MəMMƏd adilov azərbaycan paleoqrafiyasi baki – 2009 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə47/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32215
1   ...   41   42   43   44   45   46   47   48   49

Kitab formadır,  maddi-texniki məhsuldur.  Kitab öz içərisində mətni əhatə edir.  Kitab
müəyyən yazı materialından tərtib edilir. Kitab bir və ya bir neçə mətni ehtiva edə bilər. Kitab
insanın fiziki əməyi nəticəsində meydana çıxan maddi varlıqdır. Kitab vərəqlərdən hazırlanmış
(yazılmış) və cildlənmiş daşınan əmlakdır. 
Tarixən daşınmaz əşya və əmlak üzərində yazılmış mətn kitab deyil,  kitabədir.  Mətnin
(məhdud)  həcmi olduğu halda,  kitab miqdarla (nüsxə sayı ilə)  hesablanır.  Kitabın miqdarı
olduğu halda, kitabə bir nüsxədə rast gəlir.   
“Əlyazma” anlayışı hansısa təbii və ya süni bərk material üzərində oyma, yonma, cızma
yolu ilə həyata keçirilən “həkkaklıq”  anlayışı ilə eyniləşdirilə bilməz.  Həm əlyazma,  həm də
həkkaklıq “yazı” anlayışı ilə birbaşa bağlıdır, lakin əlyazma əllə yazma, həkkaklıq isə əllə həkk
etmə,  naxış vurma işinin məhsuludur.  Həkkaklıq sinkretik səciyyə daşımaqla həm xəttatlığın, 
həm də nəqqaşlığın başlıca ünsürlərini özündə cəmləşdirir. Əlyazma sənəti isə yalnız müxtəlif
formalı, müxtəlif ölçülü vərəqlər şəklində olan material üzərində yazı yazmaq deməkdir. 
Azərbaycan ərazisində yazının meydana gəlməsi və yazı formalarının bir-birini əvəz
etməsi dünya yazı mədəniyyətinin tarixi inkişafının tərkib hissəsi kimi cərəyan etmişdir. Tarixi
Azərbaycan ərazisində yazının izləri eradan əvvəlki milleniumlara gedib-çıxır və özünün
rəngarəngliyi ilə diqqəti cəlb edir.  Bunun əsas səbəbi ölkə ərazisində çoxsaylı müxtəlif
qəbilələrin yaşaması ilə əlaqələndirilir. Həmin fakt özü də bir daha islamdanqabaqkı cahiliyyə
dövründə avtoxton azərbaycanlıların müxtəlif dillərdə danışdığını,  müxtəlif dinlərə sitayiş
etdiyini, ayrı-ayrı mədəniyyətlərə sahib olduğunu göstərir. 
İslam mədəniyyətinin bütövlükdə sivilizasiya qarşısında ən böyük xidməti onun yazını
demokratikləşdirməsi sayıla bilər.  İslamın Azərbaycana gəlişinin ən böyük nəticəsi isə onun
yerli qəbilələri vahid bir mədəniyyət məkanında birləşdirməsi, bütöv Azərbaycan xalqını forma-
laşdırması olmuşdur. Buna görə də müasir elmin məhz Azərbaycan müsəlman mədəniyyətinin
öyrənilməsinə daha böyük maraq göstərməsini başa düşmək mümkündür. 
İslamlaşma dövründən sonra ərəb yazısını ilk dəfə farslar götürərək, onun əsasında ərəb
qrafikalı fars əlifbasını yaratmış,  elə həmin dövrdə farsların təcrübəsindən istifadə edən
azərbaycanlılar özlərinin ərəb qrafikalı türk əlifbasını meydana qoymuşlar. Faktlar sübut edir ki
Azərbaycan ərazisində türkdilli mətnlər dövrümüzə gəlib çatmış məlum abidələrdən çox-çox
əvvəllər də yazılmışdır. 
Bütün orta əsrlər ərzində ərəb qrafikalı Azərbaycan yazısı ümumislam mədəniyyətinin
tərkib hissəsi kimi tanınmış,  Azərbaycan alimlərinin,  ədiblərinin və mütəfəkkirlərinin yazdığı
əsərlər müsəlman dünyasının hər yerinə yayılmış və beləliklə,  Azərbaycanın öz milli
mədəniyyətinin hüdudları islam meqa-məkanında əriyib-itmişdir.  Hazırda azərbaycanşünaslıq
elmi bu hüdudları bərpa etməyə, Azərbaycan milli mədəniyyət tarixinin sərhədlərini axtarıb-tap-
mağa çalışır.  Buna görə də ilk növbədə Azərbaycan paleoqrafiyasının ümumi islam
paleoqrafiyası anlayışından seçilib-ayrılması, onun nəzəri və təcrübi məsələlərinin öyrənilməsi
aktual əhəmiyyət kəsb edir.      
Ərəblər həmişə,  demək olar ki,  yalnız ərəb dilində,  farslar həmişə ərəb və fars dillərində
yazdıqları halda,  türklər,  o cümlədən Azərbaycan türkləri yüzillər boyu həm ərəb,  həm fars, 
həm də türk dilində yazıb-yaratmışlar. Buna görə də dünyada Azərbaycan paleoqrafiyası qədər
mürəkkəb bir paleoqrafiya təsəvvür etmək çətindir. 
Əlifbasına,  xəttinə görə latın paleoqrafiyası,  slavyan paleoqrafiyası,  Ç in paleoqrafiyası, 
yəhudi paleoqrafiyası,  ərəb paleoqrafiyası və s.  ayrı-ayrılıqda öyrənilir. Təcrübəli paleoqraflar
bu ümumi bölgünün özünü də abidələrin dilinə görə fərqləndirməyi təklif edirlər. Buna əsasən
ərəb paleoqrafiyası (daha dəqiqi,  islam paleoqrafiyası)  islam-ərəb,  islam-fars və islam-türk


paleoqrafiyalarına bölünür. Dilindən asılı olmayaraq, Azərbaycan paleoqrafiyasının yeri islam-
türk paleoqrafiyasının içərisinə düşür. Azərbaycanlıların üç dildə yazdığını nəzərə aldıqda isə
Azərbaycan paleoqrafiyasının özü də abidələrin dilinə görə Azərbaycan-türk, Azərbaycan-ərəb
və Azərbaycan-fars paleoqrafiyalarına təsnif edilir. Azərbaycan-türk paleoqrafiyası Azərbaycan
xalqının ana dilində yazılmış abidələrini,  Azərbaycan-ərəb paleoqrafiyası ərəb dilində,  Azər-
baycan-fars paleoqrafiyası isə fars dilində yazıya alınmış əlyazmaları öyrənir. 
Azərbaycan-türk paleoqrafiyası həm də anadilli mətnləri,  belə mətnlərdəki söz və söz
formalarını öyrənməkdən ötrü bir açar rolunu oynadığı üçün müasir elmdə, tarixi dilçilikdə daha
böyük əhəmiyyət daşıyır.              
Bütün orta əsr kitabları əlyazma olduğu halda,  heç də bütün əlyazmalar kitab deyildir. 
Beləliklə, kitabla başqa əlyazmalar arasında fərq qoyulur. 
Əlyazma kitabı özünün zahiri formal əlamətləri ilə,  daxili əlamətləri ilə,  formal növləri və
quruluşu ilə başqa əlyazmalardan fərqlənir.   
Azərbaycan əlyazma kitabları yalnız kodeks şəklindədir.
Azərbaycan əlyazma kitablarında müəllifin adı mətnin əvvəlində və  sonunda,  katibin adı
isə mətn bitəndən sonra katib kolofonunda verilir. Buna baxmayaraq, mətnlərin əksəriyyətinin
müəllifi və katibi məlum deyildir. Bunun aşağıdakı səbəbləri vardır:    
1) Kitab uzun müddət saxlandıqda onun əvvəlcə cildi, sonralar əvvəli və sonu xarab olub
sıradan çıxır, bununla müəllif və katib adlarının izi itirdi.
2) Katib kitabı köçürərkən onun əvvəlini və sonunu ixtisara salır, öz adını isə yazmırdı.
3) Katib öz istəyinə və ya sifarişçinin zövqünə uyğun olaraq, kitabı bütöv köçürmür, ondan
müəyyən bir parçanı iqtibas şəklində yazır, bununla müəllif adının izi itir, öz adını yazmadıqda
isə katib haqqında da məlumat ixtisara düşürdü; bəzən hətta katib əsərin iqtibas etdiyi parça-
sına özbaşına müstəqil bir ad da verirdi. 
Bütün bunlardan görünür ki, müəllif heç vaxt özünün müəlliflik hüququndan imtina etmirdi. 
Əksinə, hər bir əsərin ilkin müəllif variantında müəllif adı hökmən göstərilir, onun həmin əsəri
hansı məqsədlə, kimin sifarişi ilə yazması haqqında məlumat verilirdi. Müəllifin öz hüquqlarını
qorumağa çalışdığını belə bir fakt da sübut edir ki, ola bilsin ki, kitabın əvvəlinin və sonunun nə
vaxtsa sıradan çıxa biləcəyini qabaqcadan düşünən müəllif öz adını hətta əsərin əsas mətninin
içərisinə də salırdı. 
Katibin adı isə yalnız müəllif mətni (müəllif kolofonu)  bitəndən sonra ayrıca katib
kolofonunda göstərilirdi.  Müəllifdən fərqli olaraq,  bir çox hallarda katib öz adını yazmır, 
“təvazökarlıq” edirdi. Bunun bir səbəbi katibin öz əməyini adi bir iş sayması, “həqiri-fəqir Allah
bəndəsi”nin cəmiyyət qarşısında kiçik bir xidməti hesab etməsi ilə bağlıdır.  Bəzi müəlliflərin
fikrincə, bununla katib köçürdüyü mətndə yol verdiyi xətalara görə məsuliyyətdən qaçmağa nail
olurdu. Halbuki adları qeyd olunmuş katiblər də köçürmə zamanı müxtəlif səbkili səhvlərə yol
verir və buna görə kolofonda öz üzrxahlıqlarını bildirirdilər. 
Abidələrdə müəllif yaradıcılığı ilə yanaşı,  katib yaradıcılığı da özünü göstərir.  Katib
yaradıcılığını aşağıdakı məqamlarda görmək olar: 
1)  Bütövlükdə mətnin tərtibi müəllif yaradıcılığıdırsa,  həmin mətnin yazılışı,  köçürülməsi
katib yaradıcılığı kimi qiymətləndirilə bilər;  xəttin    keyfiyyəti,  mətnin yazılış dəst-xətti katib
yaradıcılığının meyarı sayılır.
2)  Katib səhv etmədən,  şüurlu şəkildə mətnə sirayət edirdisə,  bu da katibin özünəxas
yaradıcılığı kimi qiymətləndirilə bilər; hərçənd ki, belə yaradıcılıq oricinalı təhrif etdiyi üçün heç
kimə lazım deyildi və bu gün məhz belə mətn üzərində işləyən tədqiqatçı müəllif variantına çat-
maq üçün çox əziyyət çəkməli olur.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə