Manaf süleymanov


-1920-ci İLLƏRDƏ BAKIDA BAŞ VERƏN HADİSƏLƏR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə61/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   57   58   59   60   61   62   63   64   ...   110

127 
 
1916-1920-ci İLLƏRDƏ BAKIDA BAŞ VERƏN HADİSƏLƏR 
 
İbn pinəçi dəhrə olur gözb ilə Soltan,  
Zühhakın edər mülkünü bir Gavə pərişan. 
 
Birinci  dünya  müharibəsi  uzandıqca  bazarda  mallar,  xüsusilə  ərzaq 
gündən-günə  bahalanır,  əmək  haqqı  isə  əvvəldə  olduğu  kimi  qalırdı.  Çarizm 
müharibəyə  qoşulmaqla  fəhlə  və  qulluqçuları,  bütün  kasıb  camaatı  çıxılmaz 
məngənəyə  salıb  əzirdi;  ümid  yeri,  aclıq  dərdinə  əlac  edən  də  yox  idi.  Boş 
vədlər, mənasız təsəlli verən, Allahın ötəyindən yapış deyənlər çox idi; lakin bu 
sözlərlə  nə  ac  uşaqların  qarnı  doyur,  nə  xəstəliyə  əlac,  nə  də  dərdlərə  çarə 
tapılırdı. Yeganə çarəni əməkçi camaat mübarizədə görürdü. 
Fəhlələrin  çıxışları  getdikcə  güclənir,  böyük  miqyas  alırdı,  Xüsusilə 
1916-cı  ilin  payızından  inqilabi  çıxışlar  sürətlə  artırdı.  1916-cı  ildə  bu  və  ya 
digər  mədən  və  zavodlarda,  tərsanə  və  emalatxanalarda,  depoda  tez-tez  tətil 
elan edilirdi. 
1916-cı ilin əvvəlində Bakıda ən vacib ərzaq mallarının qiyməti xeyli 
bahalanmışdı. 
Altı  nəfər  möhtəkir  ət  ticarəti  məqsədilə  sindikat  yaratmışdı.  Bu 
sindikat  Türkmənistandan  qoyun  gətirib,  bazarlarda  baha  qiymətə  satırdı. 
Həmin  dəstə  1915-ci  ilin  dekabrında  yüz  əlli  min  baş  qoyun  alıb  Hacı  Dadaş 
Hüseynovun gəmilərində Bakıya daşıyır və Puta stansiyasındakı Baxça deyilən 
yerdə  saxlayırdılar.  Qoyunların  hər  birini  əvvəllər  16-17  manata,  1916-cı  ildə 
isə daha baha qiymətə satırdılar. 
Un,  düyü,  çörək,  ət,  toyuq,  yumurta,  göyərti  və  başqa  ərzaq  malları 
bahalanırdı.  Dükançılar  malları  gizlədir,  müştəriləri  incidir  və  soyurdular. 
Qiymət bahalandıqca, ərzaq azaldıqca kasıbların  səbr kasası dolurdu. 
1916-cı  ildə,  fevralın  14-də  Bakıda  aclıqdan  cana  gələn  qadınların 
güclü  çıxışı  -  məşhur  «Babiy  bunt»  -  arvadların  qiyamı  baş  verdi.  Bu, 
Zaqafqaziyada qadınların ilk çıxışı idi. 
Üç  gün  davam  edən  və  bütün  şəhəri  bürüyüb  əhalini  ayağa  qaldıran 
iğtişaş və qarışıqlığa xırda bir əhvalat səbəb olmuşdu. 
Bir qadın Aleksandro-Nevski bazarında kartof alarkən qiymət üstündə 
dükançı  ilə  höcət  edir,  qəzəblənib  dolu  torbanı  yerə  çırpıb,  günəbaxan  tumu 
olan  qutunu  da  vurub  dağıdır  və  başlayır  tumu  tapdalamağa.  Elə  buna  bənd 
imiş  kimi,  qonşuluqdakı  Bazar  (Hüsü  Hacıyev)  küçəsindəki  yüzlərlə  arvad 
başlayırlar  qarışıqlıq  salmağa,  hücum  edib  meyvə,  tərəvəz,  baqqal,  bəzzaz, 
çörəkçi, qəssab dükanlarını talan etməyə. Qarışıqlıq Quba (Füzuli) meydanında 
və  Balaxanı  (Basin)  küçəsindəki  dükanlara  da  sirayət  edir.  Səbzəbazardakı 
qaxta  budkaları  dağıdıb  yandırırlar.  Arvadlar,  yeni-yetmələr  bazar-dükanı 
dağıdırlar. 


128 
 
Hadisə  yerinə  atlı  polis  və  yanğın  dəstələri  göndərilirsə  də izdihamın 
öhdəsindən  gələ  bilmirlər.  Polis  birinci  gün  atəş  açmağa  cəsarət  etmir. 
Polismeyster  və  onların  əlaltılarının  bütün  cəhdləri  boşa  çıxır.  Arvadlar  və 
uşaqlar  su  boçqalarını  və  yanğın  maşınlarını  araya  alırlar.  Yanğınsöndürən 
nasosu işə salmaq mümkün olmur. Həyəcana  gəlmiş izdiham polis nəfərlərini 
daşa tutur. 
Aleksandro-Nevski  ticarət  cərgələri  və  Bazar  küçəsindəki  mağazaları 
talan edib dağıdandan sonra izdiham ətraf küçələrə hücum edir və qabaqlarına 
çıxan ərzaq anbarlarını dağıtmağa başlayır; iki dəstəyə bölünüb şəhərin zəngin 
mağazalarına  hücum  edirlər.  Bu  neçə  min  nəfərlik  arvad  seli  «Metropol» 
(Nizami  muzeyi)  mehmanxanası  olan  yerdə,  polis  və  atlı  kazak  dəstələrinin 
gözü  qabağındaca  başlayırlar  zəngin  mağazaların  vitrinlərini  və  qapılarını 
sındırmağa. Rəhimov və Fərhadovun mağazalarını bir anda talan edirlər. Sonra 
da başqa mağaza və anbarlara daraşırlar. Qadınların bu dəhşətli, əqlə sığmayan 
qiyamı gecəyarıya qədər davam edir. 
İkinci  günü,  fevralın  15-də  qadınlar  böyük  un,  düyü  və  qənd 
mağazalarını,  Skoblevin,  Çolaq  Ağabala  Quliyevin  və  Qlazovun  nəhəng 
dəyirmanlarını,  un  anbarlarını,  «Rus»  və  «Samalyot»  gəmiçilik  şirkətlərinin 
müxtəlif  çeşidli  mal  anbarlarını  talan  edirlər.  Ac-yalavac  qadınlar,  qız  və 
oğlanlar  şəhərdə  116  ərzaq,  70-ə  qədər  parça,  paltar,  geyim  mağazasına  və 
anbarına basqın etmişdilər. 
Gözlənilmədən  belə  bir  məzəli  əhvalat  da  baş  vermişdi;  bir  dəstə 
qadın  həyət  tərəfdən  «Metropol»  mehmanxanasının  restoranına  girib  yemək 
tələb etmişdi. İstədikləri o dəqiqə  yerinə  yetirilmişdi. Nahar edib bayıra çıxan 
tox  qadınlar  qapıda  rast  gəldikləri  şişman  pristavı  qamarlayıb  hırıldaya-
hırıldaya o qədər atıb tutmuşdular ki, kişinin ürəyi getmişdi. 
Ayın 16-da olan qarışıqlığı təsvir etmək mümkün deyil. İki gün əvvəl 
olub-keçənlər, bütün bunlarla müqayisədə heç nə idi. Çay təki axan, dəniz kimi 
dalğalanan arvadlar  əllərinə  keçənləri  gecə  yarıya  qədər daşıyıb aparır, polisə 
və atlı kazaklara daş yağdırırdılar. 
Qadınların  qiyamı  yalnız  ayın  17-də  yatırıldı.  Cəza  dəstələri 
amansızcasına  hücuma  keçmişdi.  Polis  və  kazaklara  əmr  edilmişdi  ki,  patron 
əsirgəməsinlər. 
Fevralın  14-də  qarışıqlıq  başlayanda  qalabəyi  Martınov  şəhərdə  yox 
imiş.  Arvadları  sakitləşdirmək  əməliyyatına  Qafqaz  canişininin  sərəncamı  ilə 
Bakı general-qubernatoru rəhbərlik edir. O da şəhərdə hərbi qüvvənin azlığına 
görə (270 nəfər piyada, 160 nəfər isə atlı soldat varmış) heç nə edə bilməyib. 
Bakıya  təcili  surətdə  polis  və  əsgəri  hissələr  gətirilir;  Tiflisdən, 
Petrovskdan  (Mahaç-Qala),  Dərbənddən,  Yelizavetpoldan  (Gəncədən), 
Teymurxanşuradan  (Buynaksk)  yüzlərlə  polis  və  atlı  kazak  gətirilir.  Əlahiddə 
Qafqaz ordusundan da güclü qoşun, top-topxana gətirilmişdi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə