Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə60/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   56   57   58   59   60   61   62   63   ...   110

125 
 
Çoxlu  tələbə  həbsə  alınır  və  məhkəmə  qurulur.  Qavrilo  Prinsin 
müavini Danilo İliç silahdaşları ilə ölümə məhkum edilir. Qavrilo Prins həddi-
büluğa  çatmadığından  məhkəmə  ona  20  il  kürək  cəzası  kəsir,  həbsxanada 
vərəmdən vəfat edir. 
Əhali güllə atılan gündən Latın körpüsünə Qavrilo Prins körpüsü adını 
qoyur. 
Bir  anda  açılan  iki  güllə  bütün  dünyada,  gözlənilməyən  gurultulu, 
qovğalı əks-səda yaratdı. Dövlətlər bloklara ayrıldı: Rusiya - Fransa - İngiltərə 
düvəli  müəzzəmə  (böyük  dövlətlər)  təşkil  etdilər;  Almaniya  –  Avstriya  – 
Macarıstan  -  İtaliya  düvəli  müsəlləsə  (üç  bucaq)  yaratdılar.  1915-ci  ildə 
Türkiyə də bu bloka qoşuldu. 
Qoşa  güllə  açılandan  35  gün  sonra,  avqustun  ilk  günündən  alman 
militarizminin  təərüz,  zorakılıq  maşını  hərəkətə  gəldi.  Günahsız  insanların 
qanları  sel  kimi  axmağa,  şəhərlər,  dinc  kəndlər  viranəyə  dönməyə  başladı. 
Avqustun  axırında  dünyanı  öz  müstəmləkəsilə  döndərmək  istəyən 
imperialistlər  başda  olmaqla  otuza  qədər  dövlət  gündən-günə  şiddətlənən 
müharibənin məhvərində fırlanırdı. 
Müharibə  elan  edilən  gün  Almaniyada  olan  bütün  rus  təbəələrini  əsir 
tutub xüsusi düşərgələrə salırlar. 
Hacı Zeynalabdin Tağıyev öz ailəsilə Almaniyada istirahət edirdi.  
Tağıyevin  qızı  əhvalatı  belə  nəql  edirdi:        Atam,  anam,  bacılarım  - 
Leyla  və  Sürəyya,  qardaşlarım  -  Məmməd  və  İlyas,  anamın  ən  yaxın 
qulluqçusu Raisa, bir də atamın köhnə tanışlarından qoca 90 yaşlı Məstanbala 
Almaniyaya  getdik.  Məstanbala  söhbət  vaxtı  atama  deyir  ki,  Hacı,  varlı 
adamsan, pulun çoxdur, Firəngistana  gedəndə, bir dəfə  məni də apar; atam da 
onu  götürmüşdü.  Əvvəl  Berlinə  gəldik,  ən  məşhur  «Ekspolenada»  otelinə 
düşdük.  Bir  neçə  gündən  sonra  Ems  mədən  sularına  yollandıq.  Bir  ay  orada 
qaldıq,    Marenbadenə  getdik.  Atam  bir  ay  da  orada  müalicə  olundu,  biz  isə 
dincəldik.  Axşamüstü  bir    rus    ruhanisi    atamın  yanına  gəlib  xəbər  verdi  ki, 
məni  rus  səfiri  göndərib,  deyir  ki,  Hacı  tez  yola  düşsün.  Almanlar  Rusiyaya 
müharibə  elan  edir.  Xəbər  qəzetlərdə  dərc  olunandan  sonra  rus  təbəələrini 
vətənlərinə    buraxmayacaq,  əsir  saxlayacaqlar.  Biz  Berlinə  çatanda 
müharibənin  elan  xəbəri  artıq  yayılmışdı,  Vağzalqabağı  meydanda  adam 
əlindən  tərpənmək  olmurdu.  Kişilər  əllərindəki  ağacları  havada  hərlədib, 
hədələyə-hədələyə  «Rus...  rus...  rus...»  deyə  qışqırırdılar.  Keçmiş  Qafqaz 
canişini qraf Voronsov-Daşkovun arvadı, milliyyətcə erməni olan Liza Kinikov 
qızını  (Elizaveta  Qriqoryevna)  almanlar  küçədə  saçlarından  yapışıb 
sürütləmişdilər.  Vağzal  binasından  çıxa  bilmirdik.  İki  saat  keçdi,  atam  dedi: 
«Sandıqlar  qalsın  burada,  hər  kəs  çamadanını  götürsün,  gəlsin  dalımca».  O,   
qabaqda, biz də onun dalınca çıxdıq meydana. Polis nəfərləri bizi o saat araya 


126 
 
aldılar.  Mindirdilər  bir  maşına.  Atam  dedi:  «Ekspolenada»    mehmanxanasına  
sür».    Bizi    orda  qəbul  etmədilər.        Şəhərin    bütün  mehmanxanalarına  baş 
vurduq,    nəticəsiz  qaldı.  Axırda,  ucqar  məhəllələrdən  birində  yerləşən 
mehmanxanada  bizə  yer  verdilər.  Atamın  Berlin  bankındakı  100.000  manat 
pulundan  bir  qəpik  də  vermək  istəmirdilər.  Atam  Frank-furt  Mayn  şəhərinə 
zəng  çaldı.  Bakıda  su  kəməri  çəkmək  məsələsi  üçün  buraya  gəlmiş  Lindleyə 
əhvalatı  başa  saldı.  Lindley  Berlinə  Qeviner  adlı  bir  şəxs  göndərdi.  Qeviner 
bankla  danışıq  aparıb,  atama  xəbər  verdi  ki,  sizin  bütün  xərclərinizi  banka 
təqdim ediləcək sənəd əsasında ödəyəcək, amma sizə nəqd pul verməyəcəklər. 
Atam  getdi  Türkiyə  səfarətxanasına,  çıxılmaz  vəziyyətə  düşdüyünü    xəbər 
verdi, yardım istədi. Türk səfiri birbaşa Almaniya kayzeri II Vilhelmə müraciət 
edir ki, müsəlman aləminin ən məşhur kübarı neft milyonçusuna kömək eləyin 
vətəninə, Bakıya qayıtsın. 
Şübhəsiz ki, Vilhelm bütün dünyada tanınmış Nobel, Rotşild və digər 
neft maqnatları kimi Tağıyevi də tanımamış deyildi. Kiçik Qafqaz dağlarında, 
Gəncə quberniyasında, Kirakidzor və Gədəbəydə alman sənaye maqnatı simens 
qardaşları hələ  on doqquzuncu  əsrin ortalarından  mis,  sürmə, qızıl,  gümüş  və 
sairə  zəngin  filiz  damarlarını  istismar  edib  Azərbaycanın  milli  sərvətini  öz 
ölkələrinə daşıyırdılar. Gədəbəydə  meşənin içərisində  yerləşən.; Qalakənddəki 
misəritmə  zavodundan  simenslər,  habelə  iki  tona  qədər  qızıl,  beş  ton  gümüş 
istehsal edib Almaniyaya aparmışdılar. Şübhəsiz, Hacının ailəsini buraxmaqda 
Bakı  neftinə,  tükənməz  sərvətə  çoxdan  göz  tikmiş  olan  Vilhelmin  öz 
mülahizəsi,  öz  hesabı  varmış.  Neft  maqnatı  baron  Bekendorf  başda  olmaqla 
Bakıda  alman  neft  sənayeçiləri,  ticarət  işgüzarları  və  texniki-maliyyə 
mütəxəssisləri vardı. 
Kayzer Vilhelmin şəxsi sərəncamı ilə bizə gəmi verib dənizdəki çoxlu 
mərmilərdən qorumaq üçün xüsusi kreyser də qoşdular. 
Bizim  əyan  olduğumuzu  polis  bildikdə  deyir  ki,  madam  gedən  adam 
kübardır, məşhur əyandır, onun məiyyəti olmalıdır, siyahı verin. Atam Berlində 
çarəsiz qalmış 35 nəfər rus, erməni, gürcü və yəhudi təbəələrini siyahıya daxil 
edib  polisə  göndərdi.  Beləliklə,  onları  da  əsirlikdən  xilas  etdi.  Əvvəl  bizi 
Kopenhagenə yola saldılar. Kreyser qabaqda, gəmi də onun dalınca üzürdü ki, 
minaya toxunmasın. Gəlib çıxdıq Finlandiyaya, oradan da Peterburqa. 
Rusiyanın  əsas  duru  yanacaq  mənbəyi  olan  Bakı  bu  müharibədə 
diqqəti  xüsusi  cəlb  edən  şəhərlərdən  biri  idi.  Alman  imperializmi,  eləcə  də 
Rusiyanın müttəfiqi ingilis imperializmi qara qızıl xəzinəsinə yiyələnməyə var 
qüvvələrilə  can  atırdılar.  Fikirləri  gələcəkdə  Bakının  tükənməz  neft  sərvətinə 
və buradan da bütün Qafqaz mineral-filiz sərvətinə sahib olmaq, sonra da İran, 
Yaxın və Orta Şərq və Hindistana yol tapmaq   idi. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə