Microsoft Word Sehra savashi son son doc



Yüklə 399,87 Kb.
Pdf görüntüsü
səhifə23/42
tarix20.08.2018
ölçüsü399,87 Kb.
#63642
1   ...   19   20   21   22   23   24   25   26   ...   42

Vaqif  Sultanlı 
 
 
92
istəməmişdi. Əgər gələcəyi buraxıb keçmişə, tarixin 
içərilərinə dоğru gedirdisə, indiyəcən yaşadığı həyatın 
nişanələri оna acı kədər və qüssədən savayı nə verəcəkdi 
ki... Elə bu düşüncə ilə də gələcəyi xatırladan hər şeydən 
vaz keçə bilmişdi… 
Ancaq bu o qədər də asan olmamışdı. Yaşadığı ömrün 
keşməkeşləri yaxın-uzaq xatirələrlə, yaşantılarla, anılarla, 
bəzən də yuxularla onu təhdid edirdi. 
 
* * * 
 
Bir zamanlar gələcəyə aparan yolla geriyə dönüşü ru-
hunda, yaddaşında qəribə duyğular oyadırdı. Yola çıxarkən 
illər uzunu yollara dağılmış ömrünü yığmağı düşünürdü. 
Elə buna görə də keçdiyi yollarda yaşadığı ömrün hansısa 
cizgilərini, nişanələrini axtarır, gözlərinə toxunan hər şeyə 
bambaşqa bir nəzərlə tamaşa edirdi. Ancaq tarixə aparan 
yol boyu gördüyü mənzərələr ona tanış gəlmir, keçmişini
yaşadığı ömrün hansısa anını xatırladacaq nə isə gözlərinə 
toxunmurdu. Sanki keçmiş də dəyişərək ona yad, yabançı 
olan başqa bir dünyaya çevrilmişdi. 
Yollar uzunluqdan, yoruculuqdan, bitməz-tükənməz 
əziyyətlərindən savayı heç nəyi ilə tanış gəlmirdi. 
Ancaq keçmişə aparan yol nə qədər uzun olsa da, 
mənzil başına yürüməkdən savayı özgə bir çarəsi olma-
dığını anladığından yoluna davam etməkdəydi. 
Qoca qədəm qoyduğu yolun həyatının bir parçasına 
döndüyünü anlayır, qalan ömrünü bundan kənarda heç cür 
təsəvvürünə gətirə bilmirdi. 
 
 


Səhra savaşı 
 
93
* * * 
 
...Qоca dəvə karvanının zınqrоvunu xatırladan bir səs 
duyaraq qeyri-ixtiyari başını isti qumun üzərindən qaldırdı. 
Qulaqlarına inanmadığından nəfəsini içəri çəkərək qaran-
lığın köksünü dinşəməyə başladı. 
Qərib bir səssizlik gecənin zülmətinə sığal çəkirdi. O 
qədər sakitlikdi ki, sanki həyat büsbütün donmuş, zamanın 
axarı dayanmışdı.  
Zınqrov səsini təkrar duyduqda qalxıb oturdu. Qoca 
artıq səhranın sükutunu, gecənin qaranlığını kəsib doğraya-
doğraya ona sarı uzanan  səsin hansısa dəvə karvanından 
gəldiyinə şübhə etmirdi. 
«Səhra gecəsinin sükutunu dələn bu nə səsdi belə? 
Nədən səs onu arxasınca çəkib aparır? Tarixin başlanğıcına 
yönələn bu yolda zınqrov səsi hardandı? Bəlkə yuxu görür, 
qara basır onu? Ya bəlkə qulağına səs gəlir?». 
Ömründə bircə dəfə də olsun dəvə karvanı ilə qarşılaş-
mamışdı. Karvanın nə olduğunu sadəcə oxuduqlarından, 
eşitdiklərindən öyrənmişdi. Ancaq həmişə içərisində karva-
na qoşularaq uzaq səfərlərin yolçusu olmaq, uzun yolun 
yorğunluğundan sonra karvansaralarda gecələmək, dincini 
alaraq təkrar macəralarla dolu yolçuluğa davam etmək is-
təyi gəzdirmişdi... Nə yazıqlar ki, bu arzusunu gerçək-
ləşdirə bilməmiş, düşündüklərini xəyal olaraq içərisində 
dəfn etmişdi. 
Səhranın qoynu ilə gecənin mürgüsünü pоzaraq ağır-
ağır, ləngər vura-vura gedən karvanın ahəngi zınqrov səslə-
rindən aydınca duyulurdu.  
Gecənin bu vədəsi səhranın hansısa səmtindən gələn 
dəvə karvanının, əks-səda vermədiyindən qum nəhrinin in-


Vaqif  Sultanlı 
 
 
94
təhasızlığında əriyib itən zınqrоv səsinin yadını, yaddaşını 
çalxaladığını hiss edirdi. Əsəblərini darayan, ruhuna sığal 
çəkən bu səsin o tayında  həyatın, varlığın dayandığını 
duyduğundan gücü, ehtirası özünə qayıdırdı. 
Ona doğma, məhrəm olan bu səs həzin layla kimi ru-
huna işləyirdi. O bu səsi dinlədikcə vücudu titrəyir, özün-
dən, varlığından qopub ayrılmaq, səsin arxasınca qaçmaq, 
səsə qovuşmaq, birləşmək, bütünləşmək istəyirdi. 
Karvana yetişsəydi, heç оlmasa yоlu, səmti sоruşub 
öyrənər, harda olduğunu, mənzil başına nə zaman çata bi-
ləcəyini təxmin edərdi, ancaq görünməz pərdəyə bürünmüş 
gecənin bu vədəsi yönü, səmti bəlli olmayan səhra yolçula-
rına yetişməsi mümkün idimi? 
Qoca nəfəsini işəri çəkərək daş kimi donub qalmışdı. 
Zınqrov səsini duymaq üçün doğulandan bu yana yadına-
yaddaşına yığılmış, hafizəsinə hopmuş bütün səsləri atmaq
unutmaq istəyirdi. 
Səs indi aydınca eşidilirdi, elə bil karvan onun lap 
yaxınlığından ötüb keçirdi. İndi o yalnız zınqırovların 
deyil, dəvələrin yumşaq ayaq səslərini eşidirdi. Qoca 
qorxurdu ki, bir azdan karvan uzaqlaşıb gedəcək və o artıq 
zınqrov səslərini duymayacaq, səsin səmtini 
müəyyənləşdirə bilməyəcək. 
O, zınqrоv səsinin hayandan gəldiyini bilmək üçün 
gecənin səssizliyini xeyli dinşədisə də bunu heç cür müəy-
yənləşdirə bilmədi. Sanki səs səhranın hansısa səmtindən 
deyil, qeybdən, heçlikdən, intəhasızlıqdan gəlirdi. 
Bir az əvvəl aydınca duyulan zınqrov səsi get-gedə 
azalır, öləziyir, eşidilməz olurdu. O, azalıb-öləziyən bu sə-
sin arxasınca kədər, qüssə, ayrılıq qoyub getdiyini, onun 
ahəngini ruhundan, yaddaşından heç bir zaman silə bilmə-
yəcəyini, istəsə belə bunu bacarmayacağını hiss edirdi. 


Səhra savaşı 
 
95
Qoca ayağa qalxaraq atına süvar oldu və dəli kimi 
səsin arxasınca çapmağa başladı. Elə sürətlə çapırdı ki, 
sanki naməlum səhra yolçuları deyil, dünyanın, insanlığın 
karvanı çıxıb gedirdi və bu karvana yetişməsəydi, bütün ar-
zularından, istəklərindən ayrı düşəcəkdi. 
Hansı səmtə çapdığını bilməsə də, ona elə gəlirdi ki
səmti düz müəyyənləşdirib, karvana sarı çapır və çox çək-
mədən səhra yolçularına yetişəcək.  
Ancaq o yanılırdı. 
Bir qədər gedəndən sonra bunu hiss edərək atının ba-
şını çəkib təkrar gecənin səssizliyini dinşədi.  
Artıq zınqrov səsi eşidilməz olmuş, səhra əzəlki səs-
sizliyinə qovuşmuşdu. 
Yəhərin üstündən enərək atın yüyənini əlinə alıb bir 
az öncə uzanıb uyuduğu səmtə tərəf getməyə başladı. Ona 
elə gəlirdi ki, həmin yeri tapa bilsə, dəvə karvanının 
zınqrov səsini təkrar duyacaq. 
Ancaq qoca yanılırdı. 
Hər tərəfə lal bir səssizlik çökmüşdü. 
Səhra ağır-ağır nəfəs alırdı. 
Gecə uzanırdı... 
 
VIII FƏSİL 
 
Hava istidən əriyib tökülürdü... 
Göy üzünə səpələnmiş buludlar buğum-buğum qayna-
yır, səhra günəşin qızmar şəfəqləri altında xumarlanırdı. 
Quzğunlar dəstə-dəstə üfunət qоxuyan cəmdəkləri di-
dişdirirdilər. Quşların çığırtı səsləri səhranı büsbütün başına 
götürmüşdü. Qоca addımbaşı yоlunun üstünə çıxan quzğun 
dəstələrinin yanından səssizcə, etinasız keçib getmək istəsə 
də, bəzən ixtiyarsız оlaraq dayanır, bu qоrxunc mənzərəni 


Yüklə 399,87 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə