Nizami Cəfərov
12
Azərbaycan nəsri
Azərbaycan nəsr təfəkkürü və ya nəsr yaradıcılığı mədə-
niyyəti ilkin mənbəyini qədim tarixə malik türk-Azərbaycan
epos ənənələrindən alsa da, orta əsrlərdə Şərq-müsəlman təh-
kiyə-nəql texnologiyaları ilə xeyli zənginləşmiş, yeni dövrdən
isə Qərb prozasının güclü təsiri əsasında formalaşmışdır. Azər-
baycan nəsrinin təşəkkül tarixini, ümumiyyətlə, aşağıdakı qay-
naqlar müəyyən edir: yazıya alınmış dastanlar («Kitabi-Dədə
Qorqud», «Aşıq Qərib», «Koroğlu», «Şəhriyar»…), bu və ya
digər dərəcədə sərbəst tərcümələr (Nişatinin «Sühədanamə»si,
Füzulinin «Hədiqətüs-süəda»sı, «Kəlilə və Dimnə»…), ilk nəsr
təcrübələri (Füzulinin «Şikayətnamə»si, «Düzdü qazi»…), tarix
kitabları (məsələn, «Qarabağnamə»lər) və s. Bütün bunları «tari-
xəqədərki» ədəbi məhsullar hesab etsək, professional Azərbay-
can nəsrinin tarixi XIX əsrdən başlayır ki, onun da ilk nümu-
nələri, bir növ, eksperimental xarakter daşıyır… Ismayıl bəy
Qutqaşınlının fransızca yazdığı, lakin mövzusu tamamilə milli
olan «Rəşid bəy və Səadət xanım», Mirzə Fətəlinin «Aldanmış
kəvakib» hekayələri buna misaldır… Həmin əsərləri yalnız
hekayə deyil, povest, hətta roman adlandıranlar da vardır ki, bu
da haqqında söhbət gedən eksperimentallığın nəticəsidir. Müba-
hisəli olmayan məqam isə odur ki, yeni tipli ilk nəsr yaradıcıları
Şərq nəsr təfəkkürünü Qərb model-standartlarında təqdim etmə-
yin uğurlu əsasını qoymuş olurlar.
XIX əsrin sonu XX əsrin əvvəlləri Azərbaycan nəsrinin
tarixində ilk böyük yüksəliş dövrü sayıla bilər. Bu illərdə kifayət
qədər böyük sənətkarlıqla (və müxtəlif janrlarda) nəsr əsərləri
qələmə alınsa da, dövrün ən populyar janrı hekayədir. Əlbəttə,
istər hekayənin bir janr olaraq milli yaradıcılıq təcrübəsində ti-
pologiyasının qərarlaşması, istərsə də janr müxtəlifliyinin bu və
ya digər diferensiallıqda təzahürü Azərbaycan nəsrinin inkişaf
etməsi, ciddi uğuru idi. Mirzə Cəlilin, Əbdürrəhim bəy Haqver-
Ədəbiyyat söhbətləri
13
diyevin, Məmməd Səid Ordubadinin, Süleyman Sani Axundo-
vun, Abdulla Şaiqin, Seyid Hüseynin, Yusif Vəzir Çəmənzəmin-
linin, Tağı Şahbazinin, Cəfər Cabbarlının hekayələri Azərbaycan
nəsrinin möhkəm əsaslarını yaratmaqla yanaşı, perspektivlərini
də müəyyənləşdirmiş oldu ki, buraya cəmiyyətin mənəvi-əxlaqi
tərbiyəsi, maarifçiliyə, ictimai-siyasi fəallığa, yeniliyə çağırış,
köhnəliyin tənqidi kimi ideya-məzmun motivləri, eləcə də
yığcam süjet-kompozisiya, koloritli (və olduqca xəlqi-kütləvi)
dil-üslub daxil idi. Və təsadüfi deyildi ki, böyük hekayə ustası
Mir Cəlal «biz hamımız Mirzə Cəlilin «Poçt qutusu»ndan çıxmı-
şıq» deməklə XX əsrin əvvəllərində qazanılmış nəsr yaradıcılığı
təcrübəsinin sonrakı dövrün nəsr prosesinə həlledici təsirini
etiraf eləmişdi.
Müşahidələr göstərir ki, yeni formalaşmasına baxmayaraq,
nəsr XX əsrin əvvəllərində, demək olar ki, şeir qədər böyük ic-
timai təsir gücünə malik idi. Və bu, bir də ondan irəli gəlirdi ki,
poeziyanın ənənəvi romantik-məcazi üslubu müqabilində gənc
nəsr özünün realist, həyati, hər kəsin anlayacağı təhkiyəsini
təqdim edirdi.
XX əsrin 20-ci, 30-cu illərində hekayə janrı öz populyar-
lığını davam etdirir, lakin tədricən yazıçının (nasirin) qüdrəti
daha çox ictimai həyatın genişmiqyaslı, çoxpanoramlı təsvirini
verən, ədəbiyyata fundamental xarakterlər gətirən romanlarla
ölçülməyə başlayır… Süleyman Rəhimov, Əli Vəliyev, Əbülhə-
sən, Mir Cəlal, Mehdi Hüseyn, Mirzə Ibrahimov, Ənvər Məm-
mədxanlı, Ilyas Əfəndiyev, Qılman Ilkin (Musayev)… dövrün
bu tələbinə cavab verməyə çalışırlar… Eyni zamanda yaradıcılıq
üslubu XX əsrin əvvəllərində formalaşmış yazıçılar, demək olar
ki, hamısı 20-ci, 30-cu illərdə də yazıb yaradırlar. Və onların
mövcudluğu, bir tərəfdən, nəsrdə sələf-xələf münasibətlərinin
canlılığını təmin edirsə, digər tərəfdən, «köhnə nəsr»lə «yeni
nəsr» arasında müəyyən rəqabət yaratmaqla yeni axtarışlara
sövq edir.
Nizami Cəfərov
14
20-ci, 30-cu, eləcə də 40-cı, 50-ci illər Azərbaycan nəsrini
səciyyələndirən əsas ideya-estetik əlamət sosializm realizminin
prinsiplərinə riayət etmək – sosialist inqilabının Azərbaycan xal-
qına gətirdiyi «ictimai səadəti»in təsviri olsa da, bir sıra istedadlı
qələm sahibləri tez-tez həmin prinsiplər hüdudundan kənara
çıxaraq eyni zamanda milli gerçəkliyin obyektiv təmsilçisi olan
koloritli insan obrazları yaradır, xalqın həm uzaq, həm də yaxın
keçmişini yadda qalan (və milli hissləri oyadan, milli şüur tərbi-
yə edən) səhnələrlə ədəbiyyata gətirirlər. Xüsusilə M.S.Orduba-
dinin fundamental tarixi romanları, S.Rəhimovla Ə.Vəliyevin
təbii insan xarakterləri, M.Cəlalın yığcam satirik təhkiyəsi,
M.Ibrahimovla M.Hüseynin milli intellektuallığı, Ə.Məmməd-
xanlı ilə I.Əfəndiyevin təsirli lirizmi… Bu dövr nəsrinin mühüm
yaradıcılıq göstəriciləri idi. Lakin «roman xatirinə roman yaz-
maq» kimi geniş yayılmış bir antiədəbiyyat stixiyası da mövcud
idi. Və sosialist inqilabının «müzəffər yürüşü»nü təsvir etmək
məramı (əslində, konyukturu!) ilə, demək olar ki, heç bir bədii
dəyəri olmayan sicilləmələr nəinki kəmistedad, hətta kifayət
qədər istedadlı, dünyagörüşlü yazıçıların qələmindən də çıxırdı
ki, bu, ilk növbədə, sosializm realizmi prinsiplərinin sənətə zorla
yeridilməsinin doğurduğu fəsad idi. Ideoloji təzyiq o həddə ça-
tırdı ki, yazıçı özü necə düşünürsə o cür yox, rejim necə istəyirsə
o cür qələm işlətməyə məcbur idi. Sovet ədəbiyyatının «gene-
ral»larından biri həmin vəziyyəti özünə (əslində, dövrə) məxsus
bir ustalıqla belə ifadə etmişdi: «Xarici rəqiblərimiz irad tuturlar
ki, biz partiyanın diqtəsi ilə yazırıq… Ancaq elə deyil, biz ürə-
yimizin diqtəsi ilə yazırıq, ürəyimiz isə partiyaya mənsubdur».
XX əsrin ortalarından etibarən Azərbaycan nəsrinə yeni
yaradıcı nəslin axını başlayır… Ismayıl Şıxlı, Əzizə Cəfərzadə,
Hüseyn Abbaszadə, Gülhüseyn Hüseynoğlu, Vidadi Babanlı, Isa
Hüseynov (sonralar Muğanna), Sabir Əhmədli, Isi Məlikzadə,
Yusif Səmədoğlu, Fərman Kərimzadə, Sabir Azəri, Anar, Elçin,
Mövlud Süleymanlı, Seyran Səxavət, Məmməd Oruc… Və hə-
min nəsil 80-ci illərə qədər yaşlı nəsillə ya gizli, ya da aşkar
Dostları ilə paylaş: |