III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1443
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Tarixi mənbələrinin verdiyi məlumatlar, son illər ərzində aparılan ciddi tarixi tədqiqatlar
sübut edir ki, bəhs etdiyimiz dövrdə Azərbaycan əhalisinin böyük əksəriyyətini avtoxton
türkdilli əhali təşkil etmişdir. Təsadüfi deyildir ki, o dövrün hadisələrindən bəhs edən ən-
Nəsəvi Azərbaycanı "türklərin dəniz qumunun dənələri qədər çox olduğu ölkə" kimi təsvir
edirdi. “Müdcəm əl-buldən” əsərində Azərbaycan əhalisi haqqında məlumat verən Yaqut əl-
Həməvi isə yazırdı: “Azərbaycan əhalisi dostcanlı və mehribandır. Onların üzü al (yanaqları
qırmızı), dəriləri isə parlaqdır.” Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan vilayəti-
nin əhalisinin tərkibində də o dövrdə türkdilli əhali birmənalı şəkildə üstünlüyə malik olmuş-
dur. Səlcuqlar dönəmində türkmən tayfalarının məskun olduqları arealdan bəhs edən F.Sümər
yazır ki, Azərbaycandakı türkmənlər ələlxüsus Ərdəbil, Xoy, Urmiya və Naxçıvan tərəflərdə
yaşayırdılar.
Bu dövr Naxçıvan əhalisinin dini inancının nə olmasına gəlincə mənbələrdə verilən
məlumatlar göstərir ki, Naxçıvan əhalisi bu zaman əsasən müsəlmanlardan ibarət olmuşdur.
Məsələn, Sədrəddin Əli əl-Hüseyni XIII yüzilliyin birinci rübündə yazdığı “Əxbar əd dövlət
əs-Səlcuqiyyə” əsərinin XXXVIII fəslində yazır: “Atabəy Eldəniz Azərbaycan və Arrana
qayıtmağı qərara aldı, Çünki ona xəbər çatmışdı ki, gürcülər İslam ölkələrinə soxulmaq üçün
hərəkətə gəlmiş, Dvin şəhərini talayaraq, orda olanları əsir götürmüşlər. Buna görə o, Azər-
baycana qayıtdı. ...Sultan hərəkət edib Naxçıvanda atabəy Eldənizlə birləşdi. O, Naçıvandan
yoluna davam edərək Gəncəyə çatıb burada bir neçə günlüyə ayaq saxladı”.
Akademik Ziya Bünyadov hesab edirdi ki, Atabəylər dövründə sərhəd vilayəti kimi
xüsusi rejimdə olmuş Naxçıvanda islamın mühafizəsi üçün ciddi nəzarət mövcud olmuşdur.
Bununla yanaşı Səlcuq dövlət idarəçilik ənənələrindən irəli gələn digər dinlərdən olan-
lara xoşgörülü yanaşma prinsipi Eldəniz dövlətinin hökmdarları tərəfindən də davam etdiril-
mişdir. Qeyd etmək lazımdır ki, bu dövrə qədər Azərbaycan ərazisinin bəzi dağlıq hissələri
istisna olmaqla digər ərazilərində yerli əhalinin əksər hissəsi İslamı qəbul etmişdi. Bu proses
daha çox əhalinin İslamı könüllü qəbulu nəticəsində baş vermişdir. Belə olan halda xüsusi
status daşıyan Naxçıvanda islamın mühafizəsi üçün ciddi nəzarətin mövcud olması, digər
dinlərin məhdudlaşdırılması anlamına gəlməməlidir. Çünki, İpək yolu üzərində yerləşən bu
ərazidə nəinki xristian, hətta buddist, iuadist və digər dinlərə mənsub olan tacirlər və səyyah-
lar üçün ibadətxanaların yaradılması məhz bu dövrə təsadüf edir. 1224-cü ilə Xarəzmşah
Qiyasəddin Pirşahın Naxçıvanı tutmasından sonra, Naxçıvana hakim təyin edilməsi ilə bağlı
verdiyi sərəncamda da digər dinlərə o cümlədən xristian dininə mənsub olan əhalinin sıxış-
dırılmadığı, əksinə olaraq əraziyə gəlmək istəyən xristian etiqadlı əhali ilə bölgə hakiminin
şəxsən görüşməli olduğu qeyd olunurdu. Sərəncamdan aydın olur ki, bölgədə nəinki xris-
tianlar (əhli-zimmət) hətta çoxallahlılığa etiqadını saxlayanlara (muşrik) da tolerant münasibət
bəslənilmişdir.
Digər tərəfdən XII əsrin Naxçıvan vilayəti əhalisinin mütləq əksəriyyətinin islam dininə
etiqad etdiyini sübut edən digər amillər də mövcuddur. Məsələn, məlumdur ki, 1146-cı ildən
sonra Atabəy Şəmsəddin Eldəniz və xanımı Möminə xatın Naxçıvanda yaşayıb. Bir müsəl-
man türk hökümdarının isə xristianların çoxluq təşkil etdiyi bir şəhəri mərkəz seçməsi və ən
sevimli saray xatını ilə orda yaşaması inandırıcı deyil. Atabəy Şəmsəddin Eldənizlə İraq Səl-
cuq sultanı arasındakı məktublaşmaya diqqət yetirərəkən də fikrimiz bir daha təsdiqlənir.
Şəmsəddin Eldəniz İraq Səlcuq sultanı Məhəmmədə kömək təklifi müqabilində belə bir cavab
alır: "Hal-hazırda sənin xidmətə gəlməyinə ehtiyac yoxdur; orada (yəni Naxçıvanda - N.V.)
müsəlmanların dayağı və şərəfsiz yolunu azmışları dəf etmək üçün istinadgahı ol". Akademik
N.Vəlixanlı Sultan Məhəmmədin “yolunu azmışlar” ifadəsinin bu zaman Şirvana və Arrana
tez-tez basqınlar edən gürcü qoşunları haqqında işlətdiyi qənaətindədir.
Bəzi tarixi mənbələr əhalinin nəinki dini mənsubiyyəti, hətta hansı təriqətlərə bağlı
olması barədə də məlumatlar verir. Naxçıvanın yerli əhalisindən bəhs edərkən "Əcaib əd-
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1444
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
dünya" əsərinin müəllifı buranın şiə və sünnilərdən ibarət din uğrunda "qazi" olan müsəlman
(türk) əhalisinin igid, sərrast nişançı (ox atan) olduqları haqqında məlumat verir.
Yerli əhalinin bir qisminin İslamın şafii məzhəbinə mənsubluğu barədə H.Qəzvini
“Nühzət əl-qülub” əsərində bəhs etmişdir.Müəllif yazırdı: “Bu yerin əhalisinin üzü ağdır.
Onlar şəfii təriqətinə bağlıdırlar”.
Azərbaycan Atabəyləri dövlətinin mərkəzi vilayətlərindən sayılan Naxçıvan Xarəzmşah
Cəlaləddinin yürüşləri və monqolların ilk hücumları dövründə də diqqət mərkəzində olmuş-
dur. 1225-ci ildə Atabəy Özbəyin vəfatından sonra Azərbaycan Atabəylər dövləti süquta
uğramış və Naxçıvan ərazisi Xarəzmşah Cəlaləddin Manqburnun hakimiyyəti altına keçmişdi.
Tarixi mənbələrin verdiyi məlumatlar göstərir ki, 1231-ci ilə qədər vilayətin hakimləri
Xarəzmşah Cəlaləddin Manqburnun tabeliyində olmuşlar. Yalnız 1231-ci ildə Cəlaləddin qətl
edilmiş və monqollar Naxçıvanı ələ keçirmişdilər. İlk monqol axınları ərəfəsində Naxçıvan
ərazisindəki şəhərlərdən əhalinin digər ərazilərə, xüsusən dağlıq ərazilərə köçməsi baş
vermişdir. Orta əsr mənbələrinin verdiyi məlumatlardan aydın olur ki, qırğınlardan canını qur-
tarmaq istəyən əhalinin köçməsi nəticəsində Naxçıvan və ətraf şəhərlərdə əhalinin sayı kəskin
şəkildə azalmışdı.
Bunun əvəzində isə XIII əsrin ortalarında Hülakü xanın dəstələrinin tərkibində Azər-
baycan, o cümlədən Naxçıvan ərazisinə gələrək məskunlaşan türk və monqol mənşəli qəbilə-
lər də getdikcə yerli əhli ilə qaynayıb qarışmış və Azərbaycan xalqının formalaşmasında
önəmli rol oynamışdır. Bu dövrdə artıq əhalinin tərkibində birmənalı şəkildə üstünlüyə malik
olan türkdilli əhaliyə rəsmi dövlət sənədlərinin çatdırılması üçün onlar bir çox hallarda türk
dilində hazırlanırdı. Bu barədə məlumat verən Məhəmməd Naxçıvani yazırdı ki, Hülakülər
dövlətində mühüm sənədlər 3 dildə (ərəbcə, farsca və türkcə), hər xalqa öz dilində, o cümlə-
dən türklərə türk dilində çatdırılırdı. Mənbələrin məlumatları və toponimik materiallar 20-dən
artıq qəbilənin, o cümlədən sulduz-çobani, cəlairi, cığatay, kurqan, sukait, corat, budat, oyrat,
tatar, dolan, onqut və sair qəbilələrinin həmin dövrdə Azərbaycana gəlib məskunlaşdıqlarını
təsdiqləyirdi. Kəngərlilərin soy məsələlərini araşdıran tədqiqatçı İlqar Kəngərli hesab edir ki,
Qarxun, Cığatay, mənşəcə oğuz tayfalarından olan Yayçı tayfaları da XIII əsrdə Naxçıvana
gəlmiş tayfalardandır. Təsadüfi deyildir ki, monqolların Naxçıvan ərazisindəki izləri bu gün
də bir sıra toponimlərimizdə qorunub saxlanılmaqdadır. Uzun illər Naxçıvan oykonimlərinin
araşdırılması ilə məşğul olmuş filologiya elmləri doktoru Adil Bağırov Naxçıvan ərazisindəki
toponimlərin dil mənsubiyyətindən bəhs edərkən buardakı Timurçin, Çingiz, Sabutay antro-
ponimləri, Çığatay urbonimini, Günnüt, İşgəsu, İncəsu, Qərincə toponimlərinin monqollarla
bağlı olduğunu qeyd edir. Fikrimizcə Naxçıvan əraizisindəki Yurdçu kəndinin adı da məhz bu
dövrlə əlaqələndirilə bilər. Məlum olduğu kimi Azərbaycan ərazisində məskunlaşan monqol-
lar özləri ilə birlikdə bir sıra hərbi, mülki və digər anlayışlar da (bukavul, bəxşi, yurdçi,
bəlarquçi və s.) gətirmişdilər. Monqollarda düşərgədə, yaylaq və qışlaqlarda hökümdarın və
hərbi hissələrin yerləşdiyi məskənlər – yurdlar yurdçilər tərəfindən salınırdı. Tarixi daha çox
monqol-hülakülərlə bağlı olan Qarabağlar şəhərinin yaxınlığında bu şəhəri salan yurdçilərin
məskunlaşması və sonradan bu sözün toponimləşməsi mümkündür.
Hülakülərin ən qüdrətli saray xatunlarından olmuş Qutay (Kutuy) xatunun məhz Nax-
çıvanda məskunlaşmasından sonra onun mənsub olduğu türkdilli konkorat (kəngərat) tayfaları
da Naxçıvanda məskunlaşmış və geniş imtiyaza sahib olmuşdur. Qutay (Kutuy) xatunun
mənsub olduğu konkurat və yaxud konqoran tayfası ən iri tayfalarından biri olmuşdur. Çingiz
xanın əcdadı olmuş və X yüzillikdə yaşadığı ehtimal edilən Bodonçarın nəslinin davamı olan
qəbilələrdən olan konkuratlar monqolların özləri tərəfindən də monqol kimi deyil, tatar (türk)
kimi qəbul edilirdilər. Sədərək rayonu ərazisində bu gün də yaşamaqda olan Günnüt (Küngüt)
toponimi də ehtimal ki məhz konqoratların adı ilə bağlıdır. Qeyd edək ki, adıçəkilən topo-
nimin monqolmənşəli olması fikrini A.Axundov və A.Bağırov da təsdiqləyirlər. A.Axundov