Microsoft Word Qebele-Son variant



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə41/43
tarix24.06.2018
ölçüsü0,61 Mb.
#50972
1   ...   35   36   37   38   39   40   41   42   43

Təbiəti, suyu saf olan rayon camaatı    elə mühitdə yaşayırlar ki, onların tərbiyəsi də 
ayna kimi şəffaf, mənən pak olur. Doğrudan da dünyanın mürəkkəb fəlsəfəsini öyrəndikcə 
elə bu həyat həqiqətinin  şahidi oldum ki, bütün paklıqlar, düzlüklər olduğu kimi ancaq 
kənd həyatında mümkün imiş. Balaca bir məkanda düz necə varsa elə,  əyri isə olduğu 
kimidir. Hər  şey göz qabağında olduğundan kimisə aldatmağa nə ehtiyac var, nə  də 
insanlar bir-birinə kələk  gəlmək fikrinə düşürlər. Yediyi qidalar, içdiyi su kimi, danışığı, 
sözü də təmiz olur, rayon camaatının.  
Bəlkə ona görədir ki, Nic kəndindəki “həftə bazarı”nın ömrü belə uzundur. Alış-satış 
mərkəzi olsa da burada insanlar ticarətdən başqa həm də baş verən olaylardan tez xəbər 
tuturlar.  İldırım sürətiylə yayılan xəbərlər müxtəlif olsa da maraqla dinlənilir. Toyu 
olanlar dəvətnamələrini elə orada paylayıb, xeyir məclisindən kənd əhlini hali edir, yaxud 
qəfil yas yerinin ünvanı bilməyənlərə bəlli olur. Nə isə xeyir və şər işi ilə qapılarının dolu 
olduğu Qəbələ camaatı üçün bura həm də ünsiyyət mərkəzi sayılır.  
 Bu  “həftə bazarı” bizə tarixdən  ərmağandırsa,  “Gilan Holdinq” ticarət mərkəzi 
müasir səviyyədə inşa edilmiş, yerli əhali ilə  bərabər turistlərin də alış-veriş etdiyi ən 
böyük məkanlardan biridir. Burada bazar kompleks şəkildə qurulub. Bir-birinin yanında 
silsilə şəkilində olan obyektlər həm zövqlə tikilib, həm də spesifik xüsusiyyətləri özündə 
cəmləşdirdiyindən zəngin mağazalar şəbəkəsi ilə müştərilərə xidmət göstərir.  
Qəbələyə yolu düşənlər yol kənarındakı “vedrə bazarı”ndan da xəbərdardırlar. Digər 
ticarət məkanlarından fərqi odur ki, burada tərəzi ilə mal satılmır. Rayonun təbii nemətləri 
yol kənarında sanki nümayiş etdirilir. Meyvələri vedrələrdə, bəhməzi  şüşələrdə, 
mürəbbələri balonlarda müştərilərə  təklif olunur. Bir neçə  dəqiqə  ərzində ürəyin istəyən 
hər nə varsa və o da Qəbələdə bitirsə burada onu tapmaq, dadına baxmaq mümkündür. 
Gül suyu, mürəbbələr, əllə çəkilən şərablar və dadlı meyvələr yolla ötənləri  bir anlıq da 
olsa ayaq saxlamağa vadar edir ki, Qəbələ təbiətindən soraq verən bu açıq səma altındakı 
sərgiyə tamaşa etsinlər... 
 
 
ŞƏHƏRDƏN GƏLƏN OVÇU VƏ ANAMIN  
TƏBİƏT DƏRSİ 
 
İndiyədək analar haqqında yazılanlar, deyilən kəlamlar kifayət qədər çox olsa da mənə 
elə  gəlir ki, bu müəmmalı qadın obrazının daxili aləmini insan övladı tam açmaq 
iqtidarında deyil. Qadın başdan-başa yaradanın özü qədər sirrdir. Ola bilsin ki, əksər 
keyfiyyətləri özündə birləşdirdiyindən ümumi obraz yaratmaq mümkündür və ana surətinə 
xas cəhətlər eyni olduğundan bu incə  məxluq haqqında model anlayış  qəbul etdiyimiz 
kimidir. Qadın ömrünü vərəqləyəndə, bir-birindən fərqli hadisələrin təhlili araşdırılanda, 
anaların iç dünyası açılanda, qəlbində tanrının böyüklüyü qədər ulu hisslərin olduğu 
aşkarlanır. Canından can ayrılanda, nəfəs verdiyi insan həyata göz açanda ana olduğundan 
elə qururlanır ki, bu hisslər də o anda baş qaldırır. Yəni analara fəhm də, ülvi duyğular da 
ilahidən gəlir, qəlbindəki yeni cücərtiləri də tanrı  səpir və yer üzünün yeni səcdəgahı 
yaranır... 


Haqqında danışacağım qadın adi insanlardan biridir. Vaxtından qabaq ailə  həyatı 
qurduğundan özü deyir ki, qarşıdakı illərin ağırlığına tab gətirə biləcəyini gümanına 
gətirməzmiş. On beş yaşın tamamında gəlinlik paltarı geyinib, özgə ocağının çırağını 
yandırıb. Bir-birinin ardınca doğulan körpələr isə başını elə qarışdırıb ki, gənc ananın ev 
qayğıları gözünü açmağa imkan verməyib. Ər evinə gəlişinin heç on ili tamam olmamış 
cavan  ərinin qəfil ölümü, vaxtsız  əcəl ailəni başsız qoyanda beş körpəsi ilə birlikdə 
qəbiristanlığın elə beş addımlığında yaşamağa məhkum olub. Üzərinə düşən ağır yükü 
daşımağa bəlkə də bu hala düçar olan hər bir ana qadir ola bilərmiş...  
Həyətimiz balaca olsa da, kol-kos basmış ata yurdumuz geniş idi və anamın  əlindən 
məngal, yaba düşməzdi, biz də onunla birlikdə torpaqda çalışır, bağımızı kolluqdan 
təmizləyirdik. Özümüzlə  bərabər bağımızdakı yeni ağaclar da böyüyürdü. Anamın 
çiyinlərinə götürdüyü  meyvə dolu kisələr isə  çəkisindən  bəlkə  də daha ağır idi, 50 
kiloluq tayaları bazara aparardı və evin dolanışığını təmin edərdi... 
Uşaqlıq illərindən sonrakı həyatımızın da bələdçisi olduğundan şam kimi əriyən ömrü 
yolumuza işıq salıb... 
Ailəmiz kimi kəndimiz də problemlərlə dolu idi. Dağ kəndi sayıldığından geridə qalan 
yurd yerlərindən olub... 
1990-cı ilin 20 yanvar hadisəsi baş verəndə Bakıda təhsil alan qızından nigarançılığı, 
rayon mərkəzindəki poçtda səhə-rəcən növbə gözləməsi, telefon-danışıq məntəqəsində 
keçirdiyi həyəcan, eyni hadisədən təlaş keçirən digər insanların da nəzərindən qaçmır. 
Qızı ilə danışdıqdan sonra necə sevindiyinin şahidi olanlar “gözün aydın, ay gəlin” deyə 
gözaydınlığı verirlər... Həmin məlum hadisədən sonra, Rusiya ordusunda hərbi qulluğun 
azərbaycanlılar üçün çətin olduğu vaxtda oğlanlarının sağ-salamat geri qayıtması üçün 
əlləri tanrıya açılı qalır. Bu illər  ərzində  ən çox getdiyi yer, üz tutduğu məkan həmin 
danışıq məntəqəsidir ki, ana bura gəlişindən, övladları ilə əlaqə saxladıqdan sonra özündə 
təsəlli tapır, qismən də olsa nigarançılıqdan qurtulur... 
Yurdumuza baharın gəlişi hiss olunanda anam bağımızdakı Novruz gülünü və 
bənövşəni elə köklü köməcli qaba qoyub Bakıya gətirir.  Şəhərin soyuq-sazaq martında 
qəfil qonağımız olan dağ çiçəklərinin görünüşü, dörd tərəfində öz əliylə hazırladığı    
nemətlər mənim üçün dünyanın ən qiymətli bəxşişidir. Xüsusən də yerindən, yurdundan 
olan bənövşənin yazıq görkəmi, döşlərdə bitən bu ağ çiçəyi görəndə kəndimizin qoxusunu 
hiss edirəm və duyğusal anamın bu çiçək sovqatını hazırlayarkən qəlbinin döyüntülərini 
eşidirəm. Qardaşlarım əsgər olanda da anam  bağımızda gördüyü ilk bənövşəni zərfə yığıb 
Rusiyaya yola salardı. Universitetdə oxuyanda da ilbəil aldığım bahar güllərinin qurumuş 
maketi indi də kitablarımın arasındadır. 
Ümidlər gətirən, arzuları işardan bu fəsli çox sevirik və onun hər ilindən gözlədiyimiz 
nə varsa hamısı çin olur... Qardaşlarım sağ salamat uzaq ellərdən geri döndü, odun alovun 
içindən qurtulan vətən oğullarından biri el yolunda göstərdiyi şücayətilə fəxr edir və bütün 
bunlardan qürur duyan qadın nəvələrinin əhatəsində əvvəllər olduğu kimi yenə özünü çox 
xoşbəxt sayır. Tanrıdan aldığı ən şirin nemətlərə görə “dünyanın ən bəxtəvər anasıyam”- 
deyə öyünür... 


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə