Ömrün etməyəcək vəfa dedilər
187
GÖZƏLDİR
Hindistan torpağına
Mehman kimi Hindistana gəlmişik,
Var bu yurdun öz cəlalı, gözəldir!
Görən kimi doğma, əziz bilmişik,
Əzəmətli Tac-Mahalı, gözəldir!
Yeni Dehli Bakımızın qardaşı,
Qanqa bəlkə xan Arazın göz yaşı?!
Varanəsi Gəncəmizin sirdaşı,
Bəyənmişik bu mahalı, gözəldir!
Çobanoğlu, qürbət hara, sən hara?!
Vurulmusan Vətən adlı bahara.
Himalaydan əl elədim Qoşqara,
Salamladım doğma eli, gözəldir!
Dehli, 1988-ci il
“Abşeron” qəzeti, 04.01.1989
Aydın Çobanoğlu
188
GÖZÜM QALIBDI
Dostum Fərhada
Gəl, bir də qayıdaq ötən günlərə,
O ötən çağlarda gözüm qalıbdı.
Ərənlər sirdaşı, mərdlər oylağı,
Möhtəşəm dağlarda gözüm qalıbdı.
Yarpız saçlarını darayıb hörən
Məni də yadına salırmı, görən?!
Odlu qəlbimizə sərinlik verən,
Qaynar bulaqlarda gözüm qalıbdı.
Gahdan qaşqabaqlı, gahdan güləyən,
Gahdan dolu tökən, yağış çiləyən,
Aydını hər səhər şehə bələyən
Güllü yaylaqlarda gözüm qalıbdı.
Bakı şəhəri,
23.03.1990
Ömrün etməyəcək vəfa dedilər
189
DEYƏYDİLƏR
Dostum şair Ələmdara
Qəfil külək tərsə əssə, tərsinə,
Olmazmı gözündə aləm dar indi?
Baxtın yeyin olsa, işin düz gedər,
Dedilər adına, Ələmdar, indi.
Deyirdi, gövhərdi, ləldi, incidi,
Hünərin var, belə yardan inci di!
Nə oldu ki, vəfadardan incidi?!
Ah çəkdi, of dedi Ələmdar indi.
Aşıq Aydın cəfa çəkər, tər salar,
Tərs adamın tutduğu da tərs olar.
İmana gələydi bütün tərsalar,
Deyəydilər, bu baxt Ələmdarındı.
Aydın Çobanoğlu
190
GÖRMÜŞƏM
Yetər Yıldız xanıma
Sənətimə məhəbbəti, hörməti
Bir gözəlin gözlərində görmüşəm.
Bal süzülüb dəhanından, ləbindən,
Şəhdi-şəkər sözlərində görmüşəm.
Qaşlarıdı doğmuş ayın haləsi,
Əzəmətli duruşu Qız qalası.
Yanaqları uca dağın laləsi,
Ayna kimi üzlərində görmüşəm.
Çobanoğlu bu dilbərin heyranı,
Daha yetər, görməsə də dünyanı.
Allah, Allah, bu bənzərsiz ceyranı,
Anadolu düzlərində görmüşəm.
Konya şəhəri,
28.10.1990
Ömrün etməyəcək vəfa dedilər
191
DAĞLARDA
Şair Sücaətə
Ay Sücaət, dağlar oğlu, insaf et,
Nə olar, gəl iman-dinə dağlarda?!
Gündə neçə kərə şükür demişik,
Sənlə keçən hər xoş günə dağlarda.
Yanaqlardan axıb gedən yaş olub,
Məğrurluğun nişanəsi daş olub.
Sağlığına günlərimiz xoş olub,
Çox batmışıq şehə, çənə dağlarda.
Bu Aydının qəlbində çox iz qalıb,
Sinəsində alov qalıb, köz qalıb.
Neçə şirin söhbət qalıb, söz qalıb,
Yadigardı səndən mənə dağlarda.
Aydın Çobanoğlu
192
DİVANİ
Şair Məmməd İsmayıla
Əziz dostlar, söyləməyin, yalan İsmayıldı bu!
Dürlü-dürlü xəyallara dalan İsmayıldı bu.
Sözü keçən bir aşiqdir, ölkənin hər yerində
Bir kəlməylə qırx əlbisə alan İsmayıldı bu.
Şirin-şəkər söhbəti var, doymaq olmaz il ilə,
Bülbül kimi çox armaqdı qönçə ilə, gül ilə.
Şeytanı da tez azdırar öz yolundan dil ilə,
Telli sazı dadlı, duzlu çalan İsmayıldı bu.
Yoldaşları; gahdan Murad, gahdan Şərəf, gah Yaşar
Qabağında söz deyəmməz, çaşar dili dolaşar.
Gah sakitdi ümman kimi, gahdan kükrəyib coşar,
Bulud kimi gah boşalıb, dolan İsmayıldı bu.
Yar-yoldaşı namaz qılır ətəyində hər sabah,
Könül mülkü gözəllərin göz yeridi, ay Allah!
Yerdə insan həsrət çəkir kamalına, göydə Mah,
Hər kəsin payını verən, talan İsmayıldı bu.
Ömrünün 60 ilində yenə bahardı, yazdı,
Uymaz özgə kimsələrə, həmdəmi telli sazdı.
Çobanoğlu heç bilmədi, nə danışdı, nə yazdı,
Varlığıyla yaddaşlarda qalan İsmayıldı bu.
Türkiyə, Konya şəhəri,
1990-cı il
Dostları ilə paylaş: |