vahidə birə konsentrasiya olunursa, ikinci pillədə Oğuz xanın oğlanlarının səviyyəsində ikiləşir – dual sistemə çevrilir.
Yay və üç ox oğuz dünya modelinin duallaşmasının semiotik universumları kimi çıxış edir. Yayın üç yerə parçalanması ilə oğuz dünya modelinin simvolik-semiotik harmoniyası təmin edilir: 6 yay-ox = 6 oğlan.
Oğuz xalqının hamısının iştirakı ilə keçirilən ritualda “ovda əldə edilmiş ətin” mütləq element kimi iştirakı ov ətini xüsusi semiotik vahidə çevirir. Oğuzun bir bütöv olaraq iştirak etdiyi mətndə dadılan ov ətləri, şübhəsiz ki, təyinatı baxımından ritual xarakterlidir. Rituala bağlılıq həmin ov heyvanlarını oğuz dünya modeli ilə əlaqəli işarə vahidləri (totem klassifikatorlar) kimi bərpa etməyə imkan verir. Çünki ritual kosmoqonik yaradılışı təcəssüm etdirən işarələr sistemidir və ona aid olan hər bir element, o cümlədən ov ətləri oğuz dünya modelini öz səviyyəsində universumlaşdıran işarə vahidləridir.
Təqdim olunmuş informasiya bütövündə ovlanmış heyvanların adları çəkilməsə də, onları digər etnokosmik ritualların verdiyi informasiya əsasında bərpa etmək mümkündür. Belə ki, eyni məna sütununda duran rituallar bir-birinin fərqli diaxron paradiqmaları və sinxron əvəzediciləridir. Onların yanaşı (sinxron) düzümünü dünya modelinin müxtəlif qatlarından reallaşma imkanları müəyyənləşdirir. Ona görə də dünya modelinin bir qatında gördüyümüz semiotik işarənin o biri qatda kosmik əvəzedicilərini görə bilərik. Bu baxımdan, şərti olaraq “ov törəni” adlandırdığımız toy ritualındakı ov heyvanlarının adlarını bu ritualla eyni semantik sütunda dayanan (və həm də “Şəcəreyi-tərakimə”də bu ritualın ardı ilə gələn) başqa ritualdan bərpa etmək mümkündür.
Oğuz dünya modelinin bərpası baxımından nəzərdən keçirdiyimiz bu təsviri “ov” ritualından başqa, yuxarıda qeyd etdiyimiz kimi, iki ritual diqqəti cəlb edir. Onlardan dünya modelinin struktur səviyyələri və onları təşkil edən elementlər haqqında daha zəngin bilgilər əldə edə bilirik.
Birinci təsviri ritual birbaşa Oğuz xana aid olub, onun ömrünün sonunda icra olunur. Oğuz xan dünyanı fəth etdikdən sonra yurduna dönür və ulu toy keçirir:
“[Oğuz xan]: “Mən öz uşaqlarım və xalqımla sağ-salamat [öz yurduma] gəldim”, dedi və böyük toy üçün lazımi hazırlıq görməsini buyurdu, bir də bütün ağac hissələri qızılla örtülmüş və yaqut, ləl, zümrüd, firuzə və mirvari ilə bəzədilmiş böyük alaçıq (x a r g a h) qurulmasını əmr etdi. Həmin alaçığın (öy) tərifi üçün bu şeir qoşulmuşdu:
Bir ev tikdi qızıldan o hökmdar,
Ki o ev göy qübbəsinin qabağını kəsdi.
[Oğuz xan] on min qoyun və doqquz yüz at kəsilməsini tapşırdı. Y ı f t d a n doxsan doqquz h o v u z düzəldilməsini əmr etdi, tapşırdı ki, onlardan doqquzunu a r a k a ilə, doxsanını qımızla doldursunlar. Bütün nökərlərini çağırdı. Özünün altı oğlanlarına çoxlu xeyirli məsləhətlər verdi, bəylərə isə nəsihət verib, ölkələr (y u r t), şəhərlər, həm də hədiyyələr bağışladı...
... Sonra o, döyüşlərdə, yürüşlərdə və işlərdəki xidmətlərinə görə bütün nökərlərinə şəhərlər, sərhədlər, kəndlər və hədiyyələr verdi. Öz oğlanlarına isə dedi: “Siz üç böyüklər qızıl yayı tapıb gətirdiniz və sındıraraq öz aranızda payladınız, B u z u k adlanacaqsınız. Sizdən olacaq törəmələr də qoy qiyamətə qədər buzuk adlansınlar. Üç oxu gətirən üç kiçik oğlanlar və onlardan törəyənlər bu gündən dünyanın sonuna qədər qoy U ç u k adlansınlar. Sizin tapıb gətirdiyiniz yay və oxlar insanlardan deyil, Tanrıdan idilər. Bizdən öncə yaşayan adamlar yayı hökmdar, oxları isə elçi sandılar. Ona görə ki, yay oxu hara tuşlasa, ox ora uçar. İndi mən öləndən sonra qoy mənim taxt-tacımda Gün xan otursun. Ondan sonra xalq qoy buzukların törəmələrindən [ən çox] qabiliyyəti olanı hökmdar etsin; qoy dünyanın sonuna qədər buzuklardan ən yaxşıları hökmdar olsunlar. Onlardan başqaları qoy sağda otursunlar, uçuklar isə solda. Qoy onlar evin sol tərəfinə otursunlar və qoy dünyanın sonuna qədər nökər vəziyyətləri ilə kifayətlənsinlər.
[Oğuz xan] yüz on altı il padşahlıq etdi və [sonra] Tanrı dərgahına getdi” (Əbülqazi 2002: 64-65).
İndi isə təsvir olunmuş ritualı daha çox sintaqmatik vahidlərin düzüm ardıcıllığı boyunca nəzərdən keçirək:
Mətndən aydın olduğu kimi Oğuz xanın bilavasitə özünün başçılığı ilə keçirilən bu mərasim “janr” strukturuna görə toydur;
“Janrdaxili” təsnifata görə ulu toydur;
Mövzu və məzmununa görə siyasi-kosmoqonik ritualdır: burada oğuz kosmosunun Oğuzdansonrakı dövrünün siyasi-ictimai strukturu və funksionallaşma prinsipləri müəyyənləşdirilir;
Funksional tipinə görə inisiasiya (ölüb-dirilmə) ritualıdır: bu mərasimdə Oğuzun oğlanları oğuz kosmosunun tamhüquqlu struktur vahidlərinə çevrilirlər;
İnisiasiya ritualının V.Ternerin müəyyənləşdirdiyi “statusartırma” və “statusdəyişdirmə” struktur tipləri (Тернер 1983: 232) baxımından statusartırma ritualıdır: burada Oğuzun oğlanları bir sosial-siyasi statusdan o birisinə keçirlər [statusdəyişmədə isə sosial-siyasi rol və mövqelər mərasim müddətində dəyişdirilir və mərasimin sonunda subyektlər əvvəlki statuslarına qayıdırlar] (Тернер 1983: 232).
Ulu toy Oğuz xanın özü tərəfindən oğuz kosmosunun (dünyasının) ondan sonrakı dövrünün strukturunun müəyyənləşdirilməsi və kosmik harmoniyanın təmin edilməsi üçün keçirilmiş mərasimdir.
Mərasimdə Oğuz xan öz semiotik strukturuna görə oğuz kosmosunu modelləşdirir. O, kosmosun konsentrasiya mərkəzidir.
Oğuz xanın mərasimdə qurdurduğu böyük alaçıq (Əbülqazinin çağatay türkcəsilə yazdığı bu əsərdə həmin alaçıq farsca “xargah”, türkcə “öy” adlandırılır) oğuz məkan-zaman kontinuumunu obrazlaşdıran kosmik dünya modelidir.
Oğuzun oğlanları oğuz kosmosunu təbiəti, cəmiyyəti və zamanı simvollaşdıran işarə vahidləri kimi həmin alaçıq-modeldə düzülərək oğuz dünya modelinin daxili struktur sistemini təşkil edirlər.
Mərasimdə Oğuz xan oğuz kosmosunun nominativ modelini qurur: üç böyük oğlanı buzuklar, üç kiçik oğlanı uçuklar adlandırır. Oğlanların simasında dual prinsip əsasında bölünərək təşkil olunmuş yenidən qurulmuş oğuz kosmosu nominativ səviyyədə strukturlaşdırılır: ikiyə bölünmüş vahidin hissələrinə ad verilməsi kosmik harmoniyanın nominativ səviyyədə təmin olunması deməkdir.
Buzuklar sakral səviyyədə üç hissəyə bölünmüş yay, uçuklar üç ox semiotik vahidlərinin simasında universumlaşdırılır. Bu halda yay və ox döyüş-hakimiyyət simvolikasının mühüm elementləri olmaqla, eyni zamanda, oğuz kosmosunun dual strukturunu özlərində universumlaşdıran, konsentrasiya edən model elementləridir.
Oğuzun ritualdakı yay və oxların Tanrı mənşəli olmasını elan etməsi həmin müqəddəs əşyaların sahiblərinə çevrilmiş Oğuzun oğlanlarını sakrallaşdırır və eyni zamanda sakral siyasi kultun daşıyıcılarına çevirir: Oğuz xanın öz varlığında konsentrasiya olunmuş siyasi və sakral hakimiyyət oğlanlarına ötürülür.
Oğuz kosmosunun dual strukturunun yay və ox semantemlərinin simasında sakrallaşdırılması Oğuzdansonrakı etnokosmosa verilmiş düzümün sakrallığını təmin edir. Bu, strukturun profan səviyyəsinin sakral səviyyənin paradiqmatik törəməsi təkrarı olması sxemi əsasında “işləyən” (funksionallaşan) oğuz düşüncəsində buzuk-uçuk ierarxik düzümünün sakral kosmik harmoniya kimi qavranılmasını təmin edirdi.
Oxların (uçukların) yayın (buzukların) siyasi üstünlüyünü qəbul etməsi oğuz etnokosmosunun funksionallaşma (hərəkət) sxemi olaraq qəbul edilir. Bu, eyni zamanda, oğuz kosmosunun şaquli məkan sxemi əsasında təşkil olunması deməkdir.
Oğuz kosmosunu modelləşdirən alaçıqda (öy-evdə) buzukların sağda, uçukların solda oturdulması oğuz kosmosunun üfüqi məkan sxemi əsasında təşkil olunması deməkdir.
Oğuz xanın oğuz kosmosunun struktur vahidlərini təmsil edən oğlanlarının düzümünü dünyanın sonuna Qiyamət gününə qədər davam edəcəyi haqqında hökm verməsi oğuz kosmosunun, eyni zamanda, həm də zaman (temporal) sxemi əsasında təşkil olunması deməkdir. Bu halda Oğuz xan kosmoqonik başlanğıcı, Qiyamət günü esxatoloji sonluğu bildirir. Ancaq Oğuzdansonrakı mərhələnin pillənin onun oğlanlarının hər hansı birinin adı ilə, yaxud başqa bir adla yox, yenə də məhz “Oğuz” etnokosmik işarəsi ilə adlanması kosmoqonik başlanğıcdan esxatoloji sonluğa qədər olan zamanı düzxətli yox, qapalı dövrə kimi bərpa etməyə imkan verir. “Oğuz” etnokosmik strukturu hər pilləni yenidən təşkil etməklə struktur paradiqmalarının yeni səviyyələrini yaratmaqda davam edir. Bu, kosmik kontinuumun Din (islam) modelində Mif (oğuz-türk mifologiyası) modelinin öz arxetipik funksionallığını saxlaması deməkdir.
Beləliklə, bu törən (mərasim ritual) bizə oğuz ritual-mifoloji dünya modelinin təsvir kodlarını və kosmoqonik struktur vahidlərini aşağıdakı kimi bərpa etməyə imkan verir:
Nominativ kod: Buzuklar ------------- Uçuklar
Sakral kod: Yay -------------------- Ox
Relyef kodu: Günçıxan ------------- Günbatan
Üfüqi məkan kodu: Sağ -------------------- Sol
Şaquli məkan kodu: Yuxarı --------------- Aşağı
Siyasi struktur kodu: Hökmdar ------------- Nökər
İctimai-ierarxik kod: Tabe edən ------------ Tabe olan
Zaman kodu: Əvvəlincilər ---------- Sonrakılar
Oğuzun icra etdiyi bu ulu toy törəni ilə onun bu rituala qədər icra etdiyi ov törəni, əslində, bir ritual, daha doğrusu, bir ritualın tərkib hissələridir. Ritual-mifoloji düşüncə kodunun zaman-zaman epik koda transformasiyası vahid bir ritualın tərkib hissələrini (funksional struktur mərhələlərini) epik hərəkətin müstəqil süjet vahidlərinə hərəkət bloklarına çevirmişdir.
Oğuz ritual-mifoloji dünya modelinin strukturunu Oğuz xandan sonra onun oğlu (paradiqması) Gün xanın keçirdiyi, Qurultay adlanan və zaman müddəti 40 gün çəkən təsviri ritualdan daha dərin semantik səviyyədə bərpa etmək mümkün olur.
Bu törənin keçirilməsi ritualın universal funksional strukturunu bir daha təsdiq edir. Kosmoloji çağda rituallar “struktur pozulmalarını xaosu” aradan qaldırmaq, “etnokosmik harmoniyanı kosmosu” bərpa etmək üçün vasitədir. Oğuzdansonrakı çağda onun törəmələrinin artıb-çoxalması mövcud etnokosmik harmoniyanın pozulması təhlükəsini yaradır. Struktur-Tarix (Törə-Gerçəklik) münasibətlər modelində balans pozulur və oğuz kosmosunun profan strukturu sakral ülgülərdən qırağa çıxmağa başlayır. Bu konfliktdir və kosmoloji çağ toplumunda konfliktin həllolunma vasitəsi ritualdır.
“Şəcəreyi-tərakimə”də Konflikt-Ritual ardıcıllıq sxemi təsviri şəkildə qorunduğu üçün onu bərpaya ehtiyac qalmır:
“Oğuz xanın adı verdiyi tayfanın (c a m a a t) ağsaqqalı və başçısının Erkil-xoca adlı oğlu var idi. Oğuz xan atasının taxtına oturandan ölənə qədər onun vəziri həmin [Erkil-xoca] idi. O, ağıllı, məlumatlı və çox bilikli adam idi. Gün xan da onu [özünə] vəzir etdi və ölənə qədər onun sözü ilə hərəkət etdi. Erkil xoca uzun ömür sürdü. Günlərin bir günü, xan tək olarkən, [Erkil-xoca] ona dedi: “Sənin atan yüz on altı il ərzində yayın istisində kölgədə oturmadı, qışın soyuğunda isə evdə oturmadı. O, qılınc gücünə çoxlu ölkələr aldı və onları siz altı qardaşlara qoyub getdi. Əgər siz altınız və sizdən törəyəcəklər hamınız dilbir olsanız, onda uzun illər və çox günlər o ölkələr sizin əlinizdən çıxmaz. Yox, əgər siz dilbir olmasanız, onda fəth etdiyiniz ölkələr də (o l c a y u r t) gedəcək, sizin ata-baba yurdunuz da (b a y ı r ı y u r t) gedəcək, qənimət də, sizin həyatınız da gedəcək”.
Gün xan dedi: “Siz mənim atama məsləhət vermisiniz, indi mənə ata əvəzisiniz, siz mənim atamsınız və mən o işləri edəcəyəm ki, onu siz bəyənirsiniz”.
Erkil-xoca dedi: “Oğuz xandan çox ölkələr, şəhərlər, ellər, canlı və cansız qənimət qaldı. Sizin altı oğulun hər birinizin dörd oğlu var, sizin altınızdan başqa cəmi iyirmi dörd şahzadədir (p a d i ş a h z a d ə); qorxum ondandır ki, dünya malına görə dilbirliyi itirəsiniz”.
Gün xan Erkil-xocanın sözlərinə fikir verdi və böyük qurultay çağırdı. Bütün xalq, yaxşıları və pisləri, [hamı] yığılanda, kiçiklərə az, böyüklərə böyük pay [verərək], Oğuz xandan sonra qalan vilayətləri, elləri, bütün canlı və cansız qəniməti adı çəkilən otuz şahzadəyə payladı. Bu iyirmi dörd oğlan qanuni arvadlardan idilər; onlardan başqa, kənizlərdən (k o m a) də çoxlu oğlanlar var idi. Onlara da mövqelərinə görə bəzi şeylər verdilər.
Sonra o, düzəldilməsini [hələ] Oğuz xanın əmr etdiyi qızıl alaçığı qurmağı tapşırdı. Əmr etdi ki, sağ tərəfdə altı ağ çadır (ü r g ə) və sol tərəfdə də altı ağ çadır qursunlar. Yenə də sağ tərəfə qırx q u l a ç şüvül qurmağı tapşırdı və əmr etdi ki, uclarına qızıl toyuq bərkitsinlər. Yenə də sol tərəfdə qırx qulaç şüvül qurmağı buyurdu və əmr etdi ki, uclarına gümüş toyuq bərkitsinlər. Xanın əmrinə görə, atla şütüyərək, buzuklar nökərləri ilə qızıl toyuğa ox atdılar, uçuklar [isə] nökərləri ilə gümüş toyuğa ox atdılar. Toyuğu vura bilənlərə çoxlu hədiyyələr verdi. Gün xan atası etdiyi kimi edərək, doqquz yüz at və doqquz min qoyun kəsilməsini buyurdu; yuftdan olan doqquz hovuzu araka ilə doldurmağı əmr etdi, yuftdan olan doxsan hovuzu isə qımızla doldurmağı buyurdu. Onlar qırx gün, [qırx] gecə yeyib-içdilər” (Əbülqazi 2002: 65-66).
40 günlük mərasimin bura qədər təsvir edilmiş hissəsi, əslində, ritualda öz təcəssümünü tapmış kosmoqonik dünya modelinin məkan-zaman strukturunu (kontinuumu) təqdim edir. Başqa sözlə, bu, kosmosun dəyişməz strukturudur: Oğuz xandan qalma sakral kosmoloji modeldir. Bunun başqa adı Oğuz törəsidir. Bu baxımdan, burada hələ heç bir ritual hərəkəti yoxdur. Başqa cür desək bura qədər ritualın dekorasiyasıdır: törəni təqdim edən dünya modeli kosmik məkan-zaman sxemidir. Bir azdan oğuz toplumu ritualdan keçəcək və oğuz dünya modelinin ideal kosmik strukturuna uyğun olaraq düzüləcək, başqa sözlə, hərə məhz ona məxsus olan yerdə duracaqdır. Bununla toplumun mövcud düzümündə Oğuzdansonrakı çağ üçün yaranmış disharmoniya kəmiyyət artımı və buna uyğun olaraq siyasi, sosial, hərbi, maddi, mənəvi və s. dəyərlərin bölüşdürülməsi ilə bağlı nizamsızlıq aradan qaldırılacaqdır.
Demək, ritualın buraqədərki mərhələsi ritualın (dünya modelinin) hərəkətini (funksiyasını) yox, strukturunu sakral kosmoloji düzüm sxemini (invariantı) təqdim edir. Ona diqqət edilməsi oğuz ritual-mifoloji dünya modelinin strukturunu daha dərin işarələr səviyyəsində bərpa etməyə imkan verir:
Gün xanın keçirdiyi törən “janr” strukturuna görə qurultaydır.
Qurultayın semantik mərkəzində Gün xan dayanır. Bu halda o, Oğuz xanın diaxron paradiqması olsa da, onun tam kosmik ekvivalenti kimi çıxış etmir. Oğuzun kosmoqonik funksiyası Gün xanla Erkil xocanın arasında bölünmüşdür.
Oğuz xanın zamanında sakral sfera ilə ünsiyyəti (mediasiyanı) o özü həyata keçirir (Qeyd edək ki, “Oğuznamə”nin versiyasında mediasiya invariantının daşıyıcısı olan Boz qurdu “Şəcəreyi-tərakimə”də birbaşa görmürük. Bu halda Erkil-xoca Boz qurdun paradiqması kimi də çıxış edir.). Belə ki, Oğuz obrazında sakral (qam-şaman) funksiya ilə siyasi funksiya (xan) qovuşuqdur (KDQ-dəki Qam-Ğan semantemini yada salaq). O, insanlarla ilahi sfera arasında ünsiyyəti həyata keçirən mediatordur. Gün xanın zamanında Oğuzun mediator funksiyası artıq Erkil xocadadır. Bu baxımdan, Erkil xoca funksional tipinə görə KDQ-də qeybdən (ilahi aləmdən) xəbər verən Dədə Qorqudla eyni paradiqmatik sırada durur [Heç təsadüfi deyildir ki, Əbdülqadir İnan “Oğuznamə”lərdəki Irkıl Ata obrazının adındakı Irkıl sözünün yakutlarda “qam” (şaman) mənasında olduğunu göstərmişdir (İnan 1998: 196-197)].
Gün xanın atasının vəziri olmuş, indi də onun öz vəziri olan Erkil-xocanı “ata əvəzi” “mənim atam” adlandırması da Erkil xocanın Oğuz xanın sakral funksiyasının paradiqmatik daşıyıcısı olduğunu göstərir.
Bir ritual olaraq qurultayın keçirilməsini şərtləndirən motivlər klassik ritual sxemini yalnız təsdiq edir: Oğuzdan sonra onun törəmələri artıb-çoxalmış və bu kəmiyyət çoxluğunun ehtiyaclarının nizamlanmasına tələbat yaranmışdır. Başqa sözlə, Oğuzdan sonra oğuz kosmosunun yenidən düzülməsi zərurəti ortaya çıxmışdır. Həmin düzümün vasitəsi və mexanizmi olaraq, gördüyümüz kimi, qurultay ritualı çıxış edir.
Bu qurultay funksional tipinə görə inisiasiyadır: oğuzlar burada əvvəlki statusunda “öləcək”, yeni statusda “diriləcəklər”.
Mövzu təyinatına görə siyasi-kosmoqonik ritualdır: burada oğuzun mövcud pilləsinin siyasi-ictimai strukturu yenidən sistemləşdirilir.
Semantik strukturuna görə etnokosmik özünüdəyərləndirmə və özünütəşkiletmə ritualıdır.
Ritualın arxetipik strukturu və arxisemantik sxemini teokosmik sinergetizm təşkil edir.
Qurultayda Gün xanın “düzəldilməsini [hələ] Oğuz xanın əmr etdiyi qızıl alaçığı” qurdurması oğuzların kosmoqonik özünüdəyərləndirmə və özünütəşkiletmə törəninin (qurultayın) “Oğuz” kosmoqonik modeli əsasında aparıldığını göstərir.
Qızıl alaçıq dünya modeli kimi semiotik struktura malikdir: bir tərəfdən kosmik kontinuumun mərkəzini və bununla oğuzdakı, istisnasız olaraq, bütün dəyərlərin sakral mərkəzə konsentrasiya olunduğunu simvollaşdırırsa, o biri tərəfdən birbaşa “Oğuz xan” semiotik struktur sxemini kosmoantropoloji model olaraq işarələndirir.
Qızıl alaçığın sağında və solunda “6 - 6” sxemi üzrə qurulan çadırlar bir tərəfdən qızıl alaçıq invariantının strukturunu öz səviyyələrində təkrarlayan sinxron paradiqmalar, o biri tərəfdən kosmoqoniyanın Oğuzdansonrakı pilləsini (strukturunu) işarələndirən diaxron törəmələr paradiqmalardır. Çadırlar başqa bir tərəfdən dünyanın üfüqi strukturunu işarələndirir.
Gün xanın sağ və sol tərəflərdə “1 – 1” sxemi üzrə qurdurduğu 40 qulaç uzunluğunda olan şüvüllər yerə basdırılmış ağaclardır. Bu şüvüllər dünyanın kosmoqonik strukturunun şaquli sxemini işarələndirir. Şüvül burada dünyanın ritualda öz təcəssümünü tapmış kosmik modelinin tərkib vahidi olsa da, strukturu baxımından semiotik universumdur. Başqa sözlə, şüvül dünya modelinin çoxsaylı və əsas paradiqmalarından olan “dünya ağacını” işarələndirir.
Şüvül dünya ağacı (modeli) kimi kosmoloji strukturuna görə məkanın şaquli düzümünü və zamanı “üçlük” universumu üzrə modelləşdirir:
a) Şüvüldə zaman “3” universumuna uyğun olaraq Keçmiş İndi Gələcək vahidlərinin eyni zamanda diaxron və sinxron düzümü kimi təşkil olunur.
b) Şüvüldə şaquli məkan “3” universumuna uyğun olaraq Göy Yerüstü Yeraltı vahidlərinin sinxron-diaxron düzümü kimi təşkil olunur. Şüvül qollu-budaqlı dünya ağacının variant-paradiqmasıdır və bu mənada, dünyanın üfüqi strukturu (4 tərəfi) onda birbaşa olaraq işarələnməmişdir.
Şüvülün uzunluğunu bildirən “40” universumu semiotik vahid kimi məkan və zaman qatlarını eyni zamanda ifadə edir:
a) “40” universumu məkan vahidi olaraq şüvülün uzunluğunda işarələnmiş şaquli məkanın 40 hissəsini bildirir.
b) “40” universumu zaman vahidi olaraq şüvülün uzunluq ölçüsündə işarələnmiş ritual zamanının 40 günlük müddətini bildirir.
c) “40” unviversumu “Oğuz” kosmosunun məkan və zaman baxımından özünü yenidən təşkiletməsinin tamlıq universumu olaraq çıxış edir: şaquli strukturuna görə 40 vahiddən ibarət olan “Oğuz” kosmik vahidi 40 gün ərzində yenidən təşkil olunub başa çatır.
Şüvülün yerin altına basdırılmış hissəsi Yeraltını, gövdəsi Yerüstünü, təpəsi Göyü bildirir.
Şüvülün təpəsində işarələnmiş Göy qatı xüsusi semiotik predmetlə toyuqla simvollaşdırılmışdır.
Toyuq zooelement (quş) olmaqla qanadlı, uça bilən heyvan kimi astrosferadır.
Mərasimdə kəsilən at və qoyunlar bu halda Yerüstünü (şüvülün “mətnində” gövdəni) simvollaşdırırlar.
Toyuq, at və qoyun oğuz kosmosunun zooloji kodla (dillə) təsvirinin semantemləridir. Başqa sözlə, təsvir dilinin “leksik” vahidləridir; sintaqmatika həmin “leksemlərin” teoinformativ sxem üzrə funksionallığında aşkarlana bilir.
Ritualın (qurultayın) mətnində Yeraltının zooloji kodla təsvirinin semantemi görünmür. Mifoloji-kosmoqonik məntiqə uyğun olaraq bu, xtonik səciyyəli heyvanlardan biri olmalıdır. Ritualın epikləşməsi onun vacib struktur elementinin süjetaltına enməsinə səbəb olur. Bu baxımdan, Yeraltının təsvir semantemi bütün hallarda var. Ancaq indiki halda süjetüstündə deyil. Ümumiyyətlə isə, Yeraltı zoovahidi, ritual-mifoloji düşüncənin struktur məntiqinə görə, süjetüstündə mövcud olan zoovahidlərin hansınınsa ambivalentliyində [ambivalentlik iki əks semantemin bir obrazda təcəssümüdür. Məsələn, KDQ oğuz inisiasiya rituallarında qırmızı rəng, yaxud onunla işarələnən qadın obrazı eyni zamanda həm həyatı, həm də ölümü bildirir (bax: Rzasoy 1999)] axtarmaq lazımdır.
Oğuz kosmosu dual-proporsional struktur sxemi üzrə balanslaşdırılır: dünya modelinin bütün elementləri kod, sütun və qatlar üzrə tənasübləşdirilir (onların mütənasib modeli qurulur).
Buzukların qızıl toyuğa, uçukların uyğun olaraq gümüş toyuğa ox atmaları “ov törəni” semantemini bərpa etməyə imkan verir.
Gün xanın keçirdiyi ritualda buzukların qızıl toyuğu, uçukların gümüş toyuğu ovlamaları vaxtilə Oğuz xanın keçirdiyi “ov törənində” buzukların qızıl yayı, uçukların gümüş oxları tapması elə eyni semantik dəyər daşıyır. Bu halda qızıl yayla qızıl toyuğun, gümüş oxlarla gümüş toyuğun daşıdığı sakral semantika eynidir. Hər ikisi sakral mənşəli siyasi-inzibati dəyərin əldə edilməsini nəzərdə tutur. Və “əldə etmə” davamlı struktur sxemi olan “ov etmə” şəklində özünün ritual təcəssümünü tapır.
İndi isə qurultayın sakral kosmoqonik strukturunun cədvəlinə diqqət edək:
M Ə R K Ə Z
(Qızıl alaçıq)
Sol ------------------------------------------------- Sağ
Uçuklar ------------------------------------------ Buzuklar
6 ağ çadır ---------------------------------------- 6 ağ çadır
Şüvül --------------------------------------------- Şüvül
Gümüş toyuq ------------------------------------ Qızıl toyuq
Bu, qurultayda oğuz kosmosunun məkan-zaman strukturunu işarələndirən elementlərin düzüm sxemidir.
“Şəcəreyi-tərakimə”də Əbülqazi Gün xanın keçirdiyi qurultayın kosmoqonik strukturunu təsvir etdikdən sonra «Oğuz xanın oğullarının və nəvələrinin adları haqqında» başlığı altında sistemli məlumat təqdim edir: “Qoy indi onlar yeyib-içsinlər, biz isə Oğuz xanın nəslindən (ə t ə k) törəyənlərin adları haqqında söhbət açaq” (Əbülqazi 2002: 67). Bundan sonra o, sistemli şəkildə (ardıcıllıqla) əcdad Oğuzun hər bir oğlunun, hər oğuldan olan dörd uşağın (əcdad Oğuzun iyirmi dörd nəvəsinin), daha sonra bu altı oğulun kənizlərdən olan uşaqlarının adları haqqında məlumat verir.
Bu məlumat ilk baxışdan tarixi bilgidir: “Şəcəreyi-tərakimə” öz çağının tarix statusunda olan əsəridir və bu mənada, onda verilmiş bütün məlumatlar informasiyanın tarix kodu ilə təqdimidir. Ancaq unutmaq olmaz ki, Əbülqazinin oğuz-türkmənlərin tarixi ilə bağlı verdiyi məlumatlar, eyni zamanda, etnokosmik informasiyalar əsatiri-dini şəcərə bilgiləridir. Bu halda onun tərəfindən təqdim olunmuş məlumatlar, Əbülqazinin bunu nə qədər dərk edib-etmədiyindən heç bir halda asılı olmayaraq, strukturu baxımından ritual-mifoloji mənşəlidir. Başqa sözlə, mif və ritual bu “tarixi” məlumatların həm məzmununu, həm də mənşəyini təşkil edir. Ona görə də Əbülqazinin verdiyi “tarixi” bilgilər ritual-mifoloji “tarixin” orta çağ tarixinə transformasiyasıdır. Bu halda həmin bilgilərin üzündəki “tarixilik” pərdəsini qaldırıb, altındakı ritual-mifoloji dünya modelini asanlıqla bərpa etmək mümkündür.
Burada bir məsələni də təkrarən yada salıb, ona yenidən diqqət vermək lazım gəlir. Əbülqazinin “Şəcəreyi-tərakimə” əsərinin funksional semantikası kosmoloji çağın etnokosmik rituallarının semantikası ilə üst-üstə düşür: ritual kosmoloji dönəmdə etnokosmik konfliktlərin həlli vasitəsi olaraq çıxış etdiyi kimi, “Şəcəreyi-tərakimə” də oğuz-türkmən cəmiyyətində ritualın tarixən yerinə yetirdiyi funksiyanı gerçəkləşdirir. Bu halda “Şəcəreyi-tərakimə” kosmoloji çağ ritualının tarixi çağdakı “yazı” (kitab) ritualı (kosmoqonik əvəzedicisi) kimi çıxış edir. Bu da öz növbəsində Əbülqazi təhkiyəsinin strukturuna diqqət verməyi tələb edir. Əbülqazinin “tarix” təhkiyəsi ənənəyə söykənir. Həmin ənənə öz arxetipik mənbəyi, arxitektonik strukturu baxımından əsatiri-dini təhkiyəyə gedib çıxmaqla onun “tarix” paradiqmasıdır. Bu da öz növbəsində Əbülqazinin “Şəcəreyi-tərakimə”də Oğuz xanın oğlanları və nəvələrinin adları haqqında verdiyi məlumatı Gün xanın keçirdiyi qurultay ritualının funksional struktur hadisəsi kimi təhlil müstəvisinə gətirməyə imkan verir.
Təhlildən göründüyü kimi, Əbülqazi buraya qədər Gün xanın keçirdiyi qurultay törəninin yalnız kosmik strukturu ritual “dekorasiyası” haqqında məlumat verir. Mərasimin necə keçirilməsi haqqında yalnız bircə cümlə deyilir: “Onlar qırx gün, [qırx] gecə yeyib-içdilər” (Əbülqazi 2002: 66).
Ancaq bu cümlə bizə ritualın yalnız zaman strukturu haqqında bilgi verərək, oğuz toplumunun qurultay törənindən necə keçməsi, başqa sözlə, özünüdəyərləndirmə aparıb, yenidən necə düzülməsi haqqında məlumat vermir. Demək, Əbülqazinin “tarix” təhkiyəsi kontekstində bundan sonra verdiyi etnokosmik struktur bilgiləri ritual kodunun tarixi-epik koda transformasiyası, başqa sözlə, mərasimin epikləşməsi, tarixi-epik informasiyaya çevrilməsidir. Bu halda biz Əbülqazinin Oğuz xanın oğullarının və nəvələrinin adları haqqında verdiyi məlumatları qurultay törəninin “adlandırma” semantemi kimi bərpa edə bilərik. “Adlandırma” ritualın funksional strukturuna aiddir. Çünki bu, statik kosmik struktur olmayıb, struktur sxeminin hərəkətinin özüdür. Başqa sözlə, “adlandırma” adların hərəkətidir. “Adlandırma”da, bir növ, ritualın subyektləri iştirakçıları müəyyənləşdirilir. Etnosun adı çəkilən hər hansı vahidi bu halda etnokosmik özünüdəyərləndirmənin subyekti olmaq hüququ qazanır. Bu, o deməkdir ki, ritualdan keçən oğuz kosmosunun üzvünə çevrilir və özünü “oğuz” olaraq təsdiq edir.
“Adlandırma” ritualında etnokosmik özünüdəyərləndirmədən keçən etnik vahidlər “üçlük” universumunda işarələnən sxem əsasında təsnif olunur:
Sakral kosmik səviyyə: Oğuz xanın 6 oğlu
Profan etnik səviyyə: 24 nəvə (tayfa)
Periferik etnik səviyyə: kənizlərdən olan 24 nəvə (kənar, calaq etnik vahidlər)
Əbülqazi daha sonra ritualın funksional strukturunu təsvir etməkdə davam edir və biz bu təsvir vasitəsi ilə oğuz ritual-mifoloji dünya modelinin semiotik strukturunun daha yeni qatları və onları təşkil edən elementlərlə tanış ola bilirik.
Təsvirdən bəlli olur ki, qızıl alaçıqda Gün xan oturdulur. “Çadırın içəri qapısında” Erkil-xoca oturur. Bundan sonra 24 nəvə-tayfa dual sxem əsasında 12 ağ çadırda yerləşdirilir. Sağdakı çadırda buzuklar, soldakı çadırda uçuklar otururlar. Hər çadırda iki nəvə-tayfa oturur. Yerləşdirmə zamanı Oğuzun 6 oğlunun oğuznamə mətnlərində dəyişməz struktur kimi keçən ümumi düzüm prinsipi pozulmur:
Sağ tərəfdə
1-ci çadırda: Gün xanın 1-ci və 2-ci oğlanları
2-ci çadırda: Gün xanın 3-cü və 4-cü oğlanları
3-cü çadırda: Ay xanın 1-ci və 2-ci oğlanları
4-cü çadırda: Ay xanın 3-cü və 4-cü oğlanları
5-ci çadırda: Yulduz xanın 1-ci və 2-ci oğlanları
6-cı çadırda: Yulduz xanın 3-cü və 4-cü oğlanları
Sol tərəfdə
1-ci çadırda: Gök xanın 1-ci və 2-ci oğlanları
2-ci çadırda: Gök xanın 3-cü və 4-cü oğlanları
3-cü çadırda: Dağ xanın 1-ci və 2-ci oglanları
4-cü çadırda: Dağ xanın 3-cü və 4-cü oğlanları
5-ci çadırda: Dəniz xanın 1-ci və 2-ci oğlanları
6-cı çadırda: Dəniz xanın 3-cü və 4-cü oğlanları
Göründüyü kimi, etnokosmik özünütəşkiletmədə Oğuz xandan qalma düzüm sxemi yenidən təsbit edilir. Mühüm dəyişiklik etnik özünüdəyərləndirmənin subyekti olan periferik etnik vahidlərlə bağlıdır. Bu baxımdan, hər çadırda kənizlərdən doğulmuş “24-lüyə” daxil olan bir uşaq atları tutmaq, o birisi isə qapının ağzında oturmaq hüququ qazanmaqla 24 periferik tayfa oğuz kosmosunda (dünya modelində) yer almış olur. Yeralma nominativ səviyyədə təsbit olunur: əcdad Oğuzun 24 nəvəsinin törəmələri üzlüklər, kənizlərdən doğulmuş uşaqlardan törəyənlər oymaklar, yaxud uruqlar adlandırılırlar.
Əbülqazinin qurultay törəni ilə bağlı verdiyi sonrakı təsvir, o cümlədən məlumatlar əcdad Oğuzla başlanan ritual-mifoloji dünya modelinin daha üç təsvir kodunun strukturunu bərpa etməyə imkan verir:
1. Yazı kodu: hər tayfanın damğası.
2. Quş (onqon) kodu: hər tayfanın öz onqon quşu.
3. Heyvan kodu: hər tayfaya totem heyvanın ətindən çatan pay.
İndi isə bu kodlar vasitəsi ilə gerçəkləşən kosmoqonik modelləri ardıcıllıqla nəzərdən keçirək. Oğuz dünya modelinin yazı kodu ilə təsviri Vahid Kosmoqonik İnformasiyanın oğuz kosmosunun yazı səviyyəsində mətnləşdirilməsidir. Damğalar yazının tarixi inkişafının əşya şəkil (piktoqrafik) fikir (ideoqrafik) heca (sillabik) səs (fonoqrafik) diaxron sxemindən müstəqil qrafik “janr” kimi diferensiyasiya etmiş semiotik sistemdir. Ona görə də oğuz damğaları, sadəcə olaraq, təsadüfi qrafik işarələr yox, oğuz kosmosunun “24-lük” universumunda təqdim olunan bütöv strukturunun tərkib vahidləridir. Bu vahidlər funksional strukturuna görə kosmoqonikdir: onların vasitəsi ilə oğuz kosmoqoniyası damğa kodu ilə təsvir olunaraq bir bütöv şəklində təşkil olunur. Ona görə də həmin işarənin hər biri 24 vahiddən ibarət kosmoqonik “damğa əlifbasının hərfləri”dir. Hər bir damğa semiotik baxımdan bir nəvə-tayfanı işarələndirməklə bərabər, eyni zamanda öz qrafik strukturunda həmin tayfanın “etnokosmik özünəməxsusluğunu diferensial əlamət və xassələr toplusunu” bildirən məna-işarə qatlarına malikdir. Başqa sözlə, damğalar semiotik baxımdan simvol yox, işarə(ləndirmə)nin başqa bir səviyyəsidir.
Bu dediklərimiz başqa oğuznamələrdəki damğa informasiyaları ilə də təsdiq olunur. Belə ki, Əndəlib «Oğuznamə»sində 24 damğa-hərfdən ibarət oğuz əlifbası haqqında məlumat verilməsi ilə bağlı tədqiqatçı şəhadəti var. F.Bayat yazır ki, “bu “Oğuznamə”nin qiymətli cəhətlərindən biri də onun ilk dəfə olaraq 24 hərfli Oğuz əlifbasından xəbər verməsidir. Əndəlibə görə, bu əlifba damğalar əsasında tərtib edilmişdi. Belə bir məlumata heç bir qaynaqda rast gəlinmədiyindən güman etmək olar ki, şair 24 oğuz boyunun damğasından danışır” (Bayat 2004: 260).
Əslində, Əndəlib “Oğuznamə”sinin mətnində 24 hərfli oğuz əlifbası haqında birbaşa məlumat yoxdur. Lakin 24 damğa haqqında sənətkarın metaforik obrazlar vasitəsi ilə verdiyi bilgi bu “24 damğa” obrazının oğuz-türk mədəniyyətində nə qədər dərinə işlədiyini göstərir.
Əsərin “Oquzxannın saltanat basqançaqıqa yetqeni” adlanan hissəsində göstərilir ki, Oğuz xan hakimiyyətə gəldikdən sonra onun altı oğlu, 24 nəvəsi dünyaya gəlir. Oğuz xan onların damğa-nişanlarının şəklini çəkir:
Takı xer kaysıqa bar tamqa belli,
Mukarrar kıldı Oquzxan şu zeyilli.
Təemmil birle fennin şekilni,
Çızarqa oylanıp tutdı akılnı.
Birinci bolsun inci malqa belliq,
İkkinci bolsun uruq-ilqe belli.
O şol tamqa bilen malı bilinsin,
Qörüvde kim olay halı bilinsin.
Takı xanlık nışan bolsun alarqa,
Bu yanlıq şekil oylandı bilerqe
(Bekmıradov 1987: 116).
Əndəlib bu hissənin ardı ilə “Tamqalar xakında xalayıknın aytqanı” (“Damğalar haqqında xalqın dedikləri”) adlı növbəti hissəni verir. Bu hissədəki şeirlərin vəzn və janr quruluşu poemanın yazıldığı əruz vəzni və ümumi janr quruluşu ilə tam uzlaşmır. Bu, həmin hissədə verilmiş şeirlərin bir qisminin xalq şeirləri olduğunu da istisna etmir:
Atası akıl,
Enesi nakıl,
Bir qız toqulmış,
Yiqrim dörd şekil
(Bekmıradov 1987: 116-117).
Bu, göründüyü kimi, damğalar haqqında bir tapmaca mətnidir və burada 24 işarəli damğa yeni doğulmuş iyirmi dörd şəkilli qıza bənzədilmişdir. Ardı:
Şu yanlıq qözel milletin yarı,
Bul, bizden avval bolsa-da zarı,
İlnin qözünde qörülqen imes,
Türk ili dünyə inqenden narı.
Kim alsa anı,
Bütin ömrini
Şat olup keçirqe,
Tut bul emirni.
İndi öser siz,
Evnı basar siz,
Siz tolup-taşıp,
Ornun qısar siz,
Çıkın cahana, nobat sizinki,
Uçraşsa düşman, başın keser siz.
Könlümqe qetirdim,
Kolumdan ötürdüm,
Bir-birden qaçtı,
Tirkeşip uçtı,
Yerli-yerinde tüzüp bitirdim,
Ki yürek sırımnı ilimqe açtı
(Bekmıradov 1987: 117).
Şeirdə göstərilir ki, bu 24 şəkilli qız gözəl millətin sevgilisidir. O, türk eli dünyaya gələndən vardır. Kim bu qız-damğa ilə evlənsə, ömrünü şad keçirər. Əndəlib öz çağdaşlarına üz tutaraq bildirir ki, indi növbə sizindir, dünyaya qoşun və türk elinin düşmənlərini bu 24 şəkilli qızla məğlub edin. Bu qız könüllərdə daşınır, qolla (əllə) yazılır. Onunla ürək öz sirrini elmə açır.
Göründüyü kimi, Əndəlib burada 24 damğanı 24 şəkilli (hərfli) əlifba-qız kimi təqdim etmişdir. Bu əlifbanı millətin sərvəti kimi tərənnüm etmiş, onu öyrənməklə xalqın xoşbəxt olacağını göstərmiş, öz çağdaşlarını ulu babaları kimi bu əlifbanı öyrənməyə, dünyanı elmlə – yazı ilə fəth etməyə çağırmış, elmin yolunun bu əlifbadan keçdiyini göstərmişdir.
24 damğanın 24 oğuz boyunun işarəsi olduğunu, bu 24 işarədə oğuz boylarının bir bütöv (sistem) olaraq işərələndiyini nəzərə alsaq, onda oğuz damğalarının, sadəcə olaraq, təsadüfi qrafik işarələr yox, əsasında əcdad Oğuz xan universumunun durduğu oğuz etnokosmik düşüncəsinin damğa kodu ilə təqdim olunan dünya modeli olması bir daha təsdiq olunur. Əndəlibdə 24 damğa-qız metaforası da arxaik düşüncə ilə bağlı obrazdır. Oğuzların rital-mifoloji dünya modeli “Oğuz kağan” obraz-modelinin zoomorfik, antropomorfik səviyyələri (ipostasları) olduğu kimi, oğuz dünya modelinin qrafik paradiqması olan 24 damğa-əlifba modeli də antropomorfik obraza malikdir. 24 damğa-əlifbanın qız olması oğuz-türk etnokosmik düşüncəsində yazının qadın başlanğıcına aid edildiyini, eləcə də bundan irəli gəlməklə ambivalent (ikili, müsbət-mənfi, mediativ) semantikalı olduğunu da ehtimal etməyə imkan verir.
Qurultay törənində ritualın strukturunu təşkil edən dünya modelinin quş (onqon) və heyvan (totem) kodları diqqəti xüsusi cəlb edir. Başqa sözlə, oğuz kosmosunun etnosemiotik strukturu damğa vahidləri vasitəsi ilə təsvir olunduğu kimi, quş vahidləri və heyvanın (qoyunun) bədən üzvləri (ət payı) vasitəsi ilə də təsvir olunur. Qeyd edək ki, hər iki kod vasitəsi ilə təsvir oğuz kosmosunun zoomodelinin ierarxik səviyyələrini təqdim edir. Bu zoomodel dünya modelinin şaquli məkan strukturunun iki səviyyəsini işarələndirir:
Göy səviyyəsi: 24 onqon quş
Yerüstü səviyyə: Qoyun toteminin 24 payı (ülüş)
Zoomodel oğuz ritual-mifoloji dünya modelinin strukturu və funksional dinamikasının bərpası baxımından çox mühüm əhəmiyyət kəsb etdiyi üçün hər iki səviyyə üzrə 24-lük vahidlərə cədvəl şəklində diqqət etmək zərurəti yaranır.
Əbülqazi yazır: “Qızıl çadırda fəxri yerdə (t ö r) Gün xan oturdu. Elin ən yaxşı adamları ümumi razılığa əsasən, qoyunun başını, belini, arxa can əti hissəsini və böyürünü qoyunun bel sümüyünün və qabırğasının üstünə qoyub, Gün xana gətirdilər və dedilər:
“Qoy [qoyunun] bu hissəsi o kəsin olsun ki, o, xan olacaq”.
Çadırın içəri qapısında Erkil-xoca oturmuşdu. Onun qarşısına qabaq hissəni qoydular və dedilər: “Qoy bu hissə o kəsin olsun ki, o, vəzir olacaq” (Əbülqazi 2002: 68).
Qoyunun qalan hissələrinin və onqon quşların bölünməsinin cədvəlinə nəzər salaq:
TAYFA ƏT PAYI (ÜLÜŞ) ONQONU
B U Z U K L A R
1. Qayı ------- arxa sağ ayağın baldırı -------- şunqar (şunqar)
2. Bayat ------- arxa sağ ayağın baldırı ---------- bayquş (üği)
3. Alka öyli --- qabaq sağ ayağın baldırı ----- siçantutan qırğı
(koykenek)
4. Qara öyli -- qabaq sağ ayağın baldırı -- çalağan (göbek-sarı)
5. Yazır ---- sağ böyür --- bildirçinçalan qırğı (torumtay)
6. Yasır --------- sağ böyür ------------------------ qırğı (kirğu)
7. Dudurğa ----- sağ bud ----- qırmızı qırğı (kızıl-qarçağay)
8. Dükər --------- sağ bud -------------------- çalağan (köçken)
9. Avşar ---------sağ omba -------------- ağ şahin (çere-laçin)
10. Qızıq --------- sağ omba ------------------------ sar (sarıca)
11. Begdeli ------ sağ kürək ----------------------- laçın (bihri)
12. Qarqın ------ sağ kürək ------ su berkutu (su bürkütü)
U Ç U K L A R
13. Bayındır ---- sol omba ------------------ şahin (şahin)
14. Beçenə ---- sol omba --------- ala şahin (ala-toğanaq)
15. Çavuldur ----- sol böyür ------------ artal (buğdaynık)
16. Çəpni ---- sol böyür ---------------- humay (humay)
17. Salur ------ arxa sol ayağın baldırı ------ berkut (bürküt)
18. İmir ---------- arxa sol ayağın baldırı ------------ (ançarı)
19. Ala yontlı ----- sol bud ---------- gərgincək (yağılbay)
20. Ürəgir ------- sol bud ------------------- qırğı (buyqu)
21. İqdir ------- qabaq sol ayağın baldırı ----- qırğı (karçığay)
22. Bükdüz ------ qabaq sol ayağın baldırı ----- ütəlgi (italgu)
23. Avan ------ sol kürək -------------------- ağ şahin (toyğun)
24. Qınıq ------ sol kürək ------------------ qırğı (cere-qarğay)
(Əbülqazi 2002: 68-72).
Beləliklə, oğuz kosmosu dünya modelinin onqon quş və ət payı sxemləri əsasında da təşkil olunur. Bu, bizə oğuz kosmoqonik dünya modelinin zoostrukturunu öyrənməyə imkan verir. Öncədən qeyd edək ki, oğuz kosmoqoniyasının quş və heyvan kodları bizi totemizm məsələsi ilə qarşılaşdırır.
Bir daha qeyd edək ki, oğuz etnokosmosunun quş və heyvan səviyyələrində kosmoqonik təsnifata məruz qalması etnosun kosmik vahid olaraq zoomodel səviyyəsində dəyərləndirilməsi deməkdir. Bunun kosmik mahiyyətində İnsan–Heyvan münasibətləri modeli durur. Bu, semiotik baxımdan oğuz kosmosunun etnos qatı ilə zooqatının vahid kosmoqonik modeldə birləşməsi deməkdir. Qatların bir-birinə münasibəti semiotikdir: qarşılıqlı şəkildə işarələndirmə sistemini nəzərdə tutur. Etnik struktur vahidləri zoosəviyyədə həmin sferanın vahidlərində işarələnir. Başqa sözlə, tutaq ki, Qayı etnik vahidinin zooişarəsi Şunqar onqonudur. Bu halda Qayı və Şunqar elementləri işarə baxımından bir-birinin kosmik ekvivalentləri, eynigüclü kod əvəzləyiciləridir. Qayı sakral onqon səviyyəsində Şunqar demək olduğu kimi, Şunqar da öz növbəsində etnos səviyyəsində Qayı deməkdir.
Etnik qatla zooqatın bir-birinə olan bu semiotik münasibəti kosmoqonikdir: ilahi yaradılışın ilkin sxemlərini gerçəkləşdirir. Bunu “onqon” sözünün etnosemantikasından aydın görmək olur. Əbdülqadir İnanın bu xüsusda apardığı ayrıca tədqiqatdan göründüyü kimi, onqon ilk əcdad və ölülər kultu ilə bağlı məna vahididir (İnan 1998a: 269). N.L.Jukovskaya göstərir ki, “təmiz”, “müqəddəs”, “ilkin”, “bakirə” anlamlarında olan onqonlar monqol xalqlarının şaman mifologiyasında ölmüş əcdadlar və onların ruhlarıdır. Onqonların şəkli də onqon adlanır, ağac, yun, xəz, dəri, keçə, metal və parçadan hazırlanır, ölmüş əcdadların ruhlarının olduğu yaşadığı yer hesab olunur. Kişi və qadın, nəsil və ailə, heyvandarlıq, dəmirçilik və s. onqonları fərqləndirilir. İlkin onqonlar, əsasən, totem mənşəli əcdadlardır (canavar, ayı, atın və s. onqonları). Daha sonralar əksərən antropomorf əcdadlardır... Onların ən hörmətlisi böyük şamanların onqonlarıdır. Şamanlar qamlama vaxtı onqonları çağırırdılar... Tuvinlərin, altaylıların mifologiyasındakı onqutlar, emegenderlər onqonların eynisidir (Жуковская 1982: 255-256).
Bu halda oğuzun iyirmi dörd tayfasının hər birinin onqonu olan quş onun ilkin əcdadı və onun ruhu anlamına gəlir. Bu, formal olaraq 24 tayfanın 24 quş əcdadı (əcdad ruhu) deməkdir. Yada salaq ki, oğuz kosmosu kəmiyyət strukturunun etnokosmik universum dəyərlərinin bir-birinə bərabərliyi, başqa sözlə, kosmik ekvivalentliyi prinsipi üzrə böyüyür: 1 Oğuz = 6 oğul = 24 nəvə. Bu halda “24-lük” daxili strukturu etibarilə 24 vahiddən təşkil olunmuş universum olmaqla bir ölçü vahidi kimi bütün hallarda vahidi (“1”) universumlaşdırır. Beləliklə, vahid Oğuz (xan – əcdad) sonrakı kosmoqonik pillələrdə 6 Oğuz (xan) və 24 Oğuz (xan) səviyyələrini təşkil etdiyi və eyni zamanda bütün hallarda “1” universumunu işarələndirdiyi kimi, bu 24 onqon quş da “1” zoouniversumunu işarələndirir. Başqa sözlə, 6 universumu 1 universumunun, 24 universumu 6 universumunun paradiqması olduğu kimi, 24 onqon quş da 1 onqon quş invariantının (kosmoqonik başlanğıcı təşkil edən modelin) paradiqmasıdır: 1 quş = 6 quş = 24 quş. Bu, bizə əcdad Oğuz universumu əsasında formalaşan dünya modelinin zoostrukturunu bərpa etməyə imkan verir.
24 oğuz tayfasının əcdadı Oğuz xandır. 24 onqon quş da öz səviyyəsində 24 tayfanın zooəcdadıdır. Oğuz kosmosunun bütün qatlar üzrə əcdadı Oğuz xandır. Demək, 24 tayfa etnik kodla əcdad Oğuz xana gedib çıxdığı kimi, 24 onqon quş da zookodla yenə də əcdad onqon quşa gedib çıxır. Başqa sözlə, 24 onqon quş 24 oğuzu işarələndirdiyi kimi, həmin quşların semiotik baxımdan konsentrasiya olunduğu əcdad onqon quş da Oğuz xanı işarələndirir. Bu da öz növbəsində bizə əcdad Oğuz xanın quş cildli obrazını (zoomodelini) bərpa etməyə imkan yaradır. Bu, mifoloji dünya modelinin məkan-zaman obrazının transformativ inkişaf qanunauyğunluğunu özündə əks etdirir.
F.Bayat bu xüsusda yazır: “Türk mifologiyasında bir çox arxaik obrazlar bir neçə dəfə transformasiya olunub, bir neçə statusdan keçmişlər. Belə obrazların semantikasını öyrənərkən onların keçid mərhələlərini diskret kəsiklərə bölmək lazımdır” (Bayat 1993: 41).
Diskret kəsiklərə bölmə, obrazlı desək, baxımdan mişarlanmış ağacın en kəsiyinə bənzəyir. En kəsik ağacın bütün diaxron inkişafına sinxron (yanaşı) sıra boyunca baxmağa imkan verir. Bu baxımdan, Oğuz obrazının kosmoqonik strukturunun diskret kəsiklər müstəvisində öyrənilməsi onun strukturunun quş obrazını (modelini) da ortaya qoyur. Tədqiqat göstərir ki, Oğuz obrazı təkcə quş obrazından yox, zoomodelin başqa obraz səviyyələrindən də keçmişdir.
V.V.İvanov və V.N.Toporov yazırlar ki, quşlar müxtəlif mifopoetik ənənələrdə dini-mifoloji sistemin və ritualın dürlü funksiyalara malik fasiləsiz elementi kimi çıxış edir. Quşlar tanrılar, demiurqlar, insana çevrilmiş qəhrəmanlar, triksterlər, tanrıların, şamanların, qəhrəmanların minik heyvanları, totem əcdadlar və s. ola bilərlər. Onlar ilahi mahiyyətin, yuxarının, aşağının, göy ruhunun, günəşin, ildırımın, küləyin, buludun, azadlığın, böyümənin, həyatın, bolluğun, yoxuşun, yüksəlişin, ilhamın, peyğəmbərliyin, öncəgörmənin, kosmik bölgələr arasında əlaqənin, ruhun, körpənin, həyat ruhunun və s. xüsusi mifopoetik klassifikator və simvolları kimi çıxış edir (Иванов – Топоров 1982: 346).
Kosmoqonik sxem 24 oğuz tayfasının bu onqon quşlarını oğuz totem təsnifat sisteminin vahidləri kimi də bərpa etməyə imkan verir. Bu quşların iki funksiyası aydın şəkildə bərpa olunur: əcdad və etnik özünüdəyərləndirmənin təsnifat modeli. Hər iki funksiya totemizm dünyagörüşünün funksional sxemlərini təşkil edir. Bunun belə olduğunu oğuz kosmosunun heyvan modeli (zoomodelin yerüstü səviyyəsi) daha aydın şəkildə təsdiq edir. Belə ki, qurultayın mətnində 24 onqon quşun bir zoomodeldə birləşməsi haqqında birbaşa informasiya yoxdur: vahid semiotik model və onun konsentrativ strukturu bərpa yolu ilə üzə çıxır. Ancaq bizim bərpamızın məhz oğuz kosmoqonik şüurunun sakral-funksional hərəkət sxemini əks etdirdiyini 24 oğuz tayfasını işarələndirən ət paylarının (ülüşlərin) bir zoomodeldə totem qoyunun kosmik strukturunda düzülmə sxemi tam təsdiq edir.
“Oğuznamə”lərdə, o cümlədən Əbülqazi “Oğuznamə”sində qurultayda kəsilmiş qoyun (yaxud at) qurbanının əti 24 oğuz tayfasının arasında bölüşdürülür. Ancaq bu bölüşdürmə ətlərin, sadəcə, paylanması şəklində yox, kosmoqonik bölgü prinsipi əsasında aparılır. Başqa sözlə, bu qoyun (at) oğuz kosmosunun zoomodelidir. Belə ki, Oğuzun 24 nəvəsinin (uyğun olaraq tayfasının) hər biri qurultayda kəsilən qoyunun (atın) bədəninin istənilən yerinin ətindən yox, bədəndə həmin nəvəyə (tayfaya) məxsus olan hissəni pay olaraq alır. Hər bir nəvənin (tayfanın) oğuz kosmosunda dayandığı pillə (tabe edən - tabe olan), üfüqi və şaquli məkanda tutduğu mövqe (sağ-sol, yuxarı-aşağı) qoyunun (atın) bədənindən alacağı payın yerini müəyyən edir. Əbdülqadir İnanın yazdığı kimi, “Orun” (mövqe S.R.), “ülüş” (ət payı S.R.) hər tayfanın və hər oymağın qövm və cəmiyyət içində bir çox şeylər üzərində hüquqlarını göstərən dəlildir; təsisatdır (ictimai institutdur S.R.). Yaylaq, ov, hərb qənimətləri bölünərkən hər tayfanın “orun”u və “ülüş”ü nəzərə alınmaqla “pay” verilir. Mühüm toplantıların birində “orun” və “ülüş”ünü bir dəfə itirən tayfa, yaxud oymaq yaylaq, otlaq, ov və s. şeylər üzərindəki hüququnu da itirmək təhlükəsinə məruz qalır. Onun üçündür ki, hər tayfa bu “orun” və “ülüş” haqlarına əhəmiyyət vermək məcburiyyətindədir (İnan 1998 b: 254).
Beləliklə, qurultay törənində hər bir tayfa üçün ayrılacaq payın qurban kəsilmiş qoyunun (atın) bədəninin harasından olması hər bir nəvə-tayfanın oğuz etnokosmik, ictimai-ierarxik strukturunda tutduğu yerə uyğun olmaqla birbaşa həmin yeri işarələndirir. Bu pay onların, eyni zamanda, hər birinin qoyun (yaxud at, öküz) obrazında təsəvvür etdikləri kosmik dünya modelində durduqları yerin işarəsidir. Başlıcası, bu 24 pay (o cümlədən Gün xanın və Erkil-xocanın kosmik konsentrasiya mərkəzini simvollaşdıran payları) birləşəndə qoyun (at) modeli alındığı kimi, həmin paylarda işarələnmiş 24 nəvənin qoyun (at) zookosmoqonik sxemi üzrə düzümündən də qoyun (at) obrazında təsəvvür edilən (əcdad) “Oğuz xan” adlı zookosmik dünya modeli alınır. 24 nəvə-tayfa “oğuz” etnosunu universumlaşdıran 24 oğuz deməkdir. Onların birləşməsi bütün səviyyələrdə (kodlar üzrə) “Oğuz xan” kosmik konsentrasiyasını verir. Qoyun, at, öküz və s. modeli bu halda 24 oğuzun ət payı kodu üzrə birləşməsi deməkdir.
Bu da öz növbəsində Oğuz xan zoomodelinin qoyun (yaxud at) obrazında təsəvvür edilən “diskret” (en) kəsiyinin bərpa edilməsidir. Bu baxımdan, Oğuz obrazının sinxron zoosəviyyələri təkcə qoyun, yaxud quşdan ibarət deyil. Əbülqazi, Buxari oğuznamələrində bu heyvan qoyundursa, Rəşidəddində eyni qurultay törəni at zoomodeli əsasında aparılır (Rəşidəddin 1992: 38-41). Yaxud F.Bayat yazır ki, “Oğuz kağan” dastanında (“Oğuznamə”nin versiyasında S.R.) Tanrı oğlu funksiyasının bir hissəsini boz qurd, o biri hissəsini isə Oğuz yerinə yetirir. Eyni ilə türk elinin xilaskarı Oğuz və boz qurddur... Oğuzun qurd atributları, Oğuz-qurd paralelliyi də buradan irəli gəlir. İlkin anda boz qurdun Oğuzun simasında təzahür etdiyi şübhə doğurmur” (Bayat 1993: 42-43).
Göründüyü kimi, bütün bunlar əsasında əcdad Oğuz xanın durduğu ritual-mifoloji dünya modelini quş, at, qoyun, qurd və s. şəkillərdə aşkarlamağa imkan verir. Bu da eyni zamanda oğuz dünya modelinin kosmoloji struktur səviyyələrini (kosmik, etnik və temporal struktur qatlarını) və hər bir səviyyəyə uyğun təsvir dili – davranış kodlarını ortaya qoyur. Oğuz dövləti də oğuz dünya modelinin struktur səviyyələrindən biridir və bu mənada oğuz dövləti və dövlətçilik düşüncəsinin də kosmoqonik başlanğıcını əcdad (Oğuz) kultu təşkil edir.
Dostları ilə paylaş: |