niyə döndü? 

İyidin yatmasın baxtı, 

Yana çevrilməsin taxtı, 

Koroğlunun məlul vaxtı, 

Üzün məndən niyə döndü? 

Nigar heç bir söz deməyib sazı Koroğlunun əlindən aldı. Səmərqənd 

kağızı kimi ağ sinəsi üstünə basıb dedi: 

Binadan gözəl olmayan 

Telin qədrini nə bilər? 

Çöldə gəzən boz sərçələr

Gülün qədrini nə bilər? 

Kal qoşub kotan əkməyən, 

Nanın süfrəyə tökməyən, 

Arının qəhrin çəkməyən 

Balın qədrini nə bilər? 

Utan, qoç Koroğlu, utan! 

Dağların damənin tutan! 

Sənin kimi başa çatan 

Elin qədrini nə bilər? 

Nigar sazla dediyi kimi sözlə də dedi: 

– Sən ki dəlilərə belə söz dedin, daha mənim də səninlə işim yoxdu. 

Deyirlər ki, Koroğlu heç bir söz deməyib düz durub getdi. Üç gün, 

üç gecə tamam ac, susuz ağzı aşağı düşüb yatdı. Bir də yuxusunda gördü 

ki, Toqatdadı. Qırat da altında. Diksinib qalxdı. Baxdı ki, Eyvaz başının 

üstündə oturub ağlayır. Koroğlunun ürəyi alışdı, sazın götürüb dedi: 




Eyvaz, məndən nə istərsən 

Candımı, başdımı, nədi? 

Axıdırsan ala gözdən 

Qandımı, yaşdımı, nədi? 

Məclisdə dolanmır sağın, 

Sinəm üstdən getməz dağın, 

Tökülübdü qaş-qabağın, 

Boranmı, qışdımı, nədi? 

Dayan, Qoç Koroğlu, dayan!.. 

Sözlərini elə bəyan. 

Yatıbsan qəflətdən oyan, 

Gördüyün duşdumu, nədi? 

Eyvaz qalxdı, genə bir məclis qurdu. Xanımlar, dəlilər hamısı Koroğlunun 

başına yığışdılar. Yedilər, içdilər, kefləri kökəldi, damaqlar 

çağaldı, inciklik yaddan çıxdı, əvvəlki kimi şirin dost, mehriban yoldaş 

oldular. Bu zaman Koroğlu sazı sinəsinə basdı aldı görək nə dedi: 

Allahı çağırıb düşərəm yola

Bu dərdi sinəmdə qala qoymaram. 

Qıratım həsrətlə yolum gözləyir, 

Düşmənin əlində qala qoymaram. 

Ah çəkərəm hərdən köysüm ötürrəm, 

Yola düşüb mətləbimi bitirrəm, 

Ya ölərəm, ya Qıratı gətirrəm, 

Ayı dolansa da, ilə qoymaram. 

Koroğluyam, qoç oğluyam, qoçam mən, 

Çətindi ki, mərd meydandan qaçam mən, 

Havada dövr edən tərlan quşam mən

Sarlar şikarımı ala qoymaram. 

Koroğlu altdan geyindi, başdan qıfıllandı, başdan geyindi, ayaqdan 

qıfıllandı, Misri qılıncı bağladı, qalxan asdı, əmud götürdü, dava libasının 

üstündən, bir kürk geyindi, çiyninə də bir saz keçirdi, tək başına payıpiyada 

Toqata tərəf yola düşdü. Az getdi, çox dayandı, çox getdi az dayandı, 

gecəni gündüzə qatdı, gündüzü gecəyə qatdı, özünü Toqat şəhərinə 

yetirdi. Baxdı ki, hava qaranlıqlaşır. Bir qarının qapısını döyüb dedi: 

– Ay qarı nənə, bu gecəliyə məni qonaq eləyərsənmi? 

Qarı dedi: 

– Niyə eləmirəm. 

Koroğlu qarıya bir qədər pul verib dedi: 

– Elə isə al, mənə yemək hazırla. 

Qarı pulu çox görüb soruşdu: 

– Pulun qalanını neyləyim? 

Koroğlu dedi: 

– Qalanı nədi, hamısına al. 

Qarı soruşdu: 

– Tək başına bu qədər şeyi neyniyirsən? 

Koroğlu gülüb dedi: 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə