Microsoft Word Hazir secilmis eserleri mir celal doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/121
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48965
1   2   3   4   5   6   7   8   9   10   ...   121

22 
 
Bu söhbətlərlə biz vağzal yanında yeni tikilmiş evlərə çatmışdıq. Səadət 
xanım burada güllər, sarmaşıqlarla örtülüb, üfuqləri açıq bir həyətdə 
yaşayırdı. Qapıda dayandım, axşama az qalırdı. Günəş batırdı, batmasından 
da acıqlanmış kimi qızarmışdı. Buna baxan kim idi; dağlardan, meşələrdən 
uzanıb gələn böyük, qara kölgələr üst-üstə mindikcə qatılaşır, qaralır, 
günəşin bozarmış ətəklərini qamçılayırdı. Günəş çəkilib, yuvasına getdi. 
Mən  əl verib Səadət xanımla vidalaşmaq istərkən, o bir az duruxdu, 
əlimi buraxmadı. Pambıq kimi yumşaq, ağ əllərinin hərarəti ürəyimə qədər 
işlədi. 
Qatar gəldi. Mən öz kupemə getdim. Səadət xanımdan ayrıldım. O, 
bufetin qabağında dayanıb, qırmızı haşiyəli əl yaylığını oynadırdı... 
İki gün sonra Səadət xanımdan məktub aldım. Zərif kağız, göy astarlı 
zərf, bənövşəyi mürəkkəb. Bunların hamısı, nədənsə, nəcib, təmiz, saf bir 
qəlbin nişanəsi kimi mənə çox xoş  gəldi. Stansiyadakı görüşü xatırladım. 
Məktubunda, nigaran qaldığını yazırdı "Tənəzzül buyuraramsa", ona 
"təskini-qəlb" üçün balaca bir cavab yazmağı xahiş edirdi. 
Onun xahişinə əməl etdim. Bir açıq məktub göndərdim. 
 

 
Yazın yuxusu nə  qədər  şirinsə, oyaqlığı da o qədər ləzzətlidir. Oyaq 
olasan! Səhərin açılmasına, dənizin içindən qalxan günəşə, üfüqün gül 
rənginə, may paltarı geymiş meyvə  ağaclarının yaylıq oynatmasına, 
səslərində yerə gümüş pul səpən quşlara, daşları yalayaraq axan duru sulara, 
arılara, o şüursuz "memarlara" baxdıqca,  ən tez duran adamlardan salam 
aldıqca ömür artmırmı? 
Heyif ki, zəng tez çalınır. Dan üzü qalxıb anasına kömək etdikdən sonra 
çantasını qoltuğuna vuran, yuxuya qalıb, yaxmac gəvələyə-gəvələyə, yaxası 
açıq məktəbə  tələsən uşaqlar sinfə doluşurlar, skamyaların arasına 
səpələnib, məsum və gülər üzlə  məni gözləyirlər. Mən tez bağçadan 
qayıdıram, təəssüflə qayıdıram. 
  


23 
 
Bu təəssüf sinfə girənə  qədər davam edir. Bura, bu sinif bağdan, 
bağçadan əskikmidir? 
Budur, bu bağçanın baharı  gəlir! Buranın kiçik günəşləri var! Bütün 
təbiət - günəş, hava, yerlər, sular, şəhərin bir başından o başına qədər 
düzülmüş idarələr, hamı, mən də onların içində bu günəşləri bəsləyir
böyüdürük. Bu bağın quşları səsləndimi, o biri quşlar nə lazım? Onların saf, 
bakir, həyat və gələcək dolu şən səsi dillərin ən böyük mahnısı, şeirlərin ən 
gözəl şeri, dünyanın ən dadlı musiqisidir. Ah, mən də uşaq olsaydım!.. 
Dərs başlanır. 
Sabirin yaradıcılığı! 
Mən bu böyük insanı uşaqlara tanıtmalıyam. 
- Necə başlayım? 
- Çətindir. 
Mən hər birini bir Sabir, bir Puşkin, bir Axundov görmək istədiyim 
uşaqların qarşısında acizliyimi etirafa məcbur oluram. Əllərimi ovuşdurub, 
sinifdə gəzişirəm. Nə çıxır çıxsın, başlamalıyam. 
- Tahirzadə Ələkbər Sabir... Xidmətçi qadın qapını açıb, mənə baxır: 
- Bağışlayın, darvazada sizi gözləyirlər. 
- Deyin dərsdədir! 
- Tələsirəm, deyir, bir dəqiqəliyə... 
Mən kitabı yerə qoyub, çıxdım. Darvazada bir qırmızı paltar qadın 
dururdu. Əvvəl tanımadım. Yaxınlaşdıqca onun boyu, baxışı və duruşunda 
keçirdiyim günlərdən bir cizgi seçməyə çalışdım, tanıdım: Səadət xanımdı. 
-Sə... 
İstədim salam verib, görüşəm. O, üzümə elə tünd baxdı ki, sözüm 
ağzımda qaldı. Ancaq vəsfə  gəlməz yaxşılıqları, ömrü uzunu dostluq və 
məhəbbəti yerə vurub, ən böyük cinayətə qoşulan xainə belə baxarlar. Sanki 
gözümə istiot tökdülər. 
- Çox ayıb olsun! 
O bu sözü elə bərk və etimadla dedi ki, elə bil, müqəssir bir adama xitab 
edirdi. Mənə bir kağız uzatdı. 
- Bunu sizmi yazmışsınız? 
- Kağızı çevirib baxdım, mən yazdığım açıq məktub idi. 
- Bəli, mən yazmışam. 


24 
 
 - Sən çox qələt eləmisən, başını da... Yoxsa, sənə xəyal, xalq çöldəmi 
qalıb?.. Xəyalın kimə gedib? Mənə Səadət xanım deyərlər!  
Sən nə cürətlə mənə bunu yazırsan? 
Danışdıqca səsini ucaldır, sifətini turşudur, mənə yaxınlaşırdı. Qurudum 
qaldım. Məktubda nə yazdığımı xatirimə gətirə bilmədim. 
Uşaqlar açıq pəncərələrdən  əyilib baxırdılar. Xidmətçi də astanada 
saymazyana fıkir verirdi. Müdir arvadın qırmızı paltarını görüb, pəncərəsini 
çoxdan açmışdı. Qarnı üstə pəncərəyə yıxılıb baxırdı. 
Səadət xanım təhlil edib dururdu: 
- Mən ciddi danışmaq istəyirəm. Yoxsa üzüaçıq görmüsən? And olsun 
vicdana, sənə bir toy tutduraram, külün göyə sovrular, buyur, düş qabağıma, 
gedək məhkəməyə, görək sən nə haqq ilə bunu mənə yazırsan! 
Qorxudan boğazım qurudu. Məhkəmənin açıq iclası, müttəhim 
skamyası, camaat, yazı, müşavirə otağı, komendant, hökm... Ömrümdə 
təsəvvürümə gətirə bilmədiyim bir vəziyyət, bir dəhşət xəyalımda böyüdü. 
Mən, sabah hər biri bir günəş kimi həyatı işıqlandıracaq uşaqların hörmətinə 
nail olmaq istərkən, təmiz və abırlı böyümək istərkən nə iş idi başıma gəldi? 
Bu lənət damğasını alnıma kim basdı? Səadət xanımın qumaş libası müdirin 
gözünü qamaşdırdı, enib gəldi. Həyətdə baxınır, sağa-sola keçib mənə 
eşitdirirdi: 
- Zəng çalınıb ha, sonra... 
Özümü itirmişdim. Nə edəcəyimi bilmirdim. Müdirin sözünü bəhanə 
etdim: 
- Bağışlayın, xanım, dərsimi qurtarım, sonra danışaq. 
Səadət xanım darvazanın səkisində çömbəlib gözləyirdi. Sinfə qayıtdım. 
Dərsimi dedim, oyunmu çıxardım, yoxsa hönkür-hönkür ağladım? Bəlli 
deyil! Onu bilirəm ki, bütün bədənim  əsirdi. Ancaq bəbəklərim oğurluq 
üstündə döyülmüş pişik gözü kimi işıldayırdı. 
Mənə elə gəldi ki, zəng bir ildən sonra çalındı. Uşaqlar qımıldanmadan 
üzümə baxırdılar. Mən çıxdım. 
Səadət xanım yola düzəldi. 
- Siz ilə seryoznu danışınaq istəyirəm. Adınızı da qoymusunuz 
müəllim... Beləmi tərbiyə... 
Mən məktubu alıb, diqqətlə, adresinəcən hər kəlməsini yoxlayaraq 
oxudum. Heç bir nəzakətsiz söz tapa bilmədim: 
- Bağışlayın,  əgər məndən bihörmət iş baş vermişsə, üzr istəyirəm, 
mən... 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə