¹2(3) èéóí 2012
94
VAHİD ƏLİFOĞLU
* * *
Heyvanın
da üzü dönüb,
Çölün, pəyəsin tanımır.
Qoyun küsüb, quzu küsüb,
Kələ düyəsin tanımır.
Dul gözüdü, dolub dünya,
Göyərməmiş solub dünya,
Üç hambala qalıb dünya,
Ölü qibləsin tanımır.
Xaltasın yağlayan mənəm,
Başından bağlayan mənəm,
Bu iti saxlayan mənəm,
Bu it yiyəsin tanımır.
Allah, yağdır, yu meşəni,
Qoy aparsın su meşəni,
Bir şey qırır bu meşəni,
Sapı tiyəsin tanımır.
* * *
Allah, qaçdı bəndən uzaq,
Üzü qara səndən uzaq.
Satan aydan,
gündən uzaq,
Bazarda pəncərə olmur.
Bu budağın xatası var,
Asılmağa çatısı var,
Dərdin cana qapısı var,
Azarda pəncərə olmur.
Eşidilmir gecə səsin,
Səs içində neçə səsin...
Bəlkə daşdan keçə səsin,
Hasarda pəncərə olmur.
Gözlərim, səni kim sıxıb,
Nəyin qalıb, nəyin axıb...
Ağlama torpağa baxıb,
Məzarda pəncərə olmur...
“AYÜZLÜM, QƏBRİMİN ÜSTÜNƏ DÖŞƏN...”
«Yazı» jurnalı olaraq sağlığında öz layiq olduqları
qiyməti ala bilməyən, müxtəlif səbəblərdən çap olunma-
yan, ədəbi cameədə elə də tanınmayan qələm sahiblə-
rimizin yazılarını yaymaqda davam edirik. Dostum
Nəriman Əbdülrəhmanlı bu kitabı mənə təqdim eləyib
Arif Mustafazadənin Gürcüstan ədəbi
mühitinin forma-
laşmasında müstəsna xidmətləri olduğunu, indi imzaları
respublikamızın oxucularına yaxşı tanış olan gürcüstanlı
şair və yazıçıların çoxlarının məhz Arif Mustafazadə
məktəbi keçdiklərini, onun şinelindən çıxdıqlarını de-
yəndə, yazıları haqda yüksək fikirlər söyləyəndə inamsızlıq içindəydim. Boynuma alım ki, bu imza
mənə nəsə demirdi, adını eşitmişdim, ancaq harda, nə yazdığını xatırlaya bilmirdim.
Gecə kitabı oxudum. Nəriman haqlı imiş, bu kitabda toplanan şeirlər, yazılar məni
ovsunlamışdı, sehrindən, cazibəsindən yaxa qurtara bilmirdim. Indiyə kimi belə gözəl şairi, yazıçını
tanımadığım üçün çox təəssüfləndim.
Kitabdakı şeirlərdən bəzilərini oxuculara təqdim edirik.
Aslan Quliyev
Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè
95
ARİF MUSTAFAZADƏ
* * *
Sıxır məni boz küçələr, boz şəhər,
Yaşayıram ölüm-zulum, birtəhər,
və bircə gün üzünüzdə qəm, kədər,
deyərmisiz: hayıf sənə, ay Arif!
Dərələrin bir yay kimi gərilmir,
Quzuqulağın, qulançarın dərilmir,
Qurumağa
daş qurudun sərilmir,
gəlmir sənə payızönü pay, Arif
Biri, üçü… elə-belə, bu paydı,
onu, yüzü… öz yerində, bu saydı.
Kötəklərin ağrısını sən aydır,
fələk sayır, bir özün də say, Arif.
Sənin payın sinilərdə gəlmədi,
sözə-gapa sinnilər də gəlmədi.
Kədər yerli, sevinc özü gəlmədi,
Kimə gərək gərilməyən yay, Arif?
Təpə-dırnaq acımaydın, ağıydın,
qıvraq yatmış çəkilməyən ahıydın.
Qardaş, məni çayaşağı axıdın,
qismətinmiş urvatsız yas, vay, Arif!
* * *
Mənəmmi dünyanın gözündən düşən,
güneyindən düşən, küzündən düşən…
Ayüzlüm,
qəbrimin üstünə döşən,
bu da bir qismətdi, belə gedirəm.
Işıqsan! Ruhuma, Tanrı, sal işıq,
bir güvənc qarışıq, ovunc qarışıq.
Mənim havamı çal, Tanrısal aşıq,
haqqın qapısına kölə gedirəm.
Səslənsən, səsinə atın çıxmaya,
qohumun çıxmaya, yadın çıxmaya,
Elə canın çıxa, adın çıxmaya,
bircə düşməyəsən dilə, gedirəm.
Xaraba körpüyəm, keçilənəmmi,
payız otlarından seçilənəmmi,
qara torpaq üstdə kiçilənəmmi,
içimdən batıram lilə, gedirəm.
Ay Arif, havayı döymə dizinə,
həsrətmisən qohum-qardaş üzünə?
Haqsan, haq xəncəri bais gözünə,
nahaqsan, demə ki, selə gedirəm.
* * *
Yarpaqları boş-boşuna
küləklər atdı tuşuma.
Yol daşını- yol quşuna,
atdım, Xocam, atılmadı.
Yazımı qarlı qışıma,
sevincimi göz yaşıma
öz içimi öz dışıma
çatdım, Xocam, çatılmadı.
Ağ yelinli buludumu
ağ yel əsib sovurdumu?
Dolu
döymüş umudumu
satdım, Xocam, satılmadı.
* * *
Qara bəxtim, manşırım,
səni hardan aşırım?
Üzücü sərt aşırım,
çovğunu mən, qarı mən.
Boz keçir, günüm-ayım –
nəyi ömürdən sayım?
Qəm-ələm xurcuntayım,
meyvəsi mən, barı mən.
Surum, salma hay-həşir,
ölüm kimə gənəşir?
Salam qoca mürdəşir,
yarı sən gəl, yarı mən.
¹2(3) èéóí 2012
96
SARSIDICI XƏBƏR: SİYAMƏK İNTİHAR ETDİ!
Güney Azərbaycanın “Ələmdar Gərgər” şəhərindən olan yazıçı Siyamək Səbri Türkiyənin
Ankara şəhərində intihar edib. “Amerikanın Səsi”nin Azərbaycan xidməti Siyaməkə yaxın olan
adamların bir neçəsiylə əlaqə saxlayıb və xəbərlərin doğruluğunu təsdiq edib. Siyaməkin ölümünün
səbəblərini araşdıran yaxın dostu Alp Güneyli iddia edir ki, Siyamək Səbri 20 gün əvvəl Ankarada
özünü bir körpüdən ataraq intihar edib, amma o, intiharın müəmmalı olduğunu bildirir. Siyamək
təhsilini davam etdirmək üçün 5-6 ay əvvəl Türkiyəyə dönüb və orada yaşayan İran azərbaycanlı
siyasi fəallarla sıx əlaqə saxlayıb. Evdən çıxdıqdan üç gün sonra onun cəsədi aşkar edilib. Bəzi
iddialara görə, Siyaməkin ölümü lentə alınıb, lakin bunu təsdiq etmək mümkün olmayıb.
Ankara
polisi videonun ailəsindən başqa heç kimə göstərilməyəcəyini bildirib. Ailə üzvləri valideynlərinin
xəstəliyinə görə onun ölüm xəbərinin yayılmasını istəmir. Siyaməkin dostlarının bəzisi Norveç
dövlətinin bu təhqiqatda iştirak etdiyini bildirir. Belə ki, Siyamək Norveç vətəndaşıdır. Norveçin
Xarici İşlər Nazirliyinin bu işə müdaxiləsi Siyaməkin dostları və ailəsi tərəfindən tələb edilib.
Siyaməkin bəzi dostları Norveç və Ankarada onun depressiyaya qarşı dərman qəbul etdiyini və bəzi
ruhi problemlərə malik olduğunu deyir. Alp Güneyli iddia edir ki, bəziləri mövzunun üstünün
açılmasını istəmir. Alp Güneyli onların şantaj edildiyini deyir. Siyamək Naxcıvan sərhədinə yaxın
Ələmdar Gərgər şəhərində 1973-cü ildə doğulub, Təbrizdə boya-başa çatıb.
Müxtəlif çətinliklərə
görə Azərbaycan respublikasına qaçıb və Birləşmiş Millətlərin Qaçqınlar Təşkilatı vasitəsilə
Norveçə yerləşib. Siyamək ömrünün son 10 ilini orada keçirib. O, Norveçdə keçirdiyi qaçqın həyatı
barədə “Norveç yazıları” adlı avtobioqrafik roman yazıb. Kitab Bakının ədəbi çevrələrində maraqla
qarşılanıb.
Siyamək Səbri bir sıra məqalə və oçerklərin də müəllifidir.
SIYAMƏK
Gözəl
Kaman qaşlar
Piyalə gözlər
İncə bel
. . .
Yaşıl meşələr
Xarı Bülbül
Sərin bulaq suyu
Şərablı gecələr
. . .
Arifə bir işarə
Doooost, dost məclisləri
İçini anlıyanlar
Haqq məhkəməsi
Bir qulağı sallanmayan
Ədalət tərəzisi
Utopiya
. . .
Gözəl yaxalandımı
Bu torpaq üzrə?
Gözəl
düşünürük
İblis yaradarkən
Senarist
Nə zaman? Harda?
Erkək ya qadın?
Dünən, bu günmü, yarın
Kim sordu mənə?
Buraya məni tullamadan öncə?
. . .
Adın, soyadın?
İrqın, tarixin?
Amacın, istəmədiyin?
Soran oldumu mənə
Burada doğmadan öncə?
. . .
Kimə yazıram mən
Səhnəsi boykot olmuş
Gözəl senarioları?
Cavab ver Tanrı