Microsoft Word Qebele-Son variant



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə42/43
tarix24.06.2018
ölçüsü0,61 Mb.
#50972
1   ...   35   36   37   38   39   40   41   42   43

Anam kəndindən, evindən – eşiyindən heç ayrılmır. Arada əli dolu şəhərə gələr və tez 
də ocağına dönər. Öz gəlişiylə hərəmizə özü ağırlığında sevinc gətirsə də kənd həyatı ona 
elə doğmadır ki, yurduna qayıdışından biz də məmnun oluruq. Çünki o oralarda rahat olur, 
balaca daxmasının yanında ucalan böyük evdə belə dinclik tapmır, gününün yarısını 
komasında olur, bu balaca məkanını ötən günlərin əziz xatirəsi sandığından sökülməsini 
belə düşünmək istəmir. Daxma isə öz ömrünü başa vurmağında, dağılmaq ərəfəsində olsa 
da sahibinin mühafizəsində hifz olunur, “sarı sincan” torpağı ilə divarları  şirələnir, 
döşəməsi silinir... 
Qəbələni gəzmək həvəsi şəhərdə yaşayanların arzusudur, desəm yəqin ki, yanılmaram. 
Çünki Bakının səsli-küylü həyatından bezib, ilin müəyyən vaxtında təbiətin qoynunda 
dincəlməyə hər bir vətəndaşın haqqı var. Əsas odur ki, o yerləri tanıtmaq üçün bələdçilik 
edən olsun.  
Paytaxtdakı qapı qonşumuz  əslən bakılı olan Həsənağa dayı da Qəbələnin sorağını 
eşitdiyindən bir yay günü bizimlə  bərabər kəndimizə qonaq getdi. Ov həvəskarı 
olduğundan özüylə nə lazımdırsa götürüb, oralardan ov ovlamaq, balıq tutmaq sevdasına 
düşən bakılı qonağımız kənddəki mənzərədən lap cuşa gəldi. Həyətin başdan-başa gül-
çiçəkli mənzərəsi, ağaclardakı quşların nəğmələri şəhər sakininin nə qədər ürəyincə idisə, 
ovunu rahatca ovlamaq məqamı asanlaşdıqca dəliqanlının gördüklərinə güllə atmaq eşqi 
daha da gücləndi. Tüfəngi yaxınlıqdakı, dəqiq desəm kölgəsində istirahət etdiyimiz 
şabalıdın budağındakı  sərçəyə tuşladı. Ani tətikdən açılan səs hamını heyrətə saldı. 
Ayağımızın altına düşən quşcuğazın ölüsü anama yaman ağır gəldi. Bilmədi qonağa necə 
iradını söyləsin, göz yaşları içində “qapımızda oxuyan quşu niyə vurursunuz?, baxın o da 
bu sərçənin erkəyidir”, deyib qonşu budaqdakı quşu göstərdi. “Hər gün onların səsinə 
qulaq asıram”. Elə bu andaca tüfəngin növbəti qurbanı həmin sərçə oldu. Bu məqamda isə 
artıq dözə bilmədi anam. “Bu həyətdə quş ovlamağa nə var ki, hamısı  səhər-axşam dən 
saldığım toyuqlarla bərabər qidalanır, mən onlara vərdişəm. Xahiş edirəm, mənim 
bağımdakı quşlara güllə atmayın, inciməyin, icazə vermirəm”. Birdən-birə görkəmi 
ciddiləşdiyindən ovçu-qonaq səhvini anladı  və bağdan kənara, çay qırağına yollandı  və 
orada da qaratoyuq vurub geri qayıtdı. “Bu quşları niyə  qırırsız” deyib, anam bu dəfə 
acizanə halda sanki yalvarışı ilə onu qəddarlıqda qınadı. “Siz həqiqətən ov 
həvəsindəsinizsə onda meşəyə gedin, təbiəti seyr edin. Kəndin quşlarını hürkütməyin”, bu 
notadan sonra kişi həqiqətən dağı, dərəni gəzmək qərarına gəldi.  
Kəndin “mənəm” deyən ovçuları ilə  bərabər qalın meşələrə üz tutdu. Ömründə 
görmədiyi meşə gecələri isə bakılıya o qədər vahiməli gəldi ki, yanındakılara “geri 
qayıdaq, azarıq, qabağımıza ayı çıxar” və daha nələr söyləyərək ormanı tərk etməyə can 
atdı. Meşələrdəki heyvanat aləminin zənginliyindən xəbəri olduğu üçün gecənin xofundan 
ürpəndi. Beləcə, ovçu qonşumuzun ov arzusu yerinə yetmədi. Elə balıq tutmaq qisməti də 
reallaşmadı. Ovçular mağazasından aldığı iri tilova bir dənə  də olsun balıq düşmədi. 
Çünki mağazada satılan bu tilov Qəbələ çaylarına görə deyildi. Balaca uşaqların ağacdan 
düzəltdiyi qırmağa düşən farellərdən kişi yaman utandı... 
Bağımız kol-kos olduğu vaxtlarda qırqovullar yuva qurar və anamın qorxusundan heç 
kəs cürət edib bizə  məxsus yerdə onu ovlaya bilməzdilər. Günlərin birində yuvasına 


dönməyən qırqovulun yumurtalarına xələl gəlməsin deyə anam onları kürd yatan toyuğun 
altına yığdı. Vaxt-vədə tamamında cücələr çıxdı, ancaq bir az pərvazlanan kimi pırıldaşıb 
uçdular. Cücələrin qanad açması ana toyuğu çaş-baş salmışdı. Bir neçəsi də ördək balası 
olduğundan harada su görürdülərsə girirdilər içinə. Qırtıldaya-qırtıldaya qalan fərə gah 
istəyirdi ki, özünü suya salsın, gah da göyə qalxsın. Ancaq gücü boğazına çatırdı. Sözünü 
dinləməyən balaları onu tənha qoydular. “Çöl quşunu həyətdə saxlamaq üçün gərək həsir 
ağac toxuyub, qırqovulları orada böyüdəydiniz” məsləhəti də yaman gülünc görünmüşdü 
anama. “Heç bu çöl incisi də adama mehr salarmı, onun yeri azad aləmdir”... 
Bir halda ki, söhbət bu torpağın zəngin bitki örtüyündən düşdü, onda dövlət tərəfindən 
mühafizə edilən bu əraziyə aid təbiət canlılarına nəzər salaq. Qəbələ dövlət yasaqlığı 39,6 
min hektar sahəni  əhatə edir. Yasaqlığın yaradılmasında məqsəd Qəbələ rayonunun 
ərazisində olan nadir meşə landşaftının və heyvanat aləminin qorunub, saxlanmasından 
ibarətdir. Yasaqlıqda topal, üçyarpaq yonca, tonqalotu, əvəlik, yarpız, qaymaq çiçəyi, qoz, 
fındıq, vələs, palıd, yabanı  şabalıd, dəmirağacı, saqqız, fısdıq, ağcaqayın, alma, armud 
ağacları və əzgil, zoğal, itburnu, böyürtkən, yemişan, çaytikanı kimi kol bitkiləri yayılıb. 
Yasaqlıqda nəcib Qafqaz maralı, qarapaça, vaşaq, çöl pişiyi, çöl donuzu, daş dələsi, cüyür, 
yenot, canavar kimi heyvanlar, quşlardan isə kəklik, qırqovul və s. məskunlaşıb. 
Türyançay Dövlət Təbiət Qoruğunda da Qəbələ ərazisindəki nadir təbiət abidələrinin 
adı  çəkilir. 1958-ci ildə yaradılan yasaqlığın sahəsi 22488 hektar sahədə  Ağdaş, Oğuz, 
Yevlax və  Qəbələ rayonlarının  ərazisində, Türyançayın sağ  kənarını  əhatə edir. 
Azərbaycanın arid meşə sahələrindən biri, həm də ən başlıcası olan Bozdağın arid meşə 
lanşaft kompleksini qorumaq məqsədilə yaradılıb. Ərazisi qərbdən və şimal-qərbdən şərqə 
və  cənub-şərqə doğru uzanan alçaq dağ tirələrdən ibarətdir. Quru subtropik iqlim 
Türyançay qoruğunun  ərazisi üçün səciyyəvidir. Burada yay isti, qış isə mülayim isti 
keçir. Burada ağac və kol bitkilərindən  ən çox ardıc və saqqızağacı, qismən də gürcü 
palıdı, gürcü ağcaqayını, qaratikan, şərq doqquzdonu, kiçik meyvəli gilas, nar, murdarça, 
sarağan, efedra və s. inkişaf edib. Türyançay Dövlət Təbiət Qoruğunda çöl donuzu, qonur 
ayı, porsuq, dələ, tülkü, dovşan, çaqqal, vaşaq və s. məməli vəhşi və çöl heyvanları 
məskən salıb. İlanlardan gürzə daha çoxdur. Türyançayın sularında Xəzər tısbağasına tez-
tez rast gəlinir. Yerli quşlardan kəklik, göyərçin, adi qur-qur, ağbaş Asiya kərkəsi, 
leşyeyən qartal, qara kərkəs, sərçələr, qaratoyuqlar, zığ-zığ, payız bülbülü, dağ 
vələmirquşu, böyük və uzunquyruq arıquşu və s. məskunlaşıb. Qoruqda Azərbaycanın 
“Qırmızı kitabı”na  adları düşən ayıya, şahinə, berkuta, çöl qartalına təsadüf edilir...  
 Gecələr çaqqalların ulaşması, itlərin hürməsi, bir sözlə qaranlıq aləmdəki təbiətin səsi, 
insanların yer üzünün bütün canlı aləmi ilə  təması  kənd həyatı üçün reallıqdır. Bu 
gerçəkliyi mütləq saydığından, təbiətin incə saflığı ruhuna hopduğundan buraların sehri 
onu elə ovsunlayıb, gözəlliyi duymaq eşqi anama elə sirayət edib ki,  hər fəsildə donunu 
dəyişən kəndin ecazkar görkəmi onun həyat sevgisini, yaşamaq istəyini gücləndirir. Bu 
ucqar dağ  kəndinin problemləri dəf edildikcə buranın bütün sakinləri yaşayışından 
məmnun qalır, xüsusən də dağların qoynunda, gözəl mənzərəsi olan yerdə insanlar 
özlərini xoşbəxt sayırlar. 


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə