Komitənin sədri vitse-admiral Lesli K. Stivens bildirdi ki, təşkilat bu gündən sonra
belə adlandırılacaq: Amerikanın Bolşevizmdən Qurtuluş Komitəsi. Təşkilatın belə
adlandırılmasının, şübhəsiz, müxtəlif səbəbləri vardı. Admiral Stivens açıqlayırdı
ki, ayrı-ayrı rus olmayan mühacir qrupları “Rusiya xalqları” sözünə etiraz edir və
müstəqillik hüquqlarının pozulması kimi anlayırlar.
Bunları nəzərə alıb, həmin qrupları bir araya gətirmək üçün “Rusiya
xalqları” və “Sovet İttifaqı xalqları” adlarından imtina edilərək Bolşevizmə qarşı
mübarizənin Koordinasiya Mərkəzi adlandırıldı. Stivensin müraciəti bu sözlərlə
bitirdi: “Sovet İttifaqı Kommunist Partiyası, “bolşevik” sözündən uzaqlaşmaq üçün
yeni bir cəhd göstərmişdir. Lakin o, bununla heç kimi aldada bilməz. İstər SSRİ-
nin daxilində, istərsə xaricdə gözəl başa düşürlər ki, beynəlxalq sui-qəsdçilər
tərəfindən yaradılıb bolşevizm adı ilə tarixə düşən bu nifrətəlayiq sistem bundan
sonra da bu adla qəbul ediləcəkdir. Amerikan Komitəsinin, eləcə də Koordinasiya
Mərkəzinə toplaşan mühacirlərin məqsədi Sovet İttifaqının hazırkı ərazisini bu
lənətlənmiş addan xilas etməkdir. (343, s. 34)
Əllinci illərdə mühacir və legionerlərin fəaliyyəti getdikcə genişlənirdi.
1952-ci ilin oktyabrın 16-da Münhen şəhərində dörd rus siyasi təşkilatı (Xalqların
sərbəstliyi üçün çalışanlar, Rusiya Xalq hərəkatı, Rusiya Millətlərini Qurtarma
Savaş Birliyi, Sərbəst Rusiya üçün Savaşanlar Birliyi) və SSRİ Birliyindən rus
olmayan beş milli təşkilat (Azərbaycan Milli Birlik Komitəsi, Ermənistan İstiqlalı
üçün Savaşanlar Birliyi, Gürcüstan Milli Şurası, Şimali Qafqasya Milli Birliyi
SKANO, Türküstan Qurtuluş Komitəsi Türkeli) müştərək bir ictimai qurum –
“Bolşevizmə qarşı Koordinasiya Mərkəzi”ni yaratdılar.
Koordinasiya mərkəzini yaratmaqda məqsəd diktatorluq rejiminə qarşı
mübarizə aparan orqanları yaratmaq idi. Başlıca məqsədi belə idi: SSRİ Birliyində
yaşayan millətləri kommunist diktatorluğundan qurtarmaq, millətlərin arzularına
uyğun demokratik cəmiyyət qurmaq idi.
Mərkəzi Büronun on iki nəfərdən ibarət üzvləri seçildi. Koordinasiya
Mərkəzi Nizamnaməsi on bir maddədən ibarət idi və birinci maddədə təşkilatın
əsas mübarizə hədəfı belə müəyyənləşdirilmişdi: “1. Kommunizm diktatorluğu
tamamən yox edilincəyə qədər amansız mücadilə”; üçüncü maddədə isə milli
məsələnin qoyuluşu belə idi: “Sovetlər Birliyi daxilində yaşayan bütün millətlərin
öz idarələrini qurmağa və demokratik prinsiplər üzərinə öz müqəddəratlarını təyin
etməkdə sərbəst olduqlarını qəbul və təmin edərik”. (3, c. 4).
Tanınmış mühacir C. Hacıbəyli qeyd edirdi ki, məhz belə ciddi proqrama
malik olduğundan yeni yaradılan “Antibolşevik Mücadilə Koordinasiya Mərkəzi”
fərqli bir təşkilat olaraq fəaliyyət başlamışdı. (3, s. 3-4; 127, s. 3-4).
Qeyd olunduğu kimi, mühacir və legioner qrupları getdikcə Qərbin daha
çox marağına daxil olur, bu ölkələrdə daimi yaşamaq hüququ əldə edirdilər. Qərblə
Sovet dövləti arasında münasibətlər kəskinləşdikcə (əllinci illərdə bu daha açıq hiss
olunurdu) münasibət fərqləri də dəyişirdi.
Belə bir vaxtda 1952-ci ilin avqustun 5-də Amerikan Komitəsinin sədri
admiral Alan Q. Kerk Birləşmiş Millətlər Təşkilatı İnsan Hüquqları
Komissiyasının sədri xanım Yelenora Ruzveltə müraciət edib Sovet İttifaqından
olan antikommunist qaçqınları himayəyə götürməyi xahiş etdi. (209, s.6-7)
Alan Kerk xanım Ruzveltə müraciətində bildirirdi: “Azad dünya getdikcə
Moskva rejimi ilə onun ilk qurbanları olan SSRİ xalqları arasında dəqiq sərhədin
çəkilməsi vacibliyini anlayır. Məhz bu mənada bizim komitə Sizdən xahiş edir ki,
kommunizmə düşmən olan keçmiş sovet vətəndaşlarının hüquqlarını bərpa
edəsiniz”. (209, s.7)
Şübhəsiz ki, belə müraciətlərin təsiri artır, mühacir və legionerlərə
münasibət də yaxşılaşırdı.
Qeyd edək ki, əllinci illərdən başlayaraq “Amerikan Komitəsi” ayrı-ayrı
mühacir və legionerlərin yaratdığı təşkilatları, xüsusilə mətbu orqanları
maliyyələşdirirdi. 1952-ci ildə Münhendə “Azərbaycan” jurnalının ilk sayının nəşri
mühacirləri və legionerləri çox sevindirmişdi. Bu münasibətlə legionerlərin
redaksiyaya göndərdiyi təbrik məktubları çox maraqlı idi. Legionerlər yazırdılar:
“Çox hörmətli redaksiya! Vətənimizin adını daşıyan jurnalın ilk sayını aldıq.
Oxuyub çox məmnun qaldıq... Azad və müstəqil Azərbaycana eşq olsun! Hörmət
və şərəflə: Atabəy Şamil, Tahir Heydərzadə, Səfər Ağaoğlu, İsmayıloğlu, Həsən
Əziz. Münhen. 30.03.1952. (224, s.1-2)
Eyni zamanda, Ə. Fətəlibəyli Ceyhun bəyə göndərdiyi məktublarda
“Azərbaycan” jurnalının nəşri ilə bağlı çətinliklərin olduğunu qeyd edirdi.
Göstərirdi ki, maddi imkanlara görə jurnalın 2-ci sayını nəşr etmək çətinləşib.
Amerikan Komitəsi isə maddi yardımı reallaşdırmamışdır. Hətta buradan Noy-Ulm
şəhərinə getməyə də pul yoxdur. Lakin, mövcud imkansızlığımıza baxmayaraq,
jurnalın növbəti sayını nəşr etdirəcəyik. (364)
Lakin, Azərbaycan təşkilatları arasında fikir ayrılığının və müxtəlif
yanaşmaların olması bu yardımların alınmasında çətinlik yaradırdı. Ə.
Fətəlibəylinin 1952-ci ilin martın 27-də C. Hacıbəyliyə göndərdiyi məktubda bu
problemlərin geniş şərhi verilirdi. (363)
“Azərbaycan” jurnalını Amerikan Komitəsi maliyyələşdirsə də, burada
ciddi problemlər yaranırdı. Mühacir və legionerlər arasında ziddiyyət və
anlaşılmazlıqların olması bəzi hallarda onlara ayrılan maliyyə fondlarının
azalmasına gətirib çıxarırdı. Ə. Fətəlibəyli C. Hacıbəyliyə göndərdiyi məktubda
bununla bağlı yazırdı: “Sizin təqdim etdiyiniz və mənim müdafiə etdiyim layihə D.
L. tərəfındən dağıdıldı. Onun mənimə olan oyunu haqqında ötən məktubumda
yazmışdım. Onun fikri sadədir: ermənilər 3000 (üç min) marka alır və bu pulla
həftəlik məcmuə buraxır, altı nəfər də dolanır. Kanatbay dörd min marka alır və iki
dildə jurnal buraxır, bütün komitə dolanır. Avtorxan beş min marka alır və hamısı
dolanırlar. Bizim işimızi jurnalla bağlı pozan Əkbər-Ağa oldu. D. L.-nın (D. Levin)
Dostları ilə paylaş: |