Mühazirə 12. İbtidai siniflərdə morfologiyanın tədrisi metodikası


Əvəzliyin, feilin, zərfin öyrədilməsi yolları



Yüklə 0,79 Mb.
səhifə7/9
tarix31.12.2021
ölçüsü0,79 Mb.
#82459
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
Mühazirə 12morfologiya

12.5 Əvəzliyin, feilin, zərfin öyrədilməsi yolları

Əvəzliyin öyrədilməsi yolları

Uşaqlarda əvəzlik haqqında praktik vərdişlər məktəbəqədər dövrdə yaranır, lakin onlar əvəzliklə bir nitq hissəsi kimi III sinifdə tanış olurlar. Burada əvəzliyin cümlədə isim və sifəti əvəz edə bilməsindən söz açılır. Şagirdlər özlərinin şəxsiyyət, ayrı-ayrı fərdiyyətin isə şəxs olduğunu anlamalı, “Bu, mənim şəxsi kitabımdır” cümləsində “şəxsi” sözünün mahiyyətini öyrənməlidirlər ki, mən, sən, o, biz, siz, onlar sözlərinin şəxs əvəzliyi olduğunu başa düşsünlər. Şagirdlər bilməlidirlər ki, hər bir adam özünü mən, yanındakı adamları biz adlandırır. Birinci şəxs fikir söyləyəndir, ikinci şəxs həmin fikri dinləyəndir (sən, siz), üçüncü şəxs isə I və II şəxslər arasında söhbətin kimin haqqında getdiyini bildirir (o, onlar).

Yuxarıda deyildiyi kimi, dilimizdə elə sözlər var ki, onlar ismi, sifəti, sayı, feli və zərfi əvəz edə bilir. Odur ki, belə sözlər əvəzlik adlanır. Məsələn: Tural yaxşı şahmatçıdır. O, respublika şahmat yarışında qalib gəldi. Biz gözləmirdik ki, Tural bu yarışda belə nəticə göstərəcək.

Bu kiçik mətndə “O” əvəzliyi “Tural” sözünün yerində, “bu” əvəzliyi “şahmat” sözünün yerində işlənib. Deməli, nitq hissələrinin yerində işlənə bilən sözlərə əvəzlik deyilir.

Əvəzliklərin xüsusi sualı olmadığını və yalnız əvəz etdikləri nitq hissələrinin suallarına cavab olduğu izah edilir. Əvəzliyin növləri haqqında, şəxs, işarə, sual əvəzlikləri haqqında məlumat verilir. Şəxs əvəzliyinin ismin əvəzində işlənib, kim? nə? suallarına cavab verməsi aydınlaşdırılır. Bu zaman III şəxsin təkinə, yəni o əvəzliyinə xüsusi diqqət yetirilməlidir. Çünki I və II şəxs həmişə insana aid olduğu halda, III şəxs insana, həm də heyvana, cansız əşyalara aid olur. Odur ki, bunun üzərində xüsusilə dayanmaq lazımdır.



İşarə əvəzlikləri haqqında məlumat verilərək izah edilir ki, bu əvəzliklər sifətin, bəzən də zərfin yerində işlədilir. Elə, belə, o və s. əvəzlikləri haqqında məlumat verilir və bu zaman o əvəzliyi haqqında xüsusi məlumat verilməlidir. Şagirdlər bilməlidirlər ki, “o” əvəzliyi kim? nə? suallarına cavab verəndə şəxs əvəzliyi olur, hansı? sualına cavab verəndə isə işarə əvəzliyi olur. Məsələn: O, (kim?) mənim bacımdır. O (hansı?) kitabi mənə ver. İşarə əvəzliyindən söz düşərkən işarə (etmək) sözünün mahiyyəti açılmalıdır. Burada çətinlik o işarə əvəzliyinin üçüncü şəxsin təki ilə eyni cür səslənməsi və yazılmasındadır. O şəxs və işarə əvəzliklərinin qarışdırılmasının qarşısını almaq məqsədilə izahatdan əlavə onları cümlə içərisində, həm də hər ikisini eyni cümlədə işlətmək çox əlverişlidir: “O, əlindəki kitabı oxusun, sən də o kitabı”. Burada o şəxs əvəzliyindən sonra vergülün işlədilməsini öyrətmək vacibdir.

Sual əvəzlikləri haqqında məlumat verəndə izah olunur ki, sual cümlələrində, adətən, sual bildirən sözlər işlənir. Məsələn: Hara gedirsən? Dərsdə nə öyrəndin? və s. Sual bildirən sözlər sual əvəzlikləri adlanır. Sual əvəzlikləri ayrı-ayrı nitq hissələrinə və ya cümlə üzvlərinə verilən suallardır. Ona görə də sual əvəzliyi hansı nitq hissəsinin sualından ibarətdirsə, onun da əlamətini daşıyır. Məsələn: Kim yaxşı oxuyur? cümləsində kim? sual əvəzliyi ismin yerində işlənib, adlıq haldadır və təkdədir. Ülkər nə edir? cümləsində nə edir? sual əvəzliyi felin yerində işlədilib, indiki zamandadır və s.

Şagirdlərin şəxs əvəzliklərinin tək və cəm olmaqla iki yerə ayrıldığını mənimsəmələri üçün cəm şəkilçiləri haqqında bildikləri təkrar olunmalıdır: Şagird – şagirdlər anlayışından mən-biz; sən-siz; o-onlar anlayışına keçmək asan olur.

Feilin tədrisi

I sinifdə şagirdlər şəkilərdə baxıb, onlarda təsvir olunan əşyanın adını və nə etdiyini (“Dovşan qaçır”, “At otlayır” və s.) bildirən çalışmaları yerinə yetirərkən felin tədrisi üçün zəmin qoyulur.

II sinifdə şagirdlərin “əşyaların hərəkətini bildirən sözlər” anlayışını öyrənmələri fel anlayışının mənimsənilməsi istiqamətində yeni addımdır.

Feil əşyanın, varlığın hərəkətini bildirir. Bu, onun qrammatik mənasını, eyni zamanda böyük qrup fellərin (getmək, üzmək, uçmaq, qurmaq, səpmək, tikmək ...) leksik mənasıdır. Feillərin leksik mənası yalnız konkret əşyaların hərəkətini bildirməklə məhdudlaşmır. Feillər leksik mənasına görə çox rəngarəngdir: onlar əşyanın halını (yuxulamaq, xəstələnmək, yorulmaq), əşyanın keyfiyyətinin aşkara çıxmasını (ağarmaq, yumşalmaq, qızarmaq), əşyalar arasındakı münasibəti (sevmək, hörmət etmək) və s. bildirir. Beləliklə, felin leksik-semantik mənası rəngarəngdir, qrammatik mənası isə ümumi olaraq qalır.

IV sinifdə şagirdlər yaz, aç, de, bil, gül, ver və s. kimi fellərlə yanaşı, isim və sifətdən feillərin əmələ gəlməsini də öyrənirlər. Onlar müəllimin verdiyi diş, göz, baş sözlərinə -la, -lə şəkilçilərini qoşmaqla başla, dişlə, gözlə fellərini, şad, əziz sifətlərindən -lan, -lən şəkilçilərinin köməyi ilə şadlan, əzizlən fellərini, sakit, yaşıl sifətlərindən sakitləş, yaşıllaş feillərini düzəldirlər. Belə çalışma həm də şagirdləri morfoloji təhlilə hazırlayır. Onlar sonralar öyrənirlər ki, dilimizdə feil kökləri (de, ye, yu, oxu və s. sözlərindən başqa), əsasən, samitlə qurtarır. Saitlə qurtaran feillər düzəltmə fellərdir. Düzəltmə feillərlə əlaqədar qazanılmış vərdişlər isim, sifət və fel üçün eyniköklü sözlər üzrə iş aparmağa da imkan verir: göy - göyərti - göyərir; buz – buzlu – buzladı; su – sulu – suladı və s.

IV sinifdə şagirdlər mürəkkəb feillərlə tanış olurlar. Onlar başa düşdü, xoşuna gəldi, dil açdı, daxil oldu- kimi mürəkkəb felləri mətndən seçmək, cümlə içərisində işlətmək, müstəqil tapmaq, hər birini bir sözlə (anladı, xoşladı, danışdı, girdi) əvəz etmək üzrə çalışmaları yerinə yetirə bilirlər.

Uşaqlarda “Zaman” anlayışı hələ məktəbəqədər yaş dövründə formalaşırsa da, nitqində bu gün, dünən, srağagün, sabah, birigün sözlərini düzgün işlədirsə də, həmin anlayışa qrammatik don (fel, zaman, onun sualları, şəkilçiləri, şəxs sonluqları və s.) geydirildikdə şagird III - IV siniflərdə də səhvə yol verir. Ona görə də II sinifdə zaman anlayışını məhz onlara tanış olan vaxt anlayışı ilə nə edir? (indi, bu gün), nə etdi? (dünən, srağagün, keçən ay, keçən il), nə edəcək? (sabah, birigün, gələn ay, gələn il) başa salmaq asandır. Sonralar “dünən”, “srağagün” sözləri əsasında “keçmiş” sözünü, “sabah”, “birigün” sözlərinin əsasında “gələcək” sözünü başa salmaq çətinlik törətmir.

“Zaman” anlayışını vermək məqsədilə şagirdlər aydın görünən sadə hərəkətin təsvirindən ibarət şəkillər əsasında cümlələr qurur, onlar sual verməyi (nə edir? nə etdi? nə edəcək? nə olur? nə oldu? nə olacaq?) öyrənirlər. Beləliklə, praktik yolla hərəkət bildirən sözləri zamana görə dəyişirlər. Şagirdlər, həmçinin müşahidələrinə əsasən bilavasitə fiziki hərəkəti asanlıqla əşyanın hərəkətini bildirən söz kimi qəbul edirlər. Ona görə də ilkin çalışmalar məhz belə istiqamətdə aparılsa da, tədricən onların diqqətini başqa prosesə yönəltmək vacibdir. Müəllimin tələbi ilə şagirdlər “Havalar soyuqlaşdı.”, “Qar əridi.”, “Su buxarlandı.” kimi cümlələr üzərində müşahidə aparırlar. Belə hallarda bəzi şagirdlər “Qar nə etdi?” sualını qoyurlar. Müəllim onları başa salır ki, bu cümlələrdə qar və su heç bir şey etmir, əksinə hadisə onların başına gəlir, yəni qar əriyir, su da buxarlanır. Ona görə də nə edir? deyil, nə olur? sualı vermək lazımdır. Nə oldu?- əridi. Nə oldu?- buxarlandı. “Qar hər yeri ağ yorğana bürüdü.”, “Su özünə yol tapıb binanı uçurdu.” cümlələrinə nə etdi? sualını vermək olar.

II sinifdə feilin tədrisinin praktik istiqaməti onun daha çox nitq inkişafı vəzifələri ilə əlaqələndirilməsini tələb edir. Bu vəzifənin həyata keçirilməsi məqsədilə feilin zamanının dəyişdirilməsi üzərində müşahidələr maraqlıdır. Şagirdlər “Samirə qardaşına məktub yazır.” cümləsində yazır sözünü, yazdı, yazacaq sözləri ilə əvəz etdikdə, mənanın necə dəyişdiyini görür və müəyyən zamanda baş vermiş hadisənin təsvirindən ibarət hekayəni başqa zamanda nəql etməyi bacarırlar.

Bir əşyaya mənsub olan hərəkətlərin sadalanması da şagirdləri maraqlandırır. Belə çalışma üçün məsələn, xoruz, qatar, ağac, şagird və s. sözlər verilir. Şagirdlər yazırlar:

Xoruz - qanad çalır, banlayır, dimdikləyir, dənləyir, qaçır və s.

Dovşan- qaçır, qorxur, atılır, gözləyir və s.

Bir hərəkətin müxtəlif əşyalara aid edilməsi üzrə də çalışma yerinə yetirilir.

Üzür - gəmi, qayıq, bərə, taxta, adam, it, ördək və s.

Qalxır- adam, təyyarə, quş, su, qiymət və s.

Heyvanların çıxardıqları səsləri yazmağı tələb etmək lüğət ehtiyatının zənginləşdirilməsi baxımından qiymətlidir: it hürür, at kişnəyir, fınxırır, inək böyürür, qoyun mələyir, pələng nərildəyir, canavar ulayır, at kişnəyir, donuz xortudayır, xoruz banlayır və s. Hərəkəti artan sürətinə görə yazmaq tələb olunur: tərpənir- gedir- qaçır- şütüyür; gülümsünür- gülür- qəhqəhə çəkir və s.

Nitq inkişafı üzrə ən maraqlı çalışmalar leksik çalışmalardır. Çoxmənalılıq, sinonim, antonimlərə dair rəngarəng çalışmalar vermək mümkündür.

Sinonim fellərin ümumi və fərqli cəhətinin müəyyənləşdirilməsi şagirdlərdə sözün məna çalarlığına diqqət tərbiyə edir, ifadə edəcəyi fikirdən, məqsəddən asılı olaraq dəqiq məna verən söz işlətməyi öyrənir. Bununla yanaşı, müəllim şagirdlərə sözlərdən istifadə dairəsini başa salır: qaçdı ədəbi dildə hamı tərəfindən qəbul edildiyi halda, cırdı adi danışıq dilinə məxsusdur. Şagirdlər sözə diqqətlə yanaşmaq vərdişinə yiyələndikdə “işdən azad etdilər”, “işdən çıxardılar”, “işdən qovdular”; gülmək-hırıldamaq; danışmaq - söyləmək - çərənləmək - sayıqlamaq və s. kimi söz və ifadələrin işlədilmə yerini bilirlər.

II siniflərdə şagirdlər müəyyən hərəkəti bildirən söz birləşməsini bir sözlə əvəz etməyi də bacarmalıdırlar. Mahiyyəti başa düşdükdən sonra onlar rəqs edir, yola düşdü, başa saldı, tamaşa edir, qulaq asır kimi söz birləşmələrini asanlıqla müvafiq şəkildə oynayır, getdi, qurtardı, baxır, dinləyir sözləri ilə əvəz edirlər.

Dilimizin izahlı lüğətində atmaq sözünün onlarla məna çaları verilmişdir: daş atmaq, kitabı stolun üstünə atmaq, lövbəri dənizə atmaq, damın qarını atmaq, papirosu atmaq (tərgitmək), tüfəng atmaq, üstünə yorğan atmaq (örtmək), şerin bəndini atmaq (ixtisar etmək) və s. Belə məna çalarlığı diqqətimizdən yayınmamalıdır. Bunun əsasında şagirdlərə sinonim fellər üzrə də praktik çalışmalar vermək faydalıdır. Şagirdlər müəllimin yazı taxtasına yazdığı “Top qapının dirəyinə dəydi.”, “Bağda üzüm dəydi.”, “Gözümə tülkü dəydi.”, “Sözün mənə dəydi.” mətni üzərində müşahidə apararkən dəydi sözünün müxtəlif mənalarda işlənməsinə diqqət yetirirlər. Onlar həmin sözün birinci cümlədə toxundu mənasında, ikincidə yetişdi, üçüncüdə sataşdı, dördüncüdə isə təsir etdi mənasında işləndiyini öyrənirlər.

Aşağı siniflərdə səslənməsi etibarilə yaxın (paronim) fellərin işlədilməsinə diqqətlə yanaşılmalıdır. Çalışmaq lazımdır ki, şagirdlər süzür-üzür, açır-aşır, hərif-hərf, kofe-kafe kimi paronim sözləri öz mənalarında işlədə bilsinlər.

Felin “zaman”, “indiki zaman”, “keçmiş zaman”, “gələcək zaman” anlayışları III sinifdə verilir. Burada şagirdlər keçmiş və gələcək zamanın ən çox işlənən növləri (şühudi keşmiş, qəti gələcək) zaman şəkilçiləri ilə, nəhayət, felin qeyri-müəyyən forması ilə məsdərlə, zaman və məsdər şəkilçilərinin yazılışı ilə tanış olurlar. Şagirdlər -mış, -miş, -muş, -müş şəkilçilərini fel köklərinə düzgün qoşmağı (yanmış, ərimiş, düşmüş, qurumuş) bacarır, nə etmiş? nə olmuş? suallarına cavab olduğunu başa düşürlər. Onlar həm də öyrənirlər ki, gəldi dedikdə danışan öz gördüyünü, şahidi olduğunu xəbər verir, gəlmiş dedikdə isə müəyyən adamın gəldiyini kimdən isə eşitdiyini, yəni şahidliyin olmadığını bildirir.

Gələcək zamanın yeni forması ilə tanışlıq zamanı onun mənası da başa salınmalıdır. Şagirdlər bilməlidirlər ki, gələcək sözündə qətilik var. Söhbət kiminsə mütləq gələcəyindən gedir. Gələr dedikdə isə, belə qətilik yoxdur. Kimin isə gələcəyi haqqında fikir söylənilir, lakin güman var ki, gəlməyə də bilər. İndiki və gələcək zaman şəkilçiləri qoşulduğu sözlərin saitlə və ya samitlə qurtarmasından asılı olaraq dəyişir (-ır, -ir, -ur, -ür; -yır, -yir, -yur, -yür; -acaq, -əcək ; -yacaq, -yəcək).

I-III siniflərdə şagirdlər feilin keçilməsində zaman, şəxs anlayışlarını bilməmələrindən asılı olmayaraq nitq praktikasında felləri zamana və şəxsə görə dəyişə bilirlər. 3-cü sinifdə əvəzlik bir nitq hissəsi kimi öyrədilir və feillərin təsrifi üçün zəmin yaranır. Təsrif ilk dəfə sonu samit və saitlə bitən feillərin müqayisəli dəyişməsi əsasında, həm də qarşısında əvəzliyi qeyd etməklə getməlidir:

mən yazıram biz yazırıq

sən yazırsan siz yazırsınız

o yazır onlar yazırlar

Sonralar şəxs əvəzliklərini işlətməyə ehtiyac yoxdur. Şagirdlər şəxs sonluğunun məhz həmin əvəzlikləri bildirdiyini öyrənməlidirlər.

Şagirdlərin müstəqilliyini artırmaq, təsnifetmə və ümumiləşdirmə qabiliyyətini inkişaf etdirmək məqsədilə cədvəldən istifadə olunması məqsədəuyğundur.
Sayın tədrisi yolları

Bir nitq hissəsi olan sayla şagirdlər III sinifdə tanış olurlar. Onlar artıq öyrəniblər ki, isim varlığın adını, sifət isə onun əlamətini və keyfiyyətini bildirir. Lakin bəzən varlığın miqdarını, yəni nə qədər olduğunu və ya sırasını, yəni neçənci olduğunu göstərmək lazım gəlir. Varlığın sırasını və ya miqdarını bildirən nitq hissəsinə say deyilir. Məhz bu qayda üzərində işləyərək şagirdlərə saylar haqqında, onların rəqəmlə, sözlə yazılışı haqqında məlumat verilir. Şagirdlər sayın xüsusiyyətləri ilə tanış olduqdan sonra onu digər nitq hissələrindən fərqləndirməyə çalışırlar, həmçinin oxşar xüsusiyyətlərini söyləyirlər. Müəllim uşaqlara müxtəlif suallar verərək say haqqındakı məlumatları genişləndirir. Məsələn: Sinfinizdə neçə şagird var? İsaxan babanın neçə yaşı var? Ünalə neçənci sırada oturub? Divardan neçə portret asılıb? Siz neçənci sinifdə oxuyursunuz?

Və yaxud, uşaqlara tərcümeyi - hal yazdırmaq, bu zaman miqdar və sıra saylarından istifadə etməyi tapşırmaq olar.

Şagirdlərə miqdar saylarından sonra gələn isimlərin cəm şəkilçisi qəbul etməmələri haqqında məlumat verilir. Məsələn, “On şagirdlər” demək düz deyil, çünki miqdar saylarından sonra gələn isimlər cəmlənə bilməzlər. Daha sonra təqribi saylar, dəqiq saylar haqqında məlumat verilir, sayların sualları öyrədilir.

Say haqqında anlayışla şagirdlər III sinifdə tanış olurlar. Təcrübələr göstərir ki, bu işə sayın mənasının və başlıca qrammatik əlamətlərinin mənimsədilməsindən başlanması daha faydalıdır. Bu məqsədlə əvvəlcədən yazı lövhəsinə yazılmış: “Şagirdlər neçə? ağac, neçə? kol əkdilər.” “Qumrunun nə qədər? dəftəri, nə qədər? qələmi var?”,“Humay neçənci? sinifdə oxuyur?”. Şagirdlər onları oxuyaraq, sözlərin əvəzinə iki, beş, dörd, üç, altıncı sözlərini yazırlar.

Müəllim soruşur:

- Uşaqlar, sualların yerinə hansı rəqəmləri artırdınız?

- İki, beş, dörd, üç və altıncı rəqəmlərini.

- Bu rəqəmlər hansı suallara cavab olur?

- İki, beş, dörd, üç rəqəmləri neçə? altıncı rəqəmi isə neçənci? sualına cavab olur.

- Yaxşı, bəs birinci cümlədə iki və beş hansı sözlərə aiddir?

- İki rəqəmi “ağac”, beş rəqəmi isə “kol” sözünə.

- İkinci cümlədə dörd və üç rəqəmləri hansı sözlərə aiddir?

- Dörd rəqəmi “dəftər”, üç rəqəmi isə “qələm” sözünə.

- Bəs üçüncü cümlədə altıncı rəqəmi hansı sözə aiddir?

- Altıncı rəqəmi “sinif” sözünə.

- Yaxşı, neçə? nə qədər? suallarından birinə cavab olan iki rəqəmi “ağacın”, beş rəqəmi “kolun”, dörd rəqəmi “dəftərin”, üç rəqəmi isə “qələmin” nəyini bildirir?

- Miqdarını.

- Neçənci? sualına cavab olan altıncı rəqəmi “sinif” sözünün nəyini bildirir?

- Sırasını.

- Deyə bilərsinizmi, ağac, kol, dəftər, qələm, sinif - sözləri hansı nitq hissəsidir?

-İsimdir.

- Doğrudur. Uşaqlar, dilimizdə belə əşyalara aid olan rəqəmləri (iki, beş, dörd, üç, altıncı və s.) bundan sonra say adlandıracağıq. Saylar iki cür olur. Neçə? nə qədər? suallarına cavab olanlar əşyanın miqdarını bildirir. Neçənci? sualına cavab olanlar isə əşyanın sırasını. Say ismə aid olur.




Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə