Mühazirə 12. İbtidai siniflərdə morfologiyanın tədrisi metodikası



Yüklə 0,79 Mb.
səhifə8/9
tarix31.12.2021
ölçüsü0,79 Mb.
#82459
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
Mühazirə 12morfologiya

Miqdar sayları.

Say haqqında ümumi məlumat verilərkən şagirdlər miqdar saylarını, onların suallarını (neçə? nə qədər?) öyrənir, bunlarla əlaqədar müəyyən praktik işlər icra edirlər. Ona görə də miqdar saylarının tədrisi prosesində onun müəyyən və qeyri-müəyyən növləri, müəyyən miqdar sayları ilə isim arasında numerativ (tərəf, baş, dənə, cüt, ədəd və s.) sözlərin işlənməsi, müəyyən miqdar saylarından sonra isimlərin cəm şəkilçisi qəbul etməməsi üzərində ciddi şəkildə dayanmaq lazımdır.

Təcrübələr göstərir ki, ibtidai siniflərdə şagirdlər müəyyən miqdar saylarından sonra digər numerativ (nəfər, baş, dəst, ədəd, və s.) sözlərin qazandığı üslubi funksiyasını başa düşmədiklərindən yalnız “dənə” sözündən istifadə edirlər. Bu da nəticə etibarı ilə nitqdə məna və üslub pozğunluğunun yaranmasına səbəb olur. Odur ki, IV sinifdə praktik çalışmalarla məktəblilərə çatdırılır ki, numerativ sözləri necə gəldi işlətmək düzgün deyil. Onların hər birinin nitqdə öz yeri var. Belə ki, insan bildirən isimlərdən əvvəl yalnız “nəfər” (üç nəfər oğlan, dörd nəfər həkim və s.), ət və südündən istifadə edilən ev heyvanlarını bildirən isimlərdən əvvəl “baş” (iki baş inək), tək-tək sayılan cansız isimlərdən əvvəl isə “ədəd”, “dənə” sözlərindən biri (beş dənə qarpız, əlli ədəd yumurta) işlədilir. Belə numerativ (ədədi) saylardan sonra gələn isimlər isə heç vaxt cəm şəkilçisi qəbul etmirlər.

Bu da təkrar olunmaz həqiqətdir ki, lV sinif şagirdləri qeyri-müəyyən sayları bir qədər gec mənimsəyirlər.

Qabaqcıl müəllimlər müəyyən miqdar sayları və qeyri-müəyyən miqdar saylarını qarşı-qarşıya yazaraq (on uşaq-xeyli uşaq, altı baş qoyun-çoxlu qoyun, yüz nüsxə kitab-onlarla kitab və s.) şagirdlərə təqdim edir, onların ifadə etdikləri mənaları müqayisə və tutuşdurmaların köməyi ilə açırlar. Tədricən məktəblilər şüurlu şəkildə mənimsəyirlər ki, müəyyən miqdar sayları (on, altı, yüz) konkret əşyaları (isimləri), qeyri-müəyyən miqdar sayları (xeyli, çoxlu, onlarla, bir az) isə qeyri-müəyyən, yəni dəqiq olmayan kəmiyyəti ifadə edir. Müəyyən miqdar sayları iki suala - neçə? nə qədər? qeyri-müəyyən miqdar sayları isə yalnız nə qədər? sualına cavab olur.

Sıra sayları.

Sıra saylarının öyrədilməsi ilə əlaqədar yazı lövhəsinə “beşinci, onuncu, altıncı, yeddinci, qırxıncı, yüzüncü” və s. sözlər yazılır və şagirdlərdən tələb olunur ki, onları kök və şəkilçiyə ayırsınlar. Tapşırıq yerinə yetirilir. Müəllim izah edir :

- Uşaqlar, ayırdığınız -ncı, -nci, -ıncı, -inci, -uncu, -üncü şəkilçiləri sıra saylarının şəkilçiləridir.

Bundan sonra həmin şəkilçilərin köməyi ilə məktəblilər miqdar saylarından sıra saylarının düzəldilməsi üzrə praktik çalışmaları yerinə yetirirlər.

Miqdar və sıra saylarının yazılışı. lV siniflərdə miqdar və sıra saylarının yazılışı ilə əlaqədar şagirdlərə praktik bilik və bacarıqlar da verilir. Miqdar sayları üzrə işi müxtəlif tipli çalışmalarla həyata keçirmək mümkündür: rabitəli mətndən miqdar saylarının seçilməsi; beş, on iki, yüz, on səkkiz və s. miqdar saylarının cümlədə işlədilməsi; “Qatar saat 12... stansiyaya daxil oldu”, “Mağazada tənəffüs saat 2...3... kimidir” və s. Cümlələrdə nöqtələrin əvəzinə uyğun gələn şəkilçilərin artırılması və şəkilçidən əvvəl defis işarəsinin qoyulması; “Səkkiz mart”, “İyirmi səkkiz may” ifadələrində sayların rəqəmlə; 42, 109, 187 və s. rəqəmlərin isə sözlə yazılması və s.

Sıra saylarının yazılışını şüurlu şəkildə mənimsətmək üçün sinfə belə bir çalışma təqdim edilir: Altıncı- 6-cı, birinci- 1-ci, onuncu- 10-cu, üçüncü - 3-cü və s. Şagirdlər qarşı-qarşıya yazılmış sıra saylarını tutuşdurur, onlar arasında heç bir məna fərqi olmadığını öyrənir və belə nəticəyə gəlirlər ki, sıra saylarını iki şəkildə yazmaq mümkündür. Sıra sayları sözlərlə yazıldıqda -ıcı, -ici, -ucu, -ücü, -ıncı, -inci, -uncu, -üncü şəkilçilərini bütöv qəbul edir. Rəqəmlə yazıldıqda isə saydan sonra defis (-) işarəsi qoyulur, onlara -cı, -ci, -cu, -cü şəkilçilərindən uyğun gələni artırılır. Məktəblilərə praktik şəkildə çatdırılır ki, iki və daha artıq sözdən ibarət olan sıra sayları ayrı yazılır. On dördüncü, yüz otuz altıncı və s.




İŞ VƏRƏQİ :

İş vərəqində verilmiş mətndəki boşluqları doldurun.

Miqdar və sıra saylarının ədədlərlə ifadəsindən istifadə edin:

Mən..........(ad, soyad)..........(təvəllüd, il, ay, gün) anadan olmuşam. ..................-cı ildə..........№-li məktəbin.........sinfinə daxil olmuşam. İndi.......sinifdə oxuyuram.

Bizim sinif.........№-li otaqda dərs keçir. Otağımız məktəbin......mərtəbəsindədir.

Sinfimizdə........şagird var. Onlardan.......qız, ........oğlandır.





Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə