Microsoft Word Hazir secilmis eserleri mir celal doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/121
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48965
1   ...   7   8   9   10   11   12   13   14   ...   121

34 
 
 Xankişi ürək verib dedi: 
- Nə qədər kefinizdi yeyin, qorxmayın, xörək tapılar! 
Məni fıkir götürmüşdü. Marçıltıya, işıldayan dodaqlara, ağ boş-qablara 
uzanan qara biləklərə baxdıqca, yanımda oturan bibimə işarə edirdim: 
- Ay bibi, toyun nəzakət qaydaları, deyəsən, bir balaca... Onun ağzı dolu 
olduğundan dillənmir, yalnız qaşlarını çatıb: 
- Yox, - deyirdi. 
Çay stəkanları paylandı. Xankişi bir-bir stəkanları  şərabla doldurdu. 
Yuxarı başdan kassirşa ehmallıca baş qaldırdı. 
- Yoldaşlar, - dedi, - xahiş eləyirəm ki, biz xoşbəxt olmuşuq. Bəy 
yoldaş, yəni Bəhlul, bizim 21 nömrənin işçilərindən olmağına görə bu 
bakalı içək, yoldaş, necə ki, mən xahiş eləyirdim, içilsin!.. 
Xankişi qışqırdı: 
- Əl saxla! 
Hamı qapı  tərəfə baxdı. Naşı  bəzənmiş, yaşlı bir qadın içəri girdi. 
Xankişi təqdim etdi: 
- Qız anası! 
O saat nidalar ucaldı: 
- Yaşasın bəyimizin qayınanası! 
- Təbiətin gizli qüvvələri mübarək eləsin! 
- Təbiət hamıya qayınana yetirsin! 
Qayınananı  bəyin yanına keçirtdilər. Bibim camaatın hörmətinə cavab 
verdi: 
- Təbiətin gizli qüvvələri sizə də qismət eləsin! Sizdən razı olsun!.. 
Stəkanlar dolur, boşalır, sağlığa içilirdi. Eşitməli sözlər danışılırdı  Bəy 
danışanda hamı diqqətlə dinlədi. O deyirdi: 
- Deməsinlər ki, Bəhluldur. Onverset qurtarsam da... elə bir şeyəm. O 
daxıl ki, var ha... Buradakıların çoxu həmkarımızdır, başa düşər. O daxıl elə 
şeydir ki, onverset ondan baş açmaz. Elə onverseti də oradan götürüblər. 
Görmürsünüz student gəlir, bizə baxıb öyrənir? 
Mən deyirəm, o daxılın sağlığına içək ki, (bəy  əlindəki stəkanı 
lampoçkaya qədər qaldırdı) bunu bizə yetirən odur. Bunsuz dünya bərqərar 
olmaz. Jiznimdə
 
belə ləzzətli şey görməmişəm. İçək bunu daxılın sağlığına! 


35 
 
 Stəkanlar döyüşdü, şaqhaşaq göyə çıxdı. Bəyin stəkanı qayınananın boş 
stəkanına dəyəndə, bəy boynunu əyib, geri çəkildi: Bu olmadı! Xankişi! Bu 
arvada nəsihət ver! Kim isə dilləndi: 
- Ədə, dalaşarsız! 
Xankişi qayınananın stəkanını doldurdu: 
- Kim içməsə, yaxasına tökəcəyik. 
- Təklif var: öpüşsünlər... 
- Ədə, gəlin ilə öpüşərlər, o ki burada yoxdur. 
- Yox, öpüşsünlər... 
Xankişi qayınananı qucağına götürüb, Bəhlula tərəf qaldırdı. Bəhlul bir 
öpüş götürüb, şərabı başına çəkdi. Qadın qızarıb, yerində oturdu, qızın 
dayısı acıq eləyib getdi. Bəhlul bunu eşidən kimi hirsləndi: 
- Kim məni istəmir, gedə bilər! 
Başlar xörəyə  tərəf endi. Qaşıqlar  şaqqıldadı. Birdən Xankişinin səsi 
gəldi: 
- Kim oğurladı?  
-Nəyi? 
- Kim götürdü? 
- Nədir itən? 
- Mənim qaramı sən yemisən? 
Stəkan Xankişinin kəlləsində çilik-çilik oldu. Şərab şüşəsi bufetə dəydi. 
Şüşələr töküldü. Mürəbbə bankasının böyrü deşildi. Mürəbbə axdı, töküldü. 
Qayınana təşvişə düşdü: 
- Batdı, batdı! - deyə yeznəsinin ətəyini çəkdi. 
Dava qızışdı. Məclis parçalandı, cəbhələr ayrıldı. Bibim özünü aralığa 
atdı. Qışqırırdı. Mən qulağına pıçıldadım: 
- Deyəsən, nəzakət qaydalarını, bir balaca... 
Aralıq bir az sakitləşmişdi ki, mən şalı boynumdan açdım. Batinkaları, 
toqqanı atdım. Öz tələbə paltarımı geyinib, çıxmaq istədim. Bibimin ovqatı 
təlx olsa da, soruşdum: 
- Bağışla, bir dəfə  əsnədiyim üçün üzr istəyirəm. Təzə toyun nəzakət 
qaydalarını pozdum... 
Bibim məni bərk-bərk tutub buraxmadı. Hamı dağıldı. Biz o biri otağa 
keçdik. 


36 
 
Bibim pəncərələrdən qoltuqlayıb aralığa  şey tökürdü: konfet qutuları, 
tort, marmelad... 
Mən elə bildim ki, bunları öz aramızda yeməyə saxlamışlar. Bir konfet 
götürmək istədim. Bibim biləyimdən tutub çəkdi. Corab, şal, kağız, gül 
dəstəsi, gümüş qaşıqlar, duxi, pudraqabı, krepdeşin, qənd-qabı, bəzək 
qutusu, dəsmal, yaxalıq, düymə... Bir sözlə, elə bil 22 nömrəli mağaza 
açıldı. 
Mən gözləyirdim. Bibim səliqə ilə şeylərin qulağından tutub deyirdi: 
- Bu şalı  Məmmədin arvadı  gətirib. Altı  dənə qaşıq, isbatlı  şeydir, 
Minaxanım alıb. Bəzək qutusu, əcəbdir! Kişinin adına layiq, Məşədi Rəhimi 
deyirəm ey! 
Bibim sovqatı  əlində saxlayır, bəyin fıkrini bildikdən sonra kənara 
qoyurdu. Bəy əvvəl mülayim görünür və deyirdi: 
- Xub... Pis deyil... - Sonra: - Zarafat deyil! Ərinə çörək ağacı 
düzəltmişəm, hələ o çoxdur? Öt! 
Bibim bir kağız gül göstərdi: 
- Bu da, - dedi, - dostun Əyyubgildəndir.  
Bəy mızıldandı: 
- Elə dostu qəbirə qoyum! Heç utanmır da!  
Bibim bir cüt corabı göstərdi: 
- Bunu Həmzət gətirib.  
-Kim? 
- Mirsaadın arvadı, Həmzət! 
- Çox qələt eləyib, gətirib! Sən də çox qələt eləyib almısan! Məni 
ələ salıb, ya özünü? Qızı küçükləyəndə mən onu adam bilib, subaylığım ilə 
qırx manat xərcə düşdüm.  İndi mənim  əziz günümdə kimə doqquzluq 
qoyur? Dur apar, at üstünə, gəl! Hələ o qədər ac qalmamışıq.  İt uşağı! 
Corab! Özü də nə corab! 
Mən bunları görəndə bildim ki, qardaşlığım məni niyə danışdırmır. 
Toyun nəzakət qaydasını hamıdan bərk pozan mən idim ki, heç nə 
gətirməmişdim. Döyülməyimdən qorxdum. Həyətə  çıxmaq bəhanəsi ilə 
gecə vaxtı birbaş Ermənikəndə, yataqxanaya götürüldüm. Odur-budur, belə 
yerlərə getmirəm. Bir də mən təzə toya gedim! Ay tövbə! 
1934 
  


37 
 
BOSTAN OĞRUSU 

Gecənin bir aləmində Durmuş kişi yerindən qalxıb, ətrafa göz gəzdirdi. 
Axşamkı qaranlıq, ayaqlanan palçıq kimi bərkimiş, qatılaşmışdı. Göz gözü 
görmürdü. Qardaşı  Kərbəlayı Tapdığın üzüm bağı bir ləkə kimi güclə 
seçilirdi. Hava bürkü idi. Hər şey əriyirmiş kimi, göy yerə qarışmışdı. 
-  İş yiyəsi işdə  gərək! - deyən Durmuş kişi çoxdan bəri suvarıl-
madığından qurumuş  və torpağı çatlamış  ləklərin arası ilə gedirdi. Quru 
otlara, yemiş tağlarının süfrə kimi enli yarpaqlarına dəyib, səs salmamaq 
üçün  şalvarını dizinə  qədər çırmadı, papağını qoltuğuna vurub, sinə-sinə 
yeridi. Sonra özünə ürək vərməyə başladı: "Heç qorxmaq istəməz! Yatıbsa, 
işim işdir. Oyaq olsa, deyərəm: "Söhbətə gəlmişəm. Tutdu hənək, tutmadı 
dəyənək!" 
Kərbəlayı Tapdığın dəyəsinə yaxınlaşanda qulağına səs gəldi. Deyəsən, 
haradansa: "Ey-hey-hey, ey!" çağırırdılar. Qızılgül kollarının dibinə çöküb, 
qulaqlarını  şəklədi. Bir şey xışıldayırdı. Durmuşun fıkrinə  gəldi ki, "kişi 
pusquda dayanmış olar, məni oğru bilib, doldurar qırmanı qarnıma". Bu 
fikir çəkic kimi onun başına dəydi, bədənini odlandırdı. Kişi diksindi. 
Ayağa qalxıb, qardaşını səsləmək istədi. Bir dəqiqə də gözlədi. Xışıldayan 
şeyin kərtənkələ olduğuna inandı. 
Heyvan, Durmuşun vedrəyə oxşayan gövdəsini görüb hürkmüş, rahatsız 
olmuşdu. 
Durmuş  dəyənin yanında barmaqları üstə yeriyib, xəyal kimi səssizcə 
Kərbəlayı Tapdığın yatağına yanaşdı. Kişi  şirincə yuxuda xoruldayırdı. 
Əyilib, Tapdığın üzünə diqqətlə baxdı. İnandı ki, "yeddi gün, yeddi gecə!" 
div yuxusuna gedib. Kərbəlayının plov yeməkdən böyüyən ağzı elə geniş 
açılmışdı ki, oraya dolan yuxunu yeddi gün, yeddi gecədə ancaq həzm edə 
bilərdi. 
Durmuş özünü tənəklərin arasına verdi... 
Kərbəlayı Tapdığın bağında bir lək yaylıq üzüm var idi. Bu xırda, 
yumrugilə, ağ,  şirin, sıxsalxım üzümdür. Tez yetişdiyinə görə novar olur, 
çox sevilir, az tapılır, baha satılır. Neçə ildir ki, Kərbəlayı Tapdıq altı 
tənəkdən altı salxım üzüm dərə bilmirdi. Üzümləri gülünü tökər-tökməz ala-
qora vaxtında yoluşdurub aparırdılar. Kərbəlayı xəbər tutanadək bir salxım 
da qalmırdı. Arvad onu çox danlayırdı. Axırda özü də hirsləndi. 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə