¹2(3) èéóí 2012
124
(Kəndimizin qəbiristanından bir xeyli aralıda – qəribi qəbiristandan kənarda basdırarlar -
qalayçının qəbir yeri var. Tək bircə bitili daşdan bilinir buranın qəbir olmağı. Bir də çəpişi-quzusu
itənlər bir-birindən soraq alanda “qaleyçinin – bu bizim kəndin şivəsidi – qəbri tərəfdə gördüm”
deməklə rəhmətliyi yad edərlər.)
Elə o gün, bu gün Maypara arvaddan hamı qaçır. Elə bil onu lənətləmişdilər.
Dursun anasından eşitmişdi ki, Maypara arvad erkəkləyib. Biz bunu ha fikirləşsək də bir tərəfə
çıxarda bilmədik. Axı bu erkəkləmək nə deyən sözdü?
Mən bunu bir dəfə anamdan soruşdum. O, dik üzümə baxıb təəccüblə: “Onu hardan
eşitmisən?” – dedi. Mən də yalandan dedim ki, biologiya kitabında var, başa düşə bilmədim. Anam
bir az düşünüb dedi: “Mən bını belə bilirəm ki, bizim bağda ağ tut olurdu, sonradan onların bir
çoxları barsız oldu, orda-burda xırım-xırda tuta oxşar xüşək meyvə gətirdi. Dədəm deyərdi ki, heyf,
yaxşı tut idi, erkəklədi. Yəni bar gətirmədi. Elə arılarımıza da hərdən baban baxıb hirslənərdi ki,
erkəkləyiblər, məhsul olmuyacaq... Nə bilim axı,
pis erkəklərin, kişilər qarışıq, üzün gor görsün ki,
onlardan heç kor it də xeyir görmüyüb...”
Deyəsən, anam sonuncu kəlmələri daha mənimçün deyil, elə özü özünə söyləyirdi. Nədən
ki, o indi mənimlə danışmırdı, üzünü hansısa naməlum səmtə tutmuşdu atası kimi.
SARMAT DƏNİZİ
Hafiz müəllim gəlməyinə gəldi, amma gec. Bu da Haşım babamın kefinə soğan doğramışdı.
Düşünürdü ki, daha gəlməyəcək. Qapı döyüləndə kişinin kefi duruldu. Özü qalxıb həyətə çıxdı.
Hafiz müəllim qoltuğunda kağıza bükülü bir şey içəri girdi. “Salam” deyib kağıza bükülünü
qoydu stola. Bükülmə formasından bilinirdi ki, araqdı. Babam bükülüyə işarəylə:
-Məllim, bı nədi, ayıb döyü?
-Gərək üzürlü sayasan... Elə bına görə gecikdim... Boçkada bir az tutumuz vardı, vaxtı
ötürdü, dedim qurtduyar... Tökdüm qazana. Bu da həmin təzə çəkdiyimnəndi...
-Demək tutovka vuracayıq? Məndə də keçən ildən qalma zoğal var. Bəh-bəh! - bunu da
babam deyir.
Bir azdan plov gəlir. Anam da kömək eləyir. Hərdən baxıram, yazıq arvadın əl-ayağı yerdə
durmur. Mən onu heç belə sevinən görməmişdim. Havayı deyil, oğlu məktəbə girib, babası,
müəllimi yığışıb qeyd eləyirlər.
-Həəə,
Hafiz müəllim, götür görək...
Hafiz müəllim mənə baxır və göz vurur:
-Bəlkə səbəbkara da bir əlli qram süzəsən?
Mən qəti etiraz etsəm də müəllimim özü süzür və deyir:
-Sən ağıllı oğlansan, ananın, babanın adına layiq olacaqsan, mən bilirəm
.(Atana isə bir quş,
o onsuz da bir kişi deyildi. Əlhəzər, əlhəzər onnan!- yəqin ki, ürəyində belə dedi - nağılçının qeydi)
Sənin sağlığına! Texnikumu fərqlənməylə bitir, gir universitetə!
Mən də vurdum, amma içmədim, qoydum yerə.
Sonra babam sağlıq dedi. Müəllimlərimizin,
məktəbin, elmin, təhsilin sağlığına badə
qaldırdı. Belə bir cümləylə sözünü bitirdi: ”Elmi olmayanın helmi də olmaz!” Bu dəfə mən də içdim
onlarla. Və bir az sonra necə oldusa başladım danışmağa:
-Mən Bakıda dəniz gördüm... Babama dedim, qoydu bir az o dənizin qırağında oturdum...
Mən bir az içmişəm... gərək bağışlayasınız...
-Xosu, nənə qurban, qoy baban, müəllimin danışsın... – bu anamdır, neynəsin biqeyrət ərin
belindən gələn oğuldan ağıllı bir şey eşidəcəyinə əmin deyil...
-Zəriş bacı, mən Xosrovu oğlum qədər istiyirəm... Ona özüm kimi inanıram... Siz allah,
xahiş eliyirəm, dəymiyin, o elə-belə söz danışmaz... Danış, oğlum, biz səni eşidirik.
...- Mən Xəzərin qırağında oturdum... Əvvəl mənə dəniz çox qorxunc göründü... Hətta
dalğalar sahilə sıçrayanda üzümə də çırpıldılar. İnanın, mənə elə doğma gəldi ki,
bu dəniz birdən-
Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè
125
birə... Elə bil, mən nə vaxtsa onun qırağında oturmuşdum, elə bil mən haçansa bu dənizlə
danışmışdım... inanmazsınız, o da məni tanıdı... Biz bir-birimizlə sözsüz danışdıq.
Babam keflənib, amma o kefli olanda düz danışır. Əslində o, elə həmişə düz danışır, amma
içəndə sözü lap düzünəqulu deyir, rəsmiyyətdən-zaddan əsər-əlamət qalmır. O belə vaxtlarda
maraqlı olur. Bəyliyi, forsu-fasonu yoxa çıxır. Bax, indi üzünü mənə tutub deyir:
-Sən düz deyirsən, eyni şey mənim də başıma gəlib bir vaxtlar... Vapşe, bı Xəzər nədənsə
bizə də doğmadı... yanı bu rayon uşaxlarını deyirəm... Ömründə dəniz görmüyən adam, mən Haşım
Cavanşirov, ən dərin yerlərəcən üzürdüm. Hələ bir dəfə çimərlikdə batan bir qızı xilas eləmişdim.
Haqqımda “Gənc işçi” qəzetində məqalə də çıxmışdı. Hardasa o papkaların birindədi, şəklimi də
vermişdilər.
Hafiz müəllim də söhbətə qoşulur:
-Xosrovun sözünü qəribçiliyə salmıyın. Xəzər həmişə bizim gördüyümüz Xəzər olmuyub ki.
Coğrafların, təbiətşünasların
fikrincə, on milyon il əvvəl formalaşmağa başlıyıb Xəzər regionu...
Onnan çox-çox illər əvvəllərdə isə Xəzərlə Qara dənizin yerində beşinci okean – Tetis okeanı olub,
sonra okean çəkilib, pontoxəzər mərhələsi başlayıb ki, onda Xəzərlə Qara dəniz vahid qapalı dəniz
olublar – bu dənizin də adı Sarmat olub. Təsdiqini tapmış elmi məlumata görə 500 min il əvvəl
Xəzərlə Qara dəniz Kuma-Manıç çökəkliyi vasitəsiylə birləşirmişlər...
Mən kişinin sözünü ağzında qoyub az qala qışqırıram:
-Mən Şükratazda, Lalalı səmtində, lap Kummucanın dizinin dibində uçmuş yarğanda
balıqqulağı topası görmüşdüm. Daşlaşmış o balıqqulağıları balta ilə ağappaq əhəngdaşının
içərisinnən kəsib məktəbə gətirmişdim...
-Hə, düzdü, mənə də göstərmişdin onları... Oralarda indi zəngin soda, əhəngdaşı yataqları var.
Bu gün həm bu çökəklik, həm də onun şimalında, cənubunda yerləşən ərazilər, elə bizim
Azərbaycan
da daxil, hamısı verimli torpaqları, zəngin neft və qaz ehtiyatlarıyla zıngindir. Alimlər
hesablayıblar ki, Sarmat dənizi çəkilməyə başlayanda külli miqdarda dəniz çanlıları tələf olub ki,
bu da buralarda misilsiz miqdarda karbohidrogen ehtiyatlarının yaranmasına gətirib çıxarıb.
-Karbohidrogen yataqları? – babam təəccüblə soruşur.
-Hə... Yəni, neft-qaz də... O ərazilərdə tələf olan suda, quruda yaşayan canlıların qanınnan,
orqanizmlərinin çürüntüsündən yaranıb bu neft yataqları... Neft – həm də qan deməkdir, hər
mənada...
-Bəs bu ərazilərin sahibi kim idi? Bu Kuma-Manıç sözü hardan gəlir? – babam şövqlə soruşur.
Elə Hafiz müəllim də ondan geri qalmayan bir ədayla (
açıqca görünür ki, bu iki dost belə
mövczularda söhbətin ölüsüdürlər) cavab verer:
-Kuma-Manıç çökəkliyinin yerləşdiyi ərazilərdə həmişə Kuman türkləri dövran sürüb ki, bu
da oradakı kalmıkların, yaxud kumıkların adında qalıb. Elə Kuma-Manıç çökəkliyinin adındakı
“kuma” sözü “kuman”lar deməkdir... Bax, üzü belə, bir ucu Balxaş gölü,
bir ucu Karpatlar, bir ucu
Azərbaycanın şimalı, bir ucu da İtil bulqarları, yəni Kazandan Rastovacan böyük bir ərazidə
Kumanların, yaxud Qıbçaqların dövləti olub... Kumanlar, yaxud qıpçaqlar qıyıq, balaca gözlü,
sarışın, yaxud qəhvəyi saçlı, bəziləri hündürboylu, bəziləri də gödərək, amma güclü, davakar
adamlar olublar...
-Dursun kimi... çukçafason... - bunu mən deyirəm və Hafiz müəllimlə babam uğunub gedirlər.
Sonra Hafiz müəllim gülməyinə ara verib ciddiləşir və deyir:
-Hə, hə! Bizim ərazilərdə kumanların-qıbçaqların izi qalıb... Şükratazda Kummuca ki var ha...
bax, məncə elə o da kumanların adıyla bağlıdı.
Xosrovun sözünə qüvvət, Dursunun dədəsi
Əbdürrəhmanın babaları bir vaxtlar Şükrataz tərəflərdə yaşıyırmışlar. O yerlər indi də onlarındır...
Döyüşkən, yeridiyi yerdən qan çıxardan bu adamlar elə özümüzünkülərlə yola getmir, tez-tez
döyüşə girərmişlər. Onların nəslinnən olan Əli kişi danışırdı ki, xəncərləri həmişə yanlarından asılı
olan bu adamlar döyüşə də “kum-kum”, yaxud “kım-kım” deyə atılarmışlar. İndi az qala kökü
kəsilməkdə olan o döyüşkən adamlara bizim ciddi ehtiyacımız var. Yəqin xəbəriniz var, neçə vaxtdı
Stepanakertdə mitinqlər başlıyıb...
-Nə mitinq? Genə başladılar?!– deyə babam həyəcanla soruşdu.