Mühazirə 12. İbtidai siniflərdə morfologiyanın tədrisi metodikası


İsim, sifət, sayın öyrədilməsi yolları



Yüklə 0,79 Mb.
səhifə4/9
tarix31.12.2021
ölçüsü0,79 Mb.
#82459
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
Mühazirə 12morfologiya

12.4 İsim, sifət, sayın öyrədilməsi yolları

İsmin öyrədilməsi yolları. Şagirdlər III sinifdə ismin (həmçinin sifət, feil, əvəzlik, say və zərfin) nitq hissəsi olduğunu öyrənir və nitq hissəsi terminini işlətməli olurlar. “İsim” mövzusunun tədrisi müəllimin qarşısında yeni vəzifələr qoyur. Şagirdlərin varlıq, əşya adını bildirən sözləri ayıra bilmək, belə sözləri tematik qruplarda birləşdirməyi bacarmaq, onlara kim? nə? sualını vermək, leksik çalışmaları yerinə yetirmək vərdişləri onları yeni terminlərlə tanış etmək, qrammatik qanunauyğunluqları öyrətmək imkanı verir. Bu zaman ismin hara? sualına cavab verməsi də öyrədilir. Sual səslənməsinə görə yönlük halı xatırlatdığından və haraya? sualına uyğun gəldiyindən müəllim ona cavab olan söz soruşduqda şagirdlər pəncərəyə, bağa sözləri ilə cavab verirlər. Ona görə də müəllim elə çalışmalar verməlidir ki, şagirdlər yalnız düzgün cavab vermək məcburiyyətində qalsınlar: məsələn, “...hara Türkiyənin paytaxtıdır?”. Şagirdlər hara? sualının köməyi ilə nöqtələrin əvəzinə yalnız Ankara sözünü yaza bilərlər.

Şagirdlər xüsusi isimlər haqqında anlayışla da ilk dəfə III sinifdə tanış olurlar. Qrammatik baxımdan bu anlayışa yiyələnmək o qədər də çətinlik törətmir, lakin müəllimin bəzi cəhətləri nəzərə alması vacibdir. Xüsusi isimlər öyrədilərkən qarşıya çıxan çətinlik ilk növbədə adam, insan anlayışı ilə onların adı arasındakı münasibətin başa salınmasıdır. Şagirdlər bilməlidirlər ki, insan adları dedikdə, ata, ana, dayı, əmi, yaxud müəllim, mühəndis, fəhlə, toxucu deyil (bunlar ümumi isimlərdir), məhz onların hər birinə verilən xüsusi (şəxsi) adlar nəzərdə tutulur və onlar böyük hərflə yazılır. Xüsusi və ümumi anlayışını möhkəmləndirmək məqsədilə hər bir ümumi ismin qarşısında onu təmsil edən xüsusi ismin verildiyi cədvəldən istifadə etmək olar:




İnsan, adam

Elşad

Ölkə

Azərbaycan

Şəhər

Bakı

Kənd

Qıpçaq

Küçə

Azadlıq

Dəniz

Xəzər

Göl

Göy göl

Çay

Kür

İnək

Qızıl

İt

Qaraqulaq

Dərs nümunəsi. III sinif

Mövzu: Xüsusi və ümumi isimlər

Məqsəd:



  • Xüsusi və ümumi isimlər arasındakı fərqi aydınlaşdırır.

  • Əməkdaşlıq hissini tərbiyə edir.

  • Həm müstəqil, həm də qrupda məlumatları əldə etmə bacarığını inkişaf etdirir.

  • Yaradıcı təfəkkürü inkişaf etdirir.

Lazım olan təchizat:

  • Dərslik

  • İşçi vərəqləri

  • Tablo

Dərsin gedişi:

Motivasiya: (10 dəq)

Müəllim:


- Baba nəvəsi ilə meşəyə ova gedirdi. Onların yanında tula da var idi. Bir azdan meşəyə çatdılar. Birdən kolların arasından nə isə qaçdı. Bu, dovşan idi. Baba tez dovşanı nişan aldı. Güllə dovşana dəydi. Tula cəld tullanıb dovşanı tutdu. Baba ilə nəvə çox sevindilər. Çünki onlar evə əliboş qayıtmadılar.

- İndi isə mənim yazı lövhəsinə yazdığım sözlərə fikir verin.



baba, nəvə, tula,

yusif, fəxri, alabaş



Problemin qoyulması:

- Sizin fikrinizcə, burada səhv varmı?

- Niyə birinci sətirdəki sözlər kiçik, ikinci sətirdəki sözlər isə böyük hərflə yazılmalıdır?

- Birinci sətirdəki sözlər əşyaların, ikinci sətirdəki sözlər isə insan və heyvan adlarını bildirdiyi üçün.



baba, nəvə, tula

Yusif, Fəxri, Alabaş



- İsimlər hansı suala cavab verir?

- İsim nəyi bildirir?

- İsimlər nə cür olur?

Kiçik qruplarda tədqiqatın aparılması: (10-15 dəq)

Qruplara bölünmənin prinsiplərindən birini istifadə edərək kiçik qruplar təşkil edilir (4-5 nəfər). Hər qrupa işçi vərəqi təqdim edilir.

Müəllim qruplara böldükdən sonra yeni dərsi şagirdlərə dərslikdən oxutdurur.

Məlumat mübadiləsi: (15 dəq)

Qruplar tədqiqatın nəticələrini təqdim edir. Hər qrup qiymətləndirilib dəstəklənir.

Məlumatın təşkili və nəticələrin çıxarılması: (10 dəq)

- İsimlər kim? nə? hara? suallarından birinə cavab verir.

- İsim əşyanın adını bildirir. İsim xüsusi və ümumi olur.

- Ümumi isimlər kiçik, xüsusi isimlər isə böyük hərflə yazılır.

- Xüsusi isimlər öz adları ilə seçilir.

Tətbiqetmə:

Lövhədə tablo:

Müəllim orada çəkilən isimlərin adlarını bir-bir deyir. Çəkilmiş həkim və uşaq şəklinə özü qəsdən nə? sualını qoyur.




Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə