III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
935
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
yaradıcılıqlarında üstün yer tutan qoşma xalq şeirinin vəzn, qafiyə sənətkarlığı ilə yanaşı, mə-
caz və təşbehlərindən də geniş faydalanır, bu janrda yeni istiqamətlər formalaşdırmağa da səy
göstərilirdi.
ANARIN “DANTENİN YUBİLEYİ” ƏSƏRİNİN
İDEYA-BƏDİİ XÜSUSİYYƏTLƏRİ
PərvinNURƏLİYEVA
Azərbaycan Dövlət Pedaqoji UNİVERSİTETİ
nuraliyaeva-parvin@gmail.com
AZƏRBAYCAN
Adi adamların, “gözəgörünməz” tiplərin gündəlik həyatını, ilk baxışdan sadə qayğılarını
təsvir etməklə, əslində bütöv bir mühiti, fərqli insan xarakterlərini, qəliz psixoloji mətləbləri
önə çəkmək, oxucunu bu məsələlər ətrafında düşündürmək Anar nəsrinin ümdə xüsusiyyətlə-
rindən biridir. Yazıçı bəzən məişət mövzularında yazsa da, üzdə olan meyarlarla kifayətlənmir,
insan taleyinin daha dərin qatlarına enməyə və bir çox zahiri məsələlərin gizlin səbəblərini an-
lamağa çağırır.
“Dantenin yubileyi” hekayəsinin əsas qəhrəmanı Feyzulla Kəbirlinski də ilk baxışdan
adi adamdır. Bütün ömrünü sənətə, teatra, səhnəyə həsr eləmiş, amma əslində öz yerində, öz
mühitində olmayan biridir. Kəbirlinski ümumiləşdirilmiş obrazdır, yazıçı onu bədii ədəbiy-
yata gətirməklə, qəhrəmanına çevirməklə bir insanın taleyi, yaşadıqları fonunda həm dövrü,
həm mühiti, həm də ayrı-ayrı tiplərin daxili aləmini, xarakterini göstərmiş olur.
Yazıçı Feyzullanın öz mərtəbəsində təkliyini, bəzi məqamda acizliyini, zəifliyini bütöv,
hərtərəfli göstərə bilib. Və bunun üçün əsas priyom qarşılaşdığı hər kəs tərəfindən mənəvi
təzyiqə məruz qalması, ögey münasibət görməsidir. Səhnədə üçcə kəlmə sözü düz-əməlli deyə
bilmir, cavanların lağ-şəbədə obyektidi, oğlu ona görə utanır, həyat yoldaşı hər gün eyni
mövzularda danlayır, deyinir, qarğı edir. Üstəlik ömrünü teatra həsr eləsə belə, ən azı nə
zamansa oynadığı rollara, yaxud bu sahəyə sərf elədiyi illərə görə hər hansı imtiyaz, hörmət
sahibi deyil. Əsərin əsas ideyası insanın öz yerində, öz “qabında” olmayanda bədbəxtliyidir.
Mühitin, cəmiyyətin belələrinə qarşı güzəştsizliyi, hətta amansızlığıdır. Feyzulla haqqında
“istedadsızdır” hökmünü vermək olmaz. Ümumiyyətlə, bir qayda olaraq Anarın istənilən qəh-
rəmanı haqqında birmənalı qərar çıxarmaq, mülahizə irəli sürmək çətindir. Yazıçı öz qəhrə-
manlarını bütün baxış bucaqlarından göstərdiyi üçün onlar haqqında birtərəfli söz demək
yersiz görünür. Bu mənada Feyzulla bəlkə də hansısa başqa yerdə, başqa sahədə, başqa mühit-
də elə özü olaraq, bildiyi, bacardığı işin qulpundan yapışaraq yaşaya, xoşbəxt ola bilərdi. Am-
ma Məcidlərin, Siyavuşların, Cavadların arasında, üç kəlməni deyə bilmədiyi səhnədə, Həcər
kimi deyingən arvadla bir damın altında heç vəchlə xoşbəxt ola bilməzdi.
Anarın bütün əsərlərində müşahidə olunan hərtərəfli xarakter yaratmaq ustalığı “Dan-
tenin yubileyi”ndə də özünü göstərir. Əsərin baş qəhrəmanı Feyzullanınsa xarakterinin əsas
tərəfi dürüstlüyü, vicdanıdır. Yazıçı bunu əsər boyu plakat kimi oxucunun gözünün önündən
asmasa da, bəzən eyhamla, bəzən də yerinə düşən detalla göstərir.
Yazıçı Feyzullanın yalan danışmaq, uydurmaq bacarmamasını “fantaziya çatışmazlığı”
sayırsa da, əslində burda alt məna sadəcə qəhrəmanın dürüstlüyüdü. Kəbirlinski bütün naqis
cəhətlərinə, zəifliyinə, bacarıqsızlığına baxmayaraq vicdanlı adamdı, öz içində olsa da, heç
kəsin bundan xəbər tutmayacağına əmin olsa belə, öz inamının əleyhinə gedə bilməz..
Feyzulla həm də quran ayələrini əzbər bildiyi üçün, müfti atasından çox şeyləri
öyrəndiyinə görə molla kimi daha hörmətli, daha firavan yaşaya bilərdi, Cavad dediyi kimi –
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
936
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
bəy balası kimi dolanardı. Amma... “mən necə molla ola bilərəm ki, Allaha inanmıram”... Vic-
danı yol verməzdi buna, içindəki inamdan, yaxud inamsızlıqdan heç kəsin xəbəri olmasa belə
edə bilməzdi... Əslində bəlkə də yazıçı bu priyomla cəmiyyətdə əzilən, həmişə kimlərinsə iro-
niya, lağ obyekti olan insanların əsas problemini göstərir, dürüstlüyün, düzgünlüyün, vicdanla
yaşamağın yaratdığı “fəsadları” diqqətə çatdırır. Feyzulla səhnədə oynaya bilmədiyi kimi, hə-
yatda da oynaya bilmirdi.
Yazıçı Feyzullanın təkcə sənət adamı kimi yox, kişi kimi də faciəsini dolğun səhnələrlə
ifadə edir. Ömrü boyu evində eşitdiyi dığ-dığ, fərasətsizliyinin başına qaxınc olması adiləşmiş-
di ondan ötrü. Və yazıçı insan xislətinin bu tərəfini də psixoloji, fəlsəfi cəhətdən təhlil edir.
Ancaq əslində Feyzulla üçün bütün bu kinayəli, ağır sözlərin adiləşməsi heç nəyi
dəyişmirdi. Çünki yazıçının yazdığı o “yorğunluq” hərtərəfli idi onun həyatında. İşində də,
evində də eyni dərəcədə “yorğun” idi… Və bu evindəki yorğunluğun əsas səbəbkarı həyat
yoldaşı Həcər idi. Bütün əsər boyu adama elə gəlir ki, Feyzullarının əsas faciəsi elə Həcərdi.
Bir Həcərin başqa olması ilə, yaxşılığı ilə Feyzullanın yükü yüngülləşə, həyatı rahatlaşa
bilərdi. Bu qənaətin yanlış olmadığını isə əsərin sonluğu təsdiqləyir.
Bir kiçik haşiyəyə çıxıb qeyd etməliyəm ki, Azərbaycan nəsrinə ən müxtəlif qadın
xarakterlərini gətirmiş Anar bəlkə bilərəkdən, bəlkə də təsadüfən əsərlərindəki fərqli qadınları
müqayisə imkanı yaradır. Hətta onun yaratdığı qadınları ruh qohumluğuna, həyata baxışlarına
görə qruplaşdırmaq da olar. Məsələn, “Mən, Sən, O və telefon”da Mədinə, “Taksi və vaxt”da
Nərgiz, “Gürcü familiyası”nda Əsmər, “Ağ liman”da Təhminə öz dünyaları olan, ruh
aləmində yaşayan, sevməyi, sevilməyi bacaran incə qəlbli, zərif qadınlardı.
Yazıçı Həcərin timsalında mühiti tənqid edir. Burda tənqid hədəfi qadınlar deyil,
mühitdi. Həcərin Feyzullaya “elə bütün ömrünü əfəl olmusan ki, bu günə qalmısan da...” –
deyə ironiya etməsinin səbəbi ətraf mühitdi. Bu qadınların əsas qüsuru mühitin mənasız qay-
dalarına uymaları, zahiri parıltılarla yaşamaq cəhdləridir. Həcərdən ötrü mühit qonşu Anaxa-
nım idi, oğlu Eldarın ona lağ edən dost-aşnası idi və o bu mühitdə başıaşağı olmalarının güna-
hını Feyzullada - onun fərsizliyində, bacarıqsızlığında görürdü.
İSA MUĞANNA VƏ TƏRCÜMƏ PROBLEMİ
Şəhanə MAHMUDZADƏ
Qafqaz Universiteti
revanmahmudov@gmail.com
AZƏRBAYCAN
Ədəbiyyat ümumilikdə insana, insanlığa xitab edən, sərhəd tanımayan bir söz sənətidir.
Həqiqi ədəbiyyat yarandığı ölkə, xalq, dil ilə məhdudlaşa, çərçivələnə bilməz. O, mütləq bu
sərhəddi, çərçivəni aşıb keçməyi bacaracaqdır. Təbii ki, hər xalqın özünəməxsus dili olduğun-
dan o xalqın ədəbiyyatı da həmin dildə yaranır. Bədii əsərlərin bir ölkə, bir dil xaricindən kə-
nara çıxmağı üçün onun başqa dillərə tərcüməsinin böyük rolu var. Uzun illər boyu Azərbay-
can və dünya ədəbiyyatları arasındakı inteqrasiya da məhz tərcümə vasitəsilə mümkün
olmuşdur. Bu vasitə ilə Azərbaycan oxucusu Dostoyevski, Tolstoy, Şekspir, Balzak, Cek
London, Kafka, Bunin və başqa yazarların əsərləri ilə tanış olmaq imkanı əldə edir. Eləcə də
görkəmli Azərbaycan şair və yazarlarının əsərləri müxtəlif dillərə tərcümə olunaraq dünya
oxusuna təqdim edilir. Məsələn, ən son olaraq Kamal Abdullanın "Sehrbazlar dərəsi" romanı
Amerikada, "Yarımçıq əlyazma" əsəri isə Fransada tərcümə olundu.
Son zamanlar müasir ədəbiyyatımızda aktual problemlərdən biri də məhz tərcümə
problemidir. Bu problem insanlar arasında ədəbiyyata, kitaba olan marağı da demək olar ki,