Filologiya məsələləri, 2017
234
Yuxarıda qeyd olunduğu kimi dil qarşılıqlı anlaşma məqədinə xidmət edir.
Bura onun funksiyaları da daxildir. Eyni zamanda dil insanın danışıq üzvləri
vasitəsilə yaranan və qulaqla eşidilən işarələrdən ibarət olan normalar sistemidir.
Təbii ki, bu normalar qarşılıqlı anlaşma vasitələri rolunu o zaman yerinə yetirir
ki, bir dil kollektivinə mənsub olan həm danışan, həm də dinləyənlər ondan eyni
şəkildə bir cür istifadə etsinlər. Bütün bunlar o işarələrin deyilməsi və dərk
olunması üçün əhəmiyyətlidir ki, danışıq üzvləri tərəfindən əmələ gəldikləri
üçün dil xarakterləri kəsb etmirlər. Ona görə ki, həm danışıq prosesində, həm də
dərk edəndə danışan və dinləyən bu ənənəvi normalara riayət edirlər.
Burada bir məsələni də xüsusilə vurğulamaq lazımdır ki, dərk olunan,
saya gəlməz realizasiya deyil, yalnız əvvəlki nəsillərdən qəbul edilmiş və
hazırda sabitləşmiş normalar danışıq aktının ayrılmaz tərkib hissəsidir. Bütün
bunlar isə öz növəsində danışıq aktının nəticəsidir. Danışıq aktı isə fonologiya
və fonetik proseslərə bağlıdır. Baxmayaraq ki, fonologiya dil səsləri, fonetika
isə danışıq səsələri haqqında elm kimi müəyyənləşdirilmişdir.
Danışığın ifadə tərəfinin yalnız bir dəfə baş verən təbiət hadisəsi, bir səs
axını olduğundan bununla məşğul olan elmdə təbiətşünaslığın metodlarından
istifadə etmək olar. Səs axını sırf fiziki, akustik yaxud fizioloji artikulyasiya
baxımdan tədqiq edilə bilər. Bu tədqiqatçının səs axınının akustik varlığını və
onun yaranma xüsusiyyətlərini öyrənməsindən asılıdır. Bu arada qeyd etmək
lazımdır ki, səs eşidilməklə dərk olunan fiziki hadisədir və danışığın akustik
tərəfini tədqiq etməklə fonetika dərk etmə psixologiyasına yaxınlaşır. Əslində
səs mürəkkəb və geniş anlayışdır. Təbiətdə və cəmiyyətdə qulaq vasitəsilə nəyi
eşidiriksə səs adlanır. Ümumiləşdirsək qulaq eşitmə üzvünün qəbul etdiyi hər
bir şey səsdir. Maraqlıdır ki, ətraf mühitdə mövcud olan bütün səsləri qulaq
qəbul edə bilmir. Qulaq saniyədə rəqslənmənin sayı 16 hers olan ən alçaq səs
dalğalarını və saniyədə rəqslənmənin sayı 20000 hers olan ən yüksək səs
dalğalarını qəbul edir. Səs dalğalarının saniyədə sayı 16 hersdən aşağı olanı
qulaq aparatı qəbul edə bilmir. Eyni zamanda saniyədə rəqslənmənin sayı 20000
hersdən çox olan səs dalğalarını da qulaq qəbul edə bilməz. Əks təqdirdə, qulaq
pərdəsi rəqslənmənin sayı saniyədə 20000 hersdən çox olan səs dalğalarının
təsiri altında davam gətirə bilməz. Təbiidir ki, mövcud olan səslər çoxdur, suyun
şırıltısı, küləyin, cisimlər toxunduqda yaranan səslər, şimşəyin və s. Bu səslərin
bir çoxunu fizikanın akustika bölməsi öyrənir. Fonetika isə danışıq səslərindən
bəhs edir. Danışıq səsləri dil və keçici səslər olmaqla iki yerə ayrılır. Dil səsləri
elə səslərdir ki, onların yaranmasında danışıq üzvləri fəal iştirak edir. Eyni
zamanda bu səslərin akustik mahiyyəti olur və onun tələffüz dəqiqliyinə diqqət
yetirilir. Danışıq səsləri adlandırdığımız bu səslər səs ucalığı, səs gücü, səs
uzunluğu, əsas ton, oberton ton tembrdən ibarət olur. Həmçinin danışıq səsləri
fizioloji mənbələrə, əlamətlərə ictimai xüsusiyyətlərə malik olur. Dil səslərinin
artikulyasiyası yarımavtomatlaşmış hərəkətlərin psixologiyasına yaxınlaşır.
Filologiya məsələləri, 2017
235
Lakin fonetikanın tamamilə insan psixologiyasına aid olmasına baxmayaraq
onun tədqiqat metodları təbiətşünaslıq metodlarına yaxındır. Fonetika üçün
xüsusi səciyyəvi olan cəhət bir də odur ki, o, tədqiq etdiyi səs komplekslərinə
onların dildə ifadə etdiyi mənaya təmamilə laqeyd qalır.
Dil sisteminin ifadə tərəfi mahiyyət etibarı ilə bir-birindən fərqlənən
elementlərin məcmusudur. Dildə hər bir söz başqalarından nəiləsə
fərqlənməlidir. Dil sistemində bu cür fərqləndirici vasitələr məhdud miqdardadır
və onların sayı dildəki sözlərin sayından xeyli az olduğundun sözlər
fərqləndirici ünsürlərin birləşməsindən ibarətdir. Lakin burada fərqləndirici
ünsürlərin güman olunan bütün kombinasiyaları mümkün deyldir. Bu qaydalar
hər bir dilin xüsusi düzülüş qaydalarına tabedir. Fonologiya müəyyən bir dildə
səs fərqlərinin hansılarının məna fərqləri ilə bağlı olduğun, fərqləndirici
ünsürlərin bir-birinə münasibətini və onların hansı qaydalar əsasında sözlərdə
birləşə bilməsini araşdırır.
Fonetikanın danışıq səsləri fonologiyanın isə dil səslərindən bəhs edən
elm kimi müəyyənləşdirilməsi ilə yanaşı fonetika dil səslərinin sırf
fenomonoloji tədqiqi ilə, fonologiya isə bunun əksinə həmin səslərin dildəki
funksiyasını öyrənməklə məşğul olur fikrini də irəli sürmək mümkündür.
Fonologiya istisnasız olaraq həm də dil sistemi sahəsinə aiddir, lakin fonetikanın
danışıqla əlaqədə götürülməsinə əhəmiyyət vermir. Fonetika bir növ insanın
danışdıqlarıdır. Fonetikanın öyrəndiyi səs axını istənilən qədər hissələrə bölünə
bilən arasıkəsilməz bir axındır. Fonologiyaya gəlincə isə qeyd etmək lazımdır
ki, o, məlum fonetik anlayışlardan istifadə edir. Məsələn, rus dilində sözlərin
mənalarını fərqləndirməyə xidmət edən samitlərin kar və cingiltili qarşılaşmaları
haqqındakı hökm fonologiyaya aiddir, lakin “cingiltili”, “kar”, “küylü”
anlayışlarının özü fonetikaya məxsusdur. İstənilən fonoloji təsvir müəyyən bir
dildə səslənən məna fərqləndirən qarşılaşmalarını müəyyən edir. Həmin dilin
fonetik təsviri ilkin nöqtə və maddi baza kimi götürülməlidir. Daha yüksək
fonoloji təsvirə sistemləşdirilmə mərhələsinə gəlincə isə onlar qətiyyən
fonetikadan asılı deyildir.
Məlum olduğu kimi dil çoxsəviyyəli və çoxşaxəli bir sistemdən aşağı
səviyyənin ünsürləri fərqləndirməni, yuxarı səviyyənin vahidləri isə bütövlükdə
ünsiyyəti təmin edir. Məhdud miqdarda aşağı səviyyə ünsürləri fonemlərdə
birləşir. Fonemlər isə müxtəlif dillərdə müxtəlif sayda olurlar.
Beləliklə, fonetika ilə fonologiya arasında məlum əlaqələr onların
prinsipial şəkildə asılı olmasına baxmayaraq labüddür.
Dostları ilə paylaş: |