İkinci Dünya müharibəsindən sonra Azərbaycan legionerləri Türkiyədə M.
Ə. Rəsulzadənin, Almaniyada isə Ə. F. Düdənginskinin rəhbərliyi altında olan
müvafiq qurumlarda fəaliyyətə başladılar.
Türkiyənin Ankara şəhərində M. Ə. Rəsulzadənin bilavasitə rəhbərliyi ilə
1949-cu ilin fevralında Azərbaycan Kültür Dərnəyi yaradıldı. (5)
1952-ci ilin aprelindən isə M. Ə. Rəsulzadənin yaxından köməyi, əski
mühacir və legionerlərin fəallığı ilə Ankarada “Azərbaycan” jurnalı nəşr edilməyə
başladı. (4)
Qeyd edək ki, Türkiyədəki mühacirlərin bu dövlətdəki mövcud əlaqələri
müəyyən problemləri həll etməyə imkan yaratsa da, (əlavə edək ki, burada M. Ə.
Rəsulzadənin böyük nüfuzu vardı), siyasi fəaliyyət göstərmək olduqca çətin idi.
Odur ki, Türkiyədəki mühacir və legionerlər daha çox mədəni-ədəbi fəaliyyət
sahəsinə üstünlük verir, Sovet dövləti əleyhinə 20-30-cu illərdəki qədər sərt
çıxışlar etmirdilər.
Lakin Qərbi Almaniyada vəziyyət başqa idi. ABŞ dövləti əllinci illərdə
Sovet dövləti əleyhinə kəskin mübarizəyə başlamış və bu işdə oradakı mühacir və
legionerlərin gücündən faydalanır, onlara maddi dəstək də verirdi.
Qeyd edək ki, həmin fəaliyyət rəsmiləşənə qədər Azərbaycan legionerləri
böyük çətinliklərlə qarşılaşmışdılar. Belə ki, sonradan yaradılan “Amerikan
Komitəsi”nin etibarını qazanmaq və müəyyən problemləri həll etmək o qədər də
asan deyildi. Ə. Fətəlibəylinin bununla əlaqədar Münhendən Parisə - C.
Hacıbəyliyə ünvanladığı məktublarda maraqlı məlumatlar vardır. O, yazırdı:
“Mənim əzizim Ceyhun bəy! Sücaət xanımla bu gün görüşməyimə çox sevindim.
O, Sizin fıkirlərinizi mənə çatdırdı və mən tam razıyam. O ki qaldı bizim ümumi
işlərimizə, hələ ki, ciddi bir şey yoxdur. 4 ay müddətində danışıqlar apardım,
planlar təqdim etdim. Lakin gözləməyi xahiş edirlər. İndi başqa xətlə işləyirəm,
əgər bu da alınmasa və onlardan prinsipial razılıq almasam, onlarla əsas
məsələlərdə əməkdaşlıq etməyəcəyəm. Burda elə adamlar var ki, kiçik
xidmətlərinə görə bir şey ala bilirlər. İlk imkan yaranan kimi Türkiyəyə
gedəcəyəm, ailəmdən ötrü, demək olar ki, bərk sarsılmışam”. (357)
Qeyd etdiyimiz kimi, əllinci illərin əvvəli legionerlər üçün olduqca ağır
dövr idi. Maddi sıxıntılar, ayrı-ayrı ölkələrdə yaşamaq, təşkilatlanmaq böyük
çətinliklər törədirdi. Eyni zamanda, Amerika və Qərb dairələri legionerlərlə ilk
işbirliyinə çalışırdılar. Ə. Fətəlibəyli-Düdənginskinin Münhendən C. Hacıbəyliyə
göndərdiyi 1950-ci il 29 oktyabr tarixli məktubda maraqlı məlumatlar vardı. O,
yazırdı: “Mən burada Qərbin bəzi nümayəndələri ilə görüşdüm. Onlar bütün
planlarımızla tanışlıqdan sonra əməkdaşlığa razıdırlar. Amma uzadırlar. Son
zamanlara qədər onlar Kerenskinin güclü təsiri altında idilər. Bizdə güclü
canlanma vardır. Buraya Şimali-Qafqaz təxəllüslü məsul bir amerikalı gəlmişdi və
Əhməd Nəbi-Maqoma ilə, mənimlə və başqaları ilə uzun söhbətlər etdi. O,
məsləhət gördü ki, Türk-Qafqaz İttifaqı yaradaq. Biz razılıqla bu təklifı qəbul etdik
və Maqoma ilə birgə sxem hazırlayıb ona verdik. Düşünürəm ki, iki-üç aydan
sonra cavab olacaq. Bu ittifaq mənim xoşuma gəlir və onun böyük nüfuzu olacaq.
Şübhəsiz ki, əsas işləri Milli Komitələr aparacaq və bu qurumlar həmin ittifaqda
arxa planda olmayacaqlar. Milli Komitələrlə yanaşı, Qafqaz Komitəsi də mövcud
olacaq və hər komitədən 4 nəfər oraya daxil olacaq. Qafqaz Komitəsinin 4 üzvü və
Türküstan Komitəsinin 1 üzvü İttifaqın Rəyasət Heyətini təşkil edəcəklər. Bu
Rəyasət Heyətinin Milli Komitə üzvlərindən ibarət olan 4 idarəsi olacaq. Beləliklə,
Milli Komitədən kənarda heç bir məsələ həll edilə bilməz. Məlumunuz olduğu
kimi, bizim Milli Komitədə Siz, mən, albay Kazım bəy (Cahangir Kazımoğlu - N.
Y.) və Atamalıbəyov vardır. Sonuncu Çilidə olduğundan fəal iştirak edə
bilməyəcək. Milli Komitənin üzvlərinin sayını 10-a qədər artırmalıyıq. Mən hətta
ona yaşlı və cavan xadimlərin də siyahısını vermişəm. Siyahıya Timuçinin adını
yazmışam. O, məndən xahiş etdi ki, Nyu-Yorkda “Amerikanın səsi”ndə işləmək
üçün 6 nəfərin də siyahısını verim. Mənə isə məsləhət bildi ki, hələlik Türkiyəyə
getməyim və cavab gözləyim... Lənətə gəlmış maddi şəraitə görə, indiyə qədər
görüşə bilməmişəm”. (358)
Belə bir vaxtda antibolşevik cəbhənin yaradılmasını vacib sayan Amerikan
Komitəsi fəaliyyətə (Amerikanın kommunizm ilə mücadilə Komitəsi) başladı.
Amerikan Komitəsinə əvvəl C. Layons, sonradan isə Amerikanın Moskvadakı
keçmiş böyük elçisi Alan Gerk başçılıq edirdi. 1952-ci ildən isə Sovet Rusiyasını
yaxından tanıyan, Moskvada Amerika attaşesi olmuş Stevens Komitənin başqanı
oldu. Komitə üzvləri arasında tanınmış siyasətçilər çoxdu. Onların arasında
aşağıdakı tanınmış adamlar vardı: Çarlz Edison (məşhur Tomas Edisonun oğlu),
Vilyam Henri Çemberlin (Amerikada sovet məhkumu millətlərin istiqlal haqlarının
müdafıəsi ilə məşhur idi), general-mayor Con-Dean (Moskvada olmuş, “Streync
Əlleyinc” kitabı ilə böyük rəğbət qazanmışdı), Nikolas Ruzvelt (yazıçı və
diplomat, Amerikanın Macarıstan elçisi olmuşdu) və başqaları (3, s. 46).
Amerikan Komitəsi bildirirdi ki, millətlər, xalqlar Sovet hökumətinin
diktatorluğu altında qaldıqca, insanların azad və hürriyyət içində yaşaması
mümkün olmayacaq. Amerikan Komitəsi proqramına müvafiq surətdə fəaliyyətə
başladı.
Qeyd olunmalıdır ki, bolşeviklərin süqutundan sonra Rusiyanın hansı
formada mövcudluğu ilə bağlı Amerika siyasi dairələrində ikili fikir mövcud idi.
Bir fikrin tərəfdarları düşünürdü ki, bolşeviklərin süqutundan sonra Rusiya
parçalanacaq, yoxsa rejim dəyişməklə, bütöv Rusiya qorunub saxlanacaq? Amerika
ictimaiyyətində o dövrdə Amerikada yaşayan mühacir rusların təsiri ilə Rusiyanın
bolşevik rejimindən bir bütün halında qurtulması fikrini dəstəkləyənlər çox idi.
Mühacir rusların bu “şovinist” fıkirlərinin qəti yürüdücüsü A. Kerenski və S.
Melqunov idi. Amerikan Komitəsi 1917-ci ildə Rusiyada fevral-burjua
inqilabından sonra müvəqqəti hökumətə başçılıq etmiş, indi isə mühacirətdə
yaşayan A. Kerenskiyə daha çox etimad göstərirdi.
Dostları ilə paylaş: |