Dünyanın yüzdən çox ölkəsində bu stansiyaların 240 məlumat mərkəzi, 80-
dən çox ölkədə 200-dən artıq kitabxanası vardı. Həftədə 2 min saatdan çox veriliş
təşkil edən stansiyalar Vətənimizə qarşı SSRİ xalqlarının 23 dilində təbliğat
aparırdı. Burada çalışan jurnalistlərin də sayı daima artırdı. Belə ki, 1960-cı illərdə
hər iki radiostansiyalardakı əməkdaşların sayı 306 nəfər idisə, sonradan bu rəqəm
1300-ə çatdırıldı. Onların əksəriyyəti isə keçmiş SSRİ vətəndaşları, legionerlər və
mühacirlər idi. “Azadlıq” radiosunun 17 stansiyası arasında SSRİ-nin bütün ərazisi
bölüşdürülmüşdü.
“Azadlıq” və “Azad Avropa” radiostansiyaları Münhendə (hazırda isə
Praqada), İngilis Parkının yaxınlığında Arabellaştrasse küçəsindəki 18 saylı üç
bloklu beton binada yerləşirdi. Həmin yer şəhərin şərq hissəsindən təxminən 4-5
km məsafədə idi.
“Azadlıq” radiosunun “Azərbaycan redaksiyası”na bir müddət (1953-1954-
cü illər) Ə. Fətəlibəyli Düdənginski, sonradan isə İsmayıl Əkbər və Əli Aranlı
başçılıq etmişlər. “Azərbaycan” redaksiyasında Məcid Musazadə (Qarsalani),
Fərman Məmmədov, Murad Muradlı, Kərim Aslanoğlu və digər keçmiş legionerlər
çalışırdılar.
Qeyd edək ki, “Azadlıq” radiosunun “Azərbaycan” redaksiyasının ilk
verilişi efirə 1953-cü ilin martın 6-da getmişdi. (226)
“Qurtuluş” (sonradan “Azadlıq” radiosu adlandırıldı) radiosunun
yaradılması istiqamətində ilk çalışmalar 1952-ci ilin fevralından başlanıldı.
“Amerikan Komitəsi”nin sədri olan admiral Kerkin rəhbərliyi ilə tez bir zamanda
“Qurtuluş” radiosu Avropada verilişlərinə başladı. Tezliklə Sovet İttifaqına və
Sovet İttifaqında qalan Avropa əraziləri üçün də radioverilişlərin ötürülməsi
planlaşdırıldı. Radioverilişlərin Sovet İttifaqından gəlmiş mühacirlər tərəfindən
hazırlanacağı nəzərdə tutulurdu. Bununla əlaqədar 1952-ci ilin iyununda
Ştarnberqdə (Bavariyada) konfransda hazırlıq işləri görülmüşdü. (226, s.5-6)
Qeyd edək ki, “Qurtuluş” radiosunun yaranmasında böyük xidmətləri olan
Alan Q. Kerk vaxtı ilə ABŞ-ın Moskvada səfiri işləmiş, “Amerikan Komitəsi”nin
sədri olmuş, sonradan isə prezident Trumen ona Psixoloji Strategiyalar Şurasının
direktoru vəzifəsini təklif etmişdir. Bu şura ABŞ-ın Milli Təhlükəsizlik Şurasının
nəzarətində idi və Amerikanın Sovet İttifaqına qarşı olan psixoloji strategiyalar və
dünyada kommunist təbliğatı sahəsindəki siyasətini müəyyənləşdirirdi. Əllinci
illərdə isə radionun daha effektli bir təbliğat olduğu aydın görünməkdə idi. (240, s.
14)
Beləliklə, 1953-cü ilin martından “Qurtuluş” radiosunun Azərbaycan
redaksiyası fəaliyyətə başladı. “Azərbaycan” redaksiyasının ilk Baş redaktoru
mayor Ə. Fətəlibəyli-Düdənginski oldu.
“Azadlıq” radiosu fəaliyyətə başladığı ilk gündən Ə. Fətəlibəyli sovet
hökuməti siyasəti əleyhinə olan verilişlər hazırlayırdı. 1953-cü ilin iyununda efirdə
səslənən “Türkiyə haqqında həqiqət” verilişində deyirdi: “Danışır Azadlıq
radiostansiyası. Əziz həmvətənlər! Siz öz azad həmvətənlərinizin azad dünyadan
səsini eşidirsiniz. İndi isə Sovet imperializmi seriyasından “Türkiyə haqqında
həqiqət” mövzusunda verilişimizə qulaq asın. İkinci Dünya müharibəsindən sonra
Sovet İttifaqının Türkiyəni “sülhlə fəth” etmək cəhdi boşa çıxdı. Türkiyə Kremlin
bütün həyasız tələblərini rədd edib SSRİ-nin basqısına qarşı dayana bildi və
bununla azadlığın və demokratiyanın qorunması üçün azad dünyaya böyük xidmət
göstərdi. Bundan sonra Kreml görünməyən antitürk kampaniyasına başladı. Son
zamanlarda SSRİ-də antitürk kampaniyası adi sovet vicdansızlığından da kənara
çıxmışdır.” Ə. Fətəlibəyli verilişin sonunu bu sözlərlə bitirirdi: “Lakin, bu hiyləgər
yanaşmalar əbəsdir. Demokratiya bir hakim olaraq kommunizm və sovet
imperializmini ölümə məhkum etmişdir. Bütün dünyanın azad xalqları sovetlərin
əzilən xalqları ilə birgə bu hökmü yerinə yetirəcək və vahid azad dünya
yaradılacaqdır”. (359)
Ə. Fətəlibəylinin “Azadlıq” radiosunda müəllifliyi və redaktorluğu ilə 1953-
cü ilin iyunun 29-da efirə gedən “Son xəbərlərin” 109 saylı bülletenində Sovet
dövlətinin və Kremlin mövqeyi kəskin olaraq tənqid edilirdi: Vaşinqtonda Amerika
senatının xarici işlər üzrə komissiyasının sədri Aleksandr Uayli amerika xalqına və
bu dövlətin müttəfiqlərinə müraciət etmişdir. O, müraciətində bildirmişdır:
“Barışdırıcılıq siyasəti dayandırılmalıdır. Berlinin sovet bölməsindəki üsyan,
Çexoslovakiyada, Polşada və digər ölkələrdəki hadisələr Kreml hökmdarlarının
məşhur olmadığını sübut etdi. Azad Qərb dünyası qəti şəkildə Sovet hökumətindən
təcavüzkar siyasətindən əl çəkməyi tələb etməlidir”. (360)
Sovetlərin təsirində olan Alman Vahid Sosialist Partiyasının mövqeyinin
sarsıldığını Ə. Fətəlibəyli belə təqdim edirdi: “Şərq bölgəsindən alınan xəbərlərə
görə zəhmətkeşlər kütləvi şəkildə Vahid Alman Sosialist Partiyasından çıxmaq
haqqında ərizələr verirlər. Partiyanın Mərkəzi Komitəsi yerli təşkilatlara həmin
ərizələrə baxmamaq tapşırığı vermişdir”. (360)
Qeyd edək ki, Azərbaycan legionerləri mühacirətdə olan rusların yanlış
mövqelərini kəskin tənqid edirdilər. Belə ki, 1952-ci ildə aprelin 27-də mühacir
rusların “Xalqın səsi” qəzetində “Vlasovçulara salamımızı bildirin” başlıqlı bir
məktub dərc etmişdi. Məktubda bir almanın adı ilə ruslar təriflənir, moğollar (yəni,
qeyri-ruslar) isə pislənirdi. (140, s. 30)
Mühacir rus mətbuatı kommunizmin keçici bir situasiya olduğunu, Sovetlər
Birliyində milliyyət məsələsinin təzahür etmədiyini, qeyri-rus xalqların Rusiyadan
ayrılmağının yalnız onlara ağır zərbə vuracağı fıkrini (172, s. 13-14) təbliğ edirdi.
Göstərirdilər ki, Sovet İttifaqında baş verən hadisələrin əsas səbəbkarı gürcü
Stalin və onun ətrafındakı qeyri-rus ünsürlərdir. Əks halda, Rusiyada rus
olmayanları Rusiyadan ayıran başqa səbəblər yoxdur.
Belə yazıları və fikirləri legionerlərimiz lazımınca və obyektiv olaraq
cavablandırırdılar.
Dostları ilə paylaş: |