Məryəm Zarei Əqdəm
372
bilər. Lakin öz varlığının başlanğıc və sonunu bilməyən və həyatın ali məqsədini
anlamayan insan eqoizmə yuvarlanar. O hər an yanlışlığa qapılaraq həyatın
məsuliyyətli problemlərini dərk və həll etməyə qadir olmaz. Aydındır ki, insan üçün
həm davamlı və sabit, həm də ikinci dərəcəli dəyişkən ehtiyaclar vardır. Sabit və
davamlı tələbat fizioloji, mənəvi və ruhi cəhətləri əhatə edirsə, dəyişkən tələbat onun
yararlandığı vasitə və metodları özündə birləşdirir. Bütün ehtiyaclar insan varlığının
zəruri vasitələri sayılır və bəşər öz istedadı sayəsində həm həyati ehtiyaclarını təmin
edir və həm də mənəvi kamilliyə yetmək üçün zəmin hazırlayır.
İnsan ətrafında bəhs olunan mövzulardan biri onun fitrəti və təbiəti ilə bağlıdır.
Bir çox mütəfəkkirlər, xüsusilə filosof və sosioloqlar bu barədə müxtəlif fikirlər
söyləmişlər, hətta bəziləri insan fitrətini sirli və mübhəm bir məfhum kimi
dəyərləndirmişlər. Buna görə bir sıra hallarda insanın substansiya və təbiətinin
öyrənilməsini mümkünsüz sayanlar da olmuşlar. Məsələn, Paskalın fikrincə, bəşərin
öyrənilməsinin ümumi yolları onun barəsində düzgün bir şey ortaya qoya
bilməmişdir. İnsanın mahiyyətinin açıqlanmasında xüsusi mövqe tutan bir sıra dini
baxışlar da məsələyə tam aydınlıq gətirməmişdir (3.34-35). Zənnimizcə Paskal
xristianlıqda insan barədə mülahizələrin nəticəsi olaraq belə bir bədbinliyə
qapılmışdır. Ancaq bütün hallarda insan təbiətinin dərkinin çətinliyini etiraf etmək
lazım gəlir. İnsan təbiətini mübhəm bilən bəzi fikir sahibləri onun üçün özünəməxsus
substansiya və təbiətin olduğunu inkar etmişlər. Məsələn, M.P.Sartr V.Hegel və
R.Palmer bu qəbildəndir (4.s.138).
İnsan fitrəti barədə Qərbdə yayılan mübhəm baxışlar o qədər təsirli olmuşdur ki,
öz fikirlərini fəlsəfə, sosiologiya və alman ədəbiyyatı üzərində sistemləşdirən F.
Nitsenin bu mövzu üzrə təzadlı mülahizəsi Avropada düşüncə böhranı ilə
nəticələnmişdi. İndi Qərb mütəfəkkirlərinin bir qismi belə düşünür ki, nasizm və
faşizm Nitsenin ideyalarından qaynaqlanmışdır. Belə bir ittiham heç də təsadüfi
deyildir (5.s.409).
Maraqlı haldır ki, keçmişdə insan amilinə bir o qədər problemli məsələ kimi
baxmırdılar, indi bu amil ciddi bir məsələ kimi diqqət mərkəzində dayanır. Çünki
insan substansiyası hələ də düşüncə sahibləri üçün pərdə arxasında olan sirli bir aləm
olaraq qalır (6.s.46-47).
İslam düşüncəsinə görə hər şeydən öncə insan üçün müştərək təbiətin – natura
və ya substansiyanın nədən ibarət olduğunu anlamaq gərəkdir. Bu məfhum müxtəlif
mənalarda işlənir və təbiət sözünü adətən fizioloji tələbat kimi izah edirlər. Bəzi
hallarda müştərək təbiət dedikdə insanların ilkin icma halında birgə yaşayış zamanı
malik olduqları hisslər və stimullar nəzərdə tutulur. Ancaq insanlarda fərqli təbiətin
İslamda insan və onun əsas missiyası
373
olması onların böyüdüyü mədəniyyətlərin müxtəlifliyi ilə izah olunur. Bəziləri
məsələni izah edərkən insanların qrup halında yaşadıqları zaman onların malik
olduqları ictimai mühit, ailə və icma mühitini nəzərdə tuturlar. Bütün bu kimi
baxışlarda diqqətdən kənarda qalan mühüm bir məqam vardır ki, o da insana xas ali
bir fitrətin olmasıdır. Həmin insani fitrət maddi və fiziki ehtiyaclardan üstün bir
fəzilət olmaqla insanla canlılar arasında olan müştərək xüsusiyyətlərdən fərqli bir
haldır. Bəllidir ki, öz həyatını davam etdirmək, doğub törəmək heyvanlarda müştərək
xüsusiyyətdir. Ancaq insana xas müştərək təbiətdən bəhs edərkən burada canlılardan
yüksəkdə dayanan istedad və qabiliyyət nəzərdə tutulur. Həmin yüksək təbiət insanda
olan dərrakə və başqa fəzilətlərdə əks olunur. Heyvanlar belə üstünlüklərə və
istedadlara malik deyildir. Deməli, insanı fərqləndirən, ona başqa varlıqlardan üstün
olmağa imtiyaz verən dəyərlər onun başqa insanlarla müştərək təbiəti sayıla bilər.
İnsana xas müştərək təbiətin xüsusiyyətlərini belə ümumiləşdirmək olar:
1. Birinci xüsusiyyət ondan ibarətdir ki, insan öz fitrətinə görə heyvandan yük-
səkdə dayanan bir məxluqdur. Onda olan bacarıq, meyl və istedad başqa canlılarda
yoxdur. İnsanda düşümnə, ayırd etmə, nəticə çıxarma qabiliyyəti bu qəbildəndir.
2. İkinci xüsusiyyət ondan ibarətdir ki, insana xas fitri təbiət sonradan qazanılan
deyil, təlim-tərbiyə, ictimai amillər və mühitlə bağlı deyil, həmin qabiliyyət potensial
olaraq zəif və ya güclü şəkildə bütün fərdlərdə vardır.
3. Üçüncü xüsusiyyət ondan ibarətdir ki, müştərək təbiətə xas ünsürlər silinib
getmir və həmişə öz əsilliyini saxlayır. Buraya elm, həqiqət axtarışı, fəzilət və kamal
istəyi, gözəllik və əbədilik meyli, pərəstiş və s. daxildir.
Müştərək təbiəti şərtləndirən dəlillər nədən ibarətdir və onları necə ümumiləş-
dirmək olar? Bu yöndə aşağıdakı əsas məqamlara işarə edə bilərik:
A. İnsanlarda xüsusi dərketmə sistemi vardır və onun köməyi ilə əvvəlki
məlumatlar yeni məlumatlarla müqayisə edilir, ümumi nəticələr çıxarılır. Məntiqi
mühakimələr bu qəbildəndir: əks tərəflərin bir araya gəlməsi mümkünsüzdür, bir
şeyi cövhərindən ayırmaq mümkünsüzdür.
İnsanda əxlaq və başqa dəyərlər baxımından müəyyən səciyyələr formalaşır. Ta-
rix boyu qazanılan təcrübə və müşahidələr əsasında insanlar arasında müəyyən əxlaqi
davranış normaları formalaşır. Buraya əsasən xoş xasiyyət, sədaqət, ədalət, zülmə və
xəyanətə qarşı barışmazlıq kimi keyfiyyətlər daxildir. Bu tip əxlaqi dəyərlər bəşərin
nəzəri və əməli səyləri nəticəsində formalaşır. Fitri ağıl nəzəri məsələləri dərk edir,
praktiki ağıl isə hadisə və şeylərdə olan fəzilət və qəbahəti ayırd edir. İnsanlar təbii
olaraq hadisə və proseslər barədə mühakimə yürüdür və nəticə çıxarırlar.