__________________Milli Kitabxana_________________
378
Ümid əlim üzülüb damənin-vüsalından,
Sənə bir növ degildim ümidvar, ey dust!
Nə sən fəraqə səbəb olmusan, nə mən bais,
Bu dərdə saldı bizi dövri-ruzigar, ey dust!..
Bu da sənə qəzəl... Tamamlaya da bilmirəm... Ümidvaram ki, tamamlayam,
onda hüzuruna irsal olunar.
Əzizim, dostum, qardaşım Tərlan, məktəb işlərim də o qədər yaxşı getmir. Məni
şəhər məktəbindən xaric elədilər. Ozümüzkü də sönən şam kimi güclə ziya verir,
elə sönhasöndədi... Sənin kimi dostların köməyi olmasa, bu da gedər bətfanəyə.
Dövrəmdə xeyli düşmən cəm olunub. Tərlan, heç özüm də bilmirəm ki, bu naəhl
Allah bəndələri niyə başa düşmürlər ki, mən məhz onlardan ötəri, onların
fərzəndlərinin sabahı üçün əlləşib çaləşıram. Külfət çoxaldıqca möhnətim də artır.
Amma anam, sənin Minasoltanın deyir ki, "Sonanın yadigarını nə qədər canımda
can var, öz nəvələrimdən biri kimi saxlayıb böyüdəcəm, verəcəm bir halal süd
əmmişin birinə ".
Qərəz, salamət ol, cənab Mahmud ağadan, İrza bəydən sənə salam dua
Baqi... Seyid Əzim Məhəmməd oğlu Şirvani
21 məhərrəmül-həram fi sənə filan
İftara az qalmışdı. Bu gün Minasoltan qonşu Məşədi Qənbərgilə "orucaçdıya"
çığırıldığından evdə olmayacaq idi. Çağa beşikdə yatır. Mircəfərsə bu gün Bikə
nənəgilə qonaq getmişdi, uşaqlar o biri otaqda şam etmiş, tezdən yerlərini salıb
oturmuş, Qaratelin söylədiyi nağılı dinləyirdilər. Ceyran bu axşamkı iftar süfrəsini
təkcə ikiləri - özü və Ağa üçün hazırlayırdı. O nimdaş qələmkar dəstərxanı yerə
döşədi. Günortadan bişirib hazırladığı iki nimçə üstü darçınla bəzənmiş kimi, kəh-
rəba rəngli noğultərək, Ağanın çox xoşladığı şorməzə yarpaq dolması və sarımsaqlı
qatıq piyalasını ortaya qoydu. Balaca çaydanı, fincan və nəlbəkiləri də süfrəyə
düzdü. Ayrıca nəlbəkiyə oruc açmağa xüsusi "səvab gətirən" bir neçə xurma yığdı.
Elə bu vaxt darvazanın açılması və Seyid Əzimin addım səsi eşidildi. Ceyranın
ürəyi titrədi. Onsuz da obaşdandan ac idi, uşağa süd verməsinə baxmayaraq,
orucunu sındırmırdı. Gəlin güclə ayaq üstə dururdu. Buna baxmayaraq ərini
qarşılamaq üçün evin artırmasına çıxdı.
__________________Milli Kitabxana_________________
379
Seyid Əzim cibindən çıxardığı bir neçə saçaqlı konfeti qapıya çıxmış Qaratellə
uşaqların arasında bölüb əylənirdi. Ceyranı görüncə uşaqlardan ayrılıb otağın
qapısına yaxınlaşdı:
-Salam...
Seyid Əzim Ceyranın saralmış, arıqlamış üzünə baxdıqca ürəyi əzilirdi: "Yenə
də orucdur, ilahi, mən bu etiqadı onun ürəyindən necə çıxarım?" Lakin hələ bir söz
demədən anasını soruşdu:
-Məməm hanı?
Ceyran xəfifcə gülümsədi, bir neçə uşaq anası olsa da, hələ də ərindən utanır,
dik gözlərinin içinə baxa, arzularını açıq deyə bilmirdi:
-Məşədi Qənbərgilə orucaçdıya çağırılıb...
-Hə... deyirəm axı, əzana azca qalıb, amma, məməm həyətdə dəstəmaz almır,
bu heç olan şeydi? Deməli şamı təklikdə eləyirik? - O da gülümsədi, lakin
arvadının vəziyyətindən daxili bir əzab duyaraq, Ceyranın çənəsindən yapışdı və
başını yuxarı qaldırdı. Dərinə düşmüş, aclıq və yorğunluq tökülən gözlərinə baxdı,
Ceyran Ağanın onu yenə də danlayacağını başa düşdüsə də aldırmadı, üzün yana
çevirdi:
-Hə... Minasoltan dedi ki, gec gələcəm, məni gözləməyin, iftarınızı eləyin.
İçəri girdilər. Vaxt elə uzanırdı ki, Seyid Əzim qapıdan döndü, bir də nigaran
gözlərlə üfüqə baxdı. Əgər iqtidarı olsaydı, günəşi, aləməfruz afıtabı bir az da tez
qüruba endirər, iftar vaxtını yaxınlaşdırardı, təki Ceyran orucunu tez açsın, ac
qalmasın...
Birdən Ceyran taxçaya yanaşdı, oradan bir zərf çıxarıb şairə uzatdı.
-Ağa, Şirin gətirib...
Şair zərfı açdı, Tərlandandı, dərhal duydu, barmaqlarını xəfıf hərəkəti ilə
Ceyranın çənəsini sığalladı, yorğun gözlərinə baxdı, baxdı, heç bir söz deyə
bilmədi. Dərindən köks ötürüb məktubu oxumağa başladı:
Nuri-çeşmim, əziz şairim!
Əvvəla mətləb sənin səlamətliyindir və əgər zəhmət qəbul edib buraların da
əhvalından xəbərdar olmaq istəsən, yaman-yaxşı dolanırıq.
Bəradəri-mehribanım, sənə yazmağa qəribə bir xəbər var məndə. Amma heç
bilmirəm sevinim bu işə, ya qəmgin olum. Deyəsən mən, indi başıma gələn
bəlaların əsil iştirakçılarından biri ilə rastlaşmışam. Qərəz, cənabını yormayım, bil
və agah ol ki, bizim həmvətənlərdən biri, Ağa Səməd buralarda peyda olub. Mən
onu çoxdan bəri bazarda-dükanda görürdüm. Hal-əhvallaşır, salamlaşırdım.
Amma o qədər də
__________________Milli Kitabxana_________________
380
qürbətimiz, yaxınlığımız yox idi. Cənab Ağa Səməd burada dükan açan Şirvan
tacirlərindən biridi; özü də mənimlə həmyaş olmağına görə, mənə çox meyil
eləyirdi. Əvvəl illərdə mən bu yovuqluğa o qədər də maraq göstərmirdim. Səbəbi
də bildiyin idi, yəni heç insanlara qaynayıb-qarışmağa özümdə qüvvət tapa
bilmirdim, nəhayət ki, mən də qaradan çıxmazlığı tərk elədim. Bir-birimizə gedib-
gəlişimiz artdı. Söz-söhbət çəkib bizi bir-birimizə bağladı. Qəriblik, tənhalıq bizi
iki qardaşa çevirdi. Bu vaxtacan onun barəsində sənə yazacaq elə bir maraqlı
xəbər yox idi, odur ki, yazmırdım. Bu günlərdə bir vəsilə oldu ki, o öz keçmiş
macəra və xatirələrindən mənə danışdı. Doğrusu, onun ürəyində nə isə bir dərdi,
qüssəsi olduğunu anlayırdım. Başa düşürdüm ki, onu təkcə zəlzələ diyarbədiyar
salmayıb. Əziz qardaşım! Ağa Səməd macəralarım mənə danışanda öyrəndim ki,
bədbəxt Sonamı ölümdən xilas eyləyən oymuş. Sən demə Alışın dəstəsində bir vaxt
qaçaqçılıq eləyən cavanların ən igidlərindən, özü demişkən canavarlarından biri
imiş.
Mənim xahişimlə Mütrüf Ədilin öldüruldüyü gecə baş verən hadisələri mənə
bircə-bircə yerli-yataqlı danışdı. İndi lap səhih bildim ki, başıma gələn
qəziyyələrin ən əsas səbəbkarı, başçısı öz doğma atam olub. Mən elə əvvəldən də
onun bu işdə barmağı olmağını duyurdum. Özüm də ondan təkcə məni döyüb xar-
zəlil eləməyinə görə üz döndərməmişdim. Amma lap belə də bilmirdim ki, mənim
atam kiminsə ölümünə razılıq, fərman verə bilər.
Ozünü onlardan: o Molla Qurbanquludan, Alışdan və bir də ata adını
gəzdirməyə layiq olmayan atamdan qoru, qardaş! Kərim Allah özü səni bəlalardan
hifz eləsin! Əlbəttə, biz, mən və Ağa Səməd Şirvanda olsaydıq, xatircəm olardıq.
Onlardan sənə heç bir sədəmə toxuna bilməzdi; amma indi hərçənd dövrən əsil
dostsuz deyil... Yenə də nigaran olacağıq... Bu axır əhvalat bizim ürəyimizi Ağa
Səmədlə bir-birinə elə bağlayıb ki, lap əkizə bənzəyirik... O çox dəyişilib. İndi
savadını artırır, buradakı müəllimlərdən urus dilini də kamil öyrənib. Gözəl-gözəl
kitablar oxuyur, deyirəm vaxtında oxuyub lazımi savad alsaydı, bədbəxt
millətimizin xidmətində durardı. Neçə-neçə gözəl işlər görərdi... Elə qabiliyyətlidir
ki... Tez-tez sənin yazılarından əlimizə keçənləri birlikdə oxuyub, müsahibələr
eləyirik. Buranın ziyalıları ilə əlaqəmiz möhkəmdir. İranlıların məktəbinə, burda
açılan öz məktəbimizə, əlimizdən gələn köməyi eləyirik. Gələn illərdə ianə məsələsi
qoyulanda, cənab Ağa Səmədi də nəzərdə tutmağım xahiş edirəm. Eh,